Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2631/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 (“xxxx” MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürmə” barədə ilkin, cavabdeh X2 İddiaçı qarşı “əşyaların evdən çıxarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1774/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdeh X3 (“xxxx” MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345- ci məhəllə, “xxxx” MTK-ya məxsus yeni yaşayış binasının 5-ci blok, 9-cu mərtəbəsində cavabdehə məxsus 77 kv.m.-dən ibarət 2 otaqlı, 320 nömrəli mənzilə (bundan sonra – Mənzil) istifadə hüquqlarının tanınması və onların həmin Mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olduqdan sonra qaynatası X1 Bakı şəhəri, 1-ci Alatava evinə köçmüş, orada bir müddət yaşayandan sonra razılıq əsasında evi satıb Ramana qəsəbəsi, Şuşa şəhərciyi deyilən yerdə həyət evi almışlar. Orada o, ailə üzvləri, qaynatası və qaynanası birlikdə yaşamışlar. Ramana qəsəbəsində müvəqqəti olaraq qalmışlar, çünki Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə “xxxx” MTK-ya məxsus yeni yaşayış binasının 5-ci blok, 9-cu mərtəbəsində, cavabdehin adına olan 2 otaqlı, 320 nömrəli mənzildə təmir işi aparılırdı. Təxminən 2018-ci ilin noyabr ayının sonlarında təmir başa çatan kimi cehiz əşyalarını da apararaq həmin mənzilə köçmüşlər. Cavabdehin anası ilə olan mübahisəyə görə cavabdeh 2019-cu ilin oktyabr ayının ortalarında iki uşağı ilə birlikdə onu zorla evdən çıxararaq maşına mindirib valideynlərinin yaşadığı Badamdar qəsəbəsinə gətirib evin yanında düşürərək çıxıb getmişdir. Hesab etmişdir ki, cavabdeh səhvini başa düşər və ailə münasibətlərini bərpa edər. Lakin cavabdeh boşanma barədə Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən aralarındakı nikah ləğv edilmişdir. O, 2019-cu ilin oktyabr ayından hal-hazıradək 2 uşaqla valideynlərinin yanında yaşamağa məcburdur. Həmçinin cavabdeh X2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilində olan 12 karton qutuda, 7 plastik torbada olan əşyaların, 1 gecə lampası və bir ədəd paltar sərmək üçün qurğunun Mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mənzili nikahdan əvvəl, yəni 2014-cü il tarixdə almışdır. Tərəflər isə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların bu nikahdan iki övladları olmuş və artıq nikahları Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların iddiaçının yanında qalması müəyyən edilmişdir. Artıq iddiaçı cavabdehin ailə üzvü hesab edilmir. Həmçinin, iddiaçının ümumiyyətlə yaşayış sahəsinə ehtiyacı yoxdur. Tərəflər arasında uşaqla ünsiyyətlə bağlı iddia tələbinə Səbail Rayon Məhkəməsində baxılarkən Səbail RİHnin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində müəyyən edilmişdir ki, iddiaçı hər bir kommunal şəraitlə, 2 mərtəbəli, 4 otaqlı evdə yaşayır. Uşaqlar yetkinlik yaşına çatmadığından və onlar məhkəmə qətnaməsi ilə iddiaçının himayəsinə verildiyindən və iddiaçı ilə birlikdə yaşadığından uşaqların da Mənzildə yaşaması üçün hüquqi əsas yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1774/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi isə təmin edilərək, İddiaçı məxsus 12 karton qutuda, 7 plastik torbada olan əşyalar, 1 gecə lampası və bir ədəd paltar sərmək üçün qurğunun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, 5-ci blok, 9-cu mərtəbədə yerləşən 77 kv.m.-dən ibarət 2 otqlı, 320 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, qətnamədə cavabdehin mənzili 2014-cü il tarixdə aldığı qeyd edilsə də, iş materillarına mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin onun hazırda qeydiyyatda olduğu ev dayısa məxsusdur və o müvəqqəti olaraq həmin mənzilə qeydiyyata alınmışdır. Dayısan məxsus evdə valideyinləridə müvəqqəti olaraq yaşayır, bu səbəbdən onun hazırda yaşaya biləcəyi başqa ev yoxdur. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2631/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1774/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “qarşılıqlı iddia tələbi isə təmin edilərək, İddiaçı məxsus 12 karton qutuda, 7 plastik torbada olan əşyalar, 1 gecə lampası və bir ədəd paltar sərmək üçün qurğunun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, 5-ci blok, 9-cu mərtəbədə yerləşən 77 kv.m.-dən ibarət 2 otqlı, 320 nömrəli mənzildən çıxarılması” hissəsində ləğv edilmiş və həmin hissədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünkü, yuxarıda qeyd edildiyi kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır. Apelyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, cavabdehlə “xxxx” MTK arasında kooperativ üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2014-cü il tarixdə 122 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Mənzilin dəyəri 60000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən Mənzilin dəyəri xx.xx.2014-cü il tarixdə tam ödənilmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından iki övladları – xx.xx.2631-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-382/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması qət edilmişdir. İddiaçının hazırda yaşayış yeri ünvan 1 ünvanıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflərin 2016-cı ildə rəsmi nikaha daxil olaraq sonradan mübahisəsi gedən mənzilə 2018-ci ildə köçdüyü işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla ilkin iddia tələbinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da aydın olur ki, cavabdeh mübahisəli Mənzili 2014-cü il tarixdə əldə etmiş və həmin mənzilin dəyərini tam şəkildə elə həmin ildə də ödəmişdir. Tərəflər isə nikaha 2016-cı il tarixdə daxil olmuş və onların nikahı xx.xx.2020-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Ramin Xudiyev ilə Rəvanə Başəliyeva arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, əgər iddia etdiyi kimi mübahisəsi gedən mənzildə mülkiyyətçi ilə birlikdə yaşamışdırsa belə, Rəvanə Başəliyevanın mənzildən istifadə hüququ nikahın pozulduğu dövrdən itirilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, İddiaçı mübahisəsi gedən mənzilin mülkiyyətçisi Ramin Xudiyevdən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin birgə nikahdan doğulmuş uşaqlara aid hissəsi barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, Səbail Rayon Məhkəməsinin 2(009)-382/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan uşaqların iddiaçının yanında qalması qət edilmişdir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir (Ailə Məcəlləsinin 60.4-cü maddəsi). Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun yaşayış yeri ünvan 1-dir. İşin qeyd edilən hallarını, eləcə də, məhkəmə qətnaməsi əsasında uşaqların iddiaçının yanında saxlanılmaqla, yaşayış yerlərinin iddiaçının yaşayış yeri olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi uşaqların mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və onların Mənzilə köçürülməsi hissəsində də təmin oluna bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya baxışının predmeti olan hissəsində ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1774/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı cavabdeh X3 (“xxxx” MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürmə” barədə ilkin iddi tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği opnu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2631/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2631/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver