Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2632/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X14 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1819/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona 2.365 manat kompensasiyanın ödənilməsi və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1819/2024 nömrəli qərardadı ilə (hakim C.Ə.Tağıyev) iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, o, aidiyyəti üzrə mübahisəli daşınmaz əmlakın yerləşdiyi yer üzrə Hacıqabul Rayon Məhkəməsinə müraciət edə bilər.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmədə həll edilməsi üçün irəli sürdüyü hazırki tələb Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan üç hallardan biri, yəni mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında tələblə əlaqədar olduğundan, yəni hazırki iddianın predmetini iddiaçının xüsusi mülkiyyətində olan və Hacıqabul rayonu ərazisində yerləşən torpaq sahəsinin üzərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən qaz daşıyıcı xətlərinin çəkilişi nəticəsində həmin torpaq sahəsindən istifadə etməsinə maneələrin yaranması və nəticə etibarı ilə mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan, habelə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) isə Hacıqabul rayonu ərazisində yerləşdiyindən, mübahisənin həlli torpaq sahəsinin yerləşdiyi yer üzrə rayon məhkəməsinin ərazi yurisdiksiyasına aiddir və iddiaçıya həmin məhkəməyə müraciət etməsi tövsiyə edilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, o, və digər iddiaçılar tərəfindən iddia tələbi əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3.990 manat zərər X5, 4.799 manat zərər X9, 7.694 manat zərər X6, 4.733 manat zərər X3, 5.542 manat zərər X10, 5.936 manat zərər X12, 2.989 manat zərər X2, 2.802 manat zərər X11, 2.762 manat zərər X4, 6.807 manat zərər X7, 4.065 manat zərər X15, 4.730 manat zərər X1 xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almaqla icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından, dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-1084-19-773/2023) cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlarının bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2.365 manat ona kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bildirmək istəyir ki, ondan əlavə 10 nəfər eyni mahiyyətli iddia tələbi ilə Baki Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddiaçılardan 7 iddia tələbi üzrə məhkəmə iclasları təyin edilmişdir. Hesab edir ki, tərəfindən aidiyyət qaydalarına tam riayət edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi Baki şəhəri, ünvan 1 ünvanında yerləşir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1819/2024 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
13. İddia ərizəsindən görünür ki, tələb torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən kompensasiyanın ödənilməsi ilə bağlıdır.
14. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı cavabdehdən mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçi hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia ilə (məsələn, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması və s.) məhkəmə müraciət etməmişdir.
15. Əlavə olaraq kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, tərəflər arasında oxşar mübahisəyə daha əvvəl də daşınmaz əşyanın olduğu yer üzrə deyil, cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmışdır.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1819/2024 nömrəli qərardadı ləğv edilsin və və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: