Məhkəmə qərarları › İş №2(103)-2615/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2615/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2615/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbin barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında İddiaçı və Cavabdehn nümayəndəsi X2 iştirakı ilə baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 19.925,69 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsində yerləşən 762 fərdi yaşayış evi iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı evdə qaz sayğacı quraşdırılmış və ünvana **********00000 abonent kodu verilmişdir. Cavabdeh Birliyin əməkdaşları həmin ünvanla bağlı 2017-ci ilin yanvar ayından 2023-cü ilin may ayına kimi müxtəlif aylarda aktlar tərtib etmiş və həmin aktlara əsasən ona əlavə sərfiyyat kimi ümumilikdə əsassız olaraq 19.925,69 manat məbləğində borc hesablanmışdır. Həmin aktlarda əsassız olaraq qeyd olunur ki, iddiaçıya məxsus evdə qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmuşdur. İddiaçı hesab edir ki, həmin aktlar əsassızdır. Çünki Birliyin əməkdaşları həmin aktların tərtib edilməsi ilə bağlı nə ona, nə də ki, onun ailə üzvlərinə məlumat verməmişlər. İddiaçıya məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Buna görə də, iddiaçıya hesablanmış borc əsassız hesab edilərək, silinməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya məxsus evə aid **********00000 saylı abunə koduna 2018-ci ilin sentyabr ayına qədər 2.826,40 manat, 2018-ci ilin sentyabr ayında 115,20 manat, oktyabr ayında 57,60 manat, noyabr ayında 57,60 manat, dekabr ayında 57,60 manat, 2019-cu ilin yanvar ayında 133,20 manat, fevral ayında 133,20 manat, mart ayında 133,20 manat, aprel ayında 133,20 manat, 2020-ci ilin aprel ayında 442,80 manat, 2023-cü ilin may ayında 8.812,80 manat olmaqla, cəmi hesablanmış 12.902,80 manat məbləğində borcun silinməsini, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birlik, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı sübutlar, həmçinin iddiaçının təqsirini təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarları olmadan 2018-ci ilin sentyabr ayına qədər 2.826,40 manat, 2018-ci ilin sentyabr ayında 115,20 manat, oktyabr ayında 57,60 manat, noyabr ayında 57,60 manat, dekabr ayında 57,60 manat, 2019-cu ilin yanvar ayında 133,20 manat, fevral ayında 133,20 manat, mart ayında 133,20 manat, aprel ayında 133,20 manat, 2020-ci ilin aprel ayında 442,80 manat, 2023-cü ilin may ayında 8.812,80 manat olmaqla, cəmi 12.902,80 manat məbləğində borcun hesablamışdır. Buna görə də, həmin borc silinməlidir. Qalan hissədə isə iddiaçı tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları təqdim etmədiyi üçün həmin hissədə tələb təmin edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Məhkəməyə apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi 7.022,89 manat məbləğində borcun silinməsi təmin etməmişdir. Halbuki, həmin borc guya qaz sərfinin nəticəsində yaranmışdır. Lakin, qaz paylayıcısı tərəfindən qazın verilməsi dayandırılmamışdır və onun tərəfindən aylıq kommunal borcları ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən tərtib olunmuş akt əsassında borc və guya qaz sərfinin nəticəsində yaranan borc əsassızdır və həqiqəti əks etdirmir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən təqdim olunmuş, “Abonentin saldosu” özündə həqiqi məlumat əks etdirdiyini şübhə doğurur. Belə ki, “Abonentin saldosunda” 2020-ci ilin iyun ayına aid ödənişlə bağlı -3.850,6 manat göstərilmişdir. Göründüyü kimi həmin borcu ifadə edən rəqəmin qarşısında “mənfi” işarəsi qoyulmuş, lakin həmin məbləğ aylıq borcun üstünə gəlmişdir. Bundan başqa, müxtəlif aylarda göstərilmiş qazın sərfi şübhə doğurur. Belə ki, 2021-ci ilin dekabr ayı üçün qazın sərfi 2.684 kub metr göstərilir və borcun məbləği 671 manat təşkil edir, 2021-ci ilin mart ayı üçün qazın sərfi 1.889 kub metr göstərilir və borcun məbləği 377,8 manat təşkil edir, 2022-ci ilin mart üçün qazın sərfi 1.294 kub metr göstərilir və borcun məbləği 323,50 manat təşkil edir, 2024-cü ilin mart ayı üçün qazın sərfi 1.285 kub metr göstərilir və borcun məbləği 321,25 manat təşkil edir, həmçinin 2024-cü ilin yanvar ayı ilə müqayisə edilsə, görünər ki yanvar ayında qazın sərfi demək olar eyni olsa da, sərfin məbləği əhəmiyyətli dərəcədə fərqlidir (1.361 kub metr olsa da borcun məbləği 163,32 manat təşkil edir), eyni qaydada 2022-ci ilin yanvar ayı üçün qazın sərfi 1.666 kub metr göstərilir və borcun məbləği 199,92 manat təşkil edir, lakin 2022-ci il mart ayı üçün qazın sərfi 1.294 kub metr göstərilir və borcun məbləği 323,5 manat təşkil edir.

7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu, iddiaçının etirafı və s) Birliyə vurulmuş zərəri sübut edir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, Birlik, ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının rəyinə qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olubolmamasını müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş “(fotoşəkillərlə müqayisəli şəkildə tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi yaxud digər qanunsuz qoşulma əlamətləri (qaynaq yeri, borucuq və s.) mövcuddurmu?” sualı cavablandırılmadı. Rayon Məhkəməsi həm də qeyd olunan ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq bildirir ki, trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər və iddiaçının etirafı arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

9. Cavabdeh Birliyin nümayəndəsi Pərviz Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.

10. İddiaçı apellyasiya baxışı icalasında iştirak edərək, cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsində yerləşən 762 fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı evdə qaz sayğacı quraşdırılmış və ünvana **********00000 abonent kodu verilmişdir. İddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh Birliyin əməkdaşları tərəfindən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilərək, iddiaçının abunə hesabına 2010-cu ilin iyun ayında 20 manat, 2011-ci ilin mart ayında 194,40 manat, 2016-cı ilin dekabr ayında 338,80 manat, 2017-ci ilin fevral ayında 479,60 manat, aprel ayında 200,80 manat, may ayında 209,80 manat, iyul ayında 73 manat, sentyabr ayında 70 manat, noyabr ayında 212,40 manat, 2018-ci ilin yanvar ayında 1242 manat, fevral ayında 201,60 manat, aprel ayında 155 manat, may ayında 57,60 manat, iyun ayında 115,20 manat, avqust ayında 230,40 manat, sentyabr ayında 115,20 manat, oktyabr ayında 57,60 manat, noyabr ayında 57,60 manat, dekabr ayında 57,60 manat, 2019-cu ilin yanvar ayında 133,20 manat, fevral ayında 133,20 manat, mart ayında 133,20 manat, aprel ayında 133,20 manat, 2020-ci ilin aprel ayında 885,60 manat, 2023-cü ilin may ayında 8.812,80 manat məbləğində borc hesablanmışdır.

13. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, 19.925,69 manat borcun silinməsi barədə iddianı qismən, yəni 12.902,80 manat məbləğində borca aid hissədə təmin edilməlidir.

14. Rayon Məhkəməsi abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməni müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırkı iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus ünvana aid qaz xəttinin və qaz sayğacının üzərində qanunsuz müdaxilə üçün xarakterik olan izlər aşkar edilməmişdir.

15. Bundan başqa Rayon Məhkəməsi qeyd etmişdir ki, Birlik tərəfindən təqdim edilən foto şəkillərdən də bu kimi müdaxilənin olması müəyyən edilmir.

16. Cavabdeh Birlik apellyasiya şikayətində iddiaçının qaz xəttinə daima müdaxilə etməsini etiraf etdiyini göstərmişdir.

17. Lakin iş materiallarından görünür ki, iddiaçı, məhkəmə baxışı zamanı Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, 2020-ci ilin birinci yarısında hava soyuq olan zaman qaz xəttinə müdaxilə etmiş və 3 ay ərzində bu qaydada təbii qazdan istifadə etmişdir. Digər aylarda, o cümlədən aktlarda qeyd edilən aylarda qaz xəttinə müdaxilə etmişdir.

18. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 885,60 manat məbləğində zərərin 442,80 manatının silinməsi hissəsində iddia əsassız olduğundan rədd edilməli, 442,80 manat borc isə silinməlidir. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, cavabdeh Birlik tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal qaz sərfi müvafiq olaraq 1.2, 1.5, 1.4 kub m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və cəmi 8.856 kub metr qaz sərfinə görə 885,60 manat dəymiş ziyan hesablanmışdır. Qaz sərfiyyatının gündəlik 24 saat hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2020-ci il tarixli akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası (1,2 x 12 x 90 =) 1.296 kub metr, (1,5 x 12 x 90 =) 1.620 kub metr, (1,4 x 12 x 90=) 1.512 kub metr olmaqla, 4.428 kub metr hesablanmalı və Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər kub metr 0,10 manata olmaqla, cavabdehə dəymiş ziyanın məbləği bu qaydada, yəni 442,80 manat müəyyən edilməlidir. Həmin akt üzrə hesablanmış qalan 442,80 manat məbləğində borc isə silinməlidir.

19. Rayon Məhkəməsinin müəyyən etdiyi bu hallar apellyasiya icraatı zamanı da müəyyən edildiyindən Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyini əsaslı hesab edir.

20. Məhkəmə aktlar əsasında digər tarixlərdə hesablanmış borclara münasibətdə qeyd edir ki, abonent saldosundan görünür ki, iddiaçının abunə hesabına 2018-ci ilin sentyabr ayına qədər 3.586,20 manat məbləğində borc hesablanmışdır. 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3.586,20 manat borcun 759,8 manatının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-272/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan tutulması qət edilmişdir. Belə olan halda 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3.586,20 manat məbləğində borcdan 759,8 manat çıxılmalı, qalan 2.826,40 manat borc isə silinməlidir.

21. Rayon Məhkəməsi 2018-ci ilin sentyabr ayından 2023-cü ilin may ayı daxil olmaqla (xx.xx.2020-ci il tarixli ******* saylı aktdan başqa) müddətdə tərtib olunmuş aktlar üzrə də borcun silinməsini barədə iddianı əsaslı hesab etmişdir. Belə ki, 2018-ci ilin sentyabr, noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar, fevral, mart, aprel aylarında iddiaçının qaz xəttinə qanunsuz qoşulması sübuta yetirilməmiş, 2018-ci ilin oktyabr ayında hesablanmış 57,60 manat borca dair isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayında 115,20 manat, oktyabr ayında 57,60 manat, noyabr ayında 57,60 manat, dekabr ayında 57,60 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 288 manat, 2019-cu ilin yanvar ayında 133,20 manat, fevral ayında 133,20 manat, mart ayında 133,20 manat, aprel ayında 133,20 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 532,80 manat borc da əsaslı olaraq silinmişdir.

22. Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 8.812.80 manat borcun silinməsi hissəsində də iddianı qanuni və əsaslı hesab etmişdir.

23. Rayon Məhkəməsinin müəyyən etdiyi bu hallar apellyasiya icraatı zamanı da müəyyən edildiyindən Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyini də əsaslı hesab edir.

24. Yuxarıda qeyd edilənləri nəzərə alan Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6 cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

24. Rayon Məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra, yəni 2023-cü ildə tərtib edilmişdir.

25. Həmin maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

26. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur.

27. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

28. Məhkəmə iddianın təmin edilməyən hissəsi ilə bağlı bildirir ki, tələbin həmin hissəsinə aid aktları qaz sərfiyyatına əsaslanmış, qanunsuz müdaxiləyə əsaslanmamışdır. İddiaçı apellyasiya şikayətində həmin aktları şübhə altına almağa çalışsa da, abonent saldosu və aktların nəyə görə qanunsuz olmasını əsaslandıra bilməmişdir.

29. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən apellyasiya şikayətlərinin həllinə yanaşdıqda müəyyən edilir ki, apellyasiya şikayətləri əsassızdır. Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkfə haqlı olmuşdur. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

33. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Tərəflər hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar