Məhkəmə qərarları › İş №2(103)-2593/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2593/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2593/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Ərizəçi ünvanlanmış onun 16 may 2022-ci il tarixli müraciətinə 23 may 2022-i il tarixli məktubunda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına (hazırda qadınlar üçün 62.5 yaş) çatmış şəxslərin fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Onun sığirta stajının 25 ildən az (23 il 3 ay 26 gün) olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona “Əmək pensiyaları haqqında” AR Qanunun 20.1.7-ci, 20.11.1 və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.

2. AR Milli Arxiv İdarəsi AR X13 filialı tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 56 №-li arayışdan görünür ki, Ağdam “Qarabağ” üzümçülük sovxozunun 1993-cü ilə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün filialda mühafizə olunmur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 11 may 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 02 mart 1998-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin baş mütəxəssisi-sosial xidmət işçisi vəzifəsində çalışmışdır. 01 avqust 2018-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək olan dövr üçün aylar üzrə əmək haqqı cədvəlindən müəyyən edilir ki, Ərizəçi həmin dövr ərzində cəmi 13667,84 manat məbləğində əmək haqqı almışdır.

4. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür.

5. Əmək kitabçasının surətindən görünür ki, X7 04 iyun 1973-cü il tarixdən 15 aprel 1986-cı il tarixə kimi Ağdam rayonu “Qarabağ” üzümçülük sovxozunda, həmin vaxtdan 17 avqust 1989-cu il tarixə kimi müxtəlif işlərdə çalışmışdır.

6. Əmək kitabçasının surətindən görünür ki, X12 08 sentyabr 1976-cı il tarixdən 05 aprel 1986-cı il tarixə kimi Ağdam rayonu “Qarabağ” üzümçülük sovxozunda, həmin vaxtdan 17 dekabr 1992-ci il tarixə kimi Həzi Aslanov adına sovxozda müxtəlif işlərdə çalışmışdır.

7. Əmək kitabçasının surətindən görünür ki, X8 19 yanvar 1976-cı il tarixdən 05 aprel 1986-cı il tarixə kimi Ağdam rayonu “Qarabağ” üzümçülük sovxozunda, həmin vaxtdan 01 yanvar 1994-cü il tarixə kimi Həzi Aslanov adına sovxozda müxtəlif işlərdə çalışmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1978-ci ilin dekabr ayından 1993cü ilin iyul ayına kimi Ağdam rayonunun Salahlı kəndi X5 fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizənin əsaslarına görə, o, xx xxxxxxx 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1978-ci ilin dekabr ayından 1993-cü ilin iyun ayının 25-nə kimi Ağdam rayonu Salahlı kəndi X5 fəhlə vəzifəsində işləmişdir. Məlum hadisələrlə əlaqədar Ağdam rayonundan məcburi köçkün düşərək, hal-hazırda Bakı şəhəri Sabunçu rayonu, Q.Vəzirov küçəsi fərdi yaşayış evində yaşayır. Ağdam rayonu işğal olunduğu üçün həmin vaxt ona məxsus sənədləri, o cümlədən əmək kitabçasını götürə bilməmişdir. Ona pensiya təyin olunması üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə müraciət etmiş, lakin azı 25 il sığorta stajı olmadığı üçün imtina etmişlər.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 1978-ci ilin dekabr ayından 1993-cü ilin 25 iyun tarixədək Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktı müəyyən edilməsi, qalan hissədə isə ərizə təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 305.1.1, 307.2.11, 308.1, 309.1, 310, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2, 21.1, 30.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şüphə doğurur və ərizəçinin qeyd etdiyi dövrdə “Qarabağ” üzümçülük sovxozunda işləməsi barədə şübhə yaradır. Ərizəçinin əmək kitabçası mövcud olmuşdursa, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin məhkəməyə müraciət edərkən maraqlarına toxunan şəxs mərkəzi filial olmasına baxmayaraq, onu maraqlı şəxs qismində göstərməmiş, həmçinin mərkəzi filial məhkəmə tərəfindən maraqlı şəxs kimi işə cəlb edilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Maraqlı şəxsin nümayəndəsi X9 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması və ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

16. Ərizəçi iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, o, 1986-cı ilin aprel ayına kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda işləmiş və sonra sovxozdakı işindən azad edilərək “Həzi Aslanov” Üzümçülük Sovxozuna keçirilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.11. məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlan müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

18. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarı: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.

20. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları: Maddə 2.5. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı sikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Ərizəçi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktının müəyyən olunması ilə bağlı düzgün nəticəyə gəinsə də, işləmə vaxtını müəyyən edən müddət dəyişdirilməlidir.

23. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə Ərizəçi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktının müəyyən olunması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

24. İş materiallarında olan məhkəmə iclas protokollarında görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən şahidlər X12, X8, X1 Zaminə Pirəli qızının 1976cı ildən 1993-cü ilə kimi “Qarabağ” Üzümçülük Sovxozunda işləməsi barədə ifadə vermişlər. Lakin onların əmək kitabçalarının surətindən də görünür ki, həmin şəxslər 1986cı ilin aprel ayına kimi həmin sovxozda işləmiş və həmin sovxozdakı işlərindən azad edilərək “Həzi Aslanov” Üzümçülük Sovxozuna müvafiq vəzifələrə keçirilmişlər.

25. Ərizəçi özü də ifadəsində 1986-cı ilin aprel ayına kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda işlədiyini və sonra sovxozdakı işindən azad edilərək “Həzi Aslanov” Üzümçülük Sovxozuna keçirildiyini bildirmişdir.

26. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin 1993-cü ilə kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda işləməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə Ərizəçi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işlədiyi müddətlə bağlı hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Ərizəçi 1978-ci ilin dekabr ayından 1986-cı ilin aprel ayına kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar