Məhkəmə qərarları › İş №2(103)-2627/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2627/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2627/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlunun və X3 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi (maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(002)-6806/2021 saylı qətnaməsindən ərizəçinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmış övladı X4 doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı X7 xx.xx.1995-ci il tarixdə faktiki nikahdan (nikah bağlamadan) Bakı şəhəri, Sabıınçu rayonu, Maştağa qəsəbəsində ev şəraitində doğulubdur. Qızı dünyaya gəldikdən sonra bir müddət atası Ziyadxan ilə birlikdə yaşasalar da, sonradan onlar ayrılmış və onun barəsində heç bir məlumat ala bilməmişdir. Ona görə də X7 üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. X13 yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, onun Azərbaycan Respublikasının vətəndaşı kimi öz hüquqlarından istifadə etməsinə mane olur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(008)- 6806/2021 saylı qərardadı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair” mülki işin icraatına müvafiq doğum haqqında şəhadətnamənin verilməsi hissəsində xitam verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(008)- 6806/2021 saylı qətnaməsi ilə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək qızı Fidan doğularkən Maştağa qəsəbəsində kimin evində kirayədə yaşadığını, kimin doğuşu qəbul etdiyini, kimlərin buna şahid olduğunu məhkəməyə bildirmiş, hakimin tələbi ilə qızı ilə olan fotoşəkilləri təqdim etmişdir. Evində kirayədə yaşadığı X5 onun hamilə olduğunu, 1995-ci ildə qızı Fidanın doğulduğunu, doğuşu onun bacısı Səliməxanımın qəbul etdiyini, uşağın adını Fidan qoyduğunu bildirdi. Yaraşıq Vəliyevanın bacısı Səliməxanım Bədəlova doğuşu qəbul etdiyinin və ərizəçinin qız övladı doğulduğunu təsdiq etdi. Məhkəmədə başqa bir qonşu X11 da 1995-ci ilin yayında qızının dünyaya gəldiyini və adını Fidan qoyduğunu təsdiqlədi. Bundan başqa məhkəmə öz qətnaməsində iş materiallarına əlavə olunmuş Sabunçu rayonu 11 saylı Poliklinikanın verdiyi tibbi arayışda xx.xx.1995-ci il tarixdə doğulmuş X1 olmasını, hazırda qızının ərizəçi ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ev 13, mənzil 131-də qeydiyyatsız yaşaması barədə "xxxx" MTK-nın verdiyi arayışı, Qeydiyyat şöbəsinin imtinasını qeyd etsə də, heç bir əsaslı səbəb göstərmədən yalnız bir cümlə ilə qeyd etmişdir ki, “Məhkəmə araşdırması zamanı ərizəçi xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ev şəraitində X4 doğduğunu və həmin faktın təsdiq edilməsini xahiş etsə də, həmin faktı sübuta yetirə biləcək mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir”. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi və bildirdi ki, ərizəçinin heç bir savadı yoxdur, xadimə işləyir, qızı Fidanın sənədləri olmadığı üçün çətinliklərlə üzləşir, uşaq məktəbə də gedə bilmir. Ərizəçi və qızı Fidan Kərimova müvəqqəti olaraq ona məxsus olan ünvan 1 ünvanında qeydiyyatsız yaşamışlar. Hazırda isə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən tikilidə yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini ərizənin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” hissəsində məhkəmə qətnaməsinin qanuni və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(008)-6806/2021 saylı qərardadından şikayət verilməmiş, qərardad qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri 11 nömrəli Poliklinikanın xx.xx.2021-ci il tarixli tibbi arayışından görünür ki, xx.xx.1995-ci il tarixində doğulmuş X7 praktik sağlamdır. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli arayışına əsasən Ərizəçi və X7 ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ərizəçi 2005, 2006-cı illər və ondan əvvəlki illər olmaqla birlikdə qızı X7 ilə çəkilmiş fotoları iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-1954 nömrəli məktubundan görünür ki, uşağın doğulması faktını sübuta yetirən sənədlər olmadığından doğum faktının qeydə alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi hazırkı ərizəsində xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ev şəraitində X6 doğduğunu və həmin faktın təsdiq edilməsini xahiş etsə də, həmin faktı sübuta yetirə biləcək mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə mübahisələndirilən, yəni “hüquqi faktın müəyyən edilməsi” hissəsində təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərarın 13-cü bəndində qeyd edilir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən uşağın doğum faktı o halda müəyyən edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmur və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina edir, ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi 18 may 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təhsil İdarəsinin “Ümumi təhsil müəssisələrinin informasiya sistemi”nə elektron məlumatlar 2015-2016-cı tədris ilindən etibarən daxil edildiyindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna 26 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1995-ci il təvüllüdlü X7 anası Ərizəçi ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində ünvansız fərdi yaşayış evində yaşayır, barəsində təqsirləndirici araşdırmanın və ya cinayət işinin istintaqı aparılmamışdır, lakin Fidan Kərimovanın təhsil aldığı müəssisə barədə heç bir məlumat əldə edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi və X2 qəsəbəsi, Xanlar yaşayış massivində qeydiyyatsız yaşayırlar. Kollegiya qeyd edir ki, ərizəçinin qızı F.Z.Kərimovanın doğulması faktını təsdiq edən müvafiq tibb müəssisəsinin sənədi olmadığı üçün ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilməli, Ərizəçi uşağı X4 24 iyul 1995-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(008)- 6806/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. İddia tələbi mübahisələndirilən hissədə təmin olunsun. 24 iyul 1995-ci il təvəllüdlü X4 Bakı şəhərində anadan olması, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar