Məhkəmə qərarları › İş №2(103)-2629/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2629/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2629/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən, bir otaqlı, 1358 saylı mənzilin iddiaçının sahibliyinə verilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılmasına şərait yaradılması, həmin mənzilə sərbəst şəkildə daxil olmaq, mənzildə təmir işləri aparılmasına mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat Cavabdeh1 MMC arasında bağlanmış 06 yanvar 2009-cu il tarixli «Mənzil tikintisi haqqında» müqaviləyə əsasən cavabdeh cəmiyyət ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbə, 1358 saylı mənzili inşa edib iddiaçıya verməyi, iddiaçı isə mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanılan gün iddiaçı mənzilin müqavilə ilə müəyyən olunan tam dəyəri kimi 44640 manat pulu nağd şəkildə ödəmiş, ona borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Lakin müqavilə bağlandıqdan sonrakı dövrdə uzun müddət binada tikinti işləri aparılmamış, sonradan tikinti davam etmiş və hazırda başa çatdırılmışdır. Lakin cavabdeh təşkilat tərəfindən mənzil iddiaçıya təhvil verilməmişdir. Halbuki, tərəflər arasında bağlanılan 06 yanvar 2009-cu il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh qeyd olunan mənzili inşa edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı 2023-cü ilin sentyabr ayında mənzil yerləşən binaya gəldikdə ona bildirmişlər ki, binanın idarəçiliyini iş adamı kimi tanınan Şərurlu İsfəndiyara məxsus tikinti şirkəti həyata keçirir. Bundan sonra iddiaçı, Yasamal rayon İcra Hakimiyyətinə müvafiq müraciət etmişdir. İddiaçının həmin müraciətinə Yasamal rayon İcra Hakimiyyətindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Yasamal rayonu, Talıblı küçəsində yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Odur ki, hər iki təşkilat iddia tələbi üzrə cavabdeh qismində cəlb edilməlidir. Daha sonra iddiaçı ərizə təqdim edərək əsl olmayan cavabdehin əvəz edilməsini yəni, cavabdeh "xxxx" MMC-nin Cavabdeh2 MTK ilə əvəz edilməsini xahiş etmişdir (işdə olan sənədlərə əsasən, Cavabdeh2 MTK dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia rədd olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və etirazın dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, onunla Cavabdeh1 MMC arasında mənzilin tikilərək təhvil verilməsi barədə 06 yanvar 2009-cu il tarixli müqavilənin bağlanması, həmin müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsi, lakin həmin vaxt binanın tikintisinin yarımçıq qalması, sonradan isə Cavabdeh2 MKT tərəfindən binanın tikintisinin başa çatdırılması, onun mənzilinin təhvil verilməməsi, rayon məhkəməsi tərəfindən 17 aprel 2007-ci il tarixli Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanan mənzil tikintisi haqqında müqavilənin şərtlərini düzgün təfsir olunmaması, həmin müqavilə ilə Cavabdeh1 MMC tikilmiş mənzilləri satmaq və satış puluna mənzillərin tikintisini başa çatdırmaq hüququna malik olması, iddiaçının isə Cavabdeh1 MMC müqavilə bağlamasının tam qanuni və əsaslı olması və s. göstərilmiş. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişlər ki, dəfələrlə bildirmələrinə baxmayaraq birinci instansiya məhkəməsi 17 aprel 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə “Qlobal-Azəri“ MMC arasında bağlanmış müqaviləni əldə etməmiş, bu səbəbdən də müqavilənin şərtləri ilə tanış ola bilməmişlər. Hesab edirlər ki, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC öz vəsaitini hesabına inşa etdiyi binadan müəyyən mənzilləri satmaq hüququna malik olmuşdur. Lakin, hazırki apellyasiya baxışı zamanı həmin müqavilə əldə olunmuş və onun şərtlərində həqiqətən Cavabdeh1 MMC-yə “Qlobal-Azəri“ MMC-nin adından mənzillərin satışını həyata keçirmək kimi müvafiq səlahiyyət verilmişdir. Ola bilsin ki, Cavabdeh1 MMC özünün adınadan iddiaçı ilə müqavilə bağlamışdır, lakin hesab edirlər ki, iddiaçının hüquqları müdafiə olunmalıdır. İddiaçının qeyd edilən hallardan məlumatı olmamış, pulunu verib, mənzil almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz və izahata uyğun izahat vermiş, əlavə olaraq 17 aprel 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə “Qlobal- Azəri“ MMC (hazırda Cavabdeh2 MTK) arasında podraq müqaviləsinin bağlandığı, həmin müqavilə üzrə podratçının binanı tikib sifarişçiyə təhvil verməli olduğunu, lakin müqavilənin icrasının gecikdiyini, vaxtında tikinti işlərini aparılmamasını, tikintinin yarımçıq vəziyyətdə təhvil alınaraq Cavabdeh2 MTK tərəfindən davam etdirilərək tamamlandığını, qeyd olunan podrat müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öz adından mənzil satmaq səlahiyyətinin olmamasını, lakin buna baxmayaraq iddiaçı ilə etibarsız müqavilə bağlanmasını, bu hala görə Cavabdeh2 MTK-nın məsuliyyət daşımamasını, məhkəmə təcrübəsində Cavabdeh1 MMC-nin eyni binaya dair başqa şəxslərlə bağladığı digər müqavilələrin etibarsız sayılmasını, həmin iddiaların rədd olunmasını, bu barədə işdə məhkəmə qərarlarının olmasını və s. göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı ilə cavabdeh Olimpus-Az MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, Cavabdeh1 MMC ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən bir otaqlı 1358 saylı mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 44640 manat təşkil edir. İşdə olan tarixsiz, nömrəsiz maliyyə arayışının kserosurətindən görünür ki, orada sözügedən mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi, Olimpus-Az MMC-yə borcu olmadığı qeyd edilmişdir. İşdə olan Yasamal rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3çəsində yerləşən torpaq sahəsi Bakı şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İşdə olan 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaq. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması qənaətinə gələrkən iddiaçı ilə “Olimpus-Az" MMC arasında bağlanmış müqavilənin etibarsız olmasına, “Olimpus-Az" MMC-nin həmin müqaviləni bağlamağa səlahiyyətinin olmamasına, digər Cavabdeh2 MTK-nın isə iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranmamasına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı hazırki tələbinin əsası kimi - cavabdeh təşkilat Cavabdeh1 MMC ilə arasında 06 yanvar 2009-cu il tarixli «Mənzil tikintisi haqqında» müqavilənin bağlanması faktına əsaslanmışdır. Belə olan halda isə, ilkin olaraq həmin müqavilənin etibarlı əqd olması və hazırda da etibarlılıq şərtlərinin ortada olması müəyyən olunmalıdır. Kollegiya, tərəflər arasındakı öhdəlik münasibətlərinin müqavilədən irəli gəldiyini nəzərə alaraq bildirir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Qeyd edilməlidir ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddialarda iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın - əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər deyə növləri fərqləndirilir. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Kollegiya, hazırkı işin hallarına da bu kontekstdən yanaşaraq, hesab edir ki, İddiaçı ilə cavabdeh təşkilat Cavabdeh1 MMC ilə bağlanılan 06 yanvar 2009-cıı il tarixli «Mənzil tikintisi haqqında» müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsızdır. Baxılan işin yuxarıda sadalanan hallarından da göründüyü kimi, "xxxx" MMC-nin (hazırda hüquqi varisi Cavabdeh2 MTK) Cavabdeh1 MMC ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsinə əsasən mübahisə predmeti olan məznilin də yerləşdiyi binanın tikilməsinə dair Cavabdeh1 MMC podratçı olmuş, onun öz adından mənzil satmaq səlahiyyəti olmamışdır ki, bu da həmin vaxt onun tərəfindən bağlanmış müqavilələrin etibarsızlığına səbəb olur. Bu əsnada o da nəzərə alınmalıdır ki, qeyd olunan etibarsızlıq əsası (səlahiyyətsiz şəxs tərəfindən bağlanılma) düzələ bilən etibarsızlıq hallarına aid olmaqla sonradan səlahiyyətli şəxs tərəfindən bəyənildiyi təqdirdə əqdin etibarlı hala gəlməsinə səbəb olur. Lakin hazırkı işin halları baxımından bu şərt də ödənilmir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili xx.xx.2007-ci il tarixli podrat müqaviləsi əsasında mübahisəli mənzilin satışında Cavabdeh1 MMC-nin səlahiyyətli olması, həmin müqavilənin rayon məhkəməsi tərəfindən əldə olunaraq ona baxış keçirilməməsi ilə bağlı olmuşdur. Baxmayaraq ki, işdə olan, qanuni qüvvəsini almış məhkəmə qərarlarından qeyd olunan müqavilənin mövcudluğu, habelə onun şərtləri müəyyən olunurdu, apelyasiya şikayətinin dəlillərinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi üçün apellyasiya icraatı zamanı "xxxx" MMC ilə Cavabdeh1 MMC ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsinin surəti əldə olunmuşdur. 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaq. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2009-cu il tarixli mənzil alıq-satqısına dair müqavilə bağlansa da, sonuncunun öz adından bu cür müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Həmçinin, iddiaçı sonradan nə "xxxx" MMC-nin, nə də onun hüquqi varisi olan Cavabdeh2 MTK tərəfindən həmin əqdin bəyənilərək ona razılıq verilməsinə dair də məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş (eyni zamanda əqd Cavabdeh2 MTK tərəifndən də bəyənilməmişdir). Göründüyü kimi, iş materiallarında iddiaçının Cavabdeh1 MMC ilə bağladığı etibarsız müqaviləyə əsasən hazırkı vəziyyətdə "xxxx" MTK-nın öhdəliyinin yaranmasını sübut olunmur. Bunun əksni təsdiq edəcək sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli xüsusi qərardad qəbul edərək, Cavabdeh1 MMC-nin (həmin dövrdə direktoru olmuş X5) hərəkətlərində cinayət əməllərinin olub-olmamasının yoxlanılmasını qərara almışdır. Həmin qərarın icra vəziyyəti ilə bağlı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya dair Mübarizə Baş İdarəsi tərəfindən bəzi sənədlər (izahatlar, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin surəti, cinayət işinin başlanmasının rədd olunması barədə qərar) göndərilmişdir. Təqdim olunmuş, cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 MMC-nin direktoru X1 miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı, yəni Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi müəyyən edilmiş, eyni zamanda onun oğlu Novruz Qurbanov araşdırma dövründə təqdim etdiyi ərizəsində atasının ölməsi nəzərə alınmaqla onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. Bu səbəbdən də, Cavabdeh1 MMC-nin sabiq direktoru X4 münasibətdə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh2 MTK-nın vəzifəli şəxslərinin əməllərinə münasibətdə isə cinayət tərkibinin əlamətləri müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsızdır və əqdin etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla tərəflər üçün heç bir hüquqi nəticə (haqq və öhdəlik) yaratmır. Bununla yanaşı işdə olan çoxsaylı məhkəmə qərarlarından da görünür ki, Cavabdeh1 MMC-nin başqa şəxslərlə bağladığı analoji müqavilələr yuxarıda göstərilən əsaslarla əhəmiyyətsizlik səbəbindən etibarsız hesab edilmiş, bu səbəbdən iddialar təmin olunmamış, bu istiqamətdə məhkəmə təcrübəsi formalaşmışdır. Məsələn, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-829/18 saylı, 08 fevral 2018-ci il tarixli qərarından görünür ki, iddiaçı Kazımov Xankərəm Saqi oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaq. "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanda inşa edilən binada mənzilləri öz adından satmağa səlahiyyəti olmadığından, Kazımov Xankərəm Saqi oğlu ilə bağlamış olduğu 29 avqust 2008-ci il tarixdə mənzil tikintisi müqaviləsi əhəmiyyətsiz əqddir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-və məxsus olduğundan, tikintiyə mülkiyyət hüququ olmayan Cavabdeh1 MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur (qeyd edlilən hüquqi yanaşmalar həmçinin işdə olan digər məhkəmə aktlarından da görünür). Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, bu hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçının təqsirkar şəxslərə qarşı ziyan və s. bu kimi tələblər irəli sürmək hüquqlarını istisna etmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar