Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2636/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi barədə” iddiasına və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-541/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh İddiaçı nəvəsi, yəni oğlunun qızıdır. 2.Mübahisə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev № 39-da yerləşən 25 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil əvvəlcə dövlət mənzil fonduna aid olub, 1975-ci ildə mənzilin dair Şərəfəddin Əlixanovun adına order verilib (iş v. 90). X1 Əlixanovanın əri, Cavabdeh isə babasıdır. Mənzil 1975-ci ildən 2008-ci ilə kimi Şərəfəddin Əlixanovun icarəsində olub. Cavabdeh xx.xx.2005-ci ildə, yəni mənzil babasının kirayəsində olduğu zaman doğulub, doğulduğu vaxtdan mənzildə yaşayıb və mənzilə yaşayış yeri üzrə qeydiyyata alınıb (iş v. 91). Cavabdeh 3 yaşı olanda mənzil onun babası Şərəfəddin Əlixanovun adına özəlləşdirilib və Şərəfəddin Əlixanovun mülkiyyət hüququ xx.xx.2008-ci ildə dövlət reyestrində qeydə alınıb (iş v. 8). Şərəfəddin Əlixanov xx.xx.2019-cu ildə ölüb, mənzil vərəsəlik qaydasında onun arvadı İddiaçı mülkiyyətinə keçib, mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət reyestrində qeydə alınıb (iş v. 8). 3.Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh valideynlərinin arasındakı nikah pozulub. Qətnamədə həm də qət olunub ki, həmin vaxt 12 yaşı olan Cavabdeh anasının yanında qalsın (iş v. 10). Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı iddia ərizəsində tələb olunub ki, Cavabdeh mənzildən istifadə hüququ itirilmiş hesab olunsun. 5.Cavabdeh iddia ərizəsində tələb olunub ki, onun mənzilə istifadə hüququ tanınsın və mənzilə köçürülsün. 6.Hər iki iddianın əsasında ayrı-ayrı iki mülki iş başlanıb, daha sonra mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilib. 7.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddiaların heç biri təmin olunmasın. Bununla yanaşı qətnamənin nəticə hissəsində qeyd olunub ki, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. 8.Qətnamə onunla əsaslandırılıb ki, Cavabdeh mənzildən istifadə hüququ əmələ gəlməyib, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə görə, istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında müqavilə bağlanmalıdır, belə müqavilə isə bağlanmayıb. Əmələ gəlməyən istifadə hüququnun itirilmiş hesab olunması qət oluna bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası təmin edilməsin, Cavabdeh iddiası təmin olunsun. 10.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 11.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Cavabdeh mənzildən istifadə hüququ var. 13.Həmin hüquq xx.xx.2005-ci ildə, yəni Cavabdeh doğulduğu vaxt yaranıb. Göstərilən tarixdə mənzil dövlət mənzil fonduna aid olub, mənzilin kirayəçisi (icarədarı) Cavabdeh babası (atasının atası) Şərəfəddin Əlixanov olub. Həmin zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər”. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunub: “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Cavabdeh doğulduğu vaxtdan (xx.xx.2005-ci ildən) mənzil özəlləşdirilənə qədər (xx.xx.2008-ci ilədək) mənzildə icarədar (babası Şərəfəddin Əlixanov) ilə birlikdə yaşayaraq onunla ümumi təsərrüfat aparıb. Odur ki, Cavabdeh istifadə hüququ mənzilin dövlət mənzil fonduna aid olduğu zaman yaranıb. Sonradan mənzilin Cavabdeh babasının adına özəlləşdirilməsi, babasının ölümündən sonra isə vərəsəlik qaydasında nənəsinin mülkiyyətinə keçməsi Cavabdeh mənzildən istifadə hüququnun xitamına səbəb olmayıb. 14.Cavabdeh istifadə hüququna xitam verilməsi üçün göstərilən üç haldan biri mövcud olmalıdır: 1) Cavabdeh həmin hüquqa görə kompensasiya verilməlidir; 2) Cavabdeh hüquqdan imtina etməlidir; 3) Cavabdeh həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxmalıdır. Bu halların heç biri mövcud deyil. Belə ki, Cavabdeh kompensasiya təklif olunmayıb və ya onun özü hüquqdan imtina etməyib. Cavabdeh həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması isə müəyyən olunmur. Belə ki, Cavabdeh başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi barədə sübut yoxdur. 15.Cavabdeh doğulduğu vaxtdan mənzildə yaşaması mübahisəsizdir. Lakin onun mənzildə hansı tarixdən etibarən yaşamadığı barədə fikir ayrılığı var. İddiaçı bildirir ki, Cavabdeh 2017-ci ildən etibarən mənzildə yaşamır. Cavabdeh isə bildirir ki, 2020-ci ildən etibarən mənzildə yaşamır. Belə ki, İddiaçı özünün iddia ərizəsində qeyd edib ki, Cavabdeh 2017-ci ildən, yəni valideynlərinin arasındakı nikahın pozulmasından sonra mənzildə yaşamır. Cavabdeh isə özünün iddia ərizəsində qeyd edib ki, 2020-ci ilə kimi həmin mənzildə yaşayıb, 2020-ci ildə pandemiya ilə əlaqədar təcrid olunmaq məqsədilə kirayə mənzil tutub və orada yaşayıb, pandemiya bitdikdən sonra mənzilə qayıtmaq istəsə də İddiaçı onu mənzilə buraxmayıb. Tərəflərin heç biri istinad etdiyi tarixi təsdiq edən sübut təqdim etmədiyinə görə, Cavabdeh bildirdiyi tarix həqiqi tarix kimi qəbul olunmalıdır. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü zamanı hüquq sahibinin hansı tarixdən etibarən hüquqdan istifadə etmədiyini sübut etmə yükü hüququn itirildiyini iddia edən şəxsin (İddiaçı) üzərinə düşür. Bu barədə sübut təqdim edilmədiyinə görə, hüquq sahibinin (Cavabdeh) etiraf etdiyi tarix (2020-ci il) həqiqi tarixi kimi qəbul olunmalıdır. Digər tərəfdən, İddiaçı göstərdiyi tarixdə (2017-ci ildə) Cavabdeh 12 yaşı olub və nikahın pozulması barədə qətnaməyə əsasən onun anasının yanında qalması qət olunub. Cavabdeh xx.xx.2023-cü ildə yetkinlik yaşına çatıb və yetkinlik yaşına çatdıqda sonra onun özünə başqa ünvanda daimi yaşayış yeri əldə etməsi barədə sübut yoxdur. 16.Cavabdeh müəyyən müddət mənzildə yaşamaması hüquqa xitam verilməsi üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 17.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, İddiaçı iddiası rədd olunmalı, Cavabdeh iddiası isə təmin olunmalıdır. 18.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-541/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi barədə” iddiası təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiası təmin olunsun. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev № 39-da yerləşən 25 №-li mənzilə istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2636/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2636/2025
23.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver