Məhkəmə qərarları › İş №2(103)-2596/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2596/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2596/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2596/2024 (Açar sözlər: mənzilə köçürülmə, maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-231/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 13 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanına dair İddiaçı1 babası X11 adına 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır.

2. İddiaçı1 babası X15 09 dekabr 1967- ci ildə və nənəsi Kinovaz Kərim qızı xx.xx.1995-ci ildə ölmüşdür. İddiaçının atası X16 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

3. ünvan 1 ünvanında X12 övladları yaşayır.

4. İddiaçı1 xx.xx.1997-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, anadan olduğu vaxtdan (xx.xx.1980) 2014-cü il tarixədək həmin fərdi yaşayış evində yaşamışdır.

5. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi İddiaçı1 ailəsi tərəfindən onun sahiblik və istifadəsinə verilmişdir.

6. İddiaçı1 ilə Cavabdeh Oktay qızı 2006-cı il tarixdə faktiki nikah, 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin tarixdən (2006) mübahisə predmeti olan evdə birlikdə yaşamışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 anadan olmuşdur.

7. İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

8. İddiaçılar X9 ilə X3 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X8 anadan olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən azyaşlı övladları xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri və həmin mənzilə köçürülmələri üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, İddiaçı1 xx xxxxxxxx 1980-cı il tarixində ünvan 2 ünvanında anadan olmuş və 2020-ci il tarixinədək qeydiyyatda olduğu həmin ünvanda yaşamışdır. 2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 2020-ci ildə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6 adlı bir övladı var. Ayrılarkən cavabdehin xahişinə görə və qızı kiçik olduğundan o, müvəqqəti olaraq cavabdehin onun evində qalmasına etiraz etməmiş, özü isə qızının xatirinə evdən çıxmışdır ki, o, sakit şəraitdə böyüsün. Hər ay məhkəmə qətnaməsi üzrə alimentini və digər xərclərini də ödəmişdir, indi də ödəyir. Cavabdehlə ayrıldıqdan bir müddət sonra o, İddiaçı2 ilə ailə qurmuşdur və həmin tarixdən də onunla birlikdə başqa ünvanda kirayədə yaşayır. Hal-hazırda birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X8 adlı bir övladı var. Onlar övladları ilə birlikdə yenə də kirayədə yaşayırlar. Lakin artıq kirayədə yaşamağa maddi imkanı yoxdur. Daimi qeydiyyatda olduğu, babanənəsindən miras qalmış öz evinə köçmək istəsə də, cavabdeh buna imkan vermir. Hər dəfə gedəndə dava-dalaş salır, hətta iş polisə qədər gedib çıxır. Onun başqa bir yaşayış yeri yoxdur. Kiminsə evində kirayə yaşamağa isə maddi imkanı yoxdur. Həm də o, tək deyil artıq, həyat yoldaşı və bir körpə övladı da var. Mübahisələndırilən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, onun həmin evdə daimi qeydiyyatı və yaşamaq hüququ vardır. Lakin cavabdehin ucbatından o, öz hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən ev xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyata alınmasa da, mövcud qanunvericiliyə əsasən, anası X4 həmin mənzilin potensial mülkiyyətçisidir. Cavabdeh ona məxsus evdə heç bir qeydiyyatı və ailə üzvü olmadan bu gün də yaşadığı halda, o, baba-nənəsindən ona qalan, doğulub böyüdüyü və daimi qeydiyyatda olmaqla yaşadığı, ona məxsus mənzil üzərində hüquqlarını həyata keçirə, ondan istifadə edib yaşaya bilmir.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, cavabdeh oğlunun evə gedib gəlməsinə mane olmuşdur. Dəfələrlə baş vermiş mübahisə zamanı polis gəlmişdir. Bir dəfə bundan öncə məhkəmədə cavabdehə qarşı iddia qaldırdıqları zaman hakim oğluna “sənin mübahisə predmeti olan evdə yaşamaq hüququn var, Sən evə girib yaşaya bilərsən” demişdir. Bundan sonra oğlu evə girmək istəmiş, lakin cavabdeh dəhşətli hay-küy yaratmışdır. Buna görə də polislər gəlmişdilər. Oğlu onun həyat yoldaşı öldükdən sonra yəni, 2019-cu il tarixindən sonra baş vermiş hadisədən sonra həmin evə getməmişdir. Oğlu evdən çıxdıqda cavabdehə “evdə sakit yaşa, sənə heç kim heç nə deməyəcək”-deyə bildirmişdir. Ailədaxili mübahisə olmuşdur. Lakin baş vermiş hadisənin nə olduğunu demək istəmir. Çünki ayıbdır. Cavabdeh özü bunu yaxşı bilir. Oğlu bu hadisəni bildikdən sonra evə gəlməmişdir. Oğlu evə 2019-cu il tarixinədək gedib-gəlib, uşağı ilə maraqlanmıb. Cavabdeh onun həyat yoldaşından çəkinirdi. O, əvvəlcə özü cavabdehə qarşı iddia qaldırmışdır. İddia tələbinə məhkəmədə baxılmışdır. Lakin onun cavabdehə uşaq olduğu üçün yazığı gəlmiş, buna görə də iddia ərizəsini geri götürmüşdür. Evin kommunalını oğlu ödəmişdir. Oğlu gedəndən sonra cavabdeh kommunal ödəniş etmir. Onlarda həyət ümumidir. Bir babanın adına olan həyətdə qapıları ayrı evlər var. Kiçik oğlunun, digər oğlunun orada evləri var. İddiaçı ilə cavabdeh rəsmi 2022-ci il tarixində boşanmışlar. 2019-cu il tarixinədək oğlu evə gələndə həm gəlib ona baş çəkir, həm də gedib öz qızını görürdü. O, 2019-cu il tarixinədək hər gün gəlirdi. 2019-dan sonra onun yanına gəlmişdir. Babadan qalan əmlakda həmişədən yoldaşı yaşayırdı. Həmin yaşayış sahəsinə ona görə çıxarış almamışlar ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə onların evindən başqa həm də qaynının övladlarına məxsus olan mənzillər var. Qayınının 4 uşağı var. Vərəsələr sayca çox olduğu üçün çıxarış almaq çətindir. Hazırda həyətin əsas yeri onlara məxsusdur.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 yanvar 2025-ci il tarixli 2(007)-231/2025 nömrəli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və Cavabdeh Oktay qızı tərəfindən İddiaçı1 həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneənin aradan qaldırılması, iddia tələbi qalan hissədə iddiaçı Cavabdeh Əliş qızının iddia tələbinin təmin edilməməsiqət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 2014-cü ildə cavabdeh ilə münasibətləri pozulduğu üçün həmin tarixdən mübahisə predmeti olan mənzildən köçməklə başqa ünvanda kirayədə yaşayır. Həmin tarixdən Cavabdeh Oktay qızı həmin ünvanda qızı ilə birlikdə yaşayır.

14. İddiaçı 2014-cü ildən atası rəhmətə getdiyi vaxtadək mübahisə predmeti olan 2 otaqlı yaşayış sahəsinə daim getmiş, uşağı ilə maraqlanmış və cavabdehə maddi köməklik etmiş, atası rəhmətə getdikdən sonra isə həmin ünvana anasının yaşadığı yaşayış sahəsinə getmişdir. Mübahisə predmeti olan yaşayış sahəsinin qaz pulu iddiaçı tərəfindən ödənilir.

15. Hazırda Cavabdeh Oktay qızı İddiaçı1 ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsində yaşamasına maneəçilik törədir.

16. Mübahisəli mənzilə münasibətdə məhkəmə qeyd etmişdir ki, 1963-cü il tarixli texniki pasport ilə iddiaçının anası X2 adına olan “fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair” hesabat cədvəli müqayisəli tədqiq edildikdə torpaq sahəsinin və tikilinin ölçüsü arasında fərq olduğu müəyyən edilsə də, hazırki mübahisə predmeti olan 2 otaqlı yaşayış sahəsinin texniki pasportda nəzərdə tutulub-tutulmaması mübahisə predmeti olmamış, həmçinin həmin yaşayış sahəsinin özbaşına tikili olması mübahisələndirilməmişdir. Belə olduğu halda belə məhkəmə qeyd etmişdir ki, həmin yaşayış sahənin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan, həmin tikili özbaşına tikili olsa idi belə, mülki qanunvericiliyə əsasən ona mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ vardır.

17. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 həmin evlə əlaqəsini itirməməsi, həmin evə dair qaz pulunun onun tərəfindən ödənilməsi, o cümlədən həmin mənzilə köçürülməsi ilə bağlı etdiyi hərəkətlər onun həmin yaşayış sahəsini faktiki qəbul etməsini, onun tərəfindən idarə edilməsini, yiyələnməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir.

18. Digər iddiaçıya münasibətdə iddianı rədd edərkən məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı1 həmin yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Lakin hazırda həmin əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yarandığından İddiaçı1 hazırki işin faktiki halları baxımından həmin yaşayış sahəsinə dair sərəncamverici hərəkətlər edərək ailəsini köçürməsi onun hüququnun rəsmiləşdirilməsindən sonra mümkün olacaqdır. İddiaçı2 İddiaçı1 tərəfindən həmin əmlaka olan hüququ rəsmiləşdirildikdən sonra qüvvədə olan Ailə Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaranacaqdır. Hazırda isə İddiaçı1 da həmin ünvanda yaşamır və həmin əmalaka olan hüququ rəsmiləşdirilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 101, 527, 528, 529, 532, 552, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 178.1, 180.3, 1151.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1256, Mənzil Məcəlləsinin 8.0.4, 9.1, 9.2.2, 30.1, 30.2, 30.4, Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

22. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçılar 2022-ci ildən bəri rəsmi nikaha daxil olmaqla ər-arvaddırlar və azyaşlı bir öladları var. Əgər məhkəmə İddiaçı1 həmin evin potensial mülkiyyətçisi qismində tanıyırsa, onda onun ailə üzvlərinin hüquqlarını da, AR Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən tanımalıdır.

23. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçı mülkiyyətçi kimi göstərməklə, onun həmin evdən daimi istifadə hüququnun olduğunu qeyd etmişdir. Halbuki, məhkəmənin bu mövqeyi tamamilə əsassızdır və iddiaçının mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müddətdə, onun mülkiyyətçi kimi daimi istifadə hüququna malik olduğunu qəbul etmək tamamilə əsassızdır. İddiaçı 2014-2015-ci illərdə İddiaçı2 ilə faktiki nikaha daxil olmuş və evdən çıxıb getmişdir. Övladını görmək üçün bəzən evə gəlib getsə də, 2019-cu ildən sonra iddiaçı mübahisə predmeti olan evə ümumiyyətlə gəlməmişdir. Hal-hazırda 2025-ci il olduğuna görə 6 il müddətinə istifadə hüququ itirilmiş hesab olunur. Evin hal-hazırki şəraiti iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, 2 bir-biri ilə iç-içə otaqlardan ibarətdir. Yataq otağına kənar giriş yoxdur. Həmin mənzildə iddiaçı ilə cavabdehin birgə yaşaması mümkün deyildir. Çünki Mənzil Məcəlləsinə əsasən, bir şəxs üçün olan 12 kv.m yaşayış sahəsi nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdehin həmin evdə onlarla birlikdə yaşaması qeyri-mümkündür. Bundan başqa, cavabdehin həmin evdə yaşaya bilməsi üçün real şərait və imkanlar mövcud olmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarından da görünür ki, tərəflər arasında münaqişəli vəziyyət yaranmış, iddiaçı CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı oraya köçürüləcəyi halda eyni vəziyyət davam edə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

26. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçıların apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 13, İİ hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

29. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

30. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

38. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

42. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

43. Maddə 101. Vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi və ya bir evin müəyyən hissəsi ola bilər. Bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumi mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə olan mülkiyyət hüququndan məhrum etmir.

44. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin.

45. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

46. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

47. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

48. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

49. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

50. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

51. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

59. İşin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1 doğulduğu vaxtdan 2014-cü ilədək ünvan 1 ünvanında yaşamışdır. O, 2006-cı ildə Cavabdeh Oktay qızı ilə faktiki, 2008-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı1 2014cü ilədək Cavabdeh Oktay qızı və qızı Nuranə ilə birlikdə həmin ünvanda yaşamış, 2014-cü il tarixdən isə cavabdehlə faktiki olaraq ayrılaraq başqa ünvanda kirayədə yaşamağa başlamışdır. İddiaçı1 həmin mənzili daimi olaraq deyil, müvəqqəti olaraq tərk etmişdir. Həmin mənzili müvəqqəti tərk eməsinə səbəb isə onunla keçmiş arvadının arasında yaranan problemlər olmuşdur. Yəni, onun mənzildən çıxması başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalmağı ilə bağlı olmuşdur. İddiaçı cavabdehlə aralarında yaranmış problemlərlə bağlı, münasibətləri pozulduğu üçün onunla birlikdə yaşamaq istəməmiş, lakin qızının azyaşlı olmasını nəzərə alaraq, müvəqqəti olaraq evi özü tərk etmiş, mənzili tərk edərkən də həmin ev ilə əlaqəsini itirməmiş, həmin evi cavabdehə bağışlamaq şəklində iradə ifadəsi olmamışdır. İddiaçı1 həmin ünvanla əlaqəsini itirməmiş, faktiki ayrıldığı vaxtdan mütamadi olaraq evə gedib-gəlmiş, uşağı ilə maraqlanmış, həmçinin cavabdehə maddi köməklik də etmişdir. O cümlədən evin qaz pulu iddiaçı tərəfindən ödənilir. Lakin İddiaçı1 atası vəfat etdikdən sonra, yəni 2019-cu il tarixdən sonra Cavabdeh ilə aralarında mübahisəli vəziyyət yarandığı üçün həmin ünvana (eyni həyətdə) anasının yanına getmiş, lakin cavabdehin yaşadığı hazırki mübahisə predmeti olan 2 otaqlı evə girməmişdir. Həmin tarixdən sonra isə İddiaçı1 mənzilə köçmək istəmiş, lakin cavabdeh tərəfindən maneələr yaradıldığı üçün məhkəməyə iddia tələbləri ilə müraciət edilmiş, lakin iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır.

60. İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında olan nikaha 18 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. Artıq cavabdeh iddiaçının ailə üzvü deyildir. Cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. İddiaçı1 isə digər İddiaçı2 ilə nikaha daxil olmuş və bu nikahdan Nuray adlı uşaqları doğulmuşdur.

61. Göründüyü kimi mübahisəli ev ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evinə dair İddiaçı1 babası X11 adına 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır.

62. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na dəyişiklik edilərək “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” həmin siyahıya əlavə edilmişdir.

63. 1963-cü il tarixli texniki pasport ilə iddiaçının anası X2 adına olan “Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair” hesabat cədvəli müqayisəli tədqiq edildikdə torpaq sahəsinin və tikilinin ölçüsü arasında fərq olsa da bu məsələ nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında mübahisələndirilməmişdir.

64. Real vəziyyətdə həmin həyətdə (ünvanda) üç yaşayış evi mövcuddur: birində uşağı ilə cavabdeh, ikincisində iddiaçının anası və üçüncüdə qardaşı yaşayır.

65. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan, həmin tikili özbaşına tikili olsa idi belə, mülki qanunvericiliyə əsasən ona mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ vardır.

66. Kollegiya birinci instansiya məhkəməsinin mübahisə evə dair mövqeyini əsaslı hesab edir.

67. Cavabdehin apellyasiya şikayətinə münasibətdə Kollegiya qeyd edir ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan həmin əmlaka köçürülməsinə dair iddia tələbi əsaslıdır. Cavabdehin İddiaçı1 mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılması üçün qanuni əsasları olmadığından, onun sonuncuya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.

68. İddiaçı1 mübahisəli mənzildə yaşamaq hüququ, həmin yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdə yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.

69. İddiaçının babası öldükdən sonra iddiaçının atası öz ailəsi ilə birlikdə həmin əmlakda yaşamağa davam etmiş, yəni həmin əmlakı faktiki olaraq qəbul etmişdir. Beləliklə, 1964-cü il tarixli Mülki Məcəllənin tələbləri baxımından həmin əmlaka mülkiyyətçinin ailə üzvü olaraq hüququ olmuşdur. Atasının ölümündən sonra isə birinci dərəcəli vərəsələrdən biridir.

70. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.

71. İİddiaçı1 ilə İddiaçı2 2022-ci ildə isə rəsmi nikah münasibətinə daxil olmuşlar.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir.

73. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

74. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

75. Göründüyü kimi, qanunun tələbinə əsasən mülkiyyətçinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

76. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 göstərilən hüquqları yalnız İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan, bununla da “sərancam hüququ” yarandıqdan sonra realizə oluna bilər.

77. Kollegiya göstərilən əsaslandırma ilə razılaşmır, çünki qəbul olunmuş miras vərəsənin mülkiyyəti sayılır və bu regim qanunun imperativ tələbi ilə müəyyən olunur. Yəni, hazırki vəziyyətdə mülkiyyət hüquqlarının yaranması üçün mirasın qəbul edilməsi kifayətdir. Həmin hüquqların daşınmaz əmlakın dövlət resetrində qeydə alınması isə daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını təmin etmək məqsədini daşıyır.

78. Odur ki, iddia tələbi həmin hissədə də təmin olunmalıdır.

79. Bundan əlavə kollegiya hesab edir ki, iddiaçıların birgə nikahından doğulmuş uşaqları Nuray da valideyinlərinin himayəsində olduğundan və azyaşlı uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunduğundan, o da valideyinləri ilə birgə mübahisəli mənzilə köçürülməlidir.

80. Məhkəmə xərclərinə aid hissədə kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları barədə hər hansı tələb olmadığından rüsumlar onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçıların apellyasiya şikayəti təmin edilsin. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-231/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – iddia tələbinin təmin edilməyən (İddiaçı2 xx.xx.2023-cü il təvəllüdlü uşağı X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və Cavabdeh Oktay qızı tərəfindən ona həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneə aradan qaldırılması) hissəsində ləğv edilsin. İddia həmin hissədə də təmin edilsin. İddiaçı2 xx.xx.2023-cü il təvəllüdlü uşağı X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülsün və Cavabdeh Oktay qızı tərəfindən ona həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneə aradan qaldırılsın. İddia ərizəsi və apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar