Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2595/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3716/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 aldığı 25000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X5 olduğu 2012-ci ilin avqust ayında Cavabdeh ondan 25.000 manat pul alaraq onu təsisçisi və direktoru olduğu xxxx MMC-nin təsisçilərindən biri edəcəyini və nizamnamə kapitalının 20%-nə pay sahibi edəcəyinə söz vermişdir, lakin buna baxmayaraq, Cavabdeh aldığı pulun əvəzində nə atasını xxxx MMC-nin təsisçisi etmiş, nə də ki, aldığı 25.000 manat pulu geri qaytarmamışdır, atası sağ olan müddətdə dəfələrlə ondan verdiyi pulu tələb etsə də, Cavabdeh həmin pulu qaytamayacığını bildirmişdir, atasının ölümündən sonra o, Cavabdeh müraciət edərək atasının ona verdiyi pulu geri tələb etsə də, cavabdeh bu pulu verməkdən imtina etmişdir, cavabdeh pulu ödəməkdən imtina etdikdən sonra o, da öz növbəsində mənimsənilmiş pulun ona qaytarılması üçün ərizə ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir, həmin qurum isə öz növbəsində ərizəni baxılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərdi, Polis İdarəsi mübahisənin mülki xarakterli oldğunu əsas gətirərək faktla bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir, qeyd olunan qurumlara müraciəti heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3716/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən də 2012-ci ilin avqust ayında Rəfail Həsənovla razılaşaraq, onu məxsus olduğu "xxxx" MMC-yə 20 faiz payçılıqla şərik etmək qərarına gəlmişdir, bunu Rəfail özü ondan xahiş etmişdi və o da təklifi qəbul etmişdir, çünki o dövrdə müəssisənin pul vəsaitinə ehtiyacı vardı, onlar 2012-ci ilin fevral ayında şərikli şəkildə şirkətdən 10 ədəd İsuzu MK 37 markalı avtomobil götürmüşlər, əvvəlcədən razılıqları olmuşdur ki, özü 8 maşın, Rəfael isə 2 maşın götürəcəkdi, bir maşının digər xərclər də nəzərə alınmaqla dəyəri 12.500 manat idi, Rəfael hər iki maşına görə 25.000 manat pul ödəməli idi, lakin şirkət tərəfindən ona maşın verilə bilmədiyini öyrəndikləri zaman, Rəfail onun şirkətinə yatırım etməklə həmin iki maşını dolayısıyla əldə etmişdi, lakin rəsmi qaydada həmin maşınlar xxxx MMC-nin əmlakı hesab olunurdu, razılaşmaya görə Rəfail müəssisəyə 25000 manat sərmayə qoydu və müəssisədə 20% pay sahibi oldu, bu barədə müvafiq arayış və onun yazdığı və imzaladığı qeydlər məhkəməyə təqdim olunub, Rəfail müəssisədə 20% pay sahibi olduğu üçün "xxxx" MMC-nin aldığı 7 avtobusdan 2-ni işlədib, qazancını götürmək üçün Rəfailə vermişdir, yəni maşınlar "xxxx" MMC-nin balasında olmaqla Rəfailin istifadəsinə verilmişdi, Rəfail həmin avtobusları 2012-ci ilin avqust ayından 2015-ci ilin aprel ayının sonuna qədər, 2 il 9 ay ərzində özü üçün işlədib və hər ay hər avtobusdan 3000 manata qədər gəlir götürürdü, o özü 8 maşını, Rəfail isə 2 maşını istifadə edərək pul qazanırdılar, onlar həmin müddət ərzində 103 nömrəli marşrutu istfadə edirdilər, 103 nömrəli marşrut Hövsan-Neftçilər xətti ilə gedib-gəlirdi, əldə edilən qazancdan hər ay 2 avtobusa görə 3000 manat bank krediti ödənilirdi, qalan 3000 manatdan sair xərclərə (təmir və sair xərclər) 1000 manat xərclərinirdi və təxminən hər ay 2000 manat təmiz qazanc Rəfailə qalırdı, yəni Rəfail müəssisəyə 25000 manat maya qoyub 20%-ə pay sahibi oldu və 2 il 9 ay ərzində (33 ayda) təxminən 66000 manat xalis gəlir götürmüşdür, 2015-ci ildə qəbul edilmiş qərara əsasən 103 nömrəli marşrut xətti onlardan alındı, 2015-ci ilin aprel ayında "xxxx" MMC bank kreditini ödəməkdə çətinlik çəkdiyi üçün onlar 7 ədəd avtobusu, o cümlədən Rəfailin işlətdiyi 2 ədəd avtobusu "Allahverdi" müəssisəsinə icarəyə vermişlər, müqaviləyə görə "Allahverdi" müəssisəsi avtobuslara görə bank kreditini ödəniş cədvəlinə uyğun ödəməyi, hər ay hər avtobusa görə 300 manat icarə haqqı və 14% vergini ödəməyi öhdəsinə götürmüşdü, amma "Allahverdi" müəssisəsi öhdəçiliklərini icra etmədi və "xxxx" MMC-ni ziyana saldı, hazırda müəssisə öz haqqını almaq üçün məhkəmə çəkişmələrindədir, baxmayaraq ki, o Rəfail Həsənovu öz müəssisəsinə payçı kimi cəlb edən zaman onunla rəsmi yazılı müqavilə bağlamamışdır, amma şifahi razılaşmaları olub ki, o, müəssisədə 20% pay sahibi olur, o, bunu heç vaxt inkar etmir, dəfələrlə Rəfailə demişdir ki, avtobusların 2-ni götürsün və bank kreditini də 20%-ni öz üzərinə götürsün, bu təklifi onun hazırki işdə iddiaçı olan oğluna da demişdir, müəssisədə pay sahibi olmaq onun həm gəlirlərini götürmək hüququ yaradır, həm də borcları və xərcləri ödəmək vəzifəsi yaradır. Cavabdeh həmçinin izahatında bildirdki ki, Rəfaildən 25000 manat alaraq onu müəssisəyə pay sahibi kimi qəbul etdiyi ona bildirmiş, lakin bu barədə rəsmiləşdirmə aparmamışdır, həmçinin ona verilmiş 25000 manatdan Rəfailin qazanc əldə eməsi barədə də hər hansı bir sübutu yoxdur, ancaq vəziyyət dediyi kimi olmuşdur və hətta ona verilmiş 25000 manatın müqabilində Vergilər Nazirliyi tərəfindən üzərinə həbs qoyularaq cərimə meydançasına yerləşdirilmiş 2 avtobusu iddiaçıya verməyə razıdır, halbuki tək onların birinin qiyməti 20000-25000 manat civarındadır. Bundan başqa o, qeyd etdi ki, hazırkı vəziyyətdə iddiaçı iddiasını dəyişib, atasının əvəzindən müəssisənin 20%-nə pay sahibi kimi tanınmasını tələb edə bilər, əgər belə tələb qoyularsa, o bununla razılaşar, əks təqdirdə iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə yanlız olaraq tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanma kimi qiymət vermişdir. Belə ki, o iddiaçının atasını aldatmış olsaydı o, 2012-ci ildən 2018-ci ilədək 6 il ərzində ondan həmin pul vəsaitinin geri qaytarılmasını tələb edərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan “xxxx” MMC-nin direktoru Cavabdeh imzaladığı və “xxxx” MMC-nin möhürü ilə təsdiqlənən arayışdan görünür ki, Adil X1 25000 manat pul alaraq şirkətin 20%-nə pay sahibi olmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin direktoru Cavabdeh imzaladığı və “xxxx” MMC-nin möhürü ilə təsdiqlənən əlyazmasından görünür ki, Adil X1 xx.xx.2012-ci ildə 25000 manat pul alaraq onu şirkətin 20%-nə pay sahibi etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 235 saylı aktla qeyd edilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018- ci il tarixdə ölmüş X6 vərəsələri İddiaçı, X13, X8r. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Miras payın bağışlanması Müqaviləsindən görünür ki, X13 və X2 şəhadətnaməsinə əsasən onların hər birinə düşən 1/3 hissəsini X9 bağışlamış, o da həmin bağışlanan payı onlardan qəbul etmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, “xxxx” MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, onun qanuni təmsilşisi Cavabdehdur, hüquqi ünvanı isə ünvan 1 mənzil 71-dir. AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, müraciətdə göstərilən məsələnin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olması nəzərə alınaraq əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 25.000 manat müqabilində R.Həsənovu rəhbərlik etdiyi MMC-yə payçı qəbul edilməsi barədə razılıq olmuş, bunun müqabilində 25.000 manat məbləğdə pul vəsaitini sonuncudan qəbul edərək götürmüş, lakin onun əməli gözlənilən məqsədə uyğun olmamış, bununla da o, əmlakından məhrum olmuşdur, iddiaçı R.Əsgərovun ölümündən sonra cavabdehin götürmüş olduğu pulun geri qaytarılması məqsədilə ona və müxtəlif dövlət orqanlarına müraciətlər etmişdir, iddiaçının həmin məbləği tələb etmək hüququ vardır, mübahisələndirilən məbləğin cavabdeh tərəfindən qəbul edilməsi barədə tərəflər arasında mübahisə yoxdur. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, iddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən kollegiya, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də qiymət verməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavadehin nümayəndəsi və vəkili hazırkı iddia tələbinin xx.xx.2012-ci tarixli “müəssisədəki payın alqı-satqısı” müqaviləsinə əsasən irəli sürüldüyünü göstərməklə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir (MM-nin 373.2-ci maddəsinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya qeyd edir ki, əvvəla hazırkı iddia tələbinin hüquqi əsasını əsassız varlanma ilə bağlı müddəalar təşkil edir və bununla bağlı kollegiyanın mövqeyi yuxarıda izah edilmişdir. Digər tərəfdən hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 1095-ci maddələrinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh ilə X10 biznes əlaqələri olmuş, tərəflər arasında xx.xx.2012-ci il tarixdə MMC-də pay alqı-satqısı olmuşdur. İddiaçı iddia ərizəsində özü də etiraf etmişdir ki, cavabdeh tərəfindən onun mərhum atası “xxxx” MMC-nin təsisçisi kimi qeyd edilməmiş və atası sağlığında cavabdehə dəfələrlə müraciət edərək pulun geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçının atası olan Rəfayil Həsənov ölümündən qabag hüququnun pozulmuş olmasından xəbərdar olmuşdur. Göstərilənlər iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlməyə əsas verir. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, hazırki iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş 2 illik müddət ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə iddia qaldırmaq və həmçinin apellyasiya şikayəti vermək üçün tərəflərin ödədiyi rüsumlar onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3716/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2595/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2595/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver