Məhkəmə qərarları › İş №2(103)-261/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-261/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-261/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6091/2019 saylı mülki iş üzrə qəbul etdiyi 26 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(006)- 6091/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilmiş hərracın nəticələrindən onların məlumatı olmamışdır. Onlar (iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3) cavabdehlər "xxxx" KB ASC və "X3" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra və probasiya şöbəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər və hazırda iş həmin məhkəmənin icraatındadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-666/2017 nömrəli, 04.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh2 və X2 müştərək qaydada əsas borc üzrə 51287,06 ABŞ dolları, faiz borcu üzrə 5550,66 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları, cəmi 57037,72 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının əvəzinin alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilinə yönəldilməsi Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehlər Cavabdeh2 və X5 iddiaçı "xxxx" KB ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həsənova ilahə İslam qızının həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin icra vərəqəsi icrası nəticəsində ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzili hərracdan satılaraq "xxxx" KB ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilində hal-hazırda həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı bildirir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Cavabdehlər iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Mübahisəli mənzil də məhz kreditin götürülməsi üçün ipotekaya qoyulmuş və hərracdan satılaraq iddiaçının mülkiyyətinə keçmişdir. Eyni zamanda iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən mənzilin keçmiş mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Belə olan halda isə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyətçi kimi istifadə, sahiblik və sərəncam vermə hüquqlarını məhdudlaşdırır və ona görə də, o, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia tam əsaslıdır və birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(006)-336/2020 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər "xxxx" KB ASC və "X3" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra və probasiya şöbəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair iddia təmin edilməmişdir. İddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişlər və Bakı Apellyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(103)-2443/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(103)- 2443/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(102)-5203/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(103)- 2443/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6091/2019 saylı mülki iş üzrə qəbul etdiyi 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar