Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2638/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 5108/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah haqqında akt qeydləri kitabında 864 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında rəsmi nikah xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah aktları qeydləri kitabında 864 nömrə ilə qeydə alınmış və onlara bu barədə müvafiq şəhadətnamə verilmişdir. Formal olaraq aralarında nikah rəsmləşdirilsə də, onların el adətinə uyğun toyları olmamışdır. Onların məqsədi ailə qurmaq olsa da, sonradan münasibətləri alınmamışdır. Lakin onlar ailə münasibətlərinə girməmiş, birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və heç bir birgə əmlakları olmamışdır. Ümumiyyətlə təkcə kağız üzərində olan formal qeydindən başqa onları bir-birinə bağlayan hər hansı ümumi cəhət yoxdur. Onların gələcəkdə ailə qurmaq fikirləri yoxdur və bu onların hər ikisinin qəti qərarıdır. Ona görə hər ikisi də qərara gəlmişlər ki, aralarında formal olaraq mövcud olan bu nikah qeydi etibarsız hesab edilsin. Cavabdeh də onunla eyni fikirdədir, aralarında bu və ya digər məsələ ilə bağlı hər hansı mübahisə yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 5108/2020 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, o, iddiaçı ilə 2019-cu ilin oktyabr ayında tanış olmuş, aralarında sevgi münasibətləri yaranmış, 2020-ci ilin fevral ayının 2-də elçilik olmuş, restoranda yaxın qohumlarla qeyd etmişlər. Sonradan isə, iddiaçı ilə aralarında nikah bağlanmış, lakin pandemiya dövrü olduğundan toy məclisi keçirilməmişdir. Yəni, onunla iddiaçının məqsədi ailə qurmaq olmuş, bu səbəbdən də aralarında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonda münasibətləri pozulmuş, faktiki olaraq ər-arvad kimi birlikdə yaşaya bilməmişlər. O, münasibətlərinin yaxşılaşmasına çalışsa da, nəticəsi olmamışdır. İddiaçının bildirdikləri, yəni ev almaq məqsədi ilə formal nikaha daxil olmaları həqiqətə uyğun deyildir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahın qeydə alınması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki iddiasında – cavabdehlə nikahının formal bağlanmasını, niyyətlərinin ailə qurmaq olmamasını, bu səbəbdən də nikahın etibarsız sayılmalı olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən – iddiaçının sübutetmə yükünün həyata keçirə bilməməsinə, nikahın etibarsız olmasını təsdiq edən sübutların təqdim olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. AM-nin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə qanunvericiliyinə əsasən nikah o halda saxta nikah hesab olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmalı və tərəflərdən biri və ya hər ikisi nikaha ailə qurmaq niyyəti olmadan daxil olmalıdır. Yəni tərəflərin məqsədi ailə qurmaq deyil, başqa məqsədlərlə (məsələn işə girmək, xaricə ölkəyə getmək və s.) nikaha daxil olmaq, saxta nikaha daxil olmaqla ailə görünüşü yaratmaqdır. İddiaçı, cavabdehlə nikahının formal bağlanmasını, niyyətlərinin ailə qurmaq olmamasını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslanlıra və sübut edə bilməmişdir. Əksinə, cavabdehin izahatından görünür ki, tərəflərin məqsədi ailə qurmaq olmuş, məhz bu məqsədlə könüllü olaraq nikaha daxil olmuşlar. Sonradan isə müəyyən səbəblərdən aralarındakı münasibət pisləşmiş və faktiki olaraq ailə qura, ər-arvad kimi yaşaya bilməmişlər. Qeyd edilməlidir ki, AM-nin 25.1-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) dedikdə nikah bağlanan anda belə niyyətin olmaması başa düşülür. Nikah bağlandığı anda tərəflərin məqsədinin (niyyətinin) ailə qurmaq olması, lakin nikahdan dərhal sonra münasibətlərin pisləşməsi, hətta faktiki olaraq ər-arvad kimi yaşamamaları, birgə təsərrüfat aparmamaları və s. hallar yaranmış olsa belə yenə də bağlanmış nikah etibarsız sayıla bilməz. Həmçinin, iddiaçının toy məclisinin olmaması barədə dəlilləri də vəziyyəti dəyişdirmir. Xüsusilə qeyd edilməlidir ki, nikah bağlandığı dövrdə ölkədə Covid-19 pandemiyası ilə bağlı xüsusi karantin şəraitində toy məclislərinin keçirilməsinə qadağa qoyulmuşdur (yəni, həmin dövrdə hər bir halda toy məclisinin keçirilməsi mümkün deyildir). Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda iddiaçı tərəfin izahatı da iddianın əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 5108/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-5108/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2638/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2638/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver