Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2622/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6110/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “mənzilin bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxılıb qurtaranadək mülkiyyətində olan ünvan 1 ünvanında mənzilinin yerləşdiyi yerdə tikinti işləri aparılmasının cavabdehlər və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli (hakim C.Musayeva, iş № 2(006)- 6110/20) qərardadı ilə “iddianı təmin etmə tədbiri” barədə ərizə təmin olunmamışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasında mülkiyyətçi olaraq iddiaçının hüquqlarının müdafiəsinə dövlət təminat verir. Lakin hər iki cavabdeh MMC qanunsuz hərəkətlərə yol vermiş, onunla razılıq əldə etmədən, müvafiq qaydada müqavilə bağlamadan, məhkəmə qərarı olmadan vəhşicəsinə, vandalizm aktı kimi ona məxsus mənzili söküb dağıtmış, mənzildə olan əmlakların bir qismi oğurlanmış, bir qismi isə söküntülərin altında qalmışdır. Bütün bu qanunsuz hərəkətlər nəticəsində iddiaçı mülkiyyətindən məhrum olmuş və ailə üzvləri ilə birlikdə qohumlarının, dost-tanışların evlərində yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən iddiaçı, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mənzilin bərpa edilməsini, mənzilin dağıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 27.000 manat, mənəvi zərərin əvəzi olaraq 150.000 manat məbləğində pulun hər iki cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mənzilin dağıdılmasının tam başa çatdırılmaması və iş üzrə qəbul edilə biləcək qətnamənin icrasının təmini məqsədi ilə isə iddiaçı mənzilinin yerləşdiyi yerdə tikinti işlərinin aparılmasının cavabdehlərə və üçüncü şəxçlərə qadağan edilməsini xahiş etmişdir. Əgər iddianın təmini tədbirinin görülməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılarsa, tikinti işləri dayandırılmasa, cavabdehlər həmin ərazidə çoxmənzilli yaşayış binası tikdikdən sonra iş üzrə iddia təmin olunduğu təqdirdə, qətnamənin gələcəkdə icrasında çətinlik yaranacaqdır. Hesab edir ki, iddiaçının ərizəsi həm işin halları, həm də mülki prosessual qanunvericiliyin tələbləri baxımından əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfin iddia ərizəsindən və təqdim etdiyi digər sənədlərdən görünür ki, cavabdehlər iddiaçıya məxsus mənzilin də yeriəşdiyi ərazidə söküntü işlərini həyata keçirir. Hazırkı məhkəmə mübahisəsi başa çatanadək, iddiaçıya məxsus mənzilin MMC tərəfindən tam dağıdılması isə əmlakın tamamilə məhv olmasına, iddiaçının öz mülkiyyətindən məhrum olmasına gətirib çıxara bilər. Bu halların qarşısının alınması üçün mülki iş üzrə iddianın təmini tədbiri görülməli, sözügedən ünvanda cavabdehlər tərəfindən aparılan söküntü işləri dayandırılmalıdır. Bu işlərin aparılması eyni zamanda üçüncü şəxslərə də qadağan edilməlidir. Eyni zamanda qeyd edir ki, “iddianın təmini tədbirinin görülməsi barədə" ərizəyə baxaraq ərizəni rədd etmiş Nəsimi Rayon Məhkəməsi qərardadını əsaslandırmamış, bununla da qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını, iddianın təmini tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddianı təmin tədbirinin tətbiqinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: - mülkiyyətində olan və cavabdehlər tərəfindən sökülmüş mənzilin bərpası: - ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi. İddiaçı eyni zamanda iddianın təmini tədbirinin tətbiqi barədə ərizə verərək mülkiyyətində olan mənzilin yerləşdiyi yerdə tikinti işləri aparılmasının cavabdehlər və üçüncü şəxslərə qadağan olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsassız sayaraq rədd etmişdir. Məhkəmənin qənaətinə görə görülməsi xahiş edilən iddianı təmin tədbiri iş üzrə iddia tələbi ilə bağlı olsa da, bu cür tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam, düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə işin apellyasiya baxışı zamanı araşdırılan hallarına əsasən müəyyən etdi ki, iddiaçının mülkiyyətində olan mənzil cavabdehlər tərəfindən sökülmüş olsa da, istər həmin mənzilin yerində, istərsə də qonşu ərazidə hər hansı tikinti işləri aparılmamışdır. Digər tərəfdən, təqdim olunan sənədlərə əsasən müəyyən edildi ki, “xxxx” MTK Nəsimi Rayon Məhkəməsində İddiaçı və qeyrilərinə qarşı “mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və mənzilin sökülməsi” barədə iddia qaldırılmışdır. Həmin iddia ərizəsi icraata qəbul edilmiş və hazırda məhkəmə baxışı mərhələsindədir. Qeyd olunan iddia ərizəsində İddiaçı məxsus mənzilin sökülməsi barədə qətnamə çıxarılması xahiş edilsə də, hazırkı işin hallarından göründüyü kimi mübahisəli mənzil artıq sökülmüşdür. Halbuki, Nəsimi rayon İcra Hakimiyyətinin “yaşayış və qeyri-yaşayış sahələrinin layihələndirilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 196 saylı sərəncamında mənzilin tikinti təşkilatı ilə mülkiyyətçi arasında əldə olunan qarşılıqlı razılıq əsasında sökülməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tətbiq olunmasını tələb etdiyi iddianı təmin tədbiri ilə iddia tələbinin arasında xüsusi bağlılıq vardır. İddiaçının mənzilinin bərpası baxımından həmin mənzilin yerində tikinti işlərinin aparılmaması gələcəkdə qətnamənin icrasını təmin etməyə xidmət edə bilər. Bu baxımdan hazırkı vəziyyətdə tələb olunan növdə iddianı təmin tədbirinin tətbiqi iddianın özünün gələcəkdə mümkün təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlmişdir. Ona görə də iddianın təmini tədbirinin görülməsi barədə ərizəyə yenidən baxılarkən yuxarıda göstərilən hallar bir daha araşdırılmalı və iddianın təmini tədbirinin tətbiqinin mümkünlüyünə qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu öz mahiyyətinə görə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız bir prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş iddianın təmini tədbirinin tətbiqi ilə bağlı ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2622/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2622/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver