Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2626/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi Seyidov İlkin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2022 nömrəli, 27 dekabr 2022-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. İş materiallarında olan işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi haqqında xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cəmiyyətin Tədarük Zənciri direktorluğu, Xırdalan Logistika Departamenti, Əmtəə Anbar Şöbəsində fəhlə vəzifəsində çalışan İddiaçı, Cavid Cavanşir oğlu Ağamoğlanov və Ramil Çingiz oğlu Quliyev tərəfindən anbar yükləmə-boşalma zamanı ULKER HALLEY KT_240G*12 məhsuldan 1 qutu (12 ədəd) gizli şəkildə mənimsənilməsi faktı aşkar edilmişdir.
2. İş materiallarında olan Cavabdeh direktoru İrfan Yılmaz tərəfindən verilmiş 946/K saylı xx.xx.2022-ci il tarixli əmrin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cəmiyyətin Tədarük Zənciri direktorluğu, Xırdalan Logistika Departamenti, Əmtəə Anbar Şöbəsində fəhlə vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR-nın ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.
3. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 11 saylı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, lakin iddiaçı tərəfindən əmək kitabçası təhvil alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq 2 iş günü ərzində əmək kitabçasının müəssisədən təhvil alınması iddiaçıdan xahiş olunmuşdur. Əmək kitabçasının götürülməsi iddiaçının mövcud imkanları xaricindədirsə, razılıq verdiyi halda əmək kitabçasının poçt vasitəsilə iddiaçının qeydiyyat ünvanına göndərilə biləcəyi qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən çıxarılması barədə olan xx.xx.2022-ci il tarixli 946/K saylı əmrinin ləğv edilməsi, Cavabdeh MMC-də onun işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, xx.xx.2022-ci il tarixdən hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində məcburi işburaxma üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə 353/k saylı əmrlə "xxxx" MMC-yə fəhlə olaraq işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" MMC-nin adı Cavabdeh MMC adlandırılmışdır. xx.xx.2022ci il tarixdə Xırdalan Logistika şöbəsinə fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Cəmiyyətin Tədarük Zənciri direktorluğu Xırdalan logistika departamenti, Əmtəə anbar şöbəsinə fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə isə əsassız olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilmişdir. Dəfələrlə işdən çıxma əmrini istəsə də nə əmri, nə də ki, əmək kitabçasını ona verməmişlər. Sadəcə olaraq şirkətin qanunsuz əməlləri barədə məlumat verəndən sonra 17 iyul 2022-ci il tarixdə əmrin surətini və əmək kitabçasını ona vermişlər. Əmrin verilməsinə əsas kimi işçinin əmək funksiyası və ya ƏM üzrə öhdəliklərini yerinə yetirməsi barədə aktı göstərirlər. Lakin onun həmin aktdan xəbəri yoxdur. Lakin əmr verilməmişdən əvvəl şirkətin vəzifəli şəxsləri onu və digər iki nəfəri oğurluqda ittiham etdilər. Lakin bu sübut olunmadı. Buna baxmayaraq, əsassız əmr verərək onu işdən azad etdilər. Nəzərə almaq lazımdır ki, onu oğurluqda ittiham edirlər ona görə ki, guya o, oğurluq etmişdir. Həmin vaxt ona işdən çıxmaq barədə ərizə yazmağı təklif etdilər. O, razılaşmadıqda isə onu qanunsuz olaraq maddə ilə işdən çıxardılar. Onu bu əməldə ittiham edən şirkət onun barəsində polis orqanlarına müracət edərək barəsində araşdırma aparılmalı idi. Bundan sonra təqsiri sübut olunsa idi işdən azad oluna bilərdi. O, işində məsuliyyətli olmuş, işə vaxtında gəlmiş və vaxtında da işdən çıxmışdır. İşdə quraşdırılmış turniketlərdən də bunu müəyyən etmək olar. Möhtərəm Prezident «İşçilərin işdən azad edilməməsi çağırışını nəzərə alınmalıdır» çıxış edərək, Azərbaycan sahibkarlarına müraciətində «işçiləri işdən azad etməmələri barədə» çağırış etmiş, «ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur» qeyd etməsinə baxmayaraq, Prezidentin çağırışına Cavabdeh MMC tərəfindən heç bir məhəl qoyulmamışdır. Bir ailəni məhv etmişdir. Hesab edir ki, Prezidentin çağırışına birmənalı olaraq əməl olunmalıdır. Prezidentin çağırışına əməl olunmalı, heç bir halda işçilər işdən çıxarılmamalı, onların fəaliyyəti təmin edilməlidir. İşçilərə qarşı humanist davranılmalıdır. Hesab edir ki, Cavabdeh MMC-nin onun işdən çıxarılması barədə əmri ləğv edilməli, Cavabdeh MMC-də işə bərpa edilməli və həmin müddət əmək stajına aid edilməli, 19 aprel 2022-ci il tarixdən hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqı hesablanaraq ona ödənilməlidir. Hazırda onu 2022-ci il tarixdən işdən azad ediblər. Uzun illər həmin MMC-də işləməsinə, işində qüsursuz və fəal işçi olmasına baxmayaraq, bunların heç birini nəzərə almamış və onu qanunsuz olaraq işdən çıxarmışlar.
6. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir.
7. Etiraz və ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı tərəfindən anbar yükləmə-boşaltma zamanı Ulker Halley KT 240G* 12 məhsuldan 1 qutu (12 ədəd) gizli şəkildə mənimsənilməsi faktı aşkar edilmişdir. Aparılmış yoxlama xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edimişdir və iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi İddiaçı əmək intizamını kifayət qədər kobud şəkildə pozmuş, işəgötürənin mənafeyinə zidd hərəkətə yol vermişdir və bununla da işəgötürənə maddi ziyan vurmuşdur. İddiaçı işdən çıxarılarkən qanunun tələblərinə əməl olunmuş və o, işdən qanun əsasında azad edilmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddəsinin “e” bəndində göstərilən pozuntulara yol vermişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr, əmək kitabçası və son haqq-hesab sənədləri xx.xx.2022-ci il tarixədək təhvil verilmişdir. İddiaçı isə təxmini 6 ay keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bununla da iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddəti buraxmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2022 nömrəli, 27 dekabr 2022-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 12 və 35-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a”, 70-ci maddəsinin “ç” bəndlərinə, 72-ci maddəsinə, 72-ci maddəsinin “c” və “e”, 76-cı maddəsinin 2-ci, 83-cü maddəsinin 1-ci, 83-cü maddəsinin 2-ci bəndlərinə, 296.1-ci, 296.2-ci və 296.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci, 377.1 maddələrinə, R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi qarşı tərəf qəsdən əmri vaxtında işçiyə verməmişdir. Müddəti ötürməsi üçün səbəblər yaradılmışdır. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi hüququmun pozulduğu gün əmri və əmək kitabçasını aldığım gündür. O da əmrin surətini və əmək kitabçamı xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2022-ci il tarixdə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə sübutlar iş materiallarında vardır. Hüququnun pozulduğunu aşkar etdiyi gündən bir ay ərzində məhkəməyə müraciət etmişdir. Müddəti ötürməmişdir. İşdən çıxma barədə əmrin surəti və əmək kitabçası ona işdən çıxanda təqdim edilməmişdir. Yalnız 17 iyul 2022-ci il tarixdə işdən çıxama barədə əmrin surətini və əmək kitabçasını cavabdeh təşklatdan götürmüşdür və məlumat iş materiallarında mövcuddur. Bundan başqa Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(005)-3736/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Qərardad göndərildiyi tarix 04 sentyabr 2022-ci il, on çatdığı tarix isə 13 sentyabr 2022-ci ildir. Bundan sonra o, qarşı tərəfə 14 sentyabr 2022-ci il tarixdə mediassiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4565/2022 saylı 27 dekabr 2022-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Seyidov İlkin Tofiq oğlunun apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının:
15. Maddə 12 insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
16. Maddə 35 hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
17. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
18. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
20. 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir.
21. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
22. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
23. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
24. 296.1-ci, 296.2-ci, 296.4-cü maddələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. Maddə 372.1 bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Maddə 377.1 iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2022 nömrəli, 27 dekabr 2022-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Kollegiya qeyd edir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir.
38. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2- ci maddəsi).
39. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
40. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
41. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
42. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
44. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilibbilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz.
45. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Cavabdeh 946/K saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanuniliyi yoxlanılmalıdır.
46. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur.
47. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir.
48. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
49. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.
50. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “əmək vəzifələrini kobud şəkildə pozduqda” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi əmək vəzifələrinin kobud şəkildə pozulmasının konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır.
51. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə haqlı olaraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməlidir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir.
53. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur.
54. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
55. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilə dəlili ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 19 aprel 2022-ci il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə Cavabdeh 946/K saylı xx.xx.2022ci il tarixli əmrinin mövcud olmasını bilsə də, məhkəməyə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə yalnız xx.xx.2022-ci il tarixdə, qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir.
56. Məhkəmə kollegiyası iş üzrə ən mühüm hal kimi qeyd edir ki, iddiaçının Cavabdehnə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir.
57. Belə olan halda, məhkəmə haqlı olaraq qanunsuz olaraq işdən çıxarılma nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olması qənaətinə gəlir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2022 nömrəli, 27 dekabr 2022-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.