Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2604/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil Əflatun oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-306/2023 saylı 12 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kollektiv bağ-bostançılıq təsərrüfatının təşkili üçün Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X6 ilə birgə 1990-cı il tarixli 23 saylı protokoluna əsasən X2 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi müvafiq məbləğ müqabilində xx.xx.2012-ci il tarixli, AR-İ seriyalı, 198735 nömrəli etibarnamə əsasında İddiaçı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə torpağın alqı-satqısı üçün ödədiyi 3200 manat miqdarında pulun, tikinti materialları və fərdi yaşayış evinin müəyyən hissəsinin tikintisi üçün xərclənmiş 27000 ( iyirmi yeddi min ) manat pulun, mənəvi zərər görə 5000 ( beş min) manat miqdarında pul kompensasiyasının və ödənilmiş 197 ( yüz doxsan yeddi ) dövlət rüsumunun tam şəkildə alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi yaşayış evi tikmək üçün torpaq almaq məqsədilə Cavabdeh ilə tanış olmuş və cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsinin şimal-şərq hissəsində torpaq sahəsi olduğunu ona bildirilmişdir. Cavabdehlə birlikdə torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin 400 kv.m hissəsini almaq istədiyini bildirmişdir. Cavabdehdən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olub-olmadığını soruşduqda ona Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X4 23 saylı, xx.xx.1990-cı il tarixli protokolunu göstərmiş və bildirmişdir ki, almaq istədiyi torpaq sahəsi X2 ayrılmışdır və həmin şəxs etibarnamə verəcək, həmin etibarnamə əsasında torpaq sahəsində tikinti işləri apara biləcək, heç kim, heç bir orqan ona heç nə edə bilməyəcək. Cavabdehin bu vədinə inanıb qeyd edilən torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 3200 manat müqabilində etibarnamə əsasında almış və bu barədə cavabdeh tərəfindən şahidlərin iştirakı ilə iltizama imza edilmişdir. Torpaq sahəsini aldıqdan sonra 20000 manat pul sərf edərək tikinti materialları almışdır. Lakin torpaq sahəsini aldıqdan sonra yaşayış evi tikməyə bir neçə dəfə cəhd etsə də yerli icra hakimiyyəti orqanları buna imkan verməmiş və bildirmişlər ki, qeyd edilən sənəd əsasında həmin torpaq sahəsində inşa işləri aparıla bilməz. Bunu cavabdehə bildirdikdə cavabdeh ona demişdir ki, bir az səbrli ol, bu kateqoriya torpaq sahələrinə sənədlərin verilməsi dövlət səviyyəsində müzakirə olunur, yaxın vaxtlarda torpağa dair çıxarışlar veriləcək. Beləliklə onu ümidli edərək gözləməyi xahiş etdi. Artıq cavabdehin vədinin sadəcə sözdən ibarət olduğunu gördükdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmək məcburiyyətində qaldı. Müraciəti baxılması üçün AR Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə göndərildi və xx.xx.2016-cı il tarixli 02/09-11-7/Q-57-009 saylı cavabla ona bildirildi ki, onun və ailə üzvlərinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlər mövcud olmadığından qeyd olunan torpaq sahəsində tərəfindən hər hansı bir tikinti işlərinin aparılması yolverilməzdir. Eyni zamanda ondan pul tələb edilməsi faktı daxili nəzarət komissiyasının apardığı araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bildirir ki, cavabdehin illərdir verdiyi vədlər səbəbindən xeyli miqdarda zərər çəkmişdir. Zərər ondan ibarətdir ki, illər öncə mənzil tikintisi üçün alıb torpaq sahəsinə tökdüyü tikinti materialları yağışın, günəşin, qarın təsiri səbəbindən keyfiyyəsiz vəziyyətə düşüb. Əgər cavabdeh qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi üçün rəsmi icazənin lazım olduğunu ona bildirsəydi, ümumiyyətlə nə qeyd edilən torpaq sahəsini alardı, nə də ki tikinti materiallarına bu qədər pul xərcləyərdi. Bu azmış kimi, icra hakimiyyətindən ona bildirilmişdir ki, ən yaxşı halda qeyd edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə X2 verilə bilər. Yəni o, etibarnamə əsasında hər hansı addım atsa, torpağın sənədləri X1 olacaq. Bütün qeyd edilənləri nəzərə alaraq, dəfələrələ cavabdehə bu problemin aradan qaldırılmasına köməklik göstərməyi xahiş etmişdir. Hətta dəfələrlə xahiş etmişdir ki, X1 tapılmasında ona köməklik göstərsin, cavabdeh köməklik göstərmək əvəzinə onu minnətli çıxararaq, üstünə qışqırmış və demişdir ki, “mən torpağı sənə satmışam, hara gedirsən get. Kimə şikayət edirsən et. Ağlın olardı almazdın”. Təbii ki, cavabdehin illərdir onu get-gələ salması, yalan vədlər verməsi onun hər dəfə stress və əsəb gərginliyi keçirməsinə səbəb olub. Çünki cavabdeh onun bu torpaqla bağlı heç bir hüququnun olmadığını bildirsəydi, günü-günə satmasaydı, o bu qədər məsrəflər çəkərək pulunu itirməzdii, başqa yerdə torpaq alıb, evini tikərdi. İndiyədək cavabdeh pulun bir manatını da qaytarmayıb. Belə ki, cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur, o üzərinə götürdüyü öhdəlikləri yermə yetirmək fikri olsa idi, ən azından bu qədər müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, pul ona ödənilməlidir. Cavabdeh təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda onda mənfi psixolojiya yaranmışdır. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bir kateqoriya deyil. Bu barədə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasmın Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2022-ci il tarixli Qərarında da mənəvi zərərin şəxsə məxsus maddi və ya qeyri-maddi nemətlərə aid hüquqların pozulması nəticəsində vurulduğu qeyd edilib.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-306/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh 3200 manat pul və 197 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olduğu üçün pulu İddiaçı alıb X2 verdiyini bildirsə də bunu sübut edə bilməmişdir. Bundan başqa, yuxarıda qeyd olunan xx.xx.2012-ci il tarixli qəbzin də məzmunundan görünür ki, torpaq sahəsini məhz Cavabdeh satmış və pul da ona verilmişdir. Cavabdeh həmin qəbzi mübahisələndirməmişdir. Ona görə də 3200 manat pulun cavabdehdən tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına pul əldə edərək əsassız varlanmışdır. Məhkəmə iddianın 27000 ( iyirmi yeddi min) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin tələb olunması hissəsinə qiymət verərkən hesab etmişdir ki, həmin hissədə təmin oluna bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1 və 1092.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-306/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi tikmək üçün torpaq almaq məqsədilə, o, Cavabdeh ilə tanış olmuş və cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsinin şimal-şərq hissəsində torpaq sahəsi olduğunu ona bildirilmişdir. İddiaçı tərəfindən cavabdehdən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olubolmadığını soruşduqda ona Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X4 23 saylı,xx.xx.1990-cı il tarixli protokolunu göstərmiş və bildirmişdir ki, almaq istədiyi torpaq sahəsi X2 ayrılmışdır və həmin şəxs etibarnamə verəcək, həmin etibarnamə əsasında torpaq sahəsində tikinti işləri apara bilər. Cavabdeh tərəfindən verilən vədə əsasən, iddiaçı 27000 ( iyirmi yeddi min) manat xərc çəkərək qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamışdır. Lakin AR Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları qeyd edilən torpaq sahəsində hər hansı fərdi yaşayış evinin inşa edilməsinə icazə verməmişlər və tikinti işləri dayandırlmışdır. Qeyd edilən halla bağlı AR Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciətlər edilmiş və xx.xx.2016cı il tarixli 02/09-11-7/Q-57-009 saylı cavabla ona bildirilmişdir ki, onun və ailə üzvlərinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlər mövcud olmadığından qeyd olunan torpaq sahəsində tərəfindən hər hansı bir tikinti işlərinin aparılması yolverilməzdir. Eyni zamanda ondan pul tələb edilməsi faktı daxili nəzarət komissiyasının apardığı araşdırma zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilən hallar cavabdehə bildirilmiş, lakin cavabdeh ümumiyyələ onunla sonradan hər hansı danışıqlar aparılmasından, ona dəymiş ziyanı qarşılamaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinin mümkünsüzlüyü ona bildirilsə idi təbii ki, onun tərəfindən xeyli pul xərclənməyəcəkdi. Nəticə etibarilə iddiaçı xeyli miqdarda maddi zərərlə də qarşılaşmayacaqdı. Həmçinin qeyd edir ki, məhkəmə prosesi zamanı xx.xx.2012-ci il tarixli qəbzlə sübut olunmuşdur ki, torpaq sahəsini Cavabdeh ona satmış və pul da məhz ona verilmişdir. Cavabdeh həmin qəbzi mübahisələndirməmişdir. Bununla da sübut olunmuşdur ki, faktiki alğı-satqı münasibətləri Cavabdeh ilə İddiaçı arasında baş vermişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına pul əldə edərək əsassız varlanmışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı 400 kv.m torpaq sahəsi üçün 3200 manat pul alması sübut edir ki, o faktiki olaraq özünü torpaq sahəsi üzərində səlahiyyət sahibi kimi göstərmiş, torpaq sahəsi ilə bağlı mülkiyyətçiyə malik olan hüquqlardan sui-istifadə etmişdir. 27000 manat maddi zərərin və 5000 manat mənəvi zərərin tələb olunması hissəsinə gəldikdə isə bildirir ki, 400 kv.m torpaq sahəsində inşa edilən yarımçıq fərdi yaşayış evi üçün lazım olan tikinti materialları ona kiminsə tərəfindən təmənnasız verilməyib və onların maddi dəyəri var. Bu halı müəyyən etmək üçün ekspertiza təyin edilməli, fərdi yaşayış evi inşa edilməsi üçün xərclədiyi vəsait ekspert tərəfindən müəyyənləşdirilməlidir. Bu səbəblərdən hazırki iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən (cavabdehin verdiyi vədə əsasən) ona tikinti işlərinin heç bir maneə olmadan aparılması barədə vəd vermiş və ona tikinti işlərinin aparılması, sonradan dayandırılması nəticəsində 27000 manat maddi zərər dəyib. Göründüyü kimi, hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, həmin şəxs ( iddiaçı) adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Belə ki, iddiaçıya mülkiyyət sənədi olan torpaq sahəsi satılsaydı, ona torpaq sahəsində inşa ediləcək evlə bağlı yalan vəd verilməsəydi o, qeyd edilən problemlə qarşılaşmayacaq, torpaq sahəsində fərdi yaşayış evinin tam inşası mümkün olacaqdı. Lakin cavabdeh özünə məxsus olmayan torpaq sahəsini notarial qaydada deyil, şifahi şəkildə ona satmış, satışdan əldə edilən pulu İbrahimova Səidəyə verməmiş, bununla əsassız varlanmış və nəticədə ona xeyli miqdarda zərər vurmuşdur. Belə ki, tikinti işlərində istifadə edilən tikinti materiallarının ilkin şəkildə satılması mümkün deyil. Tikinti materialı olan mişar daşı və sement təbii faktorların (yağış, qar, külək və s.) təsirindən artıq keyfiyyətini itirmiş, tikintidə istifadə edilən digər materillar (bünövrə üçün istifadə edilən taxtalar, armaturlarvə s.) tam yararsız vəziyyətə düşmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təminolunmasını xahiş etmişdirlər.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, iddiaçının faktiki olaraq qətnamənin iddianın təmin olunmayan hissəsindən narazı olduğu aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
16.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
17.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
18. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
20. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi iddiaçının istinad etdiyi Mülki Məcəllənin 21, 1091-ci, 1092.1, 1096 və 1097.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.
27. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, Kollektiv bağ-bostançılıq təsərrüfatının təşkili üçün Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X6 ilə birgə 1990-cı il tarixli 23 saylı protokoluna əsasən X2 ayrılmış 400 kv.m torpaq sahəsi müvafiq məbləğ müqabilində xx.xx.2012-ci il tarixli, AR-İ seriyalı, 198735 nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə verilmişdir.
28. İddiaçı həmin torpaq sahəsinin sahibliyinə verilməsi üçün müvafiq məbləğdə pul ödədiyi öz təsdiqini tapsa da, bunun müqabilində 400 kv.m-lik sahənin onun adına rəsmiləşdirməklə mülkiyyətinə keçirdəcəyinə dair məhz cavabdehin vəd verdiyi və s. sübuta yetirilməmişdir. Daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair X3 tərəfindən verilmiş etibarnamə isə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin nə cavabdeh, nə də torpağın qanuni sahibi tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi qəbz barəsində eyni qənaətə gəlmişdir.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi iddianı mənəvi zərərin tutulması hissəsində haqlı olaraq rədd etmişidir. Belə ki, hazırki işdə cavabdehin iddiaçının qarşısında hər-hansı öhdəliyi götürməsi, (torpaq sahəsinin adına keçirilməsi və iddiaçının istinad etdiyi digər vədlərin) bu öhdəliyi icra etməməsi, bununla da zərərin yaranmasına səbəb ola biləcək qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verməsi və bunun üçün məsuliyyət daşıması faktını məhkəməyə təqdim edilmiş sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
30. Halbuki zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.
31. Məhkəmə kollegiyası iddianın Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən mübahisəli torpağın üzərində həyata keçirdiyi tikinti işləri üçün xərclənmiş 27000 manat pulun Cavabdeh xeyrinə tutulması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq həmçinin qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
32. Belə ki, mübahisəli torpaq sahəsinə cavabdehin hər hansı aidiyyəti müəyyən edilməmiş, o, bu əmlakın nə əvvəlki, nə də indiki sahibi deyildir. Yuxarıda qeyd edildiyi kimi Kollektiv bağ-bostançılıq təsərrüfatının təşkili üçün 400 kv.m torpaq sahəsi Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X6 ilə birgə 1990-cı il tarixli 23 saylı protokoluna əsasən X2 ayrılmışdır və o, bu sahəni xx.xx.2012-ci il tarixli, AR-İ seriyalı, 198735 nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə vermişdir. İddiaçının istinad etdiyi qəbz cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı əşya hüququna malik olmasını təsdiq etmir.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-306/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: İkram Şirinov Elşən Kazımov