Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2631/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 20 fevral 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələb Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan üç hallardan biri, yəni mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan, yəni iddianın predmetini iddiaçının xüsusi mülkiyyətində olan və Hacıqabul rayonu ərazisində yerləşən torpaq sahəsinin üzərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən qaz daşıyıcı xətlərinin çəkilişi nəticəsində həmin torpaq sahəsindən istifadə etməsinə maneələrin yaranması və nəticə etibarilə mülkiyyət hüquqlarının pozulması təşkil etdiyindən, mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) isə Hacıqabul rayonu ərazisində yerləşdiyindən, iddia tələbinə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, işin aidiyyətinin müstəsna aidiyyət qaydalarına görə deyil, məhz ümumi aidiyyət qaydalarına uyğun müəyyən edilməli olduğunu irəli sürmüş, şikayətində vurğulamışdır ki, onun və digər şəxslərin iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər X5, 4799 manat zərər X9, 7694 manat zərər X6, 4733 manat zərər X3, 5542 manat zərər X10, 5936 manat zərər X12, 2989 manat zərər İddiaçı, 2802 manat zərər X11, 2762 manat zərər X4, 6807 manat zərər X7, 4065 manat zərər X13, 4730 manat zərər X1 xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almaqla icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından, dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-1084-19-773/2023) cavaba əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlarının bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 1494 manat ona kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə aidiyyət qaydalarının pozulmasına istinad edilmişdir, halbuki, ondan əlavə 10 nəfər eyni mahiyyətli iddia tələbi ilə Baki şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, 7 iddia tələbi üzrə məhkəmə iclasları təyin edilmişdir. Hesab edir ki, tərəfindən aidiyyət qaydalarına tam riayət edilmişdir. Məhkəmənin 11 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı, torpaq sahəsindən tam istifadə edə bilmədiyi dövr üçün cavabdehdən pul tələb edir – bu iddia tələbi isə mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, iddiaçının itirdiyi gəlirin kompensasiyasına yönəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və iddia ərizəsi düzgün olaraq ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1816/2024 saylı iş üzrə 20 fevral 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2631/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2631/2024
02.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver