Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2607/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın tanınması barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977- ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək X1 Birliyində fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 03-17-1/2-M-194481/2024 nömrəli imtina məktubdan görünür ki, hərbi biletin surətinə əsasən, xx.xx.1972-ci il tarixindən xx.xx.1974cü il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 11 gün təşkil edir. Onun ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (12 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələcəyi təqdirdə pensiya təminatı hüququna yenidən baxıla biləcəyi bildirilmiş, müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu izah edilmişdir; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, BBTİ 2 saylı Tikinti İdarəsinin və X1 birliyinin 1980-1998-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir ; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər kağız əsaslıdır və qovluqların sayı çoxluq təşkil edir. Bu səbəbdən hansı idarədə işləmək barədə ərizəanketdə dəqiq məlumat qeyd edilmədiyindən xahişin müsbət həll edilməsi imkan xaricindədir ; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Suraxanı rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası"nın 3.1-ci maddəsinə əsasən sorğuda qeyd edilən şəxsə aid olan müvafiq hadisə, fakt haqqında axtarış məlumatları (burada: şəxsin əmək fəaliyyətində olduğu qurumun adı, qurumun tabe olduğu təşkilat və s.) qeyd edilmədiyindən, həmçinin əmək kitabçasının surəti təqdim olunmadığından sorğunu icra etmək imkan xaricindədir ; - Şahid1 xx.xx.1967-ci il tarixli əmək kitabçasından görünür ki, o, Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilədək - montajer, çertyojçu, usta vəzifələrində çalışmış, xx.xx.1972-ci il tarixində hərbi qulluğa çağırılmışdır. xx.xx.1973-cü ildən hərbi xidmətdən qayıdaraq, tikinti ustası, xx.xx.1978-ci ildən montajer olaraq çalışmışdır. xx.xx.1983-cü il tarixində müəssisənin adı “Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatı”-ndan “Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyi” olaraq dəyişdirilmişdir. xx.xx.1986-cı ildən həmin müəssisədə mühəndis, xx.xx.1989-cu ildən baş mühəndis, xx.xx.1996-cı ildən rəis vəzifələrində, xx.xx.1996-cı ildən baş mühəndis kimi çalışmışdır. Müəssisənin adı dəyişilərək, “X1 Birliyi” olmuşdur. xx.xx.1996-cı ildən həmin müəssisədə baş mühəndis müavini, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə kimi baş direktorun müavini vəzifələrində çalışmışdır ; - Şahid2 ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, o, Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında xx.xx.1978-ci ildən fəhlə, xx.xx.1978-ci ildən motorist, xx.xx.1982-ci ildən fəhlə, xx.xx.1982-ci ildən montajer kimi çalışmışdır. xx.xx.1983-cü ildə müəssisənin adı “Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatı”-ndan “Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı” adına dəyişdirilmişdir. Həmin müəssisədə xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək montajer, xx.xx.1985-ci ildən dülgər vəzifələrində çalışmış, xx.xx.1987-ci ildən xx.xx.2004-cü ilə kimi fəhlə, usta və digər vəzifələrdə çalışmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-343/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1980-ci ildən xx.xx.1998-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyində fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1, 306.2, 306.4, 307.1, 307.2, 307.2.11, 308, 310, 311; Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.1; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Ərizəçi məhkəməyə onun 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998- cı ilədək X1 Birliyində fəhlə işləməsi faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, əmək kitabçası itirildiyindən, yaşa görə əmək pensiyası almağı mümkün olmamışdır. O, pensiya almaq üçün AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialina müraciət etmiş, lakin cavab olaraq ona bildirilmişdir ki, hərbi biletin surətinə əsasən, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 11 gün təşkil edir və ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir. Şahid ifadələrindən göründüyü kimi, Ərizəçi şahidlər – Şahid1 və Şahid2 ilə eyni dövrlərdə Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında (sonrakı adlar: Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı/ X1 Birliyi) işləmişdir. Şahidlərin ifadələri iş materiallarında olan şahidlərin 1970-ci ildən 1972-ci ilədək; 1975-ci ildən 1977-ci ilədək və 1980-ci ildən 1998-cı ilədək olan dövrləri əhatə edən əmək kitabçalarının surətləri ilə təsdiqlənir. AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən yaşa görə əmək pensiyası alınması ilə bağlı ərizəçiyə imtina məktubunun göndərilməsi ərizəçini hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Belə ki, əmək kitabçasının itirilməsi ərizəçinin təqsiri nəticəsində deyil, onun işlədiyi qurum tərəfindən ərizəçiyə təhvil verilməməsi səbəbindən baş vermişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda BBTİ 2 saylı Tikinti İdarəsinin və X1 birliyinin 1980-1998-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bununla da, həmin sənədlərin Milli Arxiv İdarəsində olmadığı məlum olur. Maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən ünvanlanmış ərizəçinin "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair ərizəsinin təmin olunmaması barədə etirazı əsaslı deyildir. Belə ki, maraqlı şəxs həmin etirazda Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixl 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsaslansa da, nəzərə alınmalıdır ki, həmin qərar ləğv olunmuşdur. Həmçinin, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, ərizə baxılmamış saxlanılır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilir. Lakin, etirazın mətnində hüquq haqqında mübahisə olmadığından, maraqlı şəxsin etirazı əsassız hesab edilir. Belə olan halda, Ərizəçi 1970-ci ildən 1972-ci ilədək Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyində fəhlə işləməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərkən ərizəsində işlədiyi müddətləri göstərmək üçün yalnız illəri qeyd etsə də, həmin müddətlərin göstərilməsi üçün dəqiq tarix – ilin müvafiq ayları və günlərinin göstərilməsinin zəruri olduğu nəzərə alınmalıdır. Ərizədə müddət illərlə qeyd edildiyindən, qeyri-müəyyənliyin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 369.1-ci maddəsinə əsaslanaraq, müddətin bitməsi həmin ilin müvafiq ayında və günündə olmaqla hesablanılmalıdır. Belə olan halda, ərizəçinin sözügedən müəssisədə işləməsi öz izahatı və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizəçi həmin müəssisədə xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək çalışmış, daha sonra hərbi xidmətə getmiş, qayıtdıqdandan sonra – 1975-ci ildən yenidən işə başlamışdır. Sonuncuyla bağlı dəqiq tarix qeyd edilmədikdən məhkəmə hesab edir ki, həmin dövr xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olmaqla qəbul edilməlidir. Eyni qaydada ərizəçinin xx.xx.1980-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək həmin müəssisədə çalışdığı qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1980-ci ildən xx.xx.1998-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyində fəhlə işləməsi faktı müəyyən edilməlidir. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(010)-343/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylıQərarın 1-ci, 1.3-cü və 13.4-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 104.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki,şahidlərdən biri olan Şahid2 ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, o xx.xx.1978- ci il tarixdən etibarən Bakı şəhər BaşTikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında işləməyə başlamışdır. xx.xx.2004-cü il tarixə qədər əmək fəaliyyətini davam etdirmişdir. Belə olduğu halda Şahid2 ərizəçinin 1970-1972, 1975- 1977-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında işləməsi faktına şahidlik etməsi qeyri-mümkündür. Adıçəkilən şahidin ərizəçi ilə eyni vaxtda 1970-1972, 1975-1977-ci il tarixləri arasındakı dövrlər ərzində işləməsi faktı üst-üstə düşmədiyindən onun verdiyi ifadələr mötəbər hesab oluna bilməz. Məhkəmə isə yuxarıdakı halı nəzərə almadan ərizəni təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi,müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Bu müddəalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Qeyd olunmuş səbəblərdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(010)-343/2025 nömrəli qətnaməsi mövqeylərinə zidd olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. Hazırki iş üzrə şahidlərdən biri olan Şahid2 ИТ-İ№ ******* nömrəli əmək kitabçasından görünür ki, o xx.xx.1978-ci il tarixdən etibarən Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında işləməyə başlamışdır. xx.xx.2004cü il tarixə qədər əmək fəaliyyətini davam etdirmişdir. Belə olduğu halda Şahid2 ərizəçinin 1970-1972, 1975- 1977-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında işləməsi faktına şahidlik etməsi qeyri-mümkündür. Adıçəkilən şahidin ərizəçi ilə eyni vaxtda 1970-1972, 1975-1977-ci il tarixləri arasındakı dövrlər ərzində işləməsi faktı üst-üstə düşmədiyindən onun verdiyi ifadələr mötəbər hesab oluna bilməz. Belə olan halda əsassız olaraq ərizənin birinci instansiya məhkəməsi tərəfindən 1970-1972, 1975-1977, 1980-1998-ci illərdə onların birgə işləməsinə əsasən təsdiqlənməsi halı qanunauyğun olmamışdır. İş materiallarından da görünür ki, Şahid2 məxsus əmək kitabçasının surətində onun ərizəçi ilə işlədiyi dövrlər tam şəkildə üst-üstə düşmür. Lakin bu hal məhkəmənin diqqətindən yayınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək,apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini əsassız hesab etdiyini qeyd etmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 259.0.1, 259.0.12, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizə icraata qəbul edilərkən və məhkəmə icraatı zamanı prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mümükünlüyünə) və sübutetmə yükünə düzgün qiymət verilməmiş, ərizəçinin ərizəsində qeyd etdiyi təşkilat(lar)ının sonrakı aqibəti (müəssisənin ləğvi, çevrilməsi və.s) barədə ümumiyyətlə iş materiallarında rəsmi məlumat mövcud deyildir. Nə ərizəçi tərəfindən bu barədə rəsmi sənəd məhkəməyə təqdim edilmiş, nə də maraqlı şəxs həmin idarənin ləğvi və.s haqqında heç bir məlumat toplamadan vətəndaşa imtina cavabı verməklə kifayətlənmişdir. Beləliklə, ərizəçi ərizəsində həmin hüquqi əhəmiyyətli faktın başqa qaydada əldə edilə bilməməsinin mümkünsüzlüyünü əsaslandıra bilməmişdir. Lakin birinci instansiya məhkəməsi bu hallar diqqətdən kənarda saxlayaraq ərizəni əsaslı hesab etmiş və təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:149.2.1. ərizənin verildiyi məhkəmənin adı;149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, ərizəçinin məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Mülki Prosessual Məcəllənin 259.0.1 və 259.0.12-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 372.2 və 372.4-cü maddələrinin tələblərinə əsasən: Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, mülki icraat prosessual qanunvericiliyin tələblərin pozmaqla həyata keçirilmiş və apellyasiya baxışının səlahiyyətləri həddində bunların aradan qaldırılması apellyasiya icraatı zamanı mümkün deyildir. Belə ki, ilk növbədə zəruri sənədlərin başqa cür alınması barədə ilkin sübutlar təqdim edilməmiş, yəni ərizəçinin əmək stajı barədə iddia etdiyi müəssisənin aqibəti və məlumatların əldə edilmə mümkünsüzlüyü barədə sübutlar əldə edilmədən müvafiq müraciət edilmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya Qərara aldı: Maraqlı şəxs AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-343/2025 saylı işi üzrə 06 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977- ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək X1 Birliyində fəhlə işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2607/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2607/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver