Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2633/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının, X2, İddiaçı2 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə iddia tələbi təmin edilmişdir.Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2016-cı il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.5 -ci maddəsinə əsasən tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı X5 ərizə ilə müraciət edərək icra sənədinin təzələnərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə icra sənədinin təkrarən icra edilməsi üçün göndərilməsi barədə tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının ərizəsi təmin edilməmişdir. İddiaçı X5 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 7566/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 saylı 20 sentyabr 2024cü il tarixli qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6023/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 saylı 20 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli icra vərəqəsi yenidən icraya yönləndirilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X4 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6023/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməklə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin verilmiş apellyasiya şikayətinin formasına diqqət yetirdikdə görünür ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-nin 6-cı bəndinə əsasən, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi cavabdeh X4 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2633/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2633/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver