Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2601/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X5, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(002)-3219/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, müəyyən etdi: İşin halları: Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı qeyd edir ki, torpaq sahəsinə dair alğı-satqısına müqaviləsi bağlanmamışdan öncə torpaq sahəsi üzərində yarımtikililər mövcud olmuşdur və torpaq sahəsini aldıqdan sonra cavabdehlər onun razılığı olmadan yarım-tikililərin tikintisini başa çatdırmaqla torpaq sahəsi qanunsuz və əsassız olaraq zəbt edilərək üzərində tikililər inşa edilmiş, mülkiyyət hüququ tam olaraq ona məxsus olan torpaq sahəsi boşaldılaraq təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin zəbt edilməklə üzərində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək (həmin sahə boşaldılaraq) qeyd edilən torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə aralarında «Torpaq sahəsinin alğı-satqısına dair müqavilə» bağlanmış və qeyd edilən torpaq sahəsi üzərində onun hüquqları qeydiyyata alınmışdır. Belə ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmış və bununla bağlı olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış verilmişdir. Aralarında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmamışdan öncə qeyd edilən torpaq sahəsi üzərində yarımtikililər mövcud olmuşdur. Torpaq sahəsini aldıqdan sonra cavabdehlər onun razılığı olmadan yarım-tikililərin tikintisini başa çatdırmışlar. Qeyd edilən bu hallar ona məlum olduqdan sonra torpaq sahəsinə gedərək qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdehlər tərəfindən hər dəfə müxtəlif təkliflər, o cümlədən torpaq sahəsinin haqqının ona ödənilməsi ilə bağlı yalan vədlər verilmişdir. Lakin bu günədək cavabdehlər tərəfindən torpaq sahəsinin haqqı ona ödənilməmiş, həmçinin qanunsuz və əsassız olaraq zəbt edilərək üzərində tikililər inşa edilmiş, mülkiyyət hüququ tam olaraq ona məxsus olan torpaq sahəsi boşaldılaraq təhvil verilməmişdir. Bununla da, onun Konstitusiyada, Mülki Məcəllədə və «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan qanunsuz olaraq ona məxsus torpaq sahəsi üzərində tikililər inşa edilmiş, o cümlədən, onun iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etmələri, onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüquqlarını kobud şəkildə pozur, bu səbəbdən də, cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidir. Hesab edir ki, zəbt edilmiş torpaq sahəsindən qanunsuz istifadə zamanı cavabdehlər tərəfindən çəkilmiş olan xərclərin əvəzi ödənilmədən, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililər cavabdehlərin özləri tərəfindən sökülməli və torpaq sahəsi ona qaytarılmalıdır. Qeyd edir ki, cavabdehlər tərəfindən istifadə edilən və onun mülkiyyətinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa olunan tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilə bilər. Ona görə də, cavabdehlər tərəfindən inşa edilmiş tikililər onların hesabına sökülməli və torpaq sahəsi ona təhvil verilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(002) 3219/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülərək həmin sahənin boşaldılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, mübahisə edilən torpaq sahəsi iddiaçı tərəfindən öncəki mülkiyyətçiyə dəyəri ödənilməklə notarial qaydada bağlanmış alğı-satqısına əsasən əldə olunmuşdur, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və iddiaçının Dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulması, buna yönələn hərəkət və ya hərəkətsizlik yolverilməzdir. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin boşaldılmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər torpaq sahəsi üzərində heç bir hüquqları olmadığı halda torpaq sahəsindən çıxmırlar və iddiaçının Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu davamlı şəkildə pozurlar. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasında 13, 29, 33.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1; «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Əsasları eyni olan apellyasiya şikayətlərində göstərilmişdir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə cavabdehin tikilisinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Bununla da hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur. Bundan başqa iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin ümumi sahəsi 0,0218 ha yəni, təxminən 2 sot təşkil edir. Məhkəmənin qənaətinə görə, iddiaçının 2 sot torpaq sahəsində cavabdehlərə məxsus 3 ədəd yarımtikili tikilmişdir ki, bu da faktiki olaraq mümkün deyildir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmalı, iş üzrə tikinti-texniki eskpertizası keçirməli və iddiaçının torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşüb-düşməməsini müəyyən etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan 2 sot torpaq sahəsi üzərində 3 ədəd müxtəlif yarımtikililərin inşa edilməsinə dair qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında həmin torpaq sahələrini Ülvi adlı maklerdən aldıqlarını bildirmişlər ki, belə olan halda da həmin məlumatlar araşdırılmalı, 10-cu Polis Bölməsində şikayət əsasında açılmış materiallar tələb olunmalı, işin hansı mərhələdə qaldığı araşdırılmalı idi ki, bütün bunlar işə baxan məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla da, məhkəmənin hazırki iş üzrə mövqeyi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş apellyasiya şikayəti verilmiş cavabdehlər apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş digər Cavabdeh3 apellyasiya şikayətlərinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən, bu barədə məhkəməyə hər hansı məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri Cavabdeh1 və Cavabdeh2 aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Digər Cavabdeh3 apellyasiya şikayəti vermədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə yoxlanılmır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, yerli müayinə keçirərək, rəy vermiş eksperti dindirərək hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə və kollegiya tərəfindən verilmiş sorğulara cavab olaraq daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0,3 ha sahəsini xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin zəbt edilməklə üzərində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək (həmin sahə boşaldılaraq) qeyd edilən torpaq sahəsinin ona təhvil verilməsi barədə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan qanunsuz olaraq ona məxsus torpaq sahəsi üzərində tikililər inşa edilmiş, o cümlədən, onun iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etmələri, onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmışlar. Cavabdehlər isə apellyasiya şikayətində iddiaçının belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə cavabdehin tikilisinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməməsi ilə hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ olmamasını, eləcə də, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşməməsini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verərək göstərmişlər ki, iddiaçıya məxsus torpaq sahəsinin ümumi sahəsi təxminən 2 sot təşkil edir ki, bu sahədə 3 tikilinin inşa edilməsi faktiki mümkün deyildir. Belə olan halda apellyasiya baxışı zamanı cavabdehlərin dəlillərinə qiymət verilməsi üçün verilən vəsatət əsasında iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus tikililərin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/3389 nömrəli, 12 iyul 2023-cü il tarixli rəyinin tədqiqat və nəticə hissəsindən görünür ki: baxış zamanı aparılmış ölçü işləri nəticəsində, tədqiq olunan torpaq sahəsinin eninin 8.6 metr, uzunluğunun isə 25.3 metr olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsində iki ədəd iki mərtəbəli, bir ədəd üçmərtəbəli yaşayış evinin yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı, ikimərtəbəli evlərdən birinin Cavabdeh2 istifadəsində olduğu, o biri ikimərtəbəli evin Cavabdeh3 istifadəsində olduğu, üçmərtəbəli evin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir. Rəydə daha sonra göstərilir ki, Cavabdeh2 istifadəsində olan ev ikimərtəbəli olmaqla, mişar daşından inşa edilmişdir. Həmin evin uzunluğunun 8.6 metr, eninin isə 6.2 metr olduğu müşahidə edilmişdir. Cavabdeh3 istifadəsində olan evin ikimərtəbəli olmaqla, mişar daşından inşa edildiyi, uzunluğunun və eninin 7.0 metr olduğu müşahidə edilmişdir. Cavabdeh1 istifadəsində olan evin üçmərtəbəli olmaqla, mişar daşından inşa edildiyi uzunluğunun və eninin 11.2 metr olduğu müşahidə edilmişdir. Göstərilənləri, o cümlədən tədqiq olunan torpaq sahəsinin planlı yerləşməsini, texniki parametrlərini, eləcə də mübahisəli tikililərin faktiki vəziyyətini nəzərə alaraq, Cavabdeh3 və Cavabdeh2 istifadəsində olan iki ədəd ikimərtəbəli yaşayış evlərinin tam hissələrinin, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m (5.7 x 7.0 + 5.3 x 10.2) hissəsinin tədqiq olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 1ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0.0218 ha olan torpaq sahəsinin planlı yerləşməsini, texniki parametrlərini, eləcə də mübahisəli tikililərin faktiki vəziyyətini nəzərə alaraq, Cavabdeh3 və Cavabdeh2 istifadəsində olan iki ədəd ikimərtəbəli yaşayış evlərinin tam hissələrinin, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsinin İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə kollegiyası təqdim edilmiş ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, hazırki rəydə ekspert tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərə aid tikililər (Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsi) məhz iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin məcburi olmamaqla rəyə digər sübutlar yanaşı hüquqi qiymət verilməsinə dair prosesual normalarının tələbləri baxımından hesab edir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan onunla razılaşmamaq üçün əsas olmamışdır. Belə ki, cavabdehlər (apellyatorlar) apellyasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşməməsini bildirsələr də buna dair mötəbər sübutlar təqdim edə bilməmişlər. Həmçinin, apellyatorlar tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar təqdim edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərni kollegiya ehtimal xarakterli mülahizə kimi qiymətləndirir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş X4, eləcə də, iş üzrə rəy vermiş ekspertin izahatlarına və yerində müayinənin nəticələrinə əsaslanmışdır. Belə ki, Bənövşə Səfiyeva izahatında göstərmişdir ki, o, özünə məxsus 6 sot torpaq sahəsindən bir hissəsini makler Ülvi vasitəsilə Dilarəyə satmış, amma onu şəxsən tanımır. Belə ki, notariat kontorunda o deyil, Dilarənin oğlu Teyyar iştirak etmiş, torpağın satış pulu da ona tam verilməmişdir. O torpağı satarkən satdığı yerdə 1 yarım tikili olmuşdur. Sonrakı dövrlərdə onun Dilarəyə satdığı torpaqda Ülvi tərəfindən 3 ev inşa edilərək cavabdehlərə satılmışdır. B.Səfiyeva əlavə olaraq bildirmişdir ki, satdığı torpaq sahəsi ilə bağlı Dilarənin oğlu ilə Notariat Kontorunda rəsmiləşdirmə aparsa da, o faktiki olaraq torpağı makler Ülviyə satdığını zənn etmişdir. Ona görə də satdığı torpaqda Ülvinin evlər tikməsi onu təəcübləndirməmişdir. Məhkəmə kollegiyası tərəfindən ekspertin və tərəflərin iştirakı ilə yerli müayinə keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsi planlı yerləşməsinə, texniki parametrlərinə düzgün gəlir. Həmin torpaq sahəsi üzərində 3 bina tikili mövcuddur. Cavabdeh2 və Cavabdeh3 evləri ikimərtəbəli, Cavabdeh1 isə evi üçmərtəbəlidir. Sədrlik edənin sualına cavab olaraq ekspert bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh3 evləri tam olaraq Mahmudova Dilarənin torpaq sahəsinə düşür, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsi Mahmudova Dilarənin torpaq sahəsinin üzərinə düşür. Cavabdeh1 istifadəsində olan evin yan tərəfinə baxan hər mərtəbənin eyvanı, yəni 3 ədəd eyvan iddiaçının mülkiyyətində olan sahənin hüdudlarından kənarda yerləşir. Sədrlik edənin sualına cavab olaraq ekspert bildirmişdir ki, 2021-ci ildə Mahmudova Dilarə tərəfindən torpaq sahəsi alınarkən yarımtikililər olubolmadığını yalnız peyk görüntülərindən müəyyən etmək mümkündür. İddiaçı Dilarə Mahmudova Bənövşə Səfiyevanın izahatından fərqli oaraq torpağı alarkən orada 1 deyil, 3 yarım tikili olmasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən ziddiyət ekspert tərəfindən kollegiya təqdim etdiyi 2021, 2022 və 2023-cü illərdə çəkilmiş foto şəkillərinin məzmunu ilə aradan qaldırılmışdır. Belə ki, ekspertin də göstərdiyi kimi, 2021-ci iln iyun ayında mübahisəli sahədə 3 yarıtikilinin, 2022-ci ilin aprel ayında həmin 3 tikilinin 2-nin dam örtüyünün olması, Cavabdeh1 tərəfindən tikilmiş evin isə 2023-cü ildə artıq dam örtüyünün olması müşahidə olunur. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilimiş bu hallar iddiaçı Dilarə Mahmudovanın izahatında göstərdiklərinin doğru olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehlər (apellyatorlar) iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikililər inşa etmələri ilə iddiaçının qanunla iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilməməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 istifadəsində olan 2 mərtəbəli ev İddiaçı mülkiyyətində olan 0.218 ha torpaq sahəsinin hüdudları daxilində yerləşsə də, Cavabdeh1 istifadəsində olan üçmərtəbəli yaşayış evinin isə 94 kv.m hissəsindən əlavə olan hissəsi (3 ədəd eyvan) iddiaçının mülkiyyətində olan sahənin hüdudlarından kənarda olmasına baxmayaraq bu həmin evin sökülməməsi üçün əsas kimi sayıla bilməz. Belə ki, kollegiyanın qənaətinə görə 94 kv.m hissədən əlavə olan hissə evin eyvan ərazilərinə düşür və düşməyən sahəyə görə iddiaçının mülkiyyətinə düşən sahənin sökulməsinə dair iddiasının təmin edilməməsi mümkün deyildir. Qeyd edilən tikilinin 94 kv.m hissədən əlavə olan hissəsinə tənasübsüz zərər vurmadan sökülməsinin qeyrimümkünlüyünü həm yerli müayinə zamanı edilən müşahidə ilə müəyyən edilmiş, həm də bu halı rəyi vermiş ekspert də təsdiq etmişdir. Bundan da əlavə, müəyyən edilmişdir ki, mübahisə edilən torpaq sahəsində inşa edilən tikililər cavabdehlər (apellyatorlar) tərəfindən buna hüququ olmayan şəxslə öz aralarında gəlinmiş razılığı əsasən dəyəri ödənilməklə, yəni, notarial qaydada bağlanmamış alğı-satqısına əsasən əldə olunmuş, onların inşa etdikləri torpaq sahəsi üzərində tikililər mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşin bu halı həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunun məzmunu ilə də təsdiq olunur. Həmin məktubda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv ərazisində adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsində özbaşına olaraq tikililər inşa etməklə, iddiaçının Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu pozumuşlar ki, buna yönələn hərəkət və ya hərəkətsizlik yolverilməz olmasına da birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi cavabdehlərin (apellyatorların)–iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması və iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşməməsi barədə dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə həmçinin qeyd edir ki, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülərək həmin sahənin boşaldılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apelyatorların özlərinə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı Cavabdeh1, 50 (əlli) manatı isə digər Cavabdeh2 tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(002)- 3219/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorların özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı Cavabdeh1, 50 (əlli) manatı isə digər Cavabdeh2 tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə