Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2622/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X14 və X2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, Cavabdeh və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6388/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X20 Bala Ağa oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, həyat yoldaşı X8, qızları X5 və X6 qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 111 saylı evə əvvəllər yaşadıqları ev əşyalarının və əmlaklarının ümumi sahəsi 18.2 kv.metr olan mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6388/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı, onun həyat yoldaşı X13, qızları X12 və X6 qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 111 saylı evə köçürülmələri, iddianın digər hissədə təmin edilməməsi qət eilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6388/2019 saylı qətnaməsinin ləğv olunub iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən ünvanda ona məxsus yaşayış evinin ümumi sahəsi 47.7 kv.m olub 3 otaqdan ibarətdir. Həmin yaşayış evini xx.xx.2009-cu ildə mərhum ataları Balayev X15 heç bir qeyd şərtsiz ona bağışlamışdır. Yaşadıqları ev ataları Balayev X11 mülkiyyətində olmuşdur. İddiaçı 2002-ci ilə qədər həmin evdə yaşamış, 2002-ci ildə ailəsi ilə birlikdə daimi yaşamaq üçün həmin evdən köçüb getmişdir. Evin mülkiyyətçisi olan ataları tərəfindən sağlığında qeyri-rəsmi olaraq ona verilmiş iki otağın 8,7 kv.m olan 1 otağını Esmira Əsgərovaya, digər 14 kv.m olan 1 otağını isə Fəridə Kanavalovaya satmış, əldə etdiyi pula başqa ünvanda mənzil almış, daimi yaşamaq üçün ailəsi ilə birlikdə yeni aldığı mənzilə köçüb orada yaşamış və formal olaraq həmin ünvanda qeydiyyatda qalmışdır. O isə hazırda da ailəsi ilə birlikdə özünə məxsus olan həmin evdə yaşayır. Çıxarışdan görünür ki, İddiaçı özünün və ailə üzvlərinin köçürülməsini tələb etdiyi, ünvan 1 saylı ünvanda yerləşən 18.2 kv.m ölçüdə otaq onun deyil, başqasının mülkiyyətindədir. Belə ki, göstərilən ünvanda 18,2 kv.m ölçüdə 2 otaq vardır. Həmin otaqlardan biri Həbibullayevanın, digəri isə Aygün Nabardın mülkiyyətindədir. Onların heç biri hazırkı iş üzrə cavabdeh qismində cəlb olunmamış, onlara qarşı heç bir iddia irəli sürülməmişdir. İddia ərizəsində göstərilən 18,2 kv.metrlik mənzilin ona heç bir aidiyyəti olmadığı üçün məhkəmənin predusiallıqla əlaqədar gəldiyi nəticə də tamamilə yalnışdır. Apelyasiya baxışı zamanı cavabdeh və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İddiaçı iddia tələbində özünün ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evin əvvəllər yaşadıqları 18.2 kv.m olan mənzilinə köçürülmələrini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçı və ailə üzvlərinin Nəsimi rayonu, Əbilov küçəsi, ev 111 ünvanına köçürülmələrini qət etsə də ümumi sahəsi 18,2 kv.m olan mənzilə köçürülmələri hissəsində iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslandırmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 111 ünvanında yerləşən ev paylı mülkiyyətdədir və ümumi sahəsi 187.6 kv.m., yaşayış sahəsi isə 106.8 kv.metrdən ibarətdir. 111 saylı evin 3 otaqdan ibarət yaşayış sahəsi 47.7 kv.m olan hissəsi Cavabdeh, 1 otaqdan ibarət yaşayış sahəsi 14 kv.m olan hissəsi X3, 1 otaqdan ibarət 18.2 kv.m sahəsi X9, 1 otaqdan ibarət yaşayış sahəsi 8.7 kv.m olan hissəsi X7 və 1 otaqdan ibarət 18.2 kv.m olan hissəsi isə X1 mülkiyyətindədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həyat yoldaşı və iki qızı ilə birlikdə həmin evə köçürülmələrini xahiş etsə də iddiaçının həyat yoldaşı və qızları yetkinlik yaşına çatmış şəxslər olduqlarından və müstəqil tələb irəli sürmək hüququna malik olduqlarından onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İş materiallarında olan çıxarış və texniki pasportdan, eyni zamanda digər sənədlərdən müəyyən edilir ki, Nəsimi rayonu, Əbilov küçəsi, ev 111 ünvanında yerləşən fərdi yaşayış evində 18.2 kv.m olan iki otaq mövcuddur. Həmin otaqlardan biri X9, digəri isə X1 mülkiyyətindədir. Yəni cavabdehin mülkiyyətində sahəsi 18.2 kv.m olan hər hansı otaq mövcud deyil. Cavabdehin mülkiyyətində həmin ölçüdə iddiaçının ailə üzvləri ilə birlikdə yaşadıqlarını iddia etdiyi 18.2 kv.m otaq olmadığı üçün həmin sahəyə köçürülmə barədə iddia tələbinin təmin edilməsi üçün də əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsinin 111 saylı evə köçürülmələri barədə gəldiyi nəticə isə qeyri-müəyyəndir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6388/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2622/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2622/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver