Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2591/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2017-ci il tarixli, 95/K nömrəli əmr ilə Cavabdeh2 MMC-yə “operator (tərəzi üzrə)” vəzifəsinə təyin edilmişdir.
2. 25.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-nin idarə heyətinin sədri tərəfindən MMC-nin “MKT-Biləsuvar” filialının direktoru Q.Əliyevə istehsalat əmrini imzalamaq, o cümlədən Əmək Məcəlləsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etmək səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir.
3. Cavabdeh2 MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir.
4. Cavabdeh2 MMC-nin “MKT-Biləsuvar” filialının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) filialda baş vermiş neqativ hadisələrlə əlaqədar xitam verilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MKT- Biləsuvar filialının onun işdən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli, 30/K saylı əmri ləğv edilməklə əvvəlki tərəzi operatoru vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildən cavabdeh təşkilatda tərəzi operatoru vəzifəsində işləmiş, işlədiyi dövrdə işinin öhdəsindən layiqincə gəlmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. 2021-ci ilin iyun ayında cavabdeh təşkilatın direktoru Q.Əliyev onu çağıraraq bildirmişdir ki, özünə məxsus taxıl məhsulu var, həmin məhsulu tərəzidə çəkməlidir. Zavodun giriş qapısından avtomobillər həyətə buraxıldıqdan sonra direktorun göstərişi ilə taxılı çəkmişdir. xx.xx.2022-ci il tarixdə direktor Q.Əliyev onu yanına çağırmış və bildirmişdir ki, işdən azaddır. Səbəb olaraq demişdir ki, keçən il onun taxılını çəkdiyinə görə şirkət onun işdən azad edilməsini tələb edir. Direktorun icrası ilə icra etdiyini bildirmiş, lakin bir az səbrli olmağı və işə bərpa ediləcəyi deyilmişdir. Sonradan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən inzibati tənbeh tədbirlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq olunmuşdur. Həmçinin cavabdeh təşkilat hadisə 2021-ci ildə olsa da 1 il sonra inzibati tənbeh tətbiq etmişdir.
7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia tələbinin təmin edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işdə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatına əsasən iddiaçı filialın direktorunun xahişi əsasında tərəzidə sonuncuya məxsus malı çəkmiş, lakin həmin malın uçotunu aparmamışdır. İşdən çıxarılarkən işçidən alınmış izahata əsasən başqa şəxsə məxsus məhsulun tərəzidə çəkilməsinin onun vəzifəsinə aid olmadığını, çəkilən həmin məhsulun qeydiyyatının aparılmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək funksiyasını yerinə yetirərkən rəhbərinin göstərişi əsasında tərəzidə çəkdiyi məhsulu qeydə almaması ilə bağlı səhv etmiş olsa belə (cavabdeh bir neçə dəfə təkrarlandığını bildirsə də buna dair heç bir sübut təqdim etməmişdir), qeyd edilən halın yuxarıda göstərilənlər nəzərə alınmaqla kobud səhv olaraq işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qiymətləndirilərək əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi iqtisadi baxımdan daha güclü olan işəgötürən tərəfindən təşkilati-sərəncamverici səlahiyyətlərdən və hüquqlardan sui-istifadə etmə hesab oluna bilər. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları və iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu və digər amilləri nəzərə alaraq ona başqa intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Əmək müqaviləsinin ləğv edilməsinin qanunazidd şəkildə aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Belə ki, həmin məktuba əsasən əmək müqaviləsinə xitam verilərkən ƏM-in 71-ci maddəsinin və 187-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğundan filialın direktoru barəsində İXM-in 192.6-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmr ləğv edilməli, İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh2 MMC-də “tərəzi operatoru” vəzifəsinə bərpa edilməli, xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35,71-ci maddələri, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71.3, 72, 300-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi əmək qanunvericliyinin müddəalarını səhv təfsir edərək belə nəticəyə gəlmişdir ki, işçinin sadəcə əmək müqaviləsi üzrə əmək funksiyalarını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Belə ki, bunun üçün eyni zamanda işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını yerinə yetirməməsi nəticəsində mülkiyyətçiyə və ya işəgötürənə hər hansı formada ziyanın dəyməsi faktı da mövcud olmalıdır. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildirilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunannmənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda qeyd olunan müddəanın tələbləri, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün, işçinin əmək funksiyalarının yerinə yetirilməməsi ilə eyni zamanda təqsirli hərəkətləri ilə işəgötürənə hər hansı formada ziyan vurulmasını mütləq etməmişdir. Belə ki, işçi tərəfindən səhlənkarlıqla, qəsdən və ya etinasızlıqla əmək funksiyasının yerinə yetirilməməsi nəticəsində əmək və icra intizamının pozulması faktı əmək-hüquq münasibətlərinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə pozulmasını mümkün edir. Həmçinin, birinci instansiya məhkəməsi işəgötürəni iqtisadi baxımdan daha güclü tərəf olduğunu qeyd edərək, təşkilati-sərəncamverici hüququndan sui-istifadə edərək işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsini əsassız hesab etmişdir. Bununla bağlı bildirilir ki, iş materiallarında mövcud olan işçi tərəfindən işəgötürənə təqdim edilmiş 29 aprel 2022-ci il tarixli izahatın məzmunundan görünür ki, işçi əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri kobud şəkildə pozduğunu etiraf etmiş və səmimi peşmançılığını bildirmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh növlərindən konkret olaraq hansı hallarda işçi barəsində tətbiq edilməsi əmək qanunvericiliyi ilə müəyyən edilməmiş və işə götürənin mülahizəsinə buraxılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı Elsəvər oğluna ünvanladığı xx.xx.2022ci il tarixli məktubunda filialın direktoru barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola istinad edərək, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması barədə nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi X4 Xidməti Salyan regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad edərək sübutlara tətbiq edilməli normalarda səhv buraxmışdır. Birinci instansiya məhkəməsi əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin cavabdeh tərəfindən əsaslandırılmaması barədə nəticəyə gəlmişdir. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildilir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa olan tələblər Əmək Məcəlləsinin 84-cü maddəsində müfəssəl təsvir olunmuşdur. İş materiallarına mövcud olan xx.xx.2022-ci il tarixli, 29/K saylı əmrin məzmunundan müəyyən etmək olar ki, sözügedən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş və əmək müqaviləsinin ləğv edilməsi üçün başlıca əsas işçi tərəfindən müqavilə üzrə əmək funksiyasının yerinə yetirilməməsi olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində işçiyə intizam tənbehinin verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş, yəni intizamın pozulduğunu aşkar edildiyi gündən bir ay keçənədək verilməsi müddətinin buraxılmasına və cavabdeh tərəfindən hadisənin hansı tarixdə aşkar edilməsi ilə bağlı sübutların təqdim edilməməsinə istinad etmişdir. Bununla bağlı bildiririk ki, filialda pərakəndə arpa satışı ümumilikdə 2022-ci ilin aprel ayının əvvəllərinə kimi davam etdiyi üçün, yalnız 29 aprel 2022-ci il tarixdə işçidən izahat alınarkən onun tərəfindən əmək xətasının törədilməsi müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə 05 may 2022-ci il tarixdə, yəni intizamın pozulduğunu aşkar edildiyi gündən bir ay keçməmiş xitam verilmişdir. Bundan başqa, iddiaçı intizam xətasının törədilməsi tarixi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, onlar auditor cəlb ediblər ki, bunu aydınlaşdırsın. Araşdırma nəticəsində müəssisəyə dəymiş ziyanın nə qədər olduğu dəqiqləşdirildi. Məhsulun qeydiyyatının aparılmaması başqa mülkiyyətçiyə məxsus məhsulun çıxışına şərait yaradır. İddiaçı şirkətə məxsus məhsulu tərəzidə ölçməliydi. Onlar icazə verməyiblər ki, başqasına məxsus məhsulu tərəzidə ölçsün.
14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, ona müdriyyət tərəfindən bildirilmişdi ki, Dilavər adlı şəxs onun şəxsi məhsulunu tərəzidə çəkəcək və qeydiyyatın aparacaq, o qarışmasın. Məhsul gələn zaman mühafizəyə vəzifəli şəxs tərəfindən tapşırılmışdı ki, anbara həmin məhsul buraxılmalıdır. O, özbaşına heçnə etməyib. Ona filialın rəhbəri tərəfindən tapşırıq verlib o da edib. Əmri də imzalayan o olmuşdur. Kənar şəxsin məhsulu olmamışdır, filialın rəhbərinin məhsulu olmuşdur, o da şirkətin rəhbərinə bu barədə məlumat vermişdir. Vəzifə təlimatı ilə tanış idi. Kənar şəxs anbara daxil olmamışdır və məhsul filalın rəhbərinin olmuşdur. O da onun məhsulunu çəkib.
15. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, işəgötürənə nə qədər ziyanın vurulması müəyyən edilməmişdir. İddiaçı müdirin məhsulunu çəkmişdir. İcazə olmadan anbara kənar heç bir məhsul daxil ola bilməz. Müdirin göstərişinə əsasən 5 il iddiaçı Dilavərə tabe olmuşdur. Qulamhüseyn adlı şəxs qeyri-qanuni yollarla öz mallarını satmışdır. Lakin, Qulamhüseyn adlı şəxs hazırda işində qalır, iddiaçı isə işdən çıxarılır. Göstəriş verən şəxs müdir olmuşdur. Bunu da təsdiq edən sənədlər mövcüddur. 4 nəfər şəxs işdən çıxarılmış, daha sonra həmin işçilər araşdırma zamanı izahatlarında təsdiq etmişlər ki, göstərişləri Qulamhüseyn adlı şəxs vermişdir. Digər işçilər işlərinə geri qaytarılmışdır. Digər 3 işçi işə buraxma müddətinin pulunu istəməmək şərti ilə razılaşmaqla işə götürülmüşdür, lakin iddiaçı bununla razılaşmadığını görə işə geri gətirilməmişdir. Bu barədə məlumatı cavabdehin nümayəndəsi ona bildirmişdir. Qanunsuz göstərişləri işçi yerinə yetirməyə borclu deyil.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 35. İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Əmək Məcəlləsi
18. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
19. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
20. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
21. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
22. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
23. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
24. Maddə 70.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 70.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
27. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işin hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli, 95/K nömrəli əmrə əsasən İddiaçı Cavabdeh2 MMC-yə “operator (tərəzi üzrə)” vəzifəsinə təyin edilmişdir.
33. İş materiallarına əlavə edilmiş 01 iyun 2018-ci il tarixli vəzifə təlimatından görünür ki, “tərəzi operatoru”nun vəzifələri – müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi, yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi, yüklərin çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması, yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi, çəkilmiş yüklərin uçotunun aparılması, tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət, rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasıdır. Vəzifə təlimatı iddiaçı tərəfindən imzalanmışdır.
34. xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
35. İddiaçı işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
36. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və ona istinad edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
38. Müəssisə tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır
39. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Hazırkı halda işçinin işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrdə iddiaçı ilə əmək münasibətlərə xitam verilməsinin əsası kimi – filialda baş vermiş neqativ hadisələrlə əlaqədar olması qeyd edilmiş, bununla bağlı əmrin məzmunu ilə bağlı qanunvericiliyin tələbi işəgötürən tərəfindən pozulmuşdur.
40. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, iddiaçı öz izahatında onun tərəfindən əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri kobud şəkildə pozduğunu etiraf etmiş və səmimi peşmançılığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, işçi əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrini pozmasını etiraf etmiş olsa belə bu hal iqtisadi baxımdan güclü olan işəgötürən tərəfindən onunla bağlı ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas deyil. Cavabdeh apellyasiya şikayətində tətbiq edilən təhbeh tədbirinin növünün seçilməsinin işəgötürənin mülahizəsinə buraxıldığını qeyd etmiş olsa da məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.
41. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “...Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir.”
42. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı Elsəvər oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda filialın direktoru barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola istinad edərək, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması barədə nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
43. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə əlaqədar qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin məktubunda qeyd edilir ki, "xxxx" MMC-nin MKT Biləsuvar filialının direktoru X1 barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh filial müdirinin təqsirsizliyini iddia etsə də sözügedən inzibati xəta haqqında protokolun mübahisələndirilməsi və ləğvi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
45. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçi ilə əmək müqaviləsinə xitam verildiyi üçün iddiaçının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrin ləğvi və işə bərpa tələbi təmin olunmalıdır.
46. İddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilkin tələbi əsaslı olduğu üçün onunla əlaqəli olan digər tələbi də təmin edilməlidir.
47. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
48. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev