Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2593/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3290/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1000 ABŞ dolları və 250 Avro məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3290/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh Almaniyadan ona maşın alması üçün 1000 manat, 1000 ABŞ dolları, 10.000 Rus rublu və 250 Avro məbləğində pul vermişdir. Cavabdeh verdiyi vədə əməl etməyərək maşını almamış, üstəlik müxtəlif bəhanələr uyduraraq aldığı puldan 1300 manatını qaytarmış, 1000 ABŞ dolları və 250 Avro pulu isə qaytarmamışdır. Cavabdeh pulu alarkən bu barədə öz əli ilə qeyd edib, imzalamışdır. Qalan pulun qaytarılması ilə bağlı onunla dəfələrlə telefonla danışsa da, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı Cavabdeh yazdığı iltizamın əslini və mobil telefon vasitəsilə olan mesaj yazışmasını məhkəməyə təqdim edərək bildirdi ki, yazı cavabdehin öz yazısıdır, özü yazıb. Jurnalist işləyir. Bəhanə edir ki, cəbhə bölgəsində olduğu üçün gələ bilmir. Cavabdeh borcunu danmır, lakin ödəmir, onu incidir. Pulun verilməsini təsdiq edən sənədləri bunlardır. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbini əsaslandıra və bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçının təqdim etdiyi, cavabdehin xx.xx.2018-ci il tarixdə yazdığı iltizamda iddiaçıdan 1000 manat, 10000 Rusiya rublu, 1000 ABŞ dolları və 250 avro almasını və xx.xx.2018-ci il tarixə qədər “Opel Zafira” markalı(ili 2006-cı ildən aşağı olmamaq şərti ilə) avtomobil verməyi və ya pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 1000 ABŞ dolları və 250 avronu notarial qaydada qaytaracağını iddiaçı ilə telefon vasitəsilə mesaj yazışmalarında da təsdiq etmişdir. Bu hallar iddianın əsaslı olduğuna dəlalət edir. Lakin cavabdeh nə birinci, nədə apellyasiya instansiyası məhkəməsinə gələrək iddiaya hər hansı bir formada münasibət bildirmək istəməməklə faktiki olaraq həmdə iddianı etiraf etmiş olur. Cavabdehin iddianı bu formada etiraf etməsi qanunun tələblərinə uyğun olmuş və hər hansı bir şəxsin, o cümlədən özünün hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olması və hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması iş materialları ilə də təsdiq olunmur. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddianın əsaslı olması üçün daha hansı mötəbər sübut lazım olduğunu qətnamədə açıqlamamışdır. İkincisi, cavabdehin yazdığı iltizamdan bəlli olur ki, tərəflər arasında həqiqətən avtomobil alınması ilə əlaqədar mülki hüquq münasibətləri yaranmış və bu faktı tərəflərin heç biri inkar etmədiyindən işin mübahisəsiz halı kimi qəbul olunur. Cavabdehin iddiaçı ilə arasında yaranmış qanuna zidd olmayan bu mülki hüquqi münasibətləri üzrə(bu münasibət avtomobilin alınıb iddiaçıya satılması ilə bağlı ilkin razılaşma kimi də qəbul oluna bilər) öhdəliklərini yerinə yetirməsini yaxud hansısa səbəbdən öhdəliklərin icra olunmasının mümkün olmamasına görə aldığı vəsaiti həqiqətən geri qaytardığını sübut etmək yükü artıq cavabdehin üzərinə düşsə də, o, nə məhkəmə iclaslarına gəlmiş, nədə buna dair məhkəməyə hansısa mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, iddianın rədd edilməsi üçün hər hansı bir əsas olmamışdır. Lakin birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamaqla yanaşı, həm də ədalətli olmamışdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3290/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3290/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) ABŞ dolları və 250 (iki yüz əlli) Avro Mərkəzi Bankın müəyyən etdiyi məzənnə nəzərə alınmaqla manatla alınaraq İddiaçı verilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2593/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2593/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver