Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2638/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC Sığorta Şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC Sığorta Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Sığorta Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.06.2016-cı il tarixdə cavabdehin idarə etdiyi “X7” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini və “Kia Sportage” markalı ** GM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşduğunu, “Kia Sportage” markalı avtomobilə dəymiş ziyana görə həmin avtomobilin sahibinə 2060 manat sığorta ödənişi ödənildiyini, hadisənin yaranmasında Cavabdeh təqsirli olmasının inzibati xəta haqqında protokolla müəyyən edildiyini, Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququnun yarandığını irəli sürmüş, buna görə də cavabdehdən 2060 manat sığorta ödənişinin əvəzinin və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 manatın, dövlət rüsumuna görə 30,40 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, hadisə yerindən yayınmadığı, bununla bağlı tərtib edilmiş protokoldan məlumatının olmadığı, məhkəmənin iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan və işə ərazi aidiyyatı qaydalarını pozaraq baxdığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətini müdafiə etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmasına dair hissədə yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, mülkiyyətçisi X5 olan “Mercedes Vaneo minik” markalı ** KX *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti İddiaçı ASC Sığorta Şirkəti tərəfindən 01.03.2016-cı il tarixdən 28.02.2017-ci il tarixinədək sığortalanmış, avtomobil cavabdehin idarəetməsində olarkən 29.05.2016-cı il tarixdə X2 məxsus “Kia Sportage” markalı ** GM *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, Xətai RPİ-nin Axtarış üzrə inspektoru X3 tərtib etdiyi 06.06.2016-cı il tarixli inzibati protokolla hadisənin törədilməsində Cavabdeh təqsirli olduğu və onun hadisə yerindən yayındığı müəyyən edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı ** GM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün İddiaçı ASC Sığorta Şirkəti tərəfindən həmin avtomobilin sahibinə 2060 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə isə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Göstərilən müddəaların mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisədən sonra hadisə yerindən yayınmış Cavabdehdur. Hadisə yerindən yayınmadığı barədə Cavabdeh irəli sürdüyü arqumentə münasibətdə kollegiya qeyd edir ki, həmin hal inzibati xəta haqqında protokolla müəyyən olunmuş, protokol Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-123/2022 saylı iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2638/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2638/2022
17.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver