Məhkəmə qərarları › İş №2(103)-26/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-26/2025

25.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-26/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1Tofiq oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər:yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Cavabdehin (apelyatorun) nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 İddiaçı ögey qardaşlarıdır. Cavabdeh2 Cavabdeh1 həyat yoldaşı, Cavabdeh3 isə onun qızıdır.

2. Mabahisə predmeti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsində yerləşən və ümumi sahəsi 139,8 kvm olan 42 saylı fərdi yaşayış evidir. Həmin ev iddiaçı Elmira Heydəovanın və cavabdehlərdən İlham, Cavabdeh4ların ataları olan X3 mülkiyyətində olmuşdur. Tofiq Heydərov xx.xx.2006-cı ildə Bakı şəhərində vəfat etmişdir.

3. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlak üzərində tək vərəsə kimi İddiaçı hüquqları tanınmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Hazırkı iş üzrə iddia qaldırılan vaxt İddiaçı mübahisəli evin mülkiyyətçisi olmuşdur.

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hazırda Rusiya Federasiyasının vətəndaşları olmuş olsalar da, mübahisəli evdə pasport qeydiyyatında qalmaqda davam edirlər.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20 ilə, Cavabdeh4 isə 15 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayırlar. Hazırda da onlar öz ailələri ilə birlikdə Rusiya Federasiyasında işləyib orada yaşayırlar. Bu səbəbdən uzun illərdir ölkəyə gəlibgetmirlər. Cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin sözügedən fərdi yaşayış evində heç bir əşyaları yoxdur, istifadə hüquqları formal xarakter daşıyır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2126/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia təmin olunmuşdur.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər əvvəllər mübahisəli mənzildə yaşamış və son 15-20 ilə yaxın müddət ərizində mübahisəli mənzildə yaşamamış, həmçinin iddiaçının vermiş olduğu izahatına əsasən onların Rusiya Federasiyasının vətəndaşları olmaları və Rusiya Federasiyasında yaşamaları bildirilmişdir. Cavabdehlərin mübahisəli mənzildən təxminən 15 ildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onların həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, 262.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ata evidir. Doğulduğu gündən bu evdə yaşamaqla qeydiyyatdadır. İddiaçı özü də bu evdə qeydiyyatda olmuş, sonradan ailə quraraq atasının ona bağışladığı evə köçərək qeydiyyatdan çıxmışdır. Anaları 2003-cü ildə, ataları isə xx.xx.2006-cı ildə ağır xəstəlikdən vəfat etmişdir. Atasının vəfatından sonra isə ondan miras qalmış evi faktiki qəbul edərək ona sahib çıxmaqla idarə ediblər. Valideynlərinin sağlığında, eləcə də ağır xəstə olduqları dövrdə daima qulluqlarında durmuş, bütün müalicələri, baxımları, vəfat etdikdən sonra isə dəfn mərasimləri o və qardaşı tərəfindən qarşılanmışdır. Evin bütün təsərrüfat işləri, idarə olunması, saxlanması, yaxşılaşdırılması, təmiri, evin kommunal ödənişləri də onlar tərəfindən həyata keçirilib. Sonradan təxminən 2016-cı ildə işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəlməyə başlayıb. Həyət, ev nəzarətsiz qalmasın deyə qonşuları X5 ailəsi ilə birgə evdə kirayənişin kimi yaşamağa başlamış və bu günəcən də həmin evdə yaşayırlar. Atasınıın vəfatından sonra evdə o və qardaşı tərəfindən öz vəsaitləri hesabına əsaslı təmir işləri aparılmış, evin 2-ci mərtəbəsində də sanitar qovşağı, mətbəx tikdirilmiş, evin hasarları yenilənmiş, həyətdə yaşayış üçün bütün zəruri abadlıq işləri görülmüşdür. Hətta indiyədək də evdə yaşayan X5 tərəfindən bilavasitə onun və qardaşının göstərişləri, göndərdikləri vəsait hesabına evdə, həyətdə daima yaxşılaşdırmalar aparılır. Eyni zamanda bildirir ki, işi ilə əlaqəli, sonradan isə pandemiya səbəbi ilə son illər Azərbaycan Respublikasına, evlərinə tez-tez gələ bilməsə də pandemiyadan əvvəl dəfələrlə evlərinə gəlmiş və öz ata evində yaşamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

Apellyasiya baxışının hədləri 17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə Cavabdeh4 apellyasiya şikayəti vermiş olsa da, məhkəmə kollegiyası qətnamənin tam həcmdə mübahisələndirildiyini,mübahisə predmetinin vərəsəlik qaydasında keçmiş əmlak olduğunu və mübahisənin əslində vərəsəlik hüquq münasibətlərindən doğan mübahisə olduğunu, Eldar və Cavabdeh1ların da vərəsə olduqlarını, digər cavabdehlərin isə onların ailə üzvləri olduqlarını nəzərə alaraq qətnamənin əsaslılığını bütövlükdə yoxladı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 19.Məhkəmə koellegiyası aşağıdakılara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. 20.Yuxarıda qeyd olunduğu kimi, mübahisə predmeti olan ev mərhum Tofiq Heydərovdan miras qalmış və iddiaçı həmin evi vərəsəlik qaydasında əldə edərək mülkiyyətçi olmuşdur. Cavabdehlər Eldar və Cavabdeh1lar miras qoyan Tofiq Heydərovun mübahisəli evdə qeydiyyatda olan digər vərəsələridir. 21.İddiaçının tələbi cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab olunması barədədir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.5, 262.2-ci maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. 22.Apellyasiya baxışı zamanı hazırkı iş üzrə iddiaçı olan İddiaçı mülkiyyət hüququ, onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış başqa bir işdə digər vərəsələr (İlham və Cavabdeh4lar) tərəfindən məhkəmə qaydasında mübahisələndirildiyindən məhkəmə kollegiyası hazırkı işin icraatını dayandırmış və həmin iş üzrə yekun qərarın qanuni qüvvəyə minməsini gözləmişdir. 23.Həmin iş üzrə yekun qərar qanuni qüvvəyə mindikdən sonra hazırkı işin icraatı təzələnmiş və müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İlham və Cavabdeh4ların iddiası təmin olunaraq mübahisəli evə və onun yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmış, həmin əmlaka dair onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, mübahisəli əmlakda İlham və Cavabdeh4ların hər birinin ½ hissədə bərabər miras payları müəyyən edilmiş, qarşılıqlı iddia və üçüncü şəxslərin iddiaları təmin edilməmişdir. 24.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iş üzrə bütün iddialar qismən təmin olunmuş, İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmış, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuş, miras ev və onun yerləşdiyi torpaq sahəsi üzərində bütün vərəsələrin – İlham, Eldar, Elmira, İradə və Azər Heydərovların hər birinin 1/5 hissədə payı müəyyən edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 26.Göründüyü kimi, adı çəkilən məhkəmə qərarları ilə mübahisəli ev üzərində İddiaçı ilə yanaşı onun hazırkı işdə cavabdeh kimi qoyduğu İlham və Cavabdeh4ların da mülkiyyət hüquqları yaranmışdır. Bu isə o deməkdir ki, iddiaçının hazırkı iş üzrə tələbi mübahisəli ev üzərində onunla bərabər mülkiyyət hüquqları olan İlham və Cavabdeh4ların və onların ailə üzvlərinin istifadə hüquqlarının itirilmiş hesab edilməsinə yönəlmişdir. 27.Məhkəmə kollegiyasının qənaətinə görə artıq iddiaçı mübahisəli ev üzərində onunla bərabər mülkiyyət hüququ olan digər paylı mülkiyyətçilərə qarşı istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. O, bu hüququnu yuxarıda adı çəkilən məhkəmə qərarına əsasən itirmişdir. 28.Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fıziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 30.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 31.Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. 32.Məhkəmə kollegiyası hesab edir ki, hazırda tərəflər arasında münasibətlər yeni müstəviyə - paylı mülkiyyətçilər arasında münasibətlər səviyyəsinə keçdiyindən onlar arasında yaranan mübahisələr də artıq Mülki Məcəllənin 228.5-ci maddəsi ilə yox, 220-ci maddəsi ilə müəyyən edilmiş qaydada həll oluna bilər. 33.Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri). 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh4 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar