Məhkəmə qərarları › İş №2(103)-2593/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2593/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2593/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Rəşad Məhəmməd oğlu Həsənov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının, 60 kv.m sahəyə vurulmuş divar kağızının (620 manat) dəyərinin, balkona vurulmayan metlağın (90 manat) dəyərinin, mətbəxə çəkilməyən qaz xəttinin (180 manat) dəyərinin və dövlət rüsumu qaydasında ödədiyi 30 manat vəsaitin (ümumi olaraq 4520 manat) Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi, eyni zamanda müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 60 kv.m sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021saylı, 16.09.2021-ci il tarixli, qətnaməsinə əsasən 1802 manatvəsaitin CavabdehMMC-dən mənim xeyrimə tutulması ilə yanaşı iddia ərizəsində qeyd edilən digər tələblərin də (müqavilə üzrə ödənilməmiş 4aylıq(1600 man.)və öz hesabıma ödədiyim 5aylıq (2000 man.) tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmiş və ya iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi etibarnamənin apellyasiya şikayətinə əlavə edilməsi və ya iş materiallarında mövcudluğunu aydınlaşdırmamışdır. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar