Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2595/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı və Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququnun tanınması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (maraqlı şəxlər Bakı şəhəri 45 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı və Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
2. İddiaçı (bundan sonra, iddiaçı) və Cavabdeh (bundan sonra, cavabdeh) miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (bundan sonra, üçüncü şəxs) isə miras qoyan şəxsin nəvəsi olmaqla (1992-ci ildə vəfat etmiş oğlunun qızı) mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır.
3. Miras əmlakın tərkibinə miras qoyana mülkiyyət hüququ ilə məxsus olan - ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və “Mitsubishi Pajero İO” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil daxildir.
4. İddiaçı vəfat etmiş atasına məxsus olan bütün əmlakın iki bərabər hissədə (özünün və bacısı Cavabdeh) payının müəyyən edilməsini tələb edir, cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs isə iddia tələbinə etiraz edərək, miras qalmış bütün əmlakın üç bərabər hissəyə bölünməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh (maraqlı şəxlər Bakı şəhəri 45 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəfat etdiyi günədək X8 məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (həyətyanı torpaq sahəsi, dükan və qarajla birlikdə) və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV ***) üzərində vərəsəlik hüququnun tanınması, mirasdan mənim 1/2 hissə ilə pay hüququmun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. X1, anası isə X4muşdur. Anadan olduğu gündən həmin evdə yaşamış, ailə qurmağı ilə əlaqədar oradan köçmüşdür. Lakin, həmin ünvanda yaşayan atası və bacısı ilə daimi sıx və mehriban əlaqələri olmuşdur. Atası xəstə olduğu dövrlərdə də onun qayğısına birlikdə qalmışlar. Atası ilə münasibəti normal olmuş, onun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar bütün dəfn xərclərini birgə çəkmişlər. xx.xx.2022-ci il tarixdə atası uzun sürən xəstəlikdən vəfat etmiş, ona “dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diqnozu qoyulmuşdur. Atasının vəfatından sonra cavabdeh olan bacısı Cavabdeh ilə danışığı belə olmuşdur ki, başsağlığına gəlib-gedən qohuməqrəbanı yola saldıqdan sonra aralarındakı razılıqla atalarından miras qalan evi (həyətyanı torpaq sahəsi, dükan və qarajla birlikdə) və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV ***) digər varis olan qardaşı vəfat etdiyinə görə ikisinin arasında ədalətli şəkildə böləcəklər. Mənzil atasının xüsusi mülkiyyətində olmuşdur. Atası sağ olarkən minik maşınına dair onun həyat yoldaşı olan X3 adına xx.xx.2015-ci il tarixdə 6 il 9 ay 24 gün müddətinə etibarnamə vermiş, 2022-ci ilin aprel ayına kimi onların istifadəsində olmuşdur. Beləliklə atalarından miras qalan əmlaklara atasının vəfatından, eləcə də onun xx.xx.2022-ci il tarixdən vəfat etməsindən sonra hazıradək istifadə edərək, mirasa faktiki sahiblik və idarə etdiyindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Lakin bacısı onu arxayın salaraq, xəbərsiz notariat ofisinə müraciət etmişdir. Müddətin bitəcəyini düşündüyü üçün bacısına bir yerdə notariusa getməyi təklif etmiş, lakin o hər dəfə bir bəhanə gətirərək, notariusa getməkdən yayınırdı. Belə olan halda onun özü tək müraciət etməli olmuş, xx.xx.2022-ci il tarixdə notariat ofisindən ona yazılı cavab verilmişdir ki, bacısı ondan əvvəl müraciət etdiyi üçün miras işi onun adına açılmışdır, o, gecikmişdir. Halbuki notarius miras işi açarkən digər vərəsələri də çağırmalı idi. Atasının vəfatından 6 ay keçmədən bacısı ilə birlikdə onu miras pay hüququndan məhrum etmək istəyən notarius müddəti ötürməyi ilə əlaqədar ona imtina cavabı vermişdir. Belə olan halda o, pozulmuş hüquqlarımın qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X8 məxsus olmuş miras əmlak kütləsinə daxil olan bütün əmlaklara 1/3 hissəsə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddianı onunla əsaslandırmışdır ki, atası 20 dekabr 1966-cı il təvəllüdlü X14 14 avqust 1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılan İ Qarabağ müharibəsində o, cəmi 7 aylıq olan zaman qəhrəmancasına şəhid olmuşdur. Ata babası X13 02 mart 2022-ci il tarixdə, ata nənəsi X10 isə xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. O, Azərbaycan Respublikasının vətəndaşı X15 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olduğu üçün 2018-ci ildən həyat yoldaşının dövlət müəssisəsində işlədiyi Almaniya Fedarativ Respublikasında yaşadığı, həmçinin himayəsində 2 və 3 yaşlı körpə övladları olduğu üçün babası və nənəsi rəhmətə gedərkən üzrlü səbəbdən Respublikaya gələ bilməmiş, yas mərasimində iştirak edə bilməmişdir. Lakin, anası Nümayəndə bütün yas mərasimlərində yaxından iştirak etmişdir.xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlişi qısamüddətli olduğu üçün babasından qalan mirasın qəbul edilməsi barədə ərizəni müvafiq dövlət qurumuna etibarnamə üzrə nümayəndəsi təqdim etmiş, lakin Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 289 nömrəli məktubu ilə “mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxılmışdır” səbəbi ilə imtina verilmişdir. xx.xx.2022-ci il tarixdə ölkədən getmək məcburiyyətində qaldığı üçün həmin vaxt məhkəməyə miras əmlakdan payının qəbul edilməsinə dair iddia ərizəsi ilə müraciət edə bilməmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin edilərək, müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsin tələbi təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzilə və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ üzrə İddiaçı 1/3 hissədə, Cavabdeh 1/3 hissədə və X2 1/3 hissədə vərəsəlik hüququ tanınsın və pay hüquqları müəyyən edilməsi və ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzil və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi qismində miras qoyan X11 çıxış etdiyindən, həmin əmlaklar miras əmlaka daxil olmaqla, onlara dair mülkiyyət hüququ üzrə vərəsələrin bərabər pay hüququ müəyyən edilməli və tərəflərin hər birinin miras əmlaka 1/3 issədə pay hüquqları tanınmalıdır. Həmçinin məhkəmə miras əmakın neçə bərabər hissədə bölünməsinə dair onu qeyd edir ki, İddiaçı və cavabdeh Nümayəndə isə miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir, həmçinin Müstəqil tələb irəli sürən üçüncü şəxs 3-cü şəxsi isə miras Mülki Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən birinci növbəli vərəsə hesab edilərək, miras qalan əmlakdan vəfat etmiş atasına qalacaq pay hissəsini tələb etməkdə haqlıdır.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1159.2, 1243.2, 1252 və s., Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, 3-cü şəxs qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, miras əmlakdan heç bir pay almaq niyyəti olmamışdır. 3-cü şəxs ona vərəsəlik şəhadətnaməsinin verilməsi üçün heç bir notariat orqanına müraciət etməmişdir. Miras qoyan 2022-ci ilin mart ayında, onun arvadı isə aprel ayında ölmüş, həmin vaxtdan mirasın açıldığı 3-cü şəxsə bəlli olmuşdur. Buna baxmayaraq, o qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Məhkəmə qətnaməsində göstərməsə də apellyasiya instansiyası hesab edə bilər ki, 3-cü şəxs mirasın açıldığı vaxt başqa ölkədə olmuşdur, bu səbəbdən mirası qəbul edə bilməmişdir. Lakin bu hal 3-cü şəxsin mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, onun ölkə xaricində daimi yaşaması onu digər hüquqlarından məhrum etməmişdir, o indi olduğu kimi mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. hansı ki, indiki halda anasına etibarnamə verməklə öz hüquqlarını həyata keçirmişdir. Həmçinin iddia miras kütləsinə daxil olan həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahatlarına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, təmin olunmamasını xahiş etmişdir.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər.
18. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1279-cu maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəyə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qətnaməni qismən, yəni miras əmlak üzərində tərəflərin vərəsəlik paylarının müəyyən olunması hissədə mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara əsasən - ünvan 1, həmçinin “Mitsubishi Pajero İO” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətində olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
27. İddiaçı və cavabdeh miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs isə miras qoyan şəxsin nəvəsi olmaqla (1992-ci ildə vəfat etmiş oğlunun qızı) mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır (bax: işdə olan doğum və ölüm haqqında şəhadətnamələr). Bu səbəbdən də, üçüncü şəxs MM-nin 1159.1.3-cü maddəsinə əsasən miras əmlakdan müvafiq pay almaqda subyektiv (tələb) hüquqa malikdir.
28. Cavabdeh, atasının vəfatından sonra, yəni 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək, mirası qəbul etməsini, ondan başqa vərəsə olmamasını göstərmişdir. İddiaçı isə 01 sentyabr 2022-ci il tarixdə atasından miras qalmış əmlaka dair şəhadətnamə verilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürət üçüncü şəxs nümayəndəsi vasitəsilə həmin notariat ofisinə 16 sentyabr 2022-ci il tarixdə analoji müraciət etmişdir.
29. Bakı şəhəri 45 saylı notariat ofisinin 01 sentyabr 2022-ci il tarixli və 16 sentyabr 2022-ci il tarixli məktubları ilə müvafiq olaraq iddiaçıya və müstəqil tələb irəli sürət üçüncü şəxsə mirasın qəbulu müddətinin ötürülməsi əsası ilə imtina verilərək, müddətin bərpası üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
30. Apellyasiya şikayətinin dəlilləri - müstəqil tələb irəli sürət üçüncü şəxs tərəfindən mirasın qəbulu müddətinin ötürülməsini, mirasın yalnız iddiaçı və cavabdeh arasında bölünməli olmasına, mirasın fatkiki olaraq onlar tərəfindən qəbul edilməsinə, üçüncü şəxsin xaricdə yaşamasına, mirası faktiki qəbul etməməsinə, onu idarə etməməsinə, üçüncü şəxsin ümumiyyətlə subyektiv hüququnun olmamasına, həmçinin iddianın miras kütləsinə daxil olan həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalı olmasına yönəlmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).
33. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
34. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
35. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
36. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı).
37. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83).
39. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
40. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
41. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
42. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
43. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.
44. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
45. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
46. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
47. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
48. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).
49. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
50. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı).
51. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında xüsusilə vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
52. Müstəqil tələb irəli sürən üçün şəxs iddia tələbində həmçinin göstərmişdir ki, xaricdə yaşaması, himayəsində azyaşlı uşaqlarının olması və s. üzrlü səbəblərdən babasının vəfatından dərhal sonra ölkəyə gələ bilməmiş, yalnız 12 avqust 2022-ci il tarixdə qısa müddətə gələ bilmiş və anasına etibarnamə vermiş, anası nümayəndəsi kimi notariat orqanına müraciət etmiş, lakin sonuncu tərəifndən müddətin ötürülməsi əsası ilə imtina məktubu göndərilmişdir.
53. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə də üçüncü şəxsin həqiqətən xaricdə yaşaması, miras açıldığı vaxtı ölkədə olmaması və s. bu kimi halları müəyyən olunmuşdur.
54. Eyni zamanda işdən görünür ki, üçüncü şəxs nümayəndəsi vasitəsilə miras açıldığı vaxtdan 06 ay 14 gün sonra notariat orqanına müraciət etməklə, müddəti açıqaşkar uzun zaman kəsiyində ötürməmiş, vərəsələrdən cavabdeh isə üçüncü şəxsin mirası qəbul etməsinə etiraz etməmişdir.
55. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin normalarını, xüsusilə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 14 oktyabr 2022-ci il tarixli qərarındakı şərhini nəzərə alaraq hesab edir ki, üçüncü şəxsin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasın qəbulu üçün notariat orqanına müraciət etməməsi üzrlü hal kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi miras əmlaklardan üçüncü şəxsin də payını müəyyən etməkdə haqlı olmuşdur.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə, yəni iddianın miras kütləsinə daxil olan həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalı olmasına hüquqi qiymət verərək bildirir ki, iddiaçı həmin əmlakların mövcudluğu, hüquqi statusu, miras qoyana məxsus olması və s. bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini həmin hissələrdə ümumiyyətlə əsaslandırmamışdır. Belə olan halda isə iddia həmin əmlaklarla bağlı hissədə təmin oluna bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Cavabdeh (maraqlı şəxslər Bakı şəhəri 45 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı və Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.