Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2618/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «əmək mübahisəsi, iddia müddəti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-390/2025 saylı, 22 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Cavabdeh 101k nömrəli xx.xx.2019-cu il tarixli əmrə və əmək müqaviləsinə əsasən İddiaçı cəmiyyətə 15 may 2019-cu il tarixdən mağaza müdiri vəzifəsinə işə qəbul edilib, Cavabdeh 250k nömrəli xx.xx.2023-cü il tarixli əmrinə əsasən isə 14 iyul 2023-cü il tarixdən “Bizim market” mağazasına mağaza müdiri vəzifəsinə işə qəbul edilib.
2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1.5-ci bəndinə əsasən iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi qanuna zidd, təqsirli hərəkət və/və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və/və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək işçinin öhdəliyidir.
3. Audit prosedurlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli akta əsasən mağaza müdiri İddiaçı və anbardar X3 cəmiyyətdə maddi-məsul şəxs olmaqla, onlarla bağlanmış fərdi əmək müqaviləsinin şərtlərini pozmaqla, öhdələrində müəyyən olunmuş çatışmazlığı tam olaraq Cəmiyyətə ödəməmişlər. Mağaza müdiri İddiaçı və anbardar X2 maddi məsuliyyətlərində xx.xx.2023-cü il tarixə 19.082,10 manat ehtimal olunan mal çatışmazlığı qalmışdır.
4. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 08 nömrəli xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, xx.xx.2024-cü il tarixdən etibarən işə gəlmədiyi müəyyən edilmiş, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də, bu mümkün olmamışdır. İşdə olmaması ilə bağlı 5 iş günü ərzində izahat verməsi xahiş olunmuş, əks halda, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilib ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Cavabdeh baş ofisinə gələrək əmək kitabçasını təhvil alması xahiş edilir.
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024- 00846 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdə göstərilib ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli 227k nömrəli əmrin ləğv olunaraq işə bərpa olunması, 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilib ki, Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq mağaza müdiri vəzifəsinə təyin edilmişdir. 5 illik iş dövründə əmək fəaliyyətində heç bir qüsura və nöqsana yol verməmişdir. 2023-cü ilin dekabr ayında mağazanın hesablaşmasında uyğunsuzluq olduğunu aşkar edərək bu barədə dərhal rəhbərliyə məlumat vermişdir. Nəzarət kameralarına baxış keçirərkən müəyyən olunmuşdur ki, mağazanın daimi müştərisi olan qadın mütəmadi olaraq mağazadan oğurluqlar edib. Oğurluqla bağlı polisə müraciət edilmiş, polisdə oğurluq edən müştərinin, onun, cavabdeh şirkətin hüquqşünasının bir neçə dəfə izahatları alınmışdır. Daha sonra ona şirkət tərəfindən bildirilib ki, oğurluq edən şəxslə şirkət arasında razılaşma olmuş və zərər həmin şəxs tərəfindən ödəniləcək. Lakin bir müddət sonra şirkətin rəhbərliyi ona bildirib ki, oğurluq edən şəxs bütün məbləği ödəyə bilmir, onunla şirkət arasında tam maddi məsuliyyət haqqında müqavilə olduğundan yerdə qalan məbləği ödəməlidir. Ödəmədiyi təqdirdə işdən azad olunacaqdır. Buna etiraz edərək başqasının oğurladığı mallara görə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Lakin 07 may 2024-cü il tarixdə ödəniş etmədiyi üçün ona mağazanı tərk etməli olduğunu və işdən çıxarıldığını bildirmişlər. Bundan dərhal sonra Əmək Müfəttişliyi Xidmətinin 142 qaynar xəttinə zəng edərək baş verənlər barədə şikayət etmişdir. Daha sonra isə şirkətin rəhbərliyi ona zəng edərək yaxınlaşıb əmək kitabçasını təhvil götürməsini bildirmişdir. Əmək kitabçasına baxarkən xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verildiyi məlum olmuşdur. Halbuki, onun başqa şəxsin oğurluq etməsinə görə işdən çıxarılması tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi yuxarıda qeyd edilən maddədə nəzərdə tutulmuş hallardan heç birinə yol verməmişdir. Əksinə işlədiyi illərdə qüsursuz fəaliyyət göstərmiş və barəsində heç bir intizam tədbiri tətbiq edilməmişdir. Həmçinin, mağazada oğurluq hadisəsini ilk olaraq o, müəyyən edərək rəhbərliyə məlumat vermişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı, 26 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ilkin olaraq hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Cavabdeh 227/K saylı xx.xx.2024cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “AR-nın ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh İnsan Resursları Departamentinin direktoru X1 227/K saylı xx.xx.2024-cü il tarixli əmri qanuni hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1-ci, 296.2-ci, 296.4-cü maddələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə Cavabdeh 227/K saylı xx.xx.2024-cü il tarixli əmrinin mövcud olmasını bilsə də, cavabdehə mediasiya prosesin tətbiqi barədə təklifi 1 ayın tamamında - xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyası xx.xx.2024cü il tarixdə keçirilmiş, məhkəməyə əmrin ləğv edilməsi tələbi ilə ilkin mediasiya sessiyasının keçirilməsindən 19 gün sonra xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Bununla bağlı, olaraq məhkəmə iş üzrə ən mühüm hal kimi qeyd edir ki, iddiaçının Cavabdehnə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edib göstərir ki, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Aşağıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsi işdə olan, o cümlədən təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarını obyektiv araşdırmamış, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. Belə ki, aşağıdakı səbəblərə görə qətnamənin ləğv olunmasını tələb edir. Məhkəmə 19 gün iş buraxmağını əsas tutaraq işə bərpa olunmağını təmin etməmişdir. Halbuki, o, həmin vaxt psixoloji olaraq işdən çıxarılmağına görə iztirablar çəkmişdir. Hər zaman işinə qarşı sədaqətli, vicdanlı və məsuliyyətli olmuşdur. Hazırda düşdüyü vəziyyət onun hüquqlarını kobud surətdə pozur. Məhz ona görə də, apellyasiya şikayətimin təmin olunmasını, işinə bərpa olunaraq əmrin ləğv edilməsini tələb edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın yenidən təmin edilməməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi yalnız iddia müddətinin ötürülməsi ilə kifayətlənib iddianı rədd etmək əvəzinə, iddianın da əsaslı olduğu qənaətinə gəlməklə ziddiyyətli nəticəyə gəlmişdir.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.
24. Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
25. Hazırki işdən və cavabdehin iddiaya etirazının məzmunundan bəlli olur ki, cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir.
26. Birinci instansiya məhkəməsi iddianı rədd etməsinin əsası kimi qənaətində göstərib ki, iddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə Cavabdeh 227/K saylı xx.xx.2024-cü il tarixli əmrinin mövcud olmasını bilsə də, cavabdehə mediasiya prosesin tətbiqi barədə təklifi 1 ayın tamamında - xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş, məhkəməyə əmrin ləğv edilməsi tələbi ilə ilkin mediasiya sessiyasının keçirilməsindən 19 gün sonra xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Bu hallar işin mübahisəsiz halıdır.Yəni, bu halları iddiaçı da şikayətində mübahisələndirmir. Başqa sözlə, iddiaçı şikayətində müddəti 19 gün buraxdığını qəbul edir, ancaq bunu həmin vaxt psixoloji olaraq işdən çıxarılmağına görə iztirablar çəkməsi ilə əlaqələndirir.
27. Göründüyü kimi, bu hallar, yəni iddiaçının müddəti ötürməsi açıq-aşkar bəlli olduğu halda birnci instansiya məhkəməsi həm də ilkin olaraq iddianın əsaslı olduğu, yəni iddiaçının əməlində intizam xətasının tərkibi olmadığı qənaətinə gəlmişdir. Başqa sözlə, iddianı müddətin keçməsinə görə rədd etsə də iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan xətanı törətmədiyini də təsdiq edib. Məhkəmənin mövqeyindən belə çıxıb ki, iddiaçı iddia müddətini ötməsə idi, iddia əsaslı idi və təmin edləcəydi. Ancaq iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd edilməsi kifayət etdiyi üçün məhkəmənin iddianın əsaslı olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət və əsas yox idi. Çünki cavabdehin müddətin tətbiqi barədə ərizə verməsi və iddiaçının da həqiqətən bu müddəti ötürdüyü və müddətin bərpa edilməsi üçün əsas olmadığı qənaəti yetər idi ki, məhkəmə yalnız bu əsasla iddianı rədd etsin. Demək ki, məhkəmənin bu cür qənaəti ziddiyyətli olmuşdur.
28. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi 05 iyun 2024-cü il tarixdə iddiaçı əmək müqaviləsinə xitam verilməsindən məlumatı olub. Ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilirdi. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün olub. Çünki bu maddədə sadalanan digər əsaslar da vardır. Ona görə də yalnız əmək kitabçası və əmrin surətinin iddiaçıya çatdırılmasının sübut olunması iddia müddətinin axımının başlanmasına əsasdır.
29. Göstərilənlərdən əlavə, iddiaçı artıq xx.xx.2024-cü il tarixdən hüquqlarının pozulduğu günü bilib və həmin tarixdən iddia müddətinin axımı davam etsə yaxud başlasa belə yenə də 1 aylıq müddəti ötürmüş, 49 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı da nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində bu cür üzrlü səbəblərin olmasına dair nəinki sübut təqdim edib, ümumiyyətlə hansısa arqument də gətirməyib. Yalnız məhkəməyə vaxtında müraciət etməməsinin səbəbi kimi həmin vaxt psixoloji olaraq işdən çıxarılmağına görə iztirablar çəkməsi ilə əlaqələndirir. Bu cür vəziyyətdə iddiaçının düşdüyü vəziyyət başadüşülən olsa da ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi. 31.Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-390/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-390/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.