Məhkəmə qərarları › İş №2(103)-2639/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2639/2024

19.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2639/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, iddaçının vəkili və nümayəndəsi Rafiq Alşovun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və digər son haqq-hesabın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-156/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (işçi) ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh publik hüquqi şəxsin idarə heyəti sədrinin (işəgötürənin) xx.xx.2023-cü il tarixli K-168 nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə (mühəndis-inventarlaşdırıcısı vəzifəsinə) bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı və digər son haqq-hesab ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayənəsi Nümayəndə2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflərin arasında əmək müqaviləsi olub. İddiaçı (işçi) cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsi Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun mühəndis-inventarlaşdırıcısı vəzifəsində işləyib. Publik hüquqi şəxsin idarə heyəti sədrinin (işəgötürənin) xx.xx.2023-cü il tarixli K-168 nömrəli əmri ilə əmr edilib ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. Əmrdən görünür ki, müqavilə ləğv edilərkən 4 sənəd əsas götürülüb: 1) 4 saylı Abşeron Ərazi İdarəsi rəisinin təqdimatı; 2) Daxili nəzarət və audit nəzarət departamentinin xidməti məruzəsi; 3) işçinin izahatı; 4) X1 iclasının protokolu. İşəgötürən müqavilənin ləğvini onunla əsaslandırır ki, işçi məhkəmə mübahisəsi üzrə vətəndaşa məxsus torpaq sahəsinə baxışı keçirilərək məhkəməyə həmin vətəndaşın xeyrinə rəy verilməsi üçün vətəndaşın nümayəndəsindən 1.000 manat pul tələb edib, bu məqsədlə vətəndaşın nümayəndəsinə özünə məxsus bank kartının nömrəsini göndərib, lakin vətəndaşın nümayəndəsi 500 manat ödəyəcəyini bildirib, işçi göstərilən məbləğlə razılaşmayıb, bu hərəkətləri ilə cavabdeh təşkilatı cəmiyyətdə nufuzdan salmağa cəhd edib. Müəyyən olunur ki, işçi çalışdığı qurumun statusundan irəli gələn imkanlardan istifadə edərək qanunsuz olaraq pul əldə etmək üçün özünə aid olan bank kartının nömrəsini vətəndaşı təmsil edən şəxsə göndərib. Belə ki, araşdırma zamanı (əmək müqaviləsi ləğv edilənə qədər) işçi işəgötürənə verdiyi yazılı izahatda bildirib ki, vətəndaşın nümayəndəsi ondan kart nömrəsini istədi və sövdələşmənin mümkün ola biləcəyini bildirdi, sonradan sövdələşmələri baş tutmadı (iş v. 138). Bundan başqa, işçi X1nın iclasında çıxış edərək bildirib ki, pul ödəmək üçün vətəndaş təşəbbüs göstərib, vətəndaş tərəfindən benzin üçün pul ödəniləcəyini fikirləşərək kart məlumatlarını ona göndərib (iş v. 101). Kart nömrəsinin göndərildiyini təsdiq edən sənəd - mobil telefon ekranının skrinşotu iş materiallarına əlavə edilib (iş v. 139). Qeyd edilən hallar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Həmin bəndə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşçi 72-ci maddənin “e” bəndində göstərilən pozuntuya yol verib. Bu bəndə görə, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, işçi tərəfindəın əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçinin çalışdığı qurumun statusundan irəli gələn imkanlardan istifadə edərək qanunsuz olaraq pul əldə etmək üçün özünə aid olan bank kartının nömrəsini vətəndaşı təmsil edən şəxsə göndərməsi korrupsiya hüquqpozması sayılır və həmin hüquqpozma onun çalışdığı qurumun mənafeyinə ciddi xələl gətirirb. Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.2.1-ci maddəsinə görə, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquqpozmasıdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-156/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar