Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2624/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X2” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “X2” MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan işəgötürən “X2” MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsindən görünür ki, həmin müqavilə sonuncunun X4 vəzifəsinə qəbul edilməsi haqında bağlanmışdır.
2. Müqavilənin 2.1-ci bəndində müavilənin müddətsiz bağlanması qeyd edilmişdir.
3. İş materiallarında olan iddiaçının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun doğum tarixi xx.xx.1958 olmaqla, xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsindən əvvəl, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur.
4. İş materiallarında olan “X2” MMC-nin əmək müaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
5. İş materiallarında olan “X2” MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə ünvanlanmış bildirişdə göstərilmişdir ki, onunla xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı Əmək Müqaviləsinin 10-cu bəndinin 10.5 “ç” yarımbəndinə (işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda) əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam veriləcəkdir.
6. İddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən göstərilməklə qəbul edilmişdir. Həmin yarımbəndində əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar göstərilmişdir.
7. İşəgötürən “X2” MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar kimi həmçinin işçinin əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatması göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iş yerinə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin 5 aprel tarixindən 70000251 nömrəli müqaviləyə əsasən PPM şirkətində X4 vəzifəsində işləmişdir. 2024-cü il 30 avqust tarixində 10 gün əvvəldən xəbərdarlıq edilməklə Əmək Müqaviləsinin 10-cu maddəsinin 10.5 bəndinin “ç" yarımbəndinə istinad edərək işəgötürən birtərəfli olaraq əmək müqaviləsinə xitam vermişdir. Əsas səbəb kimi də şirkətin yeni siyasət (pensiya yaşına çatmış bütün işçilərin müqaviləsinə xitam veriləcəkdir) tətbiq etmək qərarı (şifahi olaraq) qeyd edilir. Bildirdiyinə görə, işəgötürən müqaviləyə xitam verməyə o qədər təkidli idi ki, prosedur və məntiq xətalarını gözdən qaçırmış və Əmək Məcəlləsinin tələblərinə tam şəkildə əməl etməmişdir: 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır: a) Əmrin verilməsinə əsas bölməsində tam açıqlama verilməmişdir, b) Əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər təqdim olunmamışdır (Bu sənəd özündə yeni şirkət siyasətinin niyə və nə vaxtdan tətbiq olunmasını əks etdirməli idi). 2.Hamıya məlumdur ki, əmək müqaviləsi fərdi şəkildə tərtib olunmur, şirkət üçün standart formada hazırlanır və hər bir işçi müqavilənin Əmək Məcəlləsinin maddələrinə və tələblərinə uyğun olduğuna əmindir. O, əmindir ki, müqavilənin "e" yarımbəndi legitim deyil (Əmək Məcəlləsinin 75-ci maddəsinin 5-ci bəndinin tələblərini ödəmir), xüsusilə pensiya yaşına çatdıqdan 17 ay sonra tətbiq edilmək üçün, çünki yarımbənddə "pensiya yaşına çatdıqda" yazılıb, yəni yaşın tamam olduğu ay. 3.Hətta "ç" yarımbəndi legitim sayılsa belə ona şamil edilə bilməz və onun müqaviləsinə xitam vermək üçün əsas ola bilməz. PPM şirkəti onunla artıq rəsmən pensiyaçı olduğu zamanda müddətsiz müqavilə bağlamış və bununla şirkətdə istədiyi yaşa qədər işləmək hüququ və zəmanəti vermişdir. Müqavilənin bağlanma tarixi və şərtləri "ç" yarımbəndinin tətbiqini imkansız edir.
10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 70000251 saylı əmək müqaviləsinə əsasən iddiaçı MMC-yə X4 vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 2.1-ci bəndə əsasən müddətsiz bağlanılmışdır. Əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinə əsasən (işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda) iddiaçı ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində bildiriş təqdim edilmişdir. İddiaçı bildirişi aldığını imzası ilə təsdiq etmişdir. Bildirişə uyğun olaraq, xx.xx.2024-cü il tarixli 200/24-k nömrəli əmr ilə cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrlə işçi xx.xx.2024-cü il tarixində tanış edilmişdir. Əvvəla, iddiaçının iddia etdiyinin əksinə, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam əməl olunmuşdur. Belə ki, əmrin verilməsinə əsas bölməsində əmək müqaviləsinə istinad olunmuşdur. Hansı ki, işçiyə verilən bildirişdə də əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdi. Üstəlik Əmrdə müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verildiyi də qeyd edilmişdir. Həmin bənd “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar” adlanır. Müqaviləyə xitam vermə əsası da Əmək Müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndi olduğundan, əmrin əsas bölməsində Əmək müqaviləsi qeyd edilməsi tam qanunidir. O cümlədən, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmrin məzmunundan da göründüyü kimi 84cü maddədə göstərilən tələblərin hər birinə əməl edilmiş, bütün zəruri məlumatlar göstərilərək əmr sadə formada tərtib olunmuşdur. Digər qüsur olaraq iddiaçı tərəfindən qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər təqdim olunmamışdır. Bu sənəd özündə yeni şirkət siyasətinin niyə və nə vaxtdan tətbiq olunmasını əks etdirməli idi. Bununla bağlı bildirmişdir ki, şirkət siyasətinin nə olduğu, niyə qəbul edildiyi, nə vaxtdan tətbiq olunduğunun əmək müqaviləsinə xitam əmrində göstərilməsi öhdəliyi daşımır. Şirkət hansısa siyasət qəbul edirsə, bunu aidiyyəti struktur bölmələri ilə paylaşır və tətbiqini həmin strukturdan tələb edir. Əmək qanunvericiliyində də şirkətin daxili siyasətinin əmək müqaviləsinə xitam əmrində göstərilməsi tələbi mövcud deyildir. Odur ki, bu cür siyasətin əmrdə göstərilməsinin özünün qanuni əsası olmadığından əmrdə belə bir siyasətə istinad olunmamışdır. İddiaçı eyni zamanda Əmək Müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinin legitim olmadığını, Əmək Məcəlləsinin 75-ci maddəsinin 5-ci hissəsinin tələblərini ödəməməsini qeyd edir. Bununla bağlı bildirmişdir ki, Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi” məsələlərini tənzimləyir. Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a)tərəflərin qarşılıqlı razılığı; b)səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c)əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə görə, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Əmək müqaviləsinin 10.5-ci bəndində də göründüyü kimi Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq, Əmək Müqaviləsinə müvafiq bəndlər daxil edilmişdir. Digər tərəfdən, Əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndi Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilən prinsiplərlə ziddiyyət təşkil etməməkdədir. Bundan əlavə, iddiaçı iddia ərizəsində göstərilən “ç” yarımbəndinin ona tətbiqinin imkansız olduğunu qeyd edib. Bununla bağlı bildirmək istəmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlandığı tarixdə iddiaçının 65 yaşına çatması bu yarımbəndin qüvvəsinə təsir etmir. Belə ki, müqavilənin bu yarımbəndi işəgötürənə hüquq verir ki, işçi ilə əmək müqaviləsini işçi əmək pensiyası yaşına çatdıqda, o cümlədən bu yaşa çatdıqdan sonra bu yarımbəndə istinad edərək ləğv edə bilər. Yarımbənddə qeyd edilən “işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” ifadəsi o demək deyildir ki, işçi 65 yaşına çatan kimi əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməlidir. İşəgötürənin bu hüququ işçi pensiya yaşına çatdıqda yaranır və qüvvədə qalmağa davam edir. İşəgötürən, işçi pensiya yaşına çatdıqda və pensiya yaşında olduğu davam edən dövr ərzində əmək müqaviləsinə öz mülahizəsinə əsasən xitam verə bilər. O cümlədən, işçinin əmək müqaviləsi imzalayarkən pensiya yaşına çatmış olması və müqavilənin həmin şərti ilə razılaşması müqavilənin qüvvəyə mindiyi tarixdən işəgötürənin həmin bəndə istinad edərək işçi ilə əmək müqaviləsini birtərəfli ləğv etmək hüququ yaranmışdır. Bununla belə nəzərə alınmalıdır ki, işəgötürən bu hüququndan sui-istifadə etməmiş, belə niyyəti də olmamışdır. Belə ki, işçi ilə əmək münasibətləri işçi əmək pensiyası yaşına çatdıqdan sonra 1 il 7 ay davam etdirilmişdir. Bu, işəgötürənin işçi ilə əmək münasibətlərini müəyyən müddətə qədər davam etdirməkdə maraqlı olduğunu, müqaviləyə xitam verilməsində hüququndan sui-istifadə etmədiyini göstərir. Əksinə işəgötürən pensiya yaşına çatmış iddiaçı ilə əmək münasibətlərini davam etdirərək humanistlik nümayiş etdirmiş və işçinin məşğulluğunu təmin etmişdir. Digər yandan, iddiaçı əmək müqaviləsi bağladığı anda müqavilə ilə tanış olmuş, onun şərtlərini oxumuş, heç bir şərtə etiraz etməmiş, bunun təsdiqi olaraq da əmək müqaviləsinin bütün səhifələrini imzalamışdır. Bu da bir daha əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi əsasında müqavilə şərtləri barəsində razılaşdığını göstərir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.” Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi tərəflərə əmək müqaviləsinin müddətinin müəyyən edilməsində sərbəstlik verdiyi kimi, analoji olaraq, Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsi də tərəflərə qarşılıqlı razılıq ilə müqaviləyə əlavə xitam halları nəzərdə tutmaq imkanı verməkdədir. Beləliklə, Konstitusiya Məhkəməsinin də mövqeyinə uyğun olaraq hazırki iş üzrə tərəflər hüquq bərabərliyi və sərbəst iradə ifadələrinin bəyanı və təsdiqi olaraq əmək müqaviləsinin 10.5-ci bəndinə “ç” bəndi daxil etmişlər.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi təmin edilmiş, “X2” MMC-nin xx.xx.2024-cü il tarixli 002-1/23-M nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “X2” MMC-də “X4” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrünün İddiaçı əmək stajına daxil edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, “X2” MMC-dən 100 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10-1.1, 69.3, 75.2, 300-cü maddələrinə, 70-ci maddəsinin “e” bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh “X2” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 70000251 saylı əmək müqaviləsinə əsasən iddiaçı MMC-yə X4 vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 2.1-ci bəndə əsasən müddətsiz bağlanılmışdır. İddiaçı Cavabdeh MMC ilə əmək müqavilə bağlamazdan əvvəl "xxxx" MMC ilə əmək müqaviləsi üzrə əmək münasibətlərində olmuşdur. Rəhbərlik səviyyəsində verilmiş qərara əsasən xx.xx.2023-cü il tarixindən etibarən "xxxx" MMC-nin idarəetməsində olan bir sıra layihələr, o cümlədən iddiaçının da çalışdığı “X9” biznes mərkəzi layihəsinin idarəetmə hüquqları "xxxx" MMC-dən Cavabdeh MMC-yə ötürülmüş, bununla əlaqədar olaraq "xxxx" MMC-də çalışan bir sıra əməkdaşların, o cümlədən iddiaçının "xxxx" MMC-dən Cavabdeh MMC-yə keçirilməsi qərarlaşdırılmışdır. Bununla bağlı Cavabdeh MMC adından 015/22 nömrəli, xx.xx.2022-ci il tarixli Əmr verilmişdir. Bu əmrin icrasına əsasən 2023-cü ilin yanvar, fevral, mart və aprel ayları boyunca mərhələli şəkildə layihələrin əməkdaşları ilə "xxxx" MMC arasındakı müqavilələrə xitam verilmiş və həmin əməkdaşlarla Cavabdeh MMC arasında yeni əmək müqavilələri imzalanmışdır. İddiaçının 2023-cü ilin fevral ayında Cavabdeh MMC-yə keçməsi planlaşdırılsa da, əvvəla iddiaçının xx.xx.2023 – xx.xx.2023- cü il tarixləri arasında məzuniyyətdə olması (bu barədə müvafiq əmrin surəti əlavədə təqdim edilir), eyni zamanda iddiaçının "xxxx" MMC ilə əmək müqaviləsinə xitam verərək, Cavabdeh MMC-yə keçməsindən bir müddət imtina etməsini nəzərə alaraq, iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinin imzalanması prosesi planlaşdırılandan daha gec, 2023-cü ilin aprel ayında baş tutmuşdur. Bunu iddiaçı birinci instansiya məhkəmə iclaslarında da etiraf etmişdir. Əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinə əsasən (işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda) iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində bildiriş təqdim edilmişdir. İddiaçı bildirişi aldığını imzası ilə təsdiq etmişdir. Bildirişə uyğun olaraq, xx.xx.2024-cü il tarixli 200/24-k nömrəli əmr ilə cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrlə işçi xx.xx.2024-cü il tarixində tanış edilmişdir. İddiaçının da birinci instansiya məhkəməsində iclas zamanı etiraf etdiyi kimi, iddiaçı işdən 2024-cü ilin oktyabr ayında ayrılmağa razı idi. Bunu nəzərə alaraq, işçiyə 2024-cü ilin sentyabr ayının əmək haqqısı əlavə olaraq ödənilmiş, işçi də bu əlavə haqqı qəbul etməkdən imtina etməmiş, qəbul etmişdir. Qeyd edək ki, Cavabdeh MMC ilə bağlanılan bütün əmək müqavilələrində 10.5-ci bəndin “ç” yarımbəndi (işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda) qeyd edilmişdir. Yəni bu yarımbənd tək iddiaçıya deyil, bütün işçilərə münasibətdə tətbiq edilir. Digər yandan iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsi bağlandıqdan sonra xx.xx.2024-cü ildən qüvvəyə minmək şərtilə, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavə imzalanmışdır ki, bu Əlavəyə əsasən iddiaçının əmək haqqı 250 AZN artırılmışdır. Bundan əlavə, iddiaçıya xx.xx.2024cü il tarixli 22 saylı əmrə əsasən 4025 AZN məbləğində mükafat ödənilmişdir. Qeyd edilənlərə əsasən bir daha görünür ki, işəgötürən olaraq Cavabdeh MMC göstərilən yarımbənddən sui-istifadə etmək, yaxud işçini çətin vəziyyətə salmaq niyyətində olmamışdır. İddiaçının iddia tələbləri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(006)-1100/2025 saylı qətnaməsi ilə təmin edilmiş, Cavabdeh MMC-nin müvafiq əmrinin ləğv edilməsi, iddiaçının MMC-dəki vəzifəsinə bərpa edilməsi, iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi, MMC-dən 100 manatdövlət rüsumunun tutulması qət edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1100/2025 saylı qətnaməsi qanunsuzdur, ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir: Məhkəmə qeyd edir ki, işəgötürən ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçinin əmək müqaviləsinə çalışmanın yaş həddinə əsaslanaraq xitam verə bilər. İstənilən işəgötürən yaşa görə əmək pensiyasına çıxan işçini bu səbəblə işdən azad edə bilməz və Əmək Məcəlləsində belə bir xitam maddəsi və ya bəndi mövcud deyildir. Yaşa görə əmək pensiyasına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi ancaq işçinin öz xahişi ilə həyata keçirilə bilər. Eyni zamanda vurğulanmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə müddətsiz olaraq qeyd edilmiş, müqavilə bağlanarkən işçinin pensiya yaşına çatması müqavilənin bağlanması üçün maneə törətməmişdir. Beləliklə, tərəflər arasında əmək müqaviləsinin müddətsiz bağlanması, müqavilə bağlanarkən işçinin artıq pensiya yaşına çatmasını nəzərə alaraq, işəgötürənin həmin əsasla əmək müqaviləsinə xitam verməsi əsassız olmuşdur. Belə ki, yaşa görə əmək pensiyasına çıxmaq üçün yaşı çatmış, amma əmək müqaviləsi müddətsiz bağlanmış işçiyə münasibətdə qeyd edilən əsasla xitam verilməsi müqavilənin bərabərlik prinsipini pozaraq, işəgötürənin üstün mövqedən çıxış etməsinə şərait yaratmışdır (bax: səh.5, abzas7). Bununla bağlı qeyd edir ki, əmək müqaviləsinin tərəfləri bərabərhüquqludur və əmək müqaviləsinə qanunvericiliyin yol verdiyi hallarda əlavə xitam şərtləri daxil etməkdə müstəqildirlər. Təəssüf ki, məhkəmə bunu qərar qəbul edərkən nəzərə almamış, qanunvericiliyi hərfi mənasında tətbiq etmiş, tərəflərin müqavilə bağlayarkən və müqaviləyə xitam verərkən əsl niyyətlərini, iş üzrə faktları gözardı etmişdir. Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi” məsələlərini tənzimləyir. Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən, tərəflər bu maddənin tələblərinə əməl edilməklə digər hallar müəyyən edə bilərlər. Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə görə, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.5-ci bəndində də göründüyü kimi Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq, Əmək Müqaviləsinə müvafiq bəndlər daxil edilmişdir. Digər tərəfdən, Əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndi Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilən prinsiplərlə ziddiyyət təşkil etməməkdədir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsi bağlandığı tarixdə iddiaçının 65 yaşına çatması bu yarımbəndin qüvvəsinə təsir etmir. Belə ki, müqavilənin bu yarımbəndi işəgötürənə hüquq verir ki, işçi ilə əmək müqaviləsini işçi əmək pensiyası yaşına çatdıqda, o cümlədən bu yaşa çatdıqdan sonra bu yarımbəndə istinad edərək ləğv edə bilər. Yarımbənddə qeyd edilən “işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” ifadəsi o demək deyildir ki, işçi 65 yaşına çatan kimi əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməlidir. İşəgötürənin bu hüququ işçi pensiya yaşına çatdıqda yaranır və qüvvədə qalmağa davam edir. İşəgötürən, işçi pensiya yaşına çatdıqda və pensiya yaşında olduğu davam edən dövr ərzində əmək müqaviləsinə öz mülahizəsinə əsasən xitam verə bilər. O cümlədən, işçinin əmək müqaviləsi imzalayarkən pensiya yaşına çatmış olması və müqavilənin həmin şərti ilə razılaşması müqavilənin qüvvəyə mindiyi tarixdən işəgötürənin həmin bəndə istinad edərək işçi ilə əmək müqaviləsini birtərəfli ləğvetmək hüququnu realizə etməyə imkan verir. Məhkəmə işəgötürənin üstün mövqedən çıxış etməsindən bəhs edir. Əvvəla əmək pensiyası yaşına çatan işçilərlə əmək müqavilələrinə birtərəfli xitam verilməsi işəgötürənin kadrlara dair siyasətinin bir hissəsidir və bütün işçilərə münasibətdə eyni formada tətbiq edilir. Bu siyasətə uyğun olaraq da, əmək müqavilələrinə bu şərtdaxil edilmişdir. Bundan əlavə, işəgötürən bu hüququndan sui-istifadə etməmiş, belə niyyəti də olmamışdır. Belə ki, işçi ilə əmək münasibətləri işçi əmək pensiyası yaşına çatdıqdan sonra 1 il 7 ay davam etdirilmişdir. Bu, işəgötürənin işçi ilə əmək münasibətlərini müəyyən müddətə qədər davam etdirməkdə maraqlı olduğunu, müqaviləyə xitam verilməsində hüququndan suiistifadə etmədiyini göstərir. Əksinə işəgötürən pensiya yaşına çatmış iddiaçı ilə əmək münasibətlərini davam etdirərək humanistlik nümayiş etdirmiş və işçinin məşğulluğunu təmin etmişdir. Üstəlik işəgötürən bu əsasdan çıxış edərək işçi ilə əmək müqaviləsini bağladıqdan qısa müddət sonra ləğv etməmişdir. Digər yandan, iddiaçı əmək müqaviləsi bağladığı anda müqavilə ilə tanış olmuş, onun şərtlərini oxumuş, heç bir şərtə etiraz etməmiş, bunun təsdiqi olaraq da əmək müqaviləsinin bütün səhifələrini imzalamışdır. Bu da bir daha əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi əsasında müqavilə şərtləri barəsində razılaşdığını göstərir. Beləliklə işəgötürənin iddiaçıya qarşı heç bir üstün mövqeyindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.” Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi tərəflərə əmək müqaviləsinin müddətinin müəyyən edilməsində sərbəstlik verdiyi kimi, analoji olaraq, Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsi də tərəflərə qarşılıqlı razılıq ilə müqaviləyə əlavə xitam halları nəzərdə tutmaq imkanı verməkdədir. Beləliklə, Konstitusiya Məhkəməsinin də mövqeyinə uyğun olaraq hazırki iş üzrə tərəflər hüquq bərabərliyi və sərbəst iradə ifadələrinin bəyanı və təsdiqi olaraq əmək müqaviləsinin 10.5ci bəndinə “ç” bəndi daxil etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Rafiq qızı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur.
16. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iş yerinə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(006)-1100/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “X2” tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlanmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(006)-1100/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X2”-in tələbi tamamilə əsassız və qanunsuzdur. Qeyd edir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı 2023-cü ilin 5 aprel tarixindən 70000251 nömrəli müqaviləyə əsasən PPM şirkətində “X4” vəzifəsində işləmişdir. 2024-cü il 30 avqust tarixində 10 gün əvvəldən xəbərdarlıq edilməklə Əmək Müqaviləsinin 10-cu maddəsinin 10.5 bəndinin “ç" yarımbəndinə istinad edərək işəgötürən birtərəfli olaraq əmək müqaviləsinə xitam vermişdir. İşəgötürən bu qərarını yalnız şifahi şəkildə bəyan etdiyi “şirkət daxilində yeni siyasətin tətbiqi – pensiya yaşına çatmış işçilərlə əmək münasibətlərinin dayandırılması” ilə izah etmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verən zaman prosedur və məntiq xətalarını gözdən qaçırmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam şəkildə əməl etməmişdir. Belə ki, 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır: a) Əmrin verilməsinə əsas bölməsində tam açıqlama verilməmişdir; b) Əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər təqdim olunmamışdır (Bu sənəd özündə yeni şirkət siyasətinin niyə və nə vaxtdan tətbiq olunmasını əks etdirməli idi). Hamıya məlumdur ki, əmək müqaviləsi fərdi şəkildə tərtib olunmur, şirkət üçün standart formada hazırlanır və hər bir işçi müqavilənin Əmək Məcəlləsinin maddələrinə və tələblərinə uyğun olduğuna əmindir. İddiaçı haqlı olaraq hesab edir ki, əmək müqaviləsində yer alan “e” yarımbəndi hüquqi cəhətdən legitim deyildir, çünki bu müddəa Əmək Məcəlləsinin 75-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğun şəkildə tərtib olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, həmin bənddə “pensiya yaşına çatdıqda” ifadəsi yer almışdır ki, bu da yalnız şəxsin pensiya yaşına çatdığı konkret tarixdə tətbiq edilə bilər. Halbuki müvəkkil pensiya yaşına çatdıqdan 17 ay sonra işə qəbul olunmuş və əmək müqaviləsi bağlanmışdır. Bu halda qeyd olunan müddəanın sonradan tətbiqi hüquqi baxımdan əsassız və etibarsızdır. Hətta "ç" yarımbəndi legitim sayılsa belə ona şamil edilə bilməz və onun müqaviləsinə xitam vermək üçün əsas ola bilməz. PPM şirkəti onunla artıq rəsmən pensiyaçı olduğu zamanda müddətsiz müqavilə bağlamış və bununla şirkətdə istədiyi yaşa qədər işləmək hüququ və zəmanəti vermişdir. Müqavilənin bağlanma tarixi və şərtləri "ç" yarımbəndinin tətbiqini imkansız edir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırır ki, Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi” məsələlərini tənzimləyir. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən, tərəflər bu maddənin tələblərinə əməl edilməklə digər hallar müəyyən edə bilərlər. Cavabdeh qeyd edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsində “pensiya yaşına çatdıqda müqaviləyə xitam verilə bilər” müddəası olub və bu əsasla müqaviləyə xitam verilməsi hüquqidir. Bu arqument tamamilə hüquqi baxımdan etibarsızdır, çünki: Bəli, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən, tərəflər müəyyən şərtlərlə əlavə xitam halları barədə razılaşa bilər. Lakin bu, hər bir hal üçün konkret əsaslandırma tələb edir. Mövcud vəziyyətdə bu tələb yerinə yetirilməyib. Belə ki, iddiaçı müqavilə imzalanan tarixdə artıq pensiya yaşına çatmışdı. Belə olan halda, “pensiya yaşına çatdıqda xitam verilə bilər” müddəası hüquqi nəticə doğura bilməz, çünki həmin hal müqavilənin bağlandığı anda artıq mövcud idi. Əgər müqavilə bağlanarkən bu şərt onsuz da artıq baş vermiş idisə, onun gələcəkdə tətbiqi absurddur və heç bir hüquqi əsas yaratmır. Yəni bu, xitam vermək üçün əsas deyil, sadəcə formal bir bənddir. Əgər işəgötürən pensiya yaşına çatmış şəxslə əmək müqaviləsi bağlayırsa, bu, onun yaşına baxmayaraq onun bilik və bacarıqlarına ehtiyac olduğunu göstərir. Müqavilə bağlandıqdan sonra eyni yaş faktına istinad edərək müqaviləyə xitam verilməsi ağlabatan deyildir. Əlavə olaraq, sözügedən əmək müqaviləsindəki “pensiya yaşına çatdıqda xitam verilə bilər” müddəası ümumi və qeyridəqiqdir. Bu müddəa birbaşa xitam üçün açıq şəkildə əsas vermir, çünki “çatdıqda xitam veriləcək” ifadəsi konkret tarix və hüquqi nəticə göstərmir. İşəgötürən bu bəndin işçiyə aydın şəkildə izah edildiyindən əmin olmalı idi. Standart müqavilə forması işçinin həqiqi iradəsini ifadə etmir – bu formallıqdan sui-istifadə hesab olunur və Əmək Məcəlləsinin ruhuna ziddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi və mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Göründüyü üzrə cavabdeh “X2”-in qətnamədən apellyasiya şikayəti əsassızdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi bütün sübutları və dəlilləri nəzərə alaraq 13 fevral 2025-ci il tarixli 2(006)-1100/2025 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş iddia ərizəsini təmin etmişdir. Hesab edir ki, “X2” tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilən apellyasiya şikayəti təmin olunmamalıdır. Cavabdeh “X2” tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(006)-1100/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən “X2” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
19. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
20. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
21. 9-cu maddəsinin “q” bəndinə əsasən, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
22. 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
23. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
24. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
25. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
36. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
37. İş materiallarından görünür ki, işəgötürən “X2” MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar kimi həmçinin işçinin əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatması göstərilmişdir.
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 yaş olduğunu nəzərdə tutan 10-1.1-ci maddəsini və həmin Məcəllənin yaşa görə əmək pensiyasına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsinin işçinin öz xahişi ilə həyata keçirilə bilməsini nəzərdə tutan 69-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq hazırki iş üzrə tərəflər arasında müddətsiz əmək müqaviləsinin bağlanılmasını, müqavilə bağlanarkən iddiaçının artıq pensiya yaşına çatmasını, həmin anda onun 65 yaşının tamam olmasını qeyd edərək iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticə qanuni və əsaslı deyil.
40. Azərbaycan Respublikasının Əmək Məcəllləsinin 75-ci maddəsinin 2-ci bəndində tərəflərin qarşılıqlı razılığından irəli gələrək işçi ilə əmək müqaviləsi bağlanarkən bu maddənin tələblərinə əməl edilməklə tərəflərin digər hallar müəyyən etməsi nəzərdə tutulmuşdur.
41. Belə ki, iddiaçının “müqavilə imzalanan tarixdə artıq pensiya yaşına çatması, həmin halın müqavilənin bağlandığı anda artıq mövcudluğu, müqavilə bağlanarkən bu şərtin mövcudluğunun onun gələcəkdə tətbiqinə hüquqi əsas yaratmaması” arqumenti Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi bağlanarkən bu maddənin tələblərinə əməl edilməklə tərəflərin digər hallar müəyyən etməsi müddəsına ziddir. Nəzərə alınmalıdır ki, artıq pensiya yaşına çatmış şəxs kimi işçi əmək müqaviləsində belə bir xitam əsasının mövcudluğunu dərk edərək müqaviləni imzalamışdır. Yəni, işçi sərbəst iradə ifadəsini bildirərək müqaviləni imzalamaqla müqavilə şərtləri ilə razı olduğunu təsdiqləmişdir. Bu hal onun müqavilə şərtləri barəsində məlumatlı olduğunu, o cümlədən işəgötürənin qeyd olunan “pensiya yaşına çatdıqda” xitam əsasından istifadə edərək onunla müqaviləyə xitam verə biləcəyi ehtimalını görməyə imkan vermişdir.
42. Kollegiya eyni zamanda bildirir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndində “pensiya yaşına çatdıqda” ifadəsi yer almışdır ki, həmin ifadənin hüquqi müstəvidə anlamı hazırki iş üzrə tərəflər arasında mübahisə doğuran hallardan biridir.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində “pensiya yaşına çatdıqda müqaviləyə xitam verilə bilər” müddəasını hərfi və tərəflərin müqavilə bağlanması anındakı həqiqi iradə və niyyətinə zidd olaraq məhdud mənada şərh etməklə məhz işçinin pensiya yaşına çatması tarixində icra edilməli xitam şərti olaraq qəbul etmişdir. Halbuki, burada niyyət, iradə ifadəsi məsələsi önəm kəsb edən əsas faktordur. Belə ki, ölkənin sosial təminat qanunvericiliyi pensiya yaşını maksimum 65 yaş olaraq müəyyən etməklə şəxsin həmin yaş həddinə çatması halında yaşa görə əmək pensiyası və ya eyni əsasla sosial müavinət ödənişinə hüququnun yaranmasını, başqa sözlə əmək qabiliyyətinin bioloji və fiziki anlamda aşağı düşməsi və əmək prosesindən uzaqlaşmasını qəbul etməkdədir. Yəni şəxs müvafiq yaş həddinə çatdıqda artıq işləməyə ehtiyacı olmamalıdır, nəticə etibarilə bu və ya digər formada dövlət təminatına alınmalıdır. İşəgötürənin işçi ilə müqavilə bağlayarkən onun pensiya yaşına çatdığını bildiyi halda, belə bir müddəanı müqavilədə nəzərdə tutmasının məqsədi, yaşı ötdükcə artıq əmək ehtiyatlarının azaldığı, səmərəliliyin lazımi səviyyədə qarşılanmaması səbəbi ilə işçi ilə əmək münasibətlərinə xitam verilməsinin hüquqi imkanının tənzimlənməsi hesab olunur.
44. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və 70-ci maddəsinin “e” bəndinə istinad etməsinə münasibətdə hesab edir ki, qeyd olunan maddələr dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın müəyyən edilmiş yaş həddinə çatmasını müəyyən etsə belə, bu imperativ norma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsi baxımından qarşılıqlı razılıq əsasında qeyri-dövlət müəssisəsində tərəflərin “işçinin pensiya yaşına çatması əsası ilə müqaviləyə xitam verilməsi” kimi xitam əsasını müqaviləyə daxil etməsini istisna etmir və ya hansı formada məhdudlaşdırmamışdır. Belə olan halda “pensiya yaşına çatdıqda müqaviləyə xitam verilə bilər” müddəası tərəflərin qarşılıqlı razılığı ilə işçinin pensiya yaşına çatması və eləcə də ondan sonrakı müddət ərzində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməsi imkanının müqavilədə hüquqi şəkildə təsbit edilməsini nəzərdə tutmuşdur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
48. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
49. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayətində qeyd edilənlər əsas götürülməklə, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar.
54. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edilsə də iddiaçı dövlət rüsumundan azad olduğu üçün apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “X2” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.