Məhkəmə qərarları › İş №2(103)-26/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-26/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-26/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-35/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2014cü il tarixli 160/09/158/14 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən kredit alana illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 133.000 (yüz otuz üç min) manat kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq, 03 iyul 2014-cü il tarixli, 160/09/158/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında olan 6 saylı mənzil və Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 47 saylı mənzili əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli 160/09/158/14 saylı kredit müqaviləsi üzrə 126317,36 manat əsas borc, 14477,76 manat faiz borcu, 1138,07 manat cərimə, ümumilikdə isə 141933,19 manatın, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 manat dövlət rüsumunun Cavabdeh1 tutulmasına; Cavabdeh1 tutulmalı olan məbləğ ipoteka predmeti olan Cavabdeh3 məxsus ilkin satış qiyməti 94500 (doxsan dörd min beş yüz) manat müəyyən edilmiş ünvan 2 ünvanında yerləşən, 52,1 kv.m ümumi, 31.7 kv.m yaşayış sahəsindən ibarət olan, 2 otaqlı 47 saylı mənzilinə və Cavabdeh2 məxsus ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilmiş, ünvan 3 ünvanında olan, 61,8 kv.m ümumi, 46,3 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 saylı mənzilinə yönəldilməsinə və həmin mənzillərin açıq hərracdan satılmasına; mənzillərə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, borclu şəxs-hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 13 iyul 2017ci il tarixə banka 126317,36 manat əsas borc, 14477,76 manat məbləğində faiz borcu, 1138,07 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 141933,19 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

6. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(004)- 35/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 03 iyul 2014-cü il tarixli 160/09/158/14 saylı kredit müqaviləsi üzrə 126228,71 manat əsas borcun, 14477,76 manat faiz borcun, 100 manat cərimə, ümumilikdə isə 140806,47 (yüz qırx min səkkiz yüz altı manat qırx yeddi qəpik) manatın, cəmi 60 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilə, (ipoteka predmetinin ilkin satış qiyməti 182 000 manat dəyərində qiymətləndirilməklə) və ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 117 000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş "xxxx" X6 tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli rəylərdən görünür ki, Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin real bazar qiyməti 182 000 manat və Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin real bazar qiyməti 117.000 manat təşkil edir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətində bankın tələbinin əsas, cərimə və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərmişdir ki, iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası (mühasibat uçotu) təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 9036 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə bankın tələbinin əsas məbləği 126317,36 manat olmasına baxmayaraq, məlum ekspert rəyində 126 228.71 manat olması qeyd edilmişdir. Məhkəmə həmin məbləğlər arasında olan fərqə müvafiq qiymət verməmişdir. Bu səbəbdən iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borc qeyri-mütənasib olaraq azaldılmışdır. Bank 1138.07 manat tələb etdiyi halda, cəmi 100 manat təmin edilmişdir. Bu baxımdan məhkəmə qətnaməsı cərimə hissəsində ləğv edilərək həmin hissədə bankın tələbi tam təmin edilməlidir. Məhkəmə qətnaməsi ilə iddia qismən - ipoteka predmetinin ilkin satış qiymətlərinin daha yüksək məbləğdə qeyd edilməklə təmin edilmişdir. Belə ki, kredit müqaviləsinin təminatı kimi olan ünvan 4 ünvanında yerləşən 47 saylı mənzili ipoteka müqaviləsi üzrə ipoteka predmetilərinin ilkin satış qiymətinin 94000 manat məbləğində müəyyən edildiyi halda ekspertiza rəyi ilə 117 000 manat, ünvan 5 ünvanında mülkiyyətində olan 6 saylı mənzili ipoteka müqaviləsi üzrə ipoteka predmetilərinin ilkin satış qiymətinin 105000 manat məbləğində müəyyən edildiyi halda ekspertiza rəyi ilə 182 000 manat olması müəyyən olunmuşdur. Bu səbəbdən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Belə ki, həmin daşınmaz əmlakın dəyəri həqiqi bazar dəyərindən yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, daşınmaz əmlakların iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni ərazidə yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. Eyni zamanda hazırki dövrdə respublikada daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü hamıya bəlli olan haldır və bu faktın sübut edilməsinə ehtiyacı yoxdur. Bu hal da öz növbəsində qiymətləndirmənin düzgün aparılmadığını sübuta yetirir. 9.Cavabdeh X5 apellyasiya şikayətində qətnamənin qismən dəyişdirilməsini xahiş edərək şikayətində göstərir ki, kredit məbləği götürüldükdən sonra 2015-ci ildə baş vermiş devalivasiya ilə bağlı Cavabdeh1 Oktay oğlunun kredit öhdəliklərini vaxtında yerinə yetirməsi mümkün olmamışdır. Halbuki, kredit vəsaitindən istifadəyə görə onun tərəfindən keçən illər ərzində banka 80000 manata yaxın pul ödənilmışdir. Məhkəmə qərar qəbul edərkən yanlışlığa yol vermis, qətnamənin nəticə hissəsində göstərmişdir ki, «ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulmalıdır». Məhkəmə qətnamədə konkret olaraq bu məbləğin cavabdehlərin hansından tutulmalı olmasını göstərməmişdir. Belə ki, o və digər ipoteka qoyan şəxs yalnız ipoteka məbləği həcmində məsuliyyət daşıya bilərlər. İşin hərtərəfli, tam və obyektıv araşdırılması məqsədilə kreditalan Cavabdeh1 Oktay oğlu ilə yanaşı ipoteka qoyan şəxslərin, yəni onun və Cavabdeh3 Tofıq qızının da işin baxılmasına cəlb edilməsi vacib idi. Belə ki, oğlu Rauf məhkəmə barədə məlumatı ondan gizlətmiş və nəticədə qətnamə onun və digər Cavabdeh3 Tofıq qızının iştırakı və məlumatı olmadan keçirilmiş məhkəmə zamanı qəbul edilmişdir. Bundan başqa, ona məxsus mənzilin qiymətləndirilməsı formal olaraq keçirilmiş, qiymətləndirici ilkin olaraq müəyyən edilmiş qiyməti əsas götürmüş, mənzilin hazırkı real bazar qiymətinin 200000 AZN olmasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda cavabdeh X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdilər.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər X5 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməyiblər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğv edilməsi və ya dəyişdiriməsi üçün əsas deyil.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. İddiaçının apellyasiya şikayətinin məzmunundan, eləcə də nəticə hissəsindən görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməmiş hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin bir hissəsinin, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. 20.Cavabdeh Zülfü Şaiqovnanın apellyasiya şikayətinin məzmunundan, eləcə də nəticə hissəsindən görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin bir hissəsi, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, mübahisələndirilən hissədə, yəni Cavabdeh2 məxsus ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. 23.Belə ki, birinci instansiya məhkəməsi tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Belə ki, əsas borc tələbi 126317,36 manat olmasına baxmayaraq, ekspert rəyində 126228.71 manat olduğu qeyd edilmişdir. İddiaçı məhkəmənin həmin məbləğlər arasında olan fərqə müvafiq qiymət vermədiyini, bu səbəbdən iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin olunmalı olduğunu bildirir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi əsas borc məbləğini deyil, ekspert rəyini nəzərə almış, yəni tələb edilən əsas borcu ekspertin müəyyən etdiyi məbləğ əsas götürülərək təmin etmişdir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin əsas borcun yenidən hesablanması üçün hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır.

24. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə azaldılsa da, bu azaldılmanın az olduğunu cavabdeh tərəf mübahisələndirməmişdir. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmaya bilər. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ekspertiza rəyi ilə də kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından cərimənin hesablanmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği yüksək olmasa da eyni müqavilə üzrə əsas və faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz borcalanın maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna baxmayaraq, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılmış və onun bir qədər də azaldılmasına əsas yoxdur. Ancaq iddiaçı cərimənin qeyri-mütənasib surətdə azaldıldığını bildirsə də, buda həqiqətə uyğun deyildir. Çünki, cərimə tələb edilən məbləğin təxminən 10 faiz hissəsinədək azaldılmışdır.

25. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı ipoteka predmeti olan mənzillərin dəyərinin aşağı olduğunu göstərsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir.

26. İpoteka müqaviləsində Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, 52,1 kv.m ümumi, 31.7 kv.m yaşayış sahəsindən ibarət olan, 2 otaqlı 47 saylı mənzilinin ilkin satış qiyməti 94500 (doxsan dörd min beş yüz) manat müəyyən edilmiş və Cavabdeh2 məxsus ünvan 3 ünvanında olan, 61,8 kv.m ümumi, 46,3 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 saylı mənzilinin ilkin satış qiyməti isə 105000 (yüz beş min) manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli rəylərə əsasən Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin real bazar qiyməti 182 000 manat və Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin real bazar qiyməti 117.000 manat təşkil edir. Eyni zamanda, “Qiymətləndirmə Xidməti Mərkəzi) MMC tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli rəylərə əsasən Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin real bazar qiyməti 190 000 manat və Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin real bazar qiyməti 120.000 manat təşkil edir.

27. Apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilmiş və "xxxx" MMC-nin 14/0103 saylı, 01 fevral 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin 01 fevral 2021-ci il tarixə olan bazar dəyəri 180300 manat, likvid dəyəri isə 171000 manat təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin 01 fevral 2021-ci il tarixə olan bazar dəyəri 119000 manat, likvid dəyəri isə 113000 manat təşkil edir.

28. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həqiqətin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən də Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin hal- hazırda mövcud olan real və likvid dəyəri barədə mütəxəssis rəyi alınmalıdır. Lakin həmin İdarənin 19 may 2021-ci il tarixli məktubunda göstərilən qiymətləndirmə üçün xidmət haqqının əvvəlcədən ödənilməsinə dair məlumat iddiaçı tərəfə göndərilsə də, xidmət haqqı ödənilmədiyindən qiymətləndirmə keçirilməmişdir.

29. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil da sonuncu qiymətləndirmədən narazı olduğunu, çünki mənzillərin likvid dəyərinin daha çox olduğunu göstərdi. İddiaçının nümayəndəsi isə əksinə mənzillərin likvid dəyərinin yenə də yüksək göstərildiyini bildirdi. Bununla əlaqədar yenə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 106/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinə 17 may 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********49 saylı, xx.xx.2022-ci il tarixli məktub daxil olmuş və məktubun məzmunundan həmin İdarənin qiymətləndirmə keçirilməsindən açıq-aşkar əsassız imtina etməsi bəlli oldu. Çünki, bu İdarə analoji işlər üzrə də dəfələrlə bu cür qiymətləndirmə keçirməkdən imina etmişlər.

30. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması və ekspertizanın keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməli, mülki iş materialları ekspertizaya təqdim olunmalıdır. Çünki, əvvəl də qeyd edildiyi kimi ipoteka predmetinin bazar və likvid dəyərinin düzgün müəyyən edilməməsi sonrakı prosessual hərəkətləri etməyə və iş üzrə həqiqətin müəyyən edilməsinə imkan vermirdi. 31.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6972- 9/7720 saylı, 30 yanvar 2023-cü il tarixli rəydə qeyd edilir ki, ünvan 8 ünvanında yerləşən 47 saylı mənzilin ümumi sahəsinin 54,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 9 ünvanında yerləşən 47 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 137700 manat (2550.0 x54,0) məbləğində müəyyən olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (137700-10%) 124000,0 manat məbləğində müəyyən edilir. ünvan 10 ünvanında yerləşən 6 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından həmin mənzil üzrə tədqiqat aparılmadı.

32. Göründüyü kimi, işdə ipoteka predmeti olan mənzillərlə bağlı üç qiymətləndirmə rəyi və bir ekspert rəyi mövcuddur. Birinci və ikinci qiymətləndirmə rəylərində Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin real bazar qiyməti 190000 və 182 000 manat, üçüncü rəydə bazar dəyəri 180300 manat, likvid dəyəri isə 171 000 manat müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin real bazar qiyməti 120000 və 117000 manat, üçüncü rəydə bazar dəyəri 119000, likvid dəyəri isə 113000 manat müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizası isə birinci mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmadığından bazar və likvid dəyərini müəyyən edə bilməmiş, 2-ci mənzilin isə bazar dəyəri 137700 manat (2550.0 x54,0) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərini isə təqribən (137700-10%) 124000,0 manat müəyyən etmişdir. Göründüyü kimi, ipoteka müqaviləsində birinci ipoteka predmetinin dəyərinin 105000(yüz beş min) manat, ikincinin dəyərinin isə 94500(doxsan dörd min beş yüz) manat müəyyənləşdirilsə də birinci instansiya məhkəməsi tərəfindən qiymətləndiricinin iki rəyi alınmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən bir rəy alınmış, digər qurumdan isə yuxarıda qeyd olunan səbəblərə görə rəyin alınması mümkün olmamışdır. Qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiyməti kimi birinci mənzilin bazar dəyəri 182000 manat olan məbləğ göstərilmişdir. Apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilmiş və "xxxx" MMC-nin rəyi ilə mənzilin likvid dəyəri isə 171000(yüz yetmiş bir min) manat müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka qoyan Cavabdeh2 ipoteka predmetinin dəyərinin yüksək olduğunu bəyan etsə də bu dəlil apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə nəticəsində də təsdiq olunmadı, eləcə də ipoteka qoyan tərəfindən məhkəmə tikinti ekspertizasının keçirilməsinə şərait yaradılmamışdır. Əksinə ipoteka predmetinin likvid dəyəri ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğu öz təsdiqini tapdı. İkinci mənzilin isə qiymətləndiricinin rəyi ilə likvid qiyməti 113000 manat, ekspertiza rəyi ilə isə 124000 manat müəyyən edilmişdir. Düzdür, ikinci mənzilin dəyərinin qətnamədə yüksək göstərildiyini yalnız iddiaçı mübahisələndirir, yəni ipoteka qoyan Cavabdeh3 ilkin satış qiymətinin daha yüksək olmasını mübahisələndirməmişdir. Demək ki, ekspertiza rəyi ilə ikinci mənzilin likvid dəyərinin 124000 manat müəyyən edildiyindən həmin mənzilin qətnamədə göstərilən ilkin satış qiyməti azaldıla bilməz. 33.Beləliklə, Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin likvid dəyəri 171 000 manat, Bakı şəhəri, Yasamal rayonu, B. Bağırov küçəsi.ev 11 ünvanında yerləşən 47 saylı mənzilin likvid dəyəri isə 117000 manat qətnamədə ilkin satış qiyməti kimi göstərilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan mənzillərin yerləşdiyi ərazi, mənzil bazarında qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Cavabdeh2 özü də mənzilin likvid dəyərinin daha yüksək olmasına, iddiaçı isə digər mənzilin ilkin satış qiymətinin daha aşağı olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilərdi, ancaq etməmişlər.

34. Qətnamənin nəticə hissəsində «ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulmalıdır» göstərilməsi o demək deyil ki, həmin məbləğ Cavabdeh2 yaxud dgər ipoteka qoyandan da tutulmalıdır. Belə ki, “cavabdehdən tutulmalıdır” müddəası yalnız borcalan Rauf Rəhmzadəyə aid edilir. Digər cavabdehlər ipoteka qoyan olduğundan qeyd olunan göstərişin onlara aidiyyəti yoxdur.

35. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh X3 apellyasiya şikayəti isə təmin edilməməli; Mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-35/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilməli; İpoteka predmeti olan ünvan 1 ünvanında olan 6 saylı mənzilin ilkin satış qiyməti 171.000 (yüz yetmiş bir min) manat müəyyən edilməli; Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı; Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 400 (dörd yüz) manat iddiaçıdan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. 36.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin, cavabdeh X3 apellyasiya şikayəti isə təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-35/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Bakı şəhəri,Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi.ev 324 ünvanında olan 6 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında olan 6 saylı mənzilin ilkin satış qiyməti 171.000 (yüz yetmiş bir min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 400 (dörd yüz) manat iddiaçıdan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar