Məhkəmə qərarları › İş №2(103)-2608/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2608/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2608/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh1 nümayəndəsi-vəkili Məmmədov Qaçay Məcid oğlunun Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı kompensasiya ödnilməklə istifadə hüquqlarına xitam verilməsi. mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-1499/19 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh2 8000 manat, Cavabdeh3 8000 manat və Cavabdeh1 8000 manat məbləğində kompensasiya verməklə cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 8A saylı evin, 34 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 8A saylı evin, 34 saylı mənzilindən çıxarılmaları, İddiaçı tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kompensasiya verilməsi ilə cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 8A saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinin və çıxarılmalarınin eyni vaxtda icra edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 istifadə hüquqlarının itirilməsi və kompensasiya ilə əvəz olunması, kompensasiyanın dəyəri cavabdehlər Cavabdeh1 5000 manat, Cavabdeh2 5000 manat olmaqla, ümumilikdə 10 000 manat dəyərində hesablanaraq cavabdehlərə verilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi sonradan iddia həcminin artırılması barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Cavabdeh1n 8000 manat, Cavabdeh2 8000 manat vəCavabdeh3 8000 manat olmaqla, ümumilikdə 24000 manat kompensasiya verilməklə istifadə hüquqlarının itirilməsi və cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə rəsmi qaydada xx.xx.1990-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 övladları doğulmuşdur. Cavabdeh1 iddiası ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 412/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların analarının yanında saxlanılmaları və xx.xx.2003-cü il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün ondan aliment tutulması qət edilmişdir. Cavabdeh1 ilə aralarında münaqişələr olan vaxtı o, müvəqqəti olaraq mənzildən çıxıb getmiş, bir müddət sonra qayıtmaq istəyərkən Cavabdeh1 iddiaçını mənzilə buraxmamışdır. Bununla bağlı mənzilə köçürülməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli qətnaməsi ilə təmin olunmuşdur. xx.xx.2014-cü ildə Mənzilə dair adına mülkiyyət hüququ tanınmış və halhazırda həmin mənzil onun mülkiyyətindədir. Lakin cavabdehlər indiyənə qədər mənzilində pasport qeydiyyatındadırlar. xx.xx.2003-cü il təvəllüdlü qızı Cavabdeh3 yetkinlik yaşına çatmamış və anası Cavabdeh1 himayəsindədir. Qeyd edilən mənzil 1993-cü ildə atası dünyasını dəyişdikdən sonra qardaşı İlham İsmayılovun mülkiyyətinə keçmiş, sonradan qardaşı Mənzili ona bağışlamışdır.Bakı şəhər Xətai Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə cavabdehlərin qeydiyyatdan çıxarılması üçün şifahi müraciət etmiş, lakin müraciətinə imtina cavabı almışdır. Qeyd olunanları nəzərə alıb, iddianın təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli qətnaməsidən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh3, Cavabdeh1 və onun nümayəndəsini, şikayətlə razılaşmayraq rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh2 8000 manat, Cavabdeh3 8000 manat və Cavabdeh1 8000 manat məbləğində kompensasiya verməsi hissəsində dəyişdirilməli, kompensasiyanın məbləği hər cavabdehə 10000 manat, cəmi 30000 müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məc-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birinə 10000 (on min) manat kompensasiya təklif etdiyini bildirərək və bu qaydada iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddia tələbinin həcminin artırılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarının göstərişinə uyğun olduğundan iddianı bu formada dəyişdirilməlidir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil hələ iddiaçının atası Əmram İsmayılovun order əsasında sahibliyində olarkən Cavabdeh1 həmin mənzilə gəlin köçərək və 1990-cı il tarixdə daimi qeydiyyata alınmaqla, Cavabdeh2 isə 1991-ci il tarixdə daimi qeydiyyata alınmaqla orada yaşamışlar. Cavabdeh2 Əmram İsmayılovun nəvəsi, iddiaçının isə oğludur. Həmçinin, Cavabdeh1 Əmram İsmayılovun gəlini, iddiaçının isə keçmiş arvadıdır. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 münasibətdə mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 mənzilin keçmiş sahibi Əmram İsmayılovun nəvəsi, Cavabdeh1 isə gəlini olduğundan, habelə Əmram İsmayılovun ailə üzvü kimi mənzildə yaşadıqlarından onların mənzilə dair istifadə hüquqları yaranmışdır. Bundan başqa, işin digər halları müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2003-cü il tarixdə doğulmuş və mübahisəli Mənzildə iddiaçının övladı olaraq onunla birlikdə yaşamışdır. İddiaçının isə mənzilə mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə yarandığından, Cavabdeh3 münasibətdə mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlər isə mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından, iddiaçı Mənzilin mülkiyyətçisi kimi, istifadə hüququna malik olan cavabdehlərə kompensasiya verməsi yolu ilə onların Mənzilə istifadə hüquqlarına xitam verilməsini və Mənzildən çıxarılmalarını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış öz mülahizəsinə görə və maraqlarına uyğun sərbəst hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, Məcəllənin 152-ci maddəsində təsbit etmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü təsbit edir. Ona görə də, iddiaçı cavabdehlərə kompensasiya ödənilməklə Mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və bu halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası ödəniləcək kompensasiya məbləği ilə bağlı qeyd edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. İş materiallarına əlavə edilmiş “X2” İctimai Birliyi tərfindən xx.xx.2020-ci il tarixdə tərtib edilən daşnmaz əmlakın kirayə haqqının müəyyən edilməsi barədə Arayışa əsasən mübahisəli Mənzilin ətrafında yerləşən oxşar orta təmirli mənzilin kirayə dəyəri 300-350 manat müəyyən edilir. Göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması gözlənti hüququ olan mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kollegiya hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə təklif etdiyi 10 000 (on min) manat məbləğində kompensasiya cavabdehlərə davamlı surətdə və bir neçə il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 8000 manat, Cavabdeh3 8000 manat və Cavabdeh1 8000 manat məbləğində kompensasiya verməsi hissəsində dəyişdirilsin, kompensasiyanın məbləği hər cavabdehə 10000 manat, cəmi 30000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar