Məhkəmə qərarları › İş №2(103)-2600/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2600/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2600/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 28 yanvar 2022ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayonu, M.Cəlal küçəsindəki 11 nömrəli evin 42 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mübahisəli ünvan 1 ünvanından istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2875/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Apellyasiya şikayətinin qaytarılmasına səbəb qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi olmuşdur. Həmin qərardaddan Cavabdeh şikayət vermiş və şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2875/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10700/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2875/2021 saylı, 30.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh elektron qaydada apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 28 yanvar 2022ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.2, 133.5, 133.6, 135.5, 135.6, 360, 363.1.3, 363.4-cü maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(001)-2875/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin nöqsanlı olduğu Bakı Apellyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(103)- 10700/2021 saylı qərardadı ilə yekun olaraq müəyyən olunmuşdur. Həmin qərardad Cavabdeh elektron kabinetinə 11.11.2021-ci il tarixdə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmişdir. Yəni, Cavabdeh təqdim etdiyi apellyasiya şikayətinin artıq məhkəmə icraatında olmadığı ona 11.11.2021-ci il tarixdən yəqin olmalı idi. Buna baxmayaraq Cavabdeh növbəti dəfə apellyasiya şikayətini 14.01.2022-ci il tarixdə təqdim etmiş və bu gecikmənin üzrlü səbəbini Bakı Apellyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(103)-10700/2021 saylı qərardadının onun ünvanına poçt vasitəsilə daxil olmaması ilə əsaslandırmışdır. Həmçinin o, bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsi tərəfindən 13 yanvar 2022-ci il tarixli cavab məktubundan sonra Bakı Apellyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(103)- 10700/2021 saylı qərardadını əldə etmişdir. Prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Prosessual qanunvericilik apellyasiya şikayətinin verilməsi müddətinin başlanğıcını qətnamənin rəsmi qaydada verildiyi vaxtdan müəyyən edir və şikayətin nöqsanlı tərtib edilməsi məsuliyyətini isə tərəflərin üzərinə qoyur. Buna baxmayaraq prosessual qanunvericilik üzrlü ötürülən müddətin bərpası imkanını da müəyyən etmişdir. Lakin qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarından göründüyü kimi Cavabdeh apellyasiya şikayətinin nöqsanlı tərtib edildiyini bildiyi və ya bilməli olduğu vaxtdan 2 aydan sonra yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Halbuki nöqsanların aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti vermək imkanı istənilən müddətdə deyil, qətnamənin rəsmi qaydada təqdim edildiyi vaxtdan ağlabatan müddətdə verildikdə üzrlü hesab edilə bilər. Ağlabatan müddət dedikdə misal üçün, işin hallarından asılı olaraq qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş müddət və ya mülki iş materiallarının apellyasiya məhkəməsindən birinci instansiya məhkəməsinə qaytarılanadək olan müddət və ya qaytarıldıqdan dərhal sonra nəzərdə tutula bilər. Lakin Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadını poçt vasitəsilə almaması, müddətin ötürülməsi üçün üzrlü səbəb hesab ola bilməz. Çünki məhkəmə sənədinin işdə iştirak edən şəxsin elektron kabinetinə yerləşdirilməsi, həmin sənədin ona rəsmi qaydada təqdim edilməsi hesab olunur. Cavabdeh şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2875/2021 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin təmin edilərək işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, qətnamənin surəti cavabdehə 14.06.2021-ci il tarixində rəsmi qaydada təqdim edilmiş və həmin qətnamədən vaxtında apellyasiya şikayəti verilmişdir. Lakin birinci instansiya məhkəməsi dövlət rüsumunun əlavə olunmadığını əsas gətirməklə apellyasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan təkrar dövlət rüsumu əlavə olunmaqla apellyasiya şikayəti verilmişdir. Qyed edir ki, onun tərəfindən apellyasiya şikayəti vaxtında verilmiş və sonradan dövlət rüsumu barədə qəbz də işə əlavə olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işi istənilən halda iş materiallarını baxılması üçün apellyasiya instansiyasına göndərməli idi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olaraq, işi özündə saxlayaraq, nə apellyasiyaya göndərmiş nədə ona geri qaytarmamışdır. O, rəsmi müraciət etdikdən sonra apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında 10 yanvar 2022-ci il tarixində məhkəmə qəbzinə imza etməklə rəsmi verilmişdir. Bundan sonra o, elektron müraciət qaydalarına da riayət etməklə apellyasiya şikayəti ilə müraciət etmişdir. Hesab edir ki, buraxılmış müddət bərpa edilməklə iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyasına göndərilməlidir. Apellyasiya instansiyası öz qərardadında da, qeyd etdiyi kimi onun nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar apellyasiya şikayəti vermək hüququna malikdir. Hesab edir ki, tərəfindən apellyasiya şikayəti vaxtında verilsə də, Mülki-Prosessual Məcəlləin 363.1.2-ci maddəsinin tələbləri pozulduğundan geri qaytarılmış və verilmiş şikayətlərlə bağlı iş apellyasiya instansiyasına göndərilmiş və nöqsanlar aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə müraciət olunmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olaraq, onun müddətin bərpasına dair ərizəsini təmin etməmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 09 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək şikayətə yazılı icraat qaydasında baxılmasına etiraz etdiyini, məhkəmə iclasında iştirakının təmin edilməsini bildirmişdir. İşdə iştirak edən digər şəxs sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayəti məhkəmə iclasında baxılması üçün hər hansı bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, iş materiallarının 176-cı vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 11 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10700/2021 saylı qərardadı elektron imza ilə təsdiq edilməklə Səfərov Rəhim Niyaz oğluna məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Bu tarixdən sonra, yenə də Cavabdeh nöqsanları aradan qaldırdıqdan sonra ağlabatan müddətdə, yəni ən azından 11 dekabr 2021-ci il tarixədək apellyasiya şikayəti verə və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Lakin Cavabdeh yenə də qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 14 yanvar 2021-ci il tarixdə apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni elektron kabinetdə yerləşdirmişdir. Məhkəmə aktının elektron kabinetdə yerləşdirilməsi məsələsinə MPM-də aydınlıq gətirilmişdir. Belə ki, MPM-in 135.6-cı maddəsinə əsasən.. məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Demək, Cavabdeh elektron kabinetdə həmin məhkəmə aktını gec görməsi yaxud oxuması məhkəmə sənədini həmin vaxtdan alması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Səfərov Rəhim Niyaz oğlu hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də əsas omadığından şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar