Məhkəmə qərarları › İş №2(103)-259/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-259/2020

26.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-259/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 2000 kv.m. torpaq sahəsinin zəbt olunmuş hissəsindən Cavabdeh MMC-nin çıxarılması, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, dövlət rüsumu qismində ödənilmiş 20 manatın cavabdehdən onun xeyrinə tutulması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qərarın surətinə əsassız olaraq sübut kimi istinad etmişdir. Belə ki, həmin sənəddən görünür ki, cinayət işinin istintaqı zamanı ünvan 2 ünvanında yerləşən və İddiaçı istifadəsində olan torpaq sahəsinin Cavabdeh MMC-nin direktoru Etibar Məmmədovun göstərişi ilə sökülmüş hissəsinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən Cavabdeh MMC-yə məxsus olması müəyyən edilmişdir. CM-in 186.1 və 188.1-ci maddələri ilə istintaq olunan ********* saylı həmin cinayət işinin icraatına xitam verilmişdir. Ekspert rəyi məhkəmə tərəfindən belə bir qənaətə gəlməyə əsas olmuşdur ki, Cavabdeh MMC, mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində mövcüd vəziyyəti üzrə 1,1648 ha torpaq sahəsindən istifadə edir. İddiaçı isə, 0,2463 ha torpaq sahəsini hasarlayaraq istifadə edir. Cavabdeh MMC-nin mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,0467 hektarı İddiaçı tərəfindən istifadə edilir. Göründüyü kimi, qanunda nəzərdə tutulmadığı üçün, icraatına xitam verilmiş cinayət işinin istintaqı zamanı alınmış ekspert rəyi hazırkı işdə sübut kimi qəbul edilə bilməzdi. Ona görə də, sözügedən mülki işin obyektiv həlli üçün, maraqlı tərəflərin iştrakı təmin edilməklə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası keçirilməlidir. Belə bir ekspertiza keçirilmədən məsələnin mahiyyətinə dair ədalətli qətnamə qəbul ediməsi qeyrimümkündür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili, ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə mübahisəli torpaq sahəsinin üstüstə düşən 45.kv.m. hissəsində İddiaçı iddiasının təmin olunmasına etiraz etmirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, tərəfi dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 2000,0 kv.m. torpaq sahəsi İddiaçı, həmin ünvanında yerləşən 1.2345 ha torpaq sahəsi və əmlak kompleksi isə Cavabdeh MMC-nin mülkiyyətindədir. Qeyd olunanlar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X5 və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 003787 nömrəli, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, ******* nömrəli, xx.xx.2017 tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2017-ci il tarixli, **********62- 12301 nömrəli texniki pasportla təsdiqlənir. Eyni zamanda, Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cinayət işinin istintaqı zamanı ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan torpaq sahəsinin Cavabdeh MMC-nin direktoru Etibar Məmmədovun göstərişi ilə sökülmüş hissəsinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən Cavabdeh MMC-yə məxsus olması müəyyən edilmişdir. Bununla yanaşı, istintaq zamanı söküntü aparılmış torpaq sahəsi üzərində tikinti materiallarının satışı ilə məşğul olan icarədarlar ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayətlərinin və tələblərinin olmamasını göstərmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 6044 nömrəli sözügedən rəyində qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin mülkiyyətində **********62 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1,2345 ha torpaq sahəsi vardır. Lakin həmin ərazidə İddiaçı mülkiyyətində torpaq sahəsinin olması barədə heç bir məlumat yoxdur. Cavabdeh MMC mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində mövcud vəziyyəti üzrə 1,1648 ha torpaq sahəsindən istifadə edir. İddiaçı 0,2463 ha torpaq sahəsini hasarlayaraq istifadə edir. Cavabdeh MMC-nin mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsindən 0,0467 ha İddiaçı tərəfindən istifadə olunur. Hazırda iddiaçı, qeyd edilən ünvanda yerləşən ona məxsus 2000 kv.m. torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılmasını, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsini, cavabdehin adına verilmiş çıxarışın ləğv olunmasını tələb etmişdir. Cavabdeh isə, iddiaçı tərəfindən mübahisələndirilən sahənin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu və həmin sahədən qanuni əsaslarla istifadə etdiyini bildirərək iddiya etiraz etmişdir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına və həmin tarixli ekspert rəyinə istinad etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsusdur. Cavabdeh mülkiyyətçi statusu ilə həmin sahədən maneəsiz istifadə hüququna malikdir, cavabdeh tərəfindən həmin sahədən istifadə başqa şəxslər üçün, o cümlədən iddiaçı üçün hər hansı maneə yaratmır. Ali Məhkəmə isə hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi tərəflərin mülkiyyətində olan torpaq sahələrinin yerində sənəd üzrə, eləcə də faktiki ölçülərini, sərhədlərini, kordinatlarını və sair müəyyən etmədən, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə məhkəmə tikinti-texniki, məhkəmə torpaqşünaslıq ekspertizaları təyin edib müvafiq əsaslandırılmış rəylər almadan, eləcə də iddiaçının bu barədə vəsatətini əsassız olaraq təmin etmədən, yalnız istintaq orqanının “cinayət işi üzrə icraata xitam verilməsinə dair” xx xxx 2017-ci il tarixli qərarına və həmin cinayət işi üzrə alınmış məhkəmə mühəndis-texniki ekspertizasının xx xxx 2017-ci il tarixli rəyinə əsaslanaraq, cavabdeh təşkilatın iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi, əksinə iddiaçının həmin təşkilata məxsus olan 0,0697 ha torpaq sahəsinin 0,0467 ha hissəsini zəbt etməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sözügedən rəydə iddiaçının mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh təşkilat tərəfindən zəbt edilib-edilməməsi məsələsi ekspert tədqiqatının predmeti olmamışdır.” Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, Ali Məhkəmənin yuxarıdakı mövqeyini nəzərə alaraq iş üzrə məhkəmə tikinti-texnikiekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş ünvan 1 ünvanında olan torpaq sahələrinin yerləşmə sxeminə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X5 və Özəlləşdirilməsi Departamentinin 003787 №-li mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 2000 kv.m. torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* №-li çıxarışına əsasən, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 13 ünvanında yerləşən 1.2345 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, İddiaçı məxsus 2000 kv.m. torpaq sahəsi ilə Cavabdeh MMC-yə məxsus 1.2345 ha torpaq sahəsinin mülkiyyət sənədləri üzrə 45 kv.m. hissəsi üst-üstə düşür. Mülkiyyət sənədi üzrə mübahisələndirilən 543 kv.m. torpaq sahəsinin 45 kv.m. hissəsi İddiaçı, qalan hissəsi isə Cavabdeh MMC-yə məxsusdur. Mübahisəli hissədən hal-hazırda Cavabdeh MMC istifadə edir. Kollegiya, bu halın xüsusi bilik tələb etdiyini nəzərə alıb ekspertiza rəyləri əsasında belə qənaətə gəlir ki, hər iki tərəfə mülkiyyət şəhadətnaməsi verilən eyni torpaq sahəsndən cəmi 45 kv.m. hissəsi üst-üstə düşür. Məhkəmə kollegiyası, daşınmaz əmlakın dövlət reyestrində həmin 45 kv.m. sahə üzərində İddiaçı mülkiyyət hüququnun daha əvvəl - xx.xx.2004-cü ildə qeydə alındığını (Cavabdeh MMC-nin hüququ isə xx.xx.2017-ci ildə qeydə alınmışdır) və yuxarıda qeyd edilən mütəxəssis rəyində sözügedən sahənin İddiaçı məxsus olduğunun göstərildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh MMC-nin adına olan qeydiyyat, üst-üstə düşən 45 kv.m. sahə hissəsində əsassızdır. Belə olan halda, iddia məhz həmin hissədə təmin edilməlidir. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Cavabdeh MMC-nin nümayəndəsi ərizə verərək iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşən 45.kv.m. hissəsində İddiaçı iddiasının təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Mülki Prosessual Məcəllənin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, iddiaçı, Mülki Məcəllənin 157.2, 157.4 və 141-ci maddələrinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehə verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın mübahisəli torpaq sahəsinin üst-üstə düşən 45 kv.m. hissəsində ləğv edilməsini, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını, sahədə cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci və 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 141.1-ci və 141.2-ci maddələrinə görə, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia mübahisələndirilən torpaq sahəsinin üst-üstə düşən 45 kv.m. hissəsində təmin edilməli, qalan hissədə isə rədd olunmalıdır. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 555 manatın iddianın təmin olunmuş hissəsinə (mübahisəli 2000 kv.m. torpaq sahəsinin təmin olunan 45 kv.m. hissəsinin təşkil etdiyi 2,25 faizinə) uyğun olaraq 542,6 manatı İddiaçı, 12,4 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-157/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 13 ünvanında yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh MMC-yə verilmiş RX seriyalı, ******* №-li çıxarış (reyestr nömrəsi **********62-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il) mübahisəli torpaq sahələrinin üst-üstə düşən 45 kv.m. hissəsində ləğv edilsin (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq). Cavabdeh MMC, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 13 ünvanında yerləşən, mübahisəli 2000 kv.m. torpaq sahəsinin üst-üstə düşən və İddiaçı məxsus olan 45 kv.m. hissəsindən çıxarılsın, həmin sahədə Cavabdeh MMC tərəfindən inşa edilmiş hasar həmin MMC-nin vəsaiti hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 555 manatın 542,6 (beş yüz qırx iki manat altmış qəpik) manatı İddiaçı, 12,4 (on iki manat qırx qəpik) manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar