Məhkəmə qərarları › İş №2(103)-262/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-262/2025

17.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-262/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(005)- 2132/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, mənzil14-də qeydiyyatdadır.

2. Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzilini alıcı X1.

3. Bakı şəhəri 25 saylı notariat kontorunun xüsusi notariusu Səfərov.F.N tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X4 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzilini alıcı İddiaçı satmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1nda yerləşən ümumi sahəsi 65,64 kv.m olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşamaqdadır. ünvan 1nda yerləşən ümumi sahəsi 65,64 kv.m olan mənzil onun mülkiyyətindədir. Həmin mənzil ********** nömrəli qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdən onun qanuni mülkiyyətindədir. Halhazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(005)- 2132/2023 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzilini alıcı X1. Bakı şəhəri 25 saylı notariat kontorunun xüsusi notariusu Səfərov.F.N tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X4 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzilini alıcı İddiaçı satmışdır. Həmin vaxt hazırki mülki iş üzrə Cavabdeh bu mənzildə pasport qeydiyyatında olmuşdur. Hazırda cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, m 14 saylı mənzilində yaşamır, keçmiş mülkiyyətçi olmuş, lakin həmin ünvanda pasport qeydiyyatında olmaqda davam edir. Onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir.

8. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı və bağışlama müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ itirilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 178.1, 228.1, 228.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə çəkişmə prinsipinə əməl etmədən baxmış və qanunsuz qətnamə çıxartmışdır. Çünki məhkəmə iclası barədə hüquqlarını müdafiə etdiyim şəxsə heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Bu haldan Cavabdeh yalnız şəxsiyyət vəsiqəsi ilə notariusda əməliyyat etdiyi zaman məlumatı olmuşdur. Qeyd olunan mənzilin alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı həmin vaxtdan məhkəmə mübahisəsi başlamış və hal-hazırda davam edir. Xəzər rayon məhkəməsinin qərarı ilə iddiası təmin edilmişdir. (alğı-satqı müqaviləsi etibarsız olmuşdur) Məhkəmə qətnamə qəbul edərkən mübahisə predmeti olan mənzilin mövcud olubolmadığını araşdırmamışdır. Çünki həmin mənzil artıq 2 ildən çox bir müddətdir idi ki, sökülmüşdü. Bu hal da təbii ki, bağlanan müqavilənin formal olduğunu bir daha sübut edirdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak edtməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün saymışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə koellegiyası aşağıdakılara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır.

20. İddiaçının tələbi cavabdehin mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab olunması barədədir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.1, 228.4-cü maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir.

21. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında mübahisə olduğundan məhkəmə kollegiyası hazırkı işin icraatını dayandırmış və həmin iş üzrə yekun qərarın qanuni qüvvəyə minməsini gözləmişdir.

22. Həmin iş üzrə yekun qərar qanuni qüvvəyə mindikdən sonra hazırkı işin icraatı təzələnmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(003)- 2525/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mübahisəli evin alqı-satqısına dair Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4E-411 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh X2 adına qeydə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********75-05101-093028 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Bakı şəhəri 25 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-87 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh İddiaçı adına qeydə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********75-05101-093028 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

25. Göründüyü kimi, adı çəkilən məhkəmə qərarları ilə mübahisəli ev üzərində İddiaçı mülkiyyət hüquqları ləğv edilmişdir.

26. Məhkəmə kollegiyasının qənaətinə görə artıq iddiaçı mübahisəli ev üzərində mülkiyyət hüququ mövcud olmadığından iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. O, bu hüququnu yuxarıda adı çəkilən məhkəmə qərarına əsasən itirmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fıziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

31. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı ünvan 1nda yerləşən ümumi sahəsi 65,64 kv.m olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar