Məhkəmə qərarları › İş №2(103)-2592/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2592/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2592/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul” tələbinə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-481/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022- ci il tarixli “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, Türkiyə Cümhuriyyəti “X3 X1 tərəfindən göndərilmiş E-41675539-400-Ö/2022/28 saylı, xx.xx.2022-ci il tarixli X7 da görünür ki, Cavabdeh “X3 Sağlık Yönetimi” bölümünə qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqaviləyə əsasən Cavabdeh 2550 (iki min beş yüz əlli) manat əsas məbləğ, 5000 (beş min) manat miqdarında təzminat ümumilikdə 7550 (yeddi min beş yüz əlli) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdeh 2550 (iki min beş yüz əlli) manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin 3.1.6-cı maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş 2550 (iki min beş yüz əlli) manat pul məbləğini ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə 5000 (beş min) manat miqdarında iddia qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, Cavabdeh 2550 (iki min beş yüz əlli) manat əsas məbləğ, 5000 (beş min) manat miqdarında təzminat ümumilikdə 7550 (yeddi min beş yüz əlli) manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-481/2023 saylı qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) ilə (hakim Novruzova Aytən) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2550 (iki min beş yüz əlli) manat məbləğində borc və 45.5 (qırx beş manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC-dən onu münasibtəhsil haqqı (ili 500 manat olmaq şərti ilə) ilə Türkiyə universitetlərindən birinin qiyabi “Səhiyyə inzibatçılığı” fakültəsinə bakalavr pilləsinə qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Odur ki, "xxxx"MMC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanmış və cavabdeh müvafiq sənədləri "xxxx"MMC-nə təqdim etmişdır. Lakin həmin müqavilədə cavabdehin qəbul edilməsi nəzərdə tutulmuş “X4 Sağlık Yönetimi” bölümündə təhsilin qiyməti göstərilməmişdir. Bundan təxminən bir həftə sonra Bakı şəhərində tədbirlərin birində "xxxx" MMC-nin rəhbərliyi ilə cavabdehin anası Xoşbəxt Hüseynova rastlaşmış və MMC-nin direktoru Ramal Şəmşədliona təhsil haqqının 2.500 ABŞ dolları olduğunu bildirmiş, Xoşbəxt xanım isətək ana olduğu və himayəsində üç uşaq olduğu və ikisinin orta məktıəbi yenicə bitirdiyini, üçüncüsünün isə şagird olduğunu bildirərək həmin təhsil haqqını ödəməyə imkanı olmadığı üçün müqavilənin ləğv edilməsini xahiş etmiş və eyni zamanda xahiş etmişdir ki, “adam göndərəcək, sənədləri həmin şəxsə verərsiniz”. MMCnin direktoru Ramal Şəmşədli buna etiraz etməmişdir. Bundan sonra cavabdehin anası X5 rayonunda yaşayan, taksi fəaliyyəti ilə məşğul olan tanışı Mahmudov RasimRəhimoğlundan "xxxx" MMCdən bütün sənədləri götürməsini xahiş etmişdir. Məhz həmin şəxs vasitəsi ilə həmin təhsil mərkəzinə təqdim olunmuş sənədlər geri götürülmüşdür. Cavabdeh və onun anası hüquqşünas olmadıqları üçün xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi üçün yazılı şəkildə müraciət etməmiş,"xxxx" MMC-nin rəhbərliyi də bilərəkdən onlara bu barədə heç bir məlumatverməmişlər. Təxminən 20-25 gün sonra onlara "xxxx" MMC-dən bildirmişlər ki,xx.xx.2022-ci il tarixdə Türkiyə Cümhuriyyəti “Yüksək İxtisas” Universitetitərəfindən verilmiş təsdiq məktubununməzmunundan görünür ki, Cavabdeh adıçəkilən universitetin “SağlıkBirimleri”fakültəsinə qəbul olmuşdur. Cavabdeh və onun anası müqavilənin ləğv olunduğunu bildirdikdə, iddiaçı müqavilənin qüvvədə olduğunu bildirmiş, sonradan isə Bakışəhəri Nərimanov Rayon Məhkəməsində müqavilə öhdəliyinin yerinəyetirilməsi və pul tələbinə dair cavabdehə qarşı iddia qaldırmışdir. “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul barədə” xx.xx.2022-ci il tarixli müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilə olduğu üçün həm də etibarsızdır. Belə ki, müqavilə bağlanarkən cavabdehə iddiaçı tərəfindən təhsil haqqının miqdarının 500 manat olduğu bildirilsə də bu hal müqavilədə öz əksini tapmamış, sonradan iddiaçı təhsil haqqının miqdarının 2.500 ABŞ dolları olduğunu bildirmişdir. Müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, bu Müqavilə ilə təmin edilmiş öhdəliyin mahiyyətini "xxxx" MMC-nin “Tələbə”nin Türkiyə Respublikasının ali təhsil müəssisəsinin (bakalavr, magistratura və doktorantura) pilləsinə qəbul prosesinin başa çatdırılmasından ibarətdir. Müqavilənin 2.2-ci maddəsində göstərilir ki, bu müqavilə üzrə təmin edilmiş öhdəliyin ölçüsü 2.550 AZN-dir. Müqaviənin mətnindən görünür ki, “Tələbə” ilkin ödəniş məbləğini ödəməmişdir. Deməli, müqavilə də qüvvəyə minməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında apelyatorun nümayəndəsi və vəkili Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinn təmin edilməsini qətnamənin iddianın təmin edilməsi hissəində ləğv edilməklə həmin hissədə rədd edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 10.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 11.Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırda cavabdeh qətnaməni iddianın təmin edilməsi hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 23.Apellyasiya şikayətinin “X4 Sağlık Yönetimi” bölümündə təhsilin qiyməti göstərilməsi, müqavilə bağlanarkən cavabdehə iddiaçı tərəfindən təhsil haqqının miqdarının 500 manat olduğu bildirilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflərin aralarında bağlanılan müqavilədə iddiaçı qurum tərəfindən təhsil haqqının bu məbləğdə olması barədə hər hansı bir müddəa nəzərədə tutulmamışdır. Müqavilədə göstərilən xidmət kimi yalnız müraciət edən şəxsin övladının Türkiyə Cümhuriyyəti “Yüksək İxtisas” Universitetinə qəbul olunması prosesinin həyata keçirilməsindən ibarət olmuşdur. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Türkiyə Cümhuriyyəti “Yüksək İxtisas” Universiteti tərəfindən verilmiş təsdiq məktubunun məzmunundan görünür ki, Cavabdeh adıçəkilən universitetin “Sağlık Birimleri” fakültəsinə qəbul olmuşdur. Bu xidmətin qarşılığnda da müqavilədə nəzərədə tutulan pulun iddiaçıya ödənilməsi öhdəliyini cavabdeh üzərinə götürmüşdür. 24.Apellyasiya şikayətinin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə təmin edilmiş öhdəliyin miqdarının 2500 manat olması göstərildiyi halda “Tələbə” tərəfindən ilkin ödəniş məbləği ödənilmədiyindən müqavilənin də qüvvəyə minməməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin məzmununa əsasən cavabdehin öhdəliyi tələbə tərəfindən 1 ay müddətində (2 ayadək) 2550 manat pulu xidmətin əvəzi olaraq ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Yəni müqavilədə mütləq şəkildə ilkin ödəniş ödnilməsi nəzərdə tutulmamış, tələb edilən pulun qeyd edilən müddət ərzində ödənilməsi nəzərədə tutulmuşdur. Bu halda müqavilənin tərəflər üçün qüvvədən düşməsini özündə ehtiva edən hər hansı pozuntu olmamışdır. 25.Eyni zamanada kollegiya qeyd edir ki, təhsil haqqının miqdarının 2.500 ABŞ dolları olduğunu bildikdən sonra iddiaçının övladının həmin ali təhsil müəssisəsində təhsil almasından imtina etməsi hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliyinin icrasından azad etmir. Belə ki, bu müqavilə şərti olmamaqla iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi qəbul edilə bilməz. 26.Hazırki halda müəyyən edilri ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyio yerimnə yetirmiş, lakin cavabdeh öhdəliyi icra etməkdən imtina etmişdir. İddiaçı tərəf də məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə vermədiyindən haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə də düzgün olaraq mübahisələndirilən hissədə iddianı təmin etmişdir. Belə olan halda apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsassız olmaqla, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

27. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 481/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar