Məhkəmə qərarları › İş №2(103)-2638/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2638/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2638/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X3 cavabdehlər X16, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: istifadə qaydaları müəyyən olunmaqla evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdehlər X16, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə qaydaları müəyyən olunmaqla evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-729/2024 nömrəli 15 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2021-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3290/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X6 anasının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. Füzuli rayon İHB-nin Qayıdış 4 qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 23 oktyabr 2023-cü il tarixli arayışına görə X1 əri X9 ayrıldığı üçün müvəqqəti olaraq atasına məxsus Qayıdış-4 qəsəbəsi 181 nömrəli 2 otaqlı evdə yaşayır.

3. Bakı şəhər İcra Hakimiyyəti Nərimanov Rayonu MKTB 55 saylı MKİS tərəfindən Vəkil2 ünvanlanan sorğuya cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanı Cavabdeh2 adınadır. X5 xx.xx.2019-cu il tarixdə, anası X7 xx.xx.2020-ci il tarixdə ölüb. Hal-hazırda evdə 3 nəfər – Cavabdeh2, Cavabdeh3, X16 müvəqqəti qeydiyyatdadır.

4. Bakı şəhər İcra Hakimiyyəti ünvan 3 ünvanlanan sorğuya cavab məktubunda göstərilmişdir ki, ünvan 4 Füzuli rayonundan olan məcburi köçkün X11 məxsus idi. Qeyd edilir ki, X15 2000-ci ildən ailəsi ilə birgə bu ünvanda məskunlaşmış, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ev özbaşına tikilidir və heç bir sənədi yoxdur. Hazırda evin kommunalları qızı Cavabdeh2 adınadır.

5. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyəə əsasən Cavabdeh2 (abonent kodu: **********011) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir.

6. “Azəriqaz” İB ilə ünvan 4 ünvanında yaşayan Cavabdeh2 arasında xx.xx.2023-cü ildə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı ilə birlikdə gəlin köçüb yaşadığı, X12 məxsus hazırda da cehiz əmlakının yerləşdiyi ünvan 5 ünvanındakı mənzildən istifadə qaydalarının müəyyən olunmaqla həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X16 ilə 21 may 2021-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını 06 aprel 2022-ci il tarixdə 5 saylı Bakı “ASAN" xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 12 oktyabr 2022-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri normal olmadığından 06 iyun 2022-ci il tarixdə azyaşlı uşağı Zeynəblə birlikdə ərindən faktiki olaraq ayrılıb, atasına verilmiş ünvan 6 ünvanındakı mənzilə gəlib orada yaşamağa başlamışdır. Atasının mənzili 2 otaqlı olmaqla darısqaldır və atasının himayəsində 4 nəfər ailə üzvü var, həmin mənzildə azyaşlı uşağı ilə yaşamaq mümkün deyil. Cavabdeh X16 ilə ailə quran vaxt ünvan 2 ünvanında olan özbaşına tikilmiş mənzilə cehiz əşyalarını da aparmaqla gəlin köçüb həmin mənzildə yaşamış və onlarla birgə təsərrüfatı idarə etmişdir. Başqa yerdə yaşamağa yeri və imkanı yoxdur, digər cavabdehlər Cavabdeh2 və X2 ərinin bacılarıdır və hər ikisi neçə illər qabaq ailə qurub daimi yaşamaq üçün başqa ünvana gediblər. Cavabdeh2 ailə qurub Ağdaş rayonuna daimi yaşamaq üçün gedib və orada qeydiyyatdadır. O, mübahisəli mənzili tərk etdikdən sonra onlar həmin mənzilə köçüb yaşamağa başlayıblar, onun əmlakından icazə vermədiyi halda istifadə edirlər.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 fevral 2024-cü il tarixli 2(005)-729/2024 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələblə cavabdehlərə qarşı məhkəməyə müraciət etməsinin hüquqi əsası mövcud deyil. Mübahisəli ev cavabdehlər tərəfindən inşa edilməmişdir. İddiaçı cavabdehlərin valideynlərinin nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş «digər qohumu» deyil. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İşin müəyyən olunan hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, o, 2021-ci ildə ailə qurduqdan sonra mübahisəli ünvanda yerləşən mənzilə gəlin köçmüş, lakin sözügedən tikili onun səyi və zəhməti ilə inşa olunmamışdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, 11.2, 11.5, 180.1, 180.2, 180.3, Mənzil Məcəlləsinin 30.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, o mübahisəli mənzilə köçərkən cavabdehin valideynləri vəfat etdiyindən onlarla hər hansı hüquqi münasibəti olmamışdır. Qaz və su təchizatı ilə bağlı müqavilə 2023-cü ilin sentyabroktyabr aylarında bağlanılmışdır, yəni tərəflər arasında münasibətlərin pozulması vaxtına təsadüf edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. İddiaçı ərizə ünvanlayaraq xəstəliyi ilə bağlı və maddi imkansızlığı səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

19. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

20. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

21. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

22. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir.

33. Tərəflər faktiki 2021-ci ildə ailə qurmuş, birgə nikahdan bir uşaqları doğulmuşdur.

34. İddiaçı bildirir ki, ailə qurduqdan sonra mübahisəli yaşayış evinə köçmüş, 06 iyun 2022-ci il tarixinə qədər həmin evdə yaşamışlar.

35. Mübahisəli mənzil cavabdehin valideynlərinə məxsus özbaşına tikilidir, cavabdehin atası ailəsilə birgə həmin evdə məskunlaşmışdır, onun ölümündən sonra kommunal ödənişlər hazırda Cavabdeh2 adınadır.

36. Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir.

37. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.

38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının hazırkı tələblə cavabdehlərə qarşı məhkəməyə müraciət etməsinin hüquqi əsası mövcud deyil. Mübahisəli ev cavabdehlərə məxsus deyildir.

39. İddiaçı cavabdehin valideynlərinin nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulumş «digər qohumu» deyil.

40. Həmçinin iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir.

41. Formalaşmış təcrübəyə əsasən özbaşına tikiliyə köçürmə o halda baş verə bilər ki, iddiaçının həmin yaşayış evinin əldə edilməsində və ya tikilməsində iştirakı olsun. Baxılan işdə isə belə bir hal müəyyən edilməmişdir.

42. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının evə köçürülmə tələbi əsassız olduğu üçün məhkəmə haqlı olaraq onun rədd edilməsi qənatinə gəlmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-729/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar