Məhkəmə qərarları › İş №2(103)-2634/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2634/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2634/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı x qızının cavabdeh m oğluna qarşı "nikahın etibarsız sayılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5890/2020 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 755 nömrə ilə qeydə alınmış nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Tərəflər arasında nikah bağlansa da, onların ailə qurmaq niyyəti olmamış, İddiaçı özünün razılığı olmadan, valideynlərinin təkidi ilə bu nikahı bağlamağa məcbur olmuşdur. Tərəflər arasında heç bir ailə münasibəti yaranmamış, onlar bir yerdə yaşamamışlar. Cavabdeh iddiaçının dayısının qaynının dostudur, iddiaçı ilk gündən ailə qurmağa razı olmamış, valideynlərinin və qohumlarının təkidli tələbləri nəticəsində nikah bağlamağa vadar olmuşdur. Ona görə də tərəflər arasında olan nikah etibarsız hesab edilməlidir. Çünki ailə niyyəti olmadan bağlanmış nikah etibarsızdır və bu nikahın məhkəmə qaydasında pozulması artıq hər iki tərəfin növbəti nikaha daxil olacaqları vaxtda növbəti nikahın ikinci dəfə nikaha girmək kimi qiymətləndirilməsindən ibarət neqativ nəticəyə gətirib çıxarır. Hazırda subay şəxslə boşanmış şəxsin nə olduğunu izah etməyə ehtiyac yoxdur və iddiaçı belə hesab edir ki, məhkəmə iddiaçının durumunu nəzərə almalıdır. İddiaçı ilk gündən, eləcə də nikah qeydə alınarkən qəti şəkildə ailə qurmaq niyyətində olmamışdır. Lakin iddiaçı qeyd etmək istəyir ki, cavabdeh eyni fikirdə deyildir və iddiaçıya hədə-qorxu gələrək, onu qaçırmağa çalışır. İddiaçı bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5890/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Tərəflər arasında nikah bağlanılsa da, onların ailə qurmaq niyyəti olmamış, İddiaçı özünün razılığı olmadan, valideynlərinin təkidi ilə bu nikahı bağlamağa məcbur olmuşdur. Tərəflər arasında heç bir ailə münasibəti yaranmamış, onlar bir yerdə yaşamamışlar. Cavabdeh iddiaçının dayısının qaynının dostudur, iddiaçı ilk gündən ailə qurmağa razı olmamış, valideynlərinin və qohumlarının təkidli tələbləri nəticəsində nikah bağlamağa vadar olmuşdur. Ona görə də tərəflər arasında olan nikah etibarsız hesab edilməlidir. Çünki, ailə qurmaq niyyəti olmadan bağlanmış nikah etibarsızdır və bu nikahın məhkəmə qaydasında pozulması artıq hər iki tərəfin növbəti nikaha daxil olacaqları vaxtda növbəti nikahın ikinci dəfə nikaha girmək kimi qiymətləndirilməsindən ibarət neqativ nəticəyə gətirib çıxarır. İddiaçı ilk gündən, eləcə də nikah qeydə alınarkən, qəti şəkildə ailə qurmaq niyyətində olmamışdır. Cavabdeh onunla eyni fikirdə deyildir və iddiaçıya hədəqorxu gələrək, onu qaçırmağa çalışır. İddiaçı bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh özü də bu iddianı qəbul etmiş, məhkəmənin hazırlıq iclasında verdiyi ərizəsini geri götürmüşdür. Məhkəmə heç bir sübuta istinad etmədən, şahidləri dindirmədən, cavabdeh iddianı qəbul etdiyi halda, tələm-tələsik müşavirəyə getmiş və iddia tələbini rədd etmişdir. Məhkəmə nikaha daxil olmağı prezumpsiya ilə əlaqələndirmiş, qadının nikaha daxil olmağa məcbur edilməsi faktını nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 399198 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 755 nömrə ilə qeyd edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında vermiş olduğu ərizədən görünür ki, o, iddia tələbini qəbul etməmiş, onun İddiaçı ilə ailə qurmaq niyyəti olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə onların nişan mərasimi, xx.xx.2020-ci il tarixdə isə “Cıdır Düzü” şadlıq evində toy mərasiminin keçirilməsi üçün razılığa gəlmişlər. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında vermiş olduğu ərizədən isə görünür ki, o, İddiaçı iddia tələbini qəbul etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarını araşdıran apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, nikahın etibarsız sayılmasının hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Göründüyü kimi, qanunverici nikahın etibarsız sayılması üçün əsas verən halların dairəsini dəqiq müəyyən etmişdir. Həmin əsaslar Ailə Məcəlləsinin 10-12-ci və 13.7-ci maddələrində sadalanan hallara riayət edilməməsi ilə yanaşı, nikaha daxil olan şəxslərin birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması kimi müəyyən edilmişdir. Ona görə də, bu cür işlərə baxılan zaman nikahın etibarsız sayılmasına əsas verən hallar mötəbər sübutlarla mübahisəsiz qaydada təsdiq edilməlidir. İddiaçı öz apellyasiya şikayətinin əsası kimi, onun cavabdehlə ailə qurmaq niyyətinin olmaması, valideynlərinin təkidi ilə nikaha daxil olması, cavabdehlə bir yerdə yaşamaması, həmçinin cavabdehin özünün də iddianı etiraf etməsi kimi halların işə baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığına istinad etmişdir. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar nikahın etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı öz iddiasında nikaha daxil olmaq niyyətinin olmadığını bildirsə də, onun cavabdehlə nikaha daxil olmasının əsl niyyətinin nədən ibarət olmasını və bu niyyətin həqiqi nikah münasibətlərinə daxil olmağa yönəlmədiyini əsaslandıra bilməmişdir. Bundan başqa, iddiaçı yaxın qohumlarının təkidi ilə cavabdehlə nikaha daxil olduğunu göstərmişdir. Bu halın özü onu deməyə əsas verir ki, iddiaçı hətta özünün dediyi kimi, könülsüz olsa belə, cavabdehlə məhz ailə qurmaq niyyəti ilə nikaha daxil olmuşdur. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı birinci ərizəsində iddiaçı ilə ailə qurmaq niyyəti ilə nikaha daxil olduğunu, hətta onların nişan və toy mərasimlərinin keçirilməsi barədə razılığa gəldiklərini qeyd etmişdir. Cavabdeh sonradan başqa ərizə verərək iddianı qəbul etdiyini bildirsə də, əvvəlki ərizəsində qeyd edilən halları təkzib etməmiş, yalnız ərizəni geri götürməsini qeyd etməklə kifayətlənmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olarkən onların niyyətləri məhz ailə qurmaq olmuşdur. İddiaçının apellyasiya şikayətində istinad etdiyi digər bir dəlil – nikahın məhkəmə qaydasında pozulmasının hər iki tərəfin növbəti nikaha daxil olacaqları vaxtda bunun ikinci dəfə nikaha girmək kimi qiymətləndirilməsi kimi neqativ nəticəyə gətirib çıxırması ehtimalı, cəmiyyətdə subay şəxslə boşanmış şəxsə münasibətin eyni cür olmamasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, bu hallar tərəflər arasındakı nikahın saxta olmasına və etibarsız sayılmasına əsas verən hallar kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüquq münasbitləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur. Bu cür bağlanmış nikah etibarlı sayıla bilməz. Apellyasiya şikayətinin cavabdehin məhkəməyə ərizə verərək iddianı qəbul etməsini, lakin birinci instansiya məhkəməsinin bu halı nəzərə almamasına dair dəlilini də məhkəmə əsaslı hesab etmir. Belə ki, iddia tələbinin hüquqi əsası müəyyən edilmədiyindən, onun cavabdeh tərəfindən etiraf edilməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. AR MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır və onları birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5890/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar