Məhkəmə qərarları › İş №2(103)-2621/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2621/2025

11.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2621/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon Kürdəxanı Bələdiyyəsini cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçılar İddiaçı1 və X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon Kürdəxanı Bələdiyyəsini cəlb etdiyi “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş mətubundan görünür ki, Azərbaycan Respublikası X15 “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan bağ sahiblərinin 10 avqust 1913-cü ilə dair siyahısından məlum olur ki, X23 Kürdəxanı kəndində 3 desyatin 1020 kv.m sajına bərabər olan torpaq sahəsi olmuşdur.

2. İcarəyə verən Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) X3 arasında 11 yanvar 2007-ci il tarixli 1075 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Kürdəxanı Bələdiyyəsi protokol əsasında yerləşən ümumi sahəsi 08 yanvar 2007-ci il tarixli 01 nömrəli “icarəçi” isə onu qəbul edir, icarəyə verilmiş torpaq sahəsinin təyinatı “Bağçılıq”, sahəsi 1200 kv.m, ümumi sahə üçün illik icarə haqqı 24 manat təşkil etmişdir.

3. İcarəyə verən Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) X20 arasında 30 noyabr 2007-ci il tarixli 1605 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsi 12 noyabr 2007-ci il tarixli 18 nömrəli protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçinin icarəsinə verir, icarəçi icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul edir.

4. İcarəyə verən Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) İddiaçı1 arasında 17 iyul 2007-ci il tarixli 1428 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsi 09 iyul 2007-ci il tarixli 12 nömrəli protokol əsasında şimalşərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçinin icarəsinə verir, icarəçi icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul edir.

5. İcarəyə verən Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) İddiaçı2 Aynı oğlu arasında 31 may 2007-ci il tarixli 1343 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsi 07 may 2007-ci il tarixli 09 nömrəli protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçinin icarəsinə verir, icarəçi icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul edir.

6. Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 11 yanvar 2007-ci il tarixli 1075 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş X2 icarəsinə verilmişdir.

7. Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 31 may 2007-ci il tarixli 1343 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimalşərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı2 icarəsinə verilmişdir.

8. Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 17 iyul 2007-ci il tarixli 1428 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimalşərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı1 icarəsinə verilmişdir.

9. Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 30 noyabr 2007-ci il tarixli 1605 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı3 icarəsinə verilmişdir.

10. Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 30 noyabr 2007-ci il tarixli 1607 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı4 icarəsinə verilmişdir.

11. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İcarə müqavilələri Kürdəxanı Bələdiyyənin sənədlər arxivində yoxlanılmışdır. 1075 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi X2, 1428 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi İddiaçı1, 1343 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi isə X9 adına ayrılmışdır. 1605 nömrəli İcarə müqaviləsi Bələdiyyəsinin sənədlər arxivində yoxdur. Həmçinin məktubda adları qeyd olunan İddiaçı3 və İddiaçı4 adına sənəd aşkar olunmamışdır.

12. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, icarə müqavilələri Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində yoxlanılmış, 1075 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi X2, 1428 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi İddiaçı1, 1343 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi isə X9 adına bağlanmışdır. 1605 nömrəli İcarə müqaviləsi və məktubda adları qeyd olunan İddiaçı3 və İddiaçı4 adına Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində heç bir sənəd mövcud olmadığı bildirilmişdir. Həmçinin İcarə müqaviləsinin plan-sxemində bağ nömrəsi qrafikasında "Nəzərdə tutulan bağ” göstərilmişdir, bu səbəbdən də sahəsinin koordinatlarının və yerinin təyin olunması qeyri mümkündür. Sözügedən icarə müqaviləsi əsasında ayrılmış torpaq sahələri Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində olmadığı qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Krokus” MMC tərəfindən zəbt olunan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən onlara məxsus ümumillikdə 4800 kv.m torpaq sahəsinin, o cümlədən X4 aid 1200 kv.m torpaq sahəsinin, İddiaçı2 oğlna aid 1200 kv.m torpaq sahəsinin, İddiaçı4 aid 1200 kv.m torpaq sahəsinin, Əli-zadə Haci İlqar oğluna aid 1200 kv.m torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən, ümumilikdə 6000 kv.m torqaq sahəsi onların ata-baba torpaqları olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivi tərəfindən verilən xx.xx.2005-ci il tarixli 9/1132 nömrəli məktub-arayışa əsasən X15 “Bakı Qradonaçalnikinin dəfətərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan bağ sahiblərinin 10 avqust 1913-cü ilə dair siyahısından məlum olur ki, Atabala İslam oğlunun Kürdəxanı kəndində 3 desyatin 1020 kv. sajinə bərabər olan torpaq sahəsi olmuşdur. Yüz ildən artıqdır ki, həmin torpaq sahələri fasiləsiz olaraq onların ailəsinə məxsus olmuş, torpağa mulkiyyətçi kimi sahiblik etmiş və istifadə etmişlər. Mərhum babaları Atabala İslamovun özü, ailə üzvləri, övladları, nəvələri həmin bağdan istifadə etmiş, hamısı uşaq vaxtı həmin sahədə oynamış, bağdakı bar verən ağaclardan meyvə dərmişlər, bu yerlərdə böyüyüb boya-başa çatmışlar. Lakin torpaq sahələrinin ailə üzvlərinin adına sənədləşməsi işləri başa çatmamış qalmışdır. Belə ki, onlar mülkiyyət sənədi üçün müvafiq dövlət orqanlarına zaman-zaman, mütəmadi müraciət etmişlər. Onlara bildirilmişdir ki, bu zonada torpaq sənədləşməsinin başa çatdırılması üçün yüksək səviyyədə işlər aparılır, müvafiq qərar qəbul olunacaq və işlər yekunlaşacaqdır, bir müddət gözləmək lazımdır. 2005-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən onlara bildirmişlər ki, dövlət arxivindən sənəd aldıqdan sonra müvafiq bələdiyyəyə müraciət etməklə sənədləşmə işlərini apara bilərlər. Onlar da Dövlət Arxivindən sənəd alaraq, Kürdəxanı Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə tərəfindən müvafiq sənədlər hazırlanıb verimişdir. Beləliklə, 2007-ci ildə sözügedən torpaq sahələri, İslamov Atabalanın ailə üzvləri kimi onların adına, hər birinin adına 1200 kv.m. (0.12 ha) olmaqla sənədləşdirildi. X3 vəfat etmişdir, onun adına olan torpaqla bağlı ayrıca iddia qaldırılacaqdır. Mərhum babaları Atabala İslamovdan qalan torpaqları, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1075 nömrəli X12 əsasən X3, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1428 nömrəli X12 əsasən İddiaçı1, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1343 nömrəli X12 əsasən İddiaçı2, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1067 nömrəli X12 əsasən İddiaçı4, Kurdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1605 nömrəli X12 əsasən İddiaçı3 adına rəsmiləşdirilmişdir. Sözügedən bələdiyyə qərarlarının 3-cü bəndinə əsasən torpaq sahəsində tikinti işləri aparıla bilər. 2007-ci ildən başlayaraq Cavabdeh şirkətinin əməkdaşları tərəfindən torpaqlarının zəbt olunmasına cəhdlər oldu, şirkət əməkdaşları tikinti apararkən onların sahəsinə keçmiş, dərhal etiraz edərək, polis orqanlarına və Bələdiyyəyə şikayət etmişlər. Şikayətlərinə əsasən Polis orqanı və Bələdiyyə tərəfindən Cavabdeh şirkətinin əməkdaşları ərazidən kənarlaşdırılmış, o cümlədən aparılan kiçik həcmli qanunsuz tikililər sökülərək, ərazidən kənarlaşdırılması təmin edilmişdir. Bundan sonra Cavabdeh şirkətinin əməkdaşları onlarla əlaqə yaradaraq torpaqlarını almaq niyyətində olduqlarını bildirmişlər. Cavabdeh şirkətinin nümayəndələri bəyan etmkşlər ki, Cavabdeh şirkəti bu ərazidə böyük həcmdə investisiya yatıraraq turizm obyektləri inşa etməyi planlaşdırır, torpaq sahələrini alır və müvafiq olaraq kompensasiya ödəyir. Şirkətdən onlara demişlər ki, onların torpaqları bir neçə ailə üzvlərinin adına olduğundan hər kəslə ayrı-ayrı danışıqlar aparılması vaxt itkisinə səbəb olar, ümumi niyyət və razılıq olarsa, bir nəfər təmsilçi təyin olunsun və o, nümayəndə kimi şirkətlə danışıqlar aparsın, müzakirə aparsın, qarşılıqlı razılaşma əldə olunsun. Bu minvalla onlar, ailənin etibarlı nümayəndəsi, bilik və savadı ilə seçilən, babaları, Atabala İslamovun sevimli övladı, X5 hamının səlahiyyətli nümayəndəsi kimi seçmişlər, notariat qaydasında da etibarnamə verərək, onu bütün lazımi səlahiyyətlərə malik nümayəndələri təyin etmişlər. Nümayəndələri və ailənin təmsilçisi kimi Hafizə İslamova Cavabdeh şirkətilə danışıqlar aparmış, hər dəfə ona müvafiq kompensasiya ödəniləcəyi vədi verilərək, yaxında ödənişlərin icra olunacağı deyilsə də, heç bir nəticəsi olmamışdır. Bir müddət sonra torpaqları cavabdeh tərəfindən zəbt olunmuş, nə torpaq sahələri qaytarılır, nə də ki, kompensasiya ödənilir. Onları yalan vədlərlə aldadaraq, cavabdeh zaman qazanmağa çalışmışdır. İddiaçılar və nümayəndələri Hafizə İslamova ölkə başçısı, Prezident cənab İlham Əliyevə, vitse-prezident, birinci xanım Mehriban xanım Əliyevaya şikayət ərizələri yazdıqdan sonra, onlarla təkrar maraqlanmağa başlamışlar. Krokus şirkətinin nümayəndələri Hafizə İslamovanı dəvət edərək, görüşmüş və bildirmişlər ki, yaxın vaxtlarda müvafiq kompensasiya ödənişi həyata keçiriləcəkdir, narahatçılığa əsas yoxdur, şikayət olunmasın, bütün lazımi tədbirlər görüləcək, vaxtında bütün məsələlər öz müsbət həllini tapacaqdır. Lakin yenə də verilən söz və vədlərə əməl olunmadığından, məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Onlar uzun illərdir, onillərdir (100 ildən artıq) sahibi olduqları ata-bala torpaqlarına mülkiyyət sənədləri, eləcə də tikiləcək tikililər ilə bağlı müvafiq sənədləri düzəltmək, qaydaya salmaq üçün iş aparırmışlar. Lakin cavabdeh bunlara mane olaraq onların torpaqlarını zəbt etməyə başlamışdır. Hazırda cavabdeh onlara məxsus torpaq sahəsinə qanuna zidd olaraq, özbaşınalıqla sahiblik edir, ondan istifadə edir və onlara qarşı zorakılıq tətbiq edərək sahəyə buraxmır. Cavabdeh şirkətin bir çox vicdanlı əməkdaşları isə onlara bildirir ki, əslində cavabdeh şirkətin rəhbərliyi onlara kompensasiya ayırmışdır, lakin şirkətin bəzi əməkdaşları ayrılan kompansasiyanı mənimsədiyindən, müxtəlif yollarla onları uzaqlaşdırmağa, vaxt qazanmağa çalışırlar, eləcə də qeyd edirlər ki, 25 ha torpaq sahəsinin pulu verilməyib, ödənişlər olmalıdır, 77 ha torpaq sahəsi Kürdəxanı Bələdiyyəsindən alqı-satqı yolu ilə alınıb, onların torpaqları həmin 77 ha sahəyə aid deyildir, pulu verilməyən 25 ha sahəyə daxildir. Göründüyü kimi cavabdeh onlara məxsus əmlakı əvəzsiz olaraq mənimsəmək niyyətindədir. Cavabdeh sözün həqiqi mənasında onlara məxsus sözügedən torpaq sahəsini zorakılıqla zəbt etmişdir. Cavabdeh şirkət həmin torpaq sahəsinə dair hüquqlarını təsdiq edən sənədi onlara təqdim etməkdən boyun qaçırdır. Uzun müddətdir ki, davamlı olaraq cavabdehə yazılı və şifahi qaydada müraciət edərək, ərizə və məktublar ünvanlansa da, cavabdeh şirkət tərəfindən onlara yazılı heç bir cavab verməmişdir. Hər dəfə onlardan sənədlərin surətləri alınmış və şifahi olaraq kompensasiya ödəniləcəyi vəd edilmiş, lakin indiyə kimi nə kompensasiya ödənilmiş, nə də torpağımız qaytarılmışdır. Cavabdeh hazırda onlara məxsus torpaq sahəsinə qanunsuz və əsassız olaraq sahiblik edir, ondan istifadə edir, hətta üzərində sərəncam verəcəyini bəyan edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 aprel 2024-cü il tarixli 3-21-3/2-İ- 0298-8/2024 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubunda onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Güloğlan Məmmədov tərəfindən onlara ünvanlanan xx.xx.2016-cı il tarixli məktubda (eyni məzmunlu çoxsaylı digər məktublarda) bildirilir ki, onlara məxsus bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 284 nömrəli, xx.xx.2007ci il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "Krokus” MMCyə icarəyə verilmiş əraziyə düşür və məsələ ilə bağlı həmin Cəmiyyətə müraciət etmələri bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından onlara sözügedən sərəncamda "Krokus” MMC-yə sahibkarlıq məşğul olunması üçün verilən sahədə qarşılıqlı razılıqla torpaq sahələrinin alınması və müvafiq qaydada kompensasiya verilməsi şərti qeyd olunmuşdur. Bununla yanaşı onlara deyilib ki, həmin sərəncam əsasında "Krokus” MMC-yə verilən sahənin ölçüsü və yerləşmə sxemi ilə onların sahələrin yerləşmə sxemi fərqlidir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinə dair özündə mövcud olan hər hansı sənədi onlara təqdim etməkdən boyun qaçırdır, onların çoxsaylı ərizə, şikayət və müraciətlərinə yazılı qaydada cavab verməkdən boyun qaçırdır. Bununla da cavabdeh təqsirli və qərəzli olduğunu nümayiş etdirir.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X10)

16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin Bakı Qradanaçalnikinin dəftərxanası fondunun 10 avqust 1913-cü il tarixli, siyahısına əsasən babaları Atabala İslam oğlunun mülkiyyəti olmaqla ondan miras qalmasına, miras əmlak kimi onların qanuni mülkiyyəti olmasına istinad edirlər. Məhkəmə qeyd edir ki, bu istinadın heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 05 may 1920-ci il tarixli Torpaq haqqında Dekretlə bütün torpaq sahələri milliləşdirilməklə dövlət mülkiyyətinə verilmişdir. İnqlabdan əvvəl əldə olunan torpaq sahələrinin hazırda vərəsələr tərəfindən qəbulu qanunla tənzimlənməməklə resitutsiyaya yol verilmir. İddiaçılara Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin cavabdehin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində olması təstiq olunmur. İddiaçılar bu tələblərini təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçıların mübahisəli torpaq sahəsinədə hər hansı bir hüququnun olması məhkəmə iclasında müəyyən edilməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 152.6-cı, 178-ci, 560-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə mübahisəli torpaq sahəsinin Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənəşdirmək üçün ekspertiza təyin edilərək, müvafiq rəy alınmalı olmasına baxmayaraq, iş üzrə ekspertizanın keçirilməsindən imtina etmişdir. İddiaçıların iddia etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, Cavabdeh MMC hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə edərək, iddiaçıların qanunla qorunan hüquqlarını pozur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında cavabdeh X1 vəkili və nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin ləğv edilməsini xahiş etmişdir.

22. İş üzrə cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konsitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin Bakı Qradanaçalnikinin dəftərxanası fondunun 10 avqust 1913-cü il tarixli, siyahısına əsasən babaları Atabala İslam oğlunun mülkiyyəti olmaqla ondan miras qalmasına, miras əmlak kimi onların qanuni mülkiyyəti olmasına istinad edirlər. Lakin bu istinadın heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 05 may 1920-ci il tarixli Torpaq haqqında Dekretlə bütün torpaq sahələri milliləşdirilməklə dövlət mülkiyyətinə verilmişdir. İnqlabdan əvvəl əldə olunan torpaq sahələrinin hazırda vərəsələr tərəfindən qəbulu qanunla tənzimlənməməklə resitutsiyaya yol verilmir.

31. İddiaçılara Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin cavabdehin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində olması təstiq olunmur. İddiaçılar bu tələblərini təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

32. İddiaçıların mübahisəli torpaq sahəsinədə hər hansı bir hüququnun olması məhkəmə iclasında müəyyən edilməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

33. Eyni zamanda 2007-ci ildə Kürdəxanı Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsnə əsasən torpaq sahələri 10 (on) il müddətinə iddiaçılara icarəyə verilmiş, yəni 2017-ci il tarixinə kimi, lakin 2017-ci il tarixindən sonra sözügedən torpaq sahələrinin iddiaçıların istifadəsinə verilməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmamışdır.

34. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli məktubundan da görünür ki, icarə müqavilələri Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində yoxlanılmış, 1075 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi X2, 1428 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi İddiaçı1, 1343 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi isə X9 adına bağlanmışdır. 1605 nömrəli İcarə müqaviləsi və məktubda adları qeyd olunan İddiaçı3 və İddiaçı4 adına Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində heç bir sənəd mövcud olmadığı bildirilmişdir. Həmçinin İcarə müqaviləsinin plan-sxemində bağ nömrəsi qrafikasında "Nəzərdə tutulan bağ” göstərilmişdir, bu səbəbdən də sahəsinin koordinatlarının və yerinin təyin olunması qeyri mümkündür. Sözügedən icarə müqaviləsi əsasında ayrılmış torpaq sahələri Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində olmadığı qeyd edilmişdir.

35. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iddia etdiyi torpaq sahələri onların mülkiyyəti kimi dövlət qeydiyyatına alınmadığından və mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqlarının olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən ekspertiza keçirilməsinə də zərurət qalmır.

36. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, İddiaçı1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4793/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar