Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2615/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili Nümayəndə, Cavabdeh X1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “torpaqdan çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, Abşeron rayonu, Hökməli qəsəbə XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 4/11 №-li qərarı ilə ona ayrılan torpaq sahəsinin Cavabdeh tərəfindən hasara alınmasının və orada iki mərtəbəli, kürsülü evin tikinti-inşa işlərinin və onların aparılmasının qanunsuz hesab edilməsi, cavabdehin və digər kənar şəxslərin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz tikili olan iki mərtəbəli, kürsülü evin cavabdehin hesabına sökülərək həmin söküntülərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçılar, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, rayon məhkəməsində xx.xx.2019-cu il tarixdə məhkəmə iclas protokolu aparılarkən müəyyən natamamlığa yol verilməsi və protokola göstərilən yazılı qeydlərin düzgünlüyünün müəyyən edilərək işə əlavə edilməsi barədə iddiaçılar tərəfindən xx.xx.2020-ci il tarixdə protokola dair qeydlər təqdim edilmişdir. Həmin qeydlərdən göründüyü kimi, cavabdeh iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, iddia qaldırılan zaman iddiaçıların torpaq sahəsində tikdiyi iki mərtəbəli, kürsülü evin tikintisinə icazə ilə bağlı heç bir sənədi yoxdur, orada evlərin heç birinin sənədi yoxdur. Eyni zamanda, mübahisəli torpaq sahəsinin satılmasını və əvəzində iddiaçılara Xırdalanda mənzilin alınmasını təsdiq edən heç bir sənədi yoxdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolundan da görünür ki, cavabdehin vəkili kürsülü evin tikintisinə dair heç bir sənəd olmadığını, evin özbaşına tikili olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehin özünün və vəkilinin etiraf etdikləri kimi, hazırkı iş üzrə mübahisə predmeti olan iki mərtəbəli, kürsülü evin tikintisi üçün hər hansı rəsmi icazə və yaxud başqa sənəd alınmamış, həmin ev özbaşına tikilidir. İddia tələbinin birinci hissəsi cavabdeh tərəfindən inşa edilən iki mərtəbəli, kürsülü evin tikinti-inşa işlərinin və onların aparılmasının qanunsuz hesab edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı evin özbaşına tikili olması faktı açıq-aşkar müəyyən olunduğu halda, həmin evin tikinti-inşa işlərinin və onların aparılmasının qanunsuz hesab edilməsi hissəsində iddia tələbinin təmin olunmaması başa düşülməzdir. Bundan başqa, qətnamədə qeyd olunur ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının xx.xx.1991-ci il tarixli, 4/İİ nömrəli qərar əsasında əldə etdiyi hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və bu mənada müvafiq subyektiv hüquqa malik olmadığı üçün cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb edə bilməz. Məhkəmə, bu hissədə də düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən hər hansı bir əmlakın dövlət qeydiyyatına alınması üçün həmin əmlakın müvafiq hasarın daxilində olmaqla sahibin istifadəsində olması mütləq şərtdir. Lakin iddiaçının istifadəsində olan torpaq sahəsini cavabdeh qanunsuz olaraq hasara aldıqdan sonra mübahisəli sahə sahibin hasarı daxilində olmadığından həmin sahənin iddiaçının adına dövlət qeydiyyatına alınması mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, İddiaçı1 10 sot torpaq sahəsi ayrılsa da, o, həmin torpaq sahəsini satmışdır. Hazırda iddia etdiyi sahə cavabdehin istifadəsindədir. İddiaçıların mübahisəli torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Abşeron rayonu Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 4/İİ saylı “Vətəndaşlara fərdi mənzil tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarından çıxarışa əsasən, İddiaçı1 Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli, 55 №-li qərarına əsasən qəsəbə üçün ayrılmış asudə torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində iki mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 76,5 kv.metr, ümumi sahəsi 101,2 kv.metr olan mənzil tikintisinə icazə verilmişdir.Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, H-08 saylı məktubundan görünür ki, Abşeron rayonu Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 4/İİ saylı qərarı ilə vətəndaşlara 0,10 ha torpaq sahəsi ayrılmış, həmin qərara cizgi və s. başqa sənədlər əlavə edilməmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 01-01/M-245 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 Abşeron rayonu Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 4/İİ saylı qərarına əsasən 0,10 ha torpaq sahəsi ayrılmış, bu torpaq sahəsinə aid olan sənədlər barədə bələdiyyənin elektron bazasında məlumat yoxdur. Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli. 27 saylı məktubunda isə qeyd olunmuşdur ki, İddiaçı1 hal-hazırda yaşadığı ev və mübahisəli torpaq sahəsi Binəqədi rayonu Xocahəsən bələdiyyəsinin inzibati ərazisinə aiddir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı ilk öncə bildirir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmamaqla, Abşeron rayonu Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılmışdır. Belə olan halda, onun torpaq sahəsinə həmin qərardan irəli gələn sahiblik və istifadə hüquqları vardır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci, 158.2-ci və 158.4-cü maddələrinə görə, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 164.1-ci və 165.1-ci maddələrinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Konstitusiya Məhkəməsi PlenumununN.Qədirovun şikayəti üzrə xx xxxxxx 2017-ci il tarixli qərarına görə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Hazırda iddiaçılar, Abşeron rayonu Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə İddiaçı1 ayrılmış, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və orda özbaşına tikililər inşa edildiyini bildirərək, cavabdehin və digər şəxslərin həmin torpaq sahəsindən çıxarılmasını və inşa edilmiş tkililərin cavabdehin vəsaiti hesabına sökülməsini tələb edirlər. Cavabdeh isə, İddiaçı1 ayrılmış torpaq sahəsinin onun tərəfindən satıldığını, iddia olunan torpaq sahəsinin isə ona məxsus olmasını bildirərək, iddiaya etiraz edir. Mülki Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Normanın mənasından göründüyü kimi, iddiaçıların həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin ünsürlərdən birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. İş materiallarından göründüyü kimi, sözügedən torpaq sahəsinin yerləşdiyi yerin koordinatları dəqiq şəkildə müəyyən olunmamaqla, mübahisəlidir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı1 Hökməli qəsəbəsində ayrılan 0,10 ha torpaq sahəsinin yerləşdiyi yerin və cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması barədə mütəxəssis rəyinin verilməsi Daşınmaz Əmlakın Kadastri və Ünvan Resyestri Xidmətinin mütəxəssislərinə tapşırılmışdır. Daşınmaz Əmlakın Kadastri və Ünvan Resyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Bçm/087 saylı arayışa əsasən, iş üzrə mütəxəssis qarşısına qoyulmuş suallar elektron GPS aləti vasitəsilə İdarənin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmış, kameral şəraitdə araşdırılarkən məlum olmuşdur ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmadığından sənəd üzrə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Apellyasiya baxışında məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin hansı rayonun inzbati ərazisinə aid olması barədə məlumatın və təsdiqedici sənədin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Kadastri və Ünvan Resyestri Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ilə müraciət olunmuş və Daşınmaz Əmlakın Kadastri və Ünvan Resyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Bçm/053 saylı arayışa əsasən, Bçm/087 saylı arayışda qeyd olunan 0,10 ha torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Hökməli qəsəbəsi, H.Aslanov küçəsində yerləşmir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçıların qaytarılmasını tələb etdikləri torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiq müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, iddiaçılar da, İddiaçı1 0,10 ha torpaq sahəsi ayrılmasını sübuta yetirsələr də, mübahisəli torpaq sahəsinin məhz ona ayrılmış həmin 0,10 ha torpaq sahəsi olduğunu təsdiq edən sübutları (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, cizgi və s.) təqdim edə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X3rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlir ki, iddiaçılar, Mülki Məcəllənin 164.2-ci maddəsinin dispozisiya şərtlərini- İddiaçı1 əşyanın (mübahisəli torpaq sahəsinin) qanuni sahibi olması və cavabdehin əşyaya sahiblik hüququnun olmamasını sübuta yetirə bilməmişdir. Ona görə də, iddia əsassızdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8095/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2615/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2615/2020
19.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver