Məhkəmə qərarları › İş №2(103)-2641/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2641/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2641/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyatzadə küçəsində yerləşən 128 №-li evin cavabdehə aid 1/12 hissəsinin hazırki bazar dəyəri ilə 2(103)-1536/2015 №-li iş üzrə xx.xx.2015-ci il tarixdə qətnamə qəbul edilən zaman mövcud olan dəyər (60 min manat) arasındakı fərqin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 232-ci maddəsinə istinadən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan ünvanda yerləşən evin cavabdehə məxsus mübahisəli hissəsinin alğı-satqısına dair iş üzrə tərəflər arasında sadə yazılı formada müqavilə bağlanmış, əmlakın razılaşdırılmış dəyəri cavabdehə ödənilmişdir. İddiaçı evin həmin hissəsini əsaslı təmir etdirmiş, əlavə tikililər inşa etmiş və ailəsi ilə birlikdə oraya köçmüşdür. İddiaçı və ailə üzvləri həmin ünvan üzrə pasport qeydiyyatına alınmışlar. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə iddiaçının, ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması, cavabdehdən isə evin bazar dəyəri kimi 60.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə icraya yönəldilsə də, cavabdeh qətnaməni qəsdən icra etməmişdir. Belə ki, qətnamə icraya yönəldiləndən bu günədək manatın devalvasiyası nəticəsində evlərin qiymətləri qalxmışdır. Belə ki, qətnamə qəbul edilən zaman evin bazar dəyəri 60.000 manat, 2017-ci ilin may ayında 80.000 manat təşkil etmiş, hal–hazırda isə bazar dəyəri 100.000 manatdan artıqdır. Cavabdeh də qiymətlərin qalxmasından istifadə edərək, gəlir əldə etmək istəyir və buna görə də evin iddiaçıya satılmasını ləngidir. Cavabdehin bu hərəkətləri nəticəsində isə iddiaçıya ziyan dəyir. Belə olan halda iddiaçı bildirir ki, yuxarıda qeyd edilən qətnamə qəbul edilən zaman evin müəyyən edilmiş bazar dəyəri ilə hazırki bazar dəyəri arasındakı fərq pul şəklində cavabdehdən onun xeyrinə tutulmalıdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə əsaslı olan tələbi təmin etməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi (İş № 2(103)-1536/2015) ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı və başqalarına qarşı “evdən çıxarılma və sair tələbi barədə” ilk iddiasının qismən, İddiaçı Cavabdeh qarşı “evin dəyərinin bazar qiymətinə uyğun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasının isə tam təmin edilməsi, İddiaçı, A.Məmmədova, O.Məmmədov və T.Məmmədovun evə istifadə hüququnun olmadığının müəyyən edilməsi və həmin şəxslərin evdən çıxarılmaları, evin dəyəri kimi 60.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, pulun ödənilməsi və evdən çıxarılma barədə göstərişlərin eyni vaxtda icra edilməsi və s. qət edilmişdir. Tərəflərin verdikləri izahatlardan müəyyən edilir ki, qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş qətnamə bu günədək icra edilməmişdir. Bu hala əsaslanan iddiaçı bildirir ki, həmin qətnamə ilə ona ödənilməsi müəyyən edilən 60.000 manat hazırki vaxtda öz alıcılıq dəyərini itirərək kəskin şəkildə inflyasiya uğramış, evin dəyəri isə artaraq 100.000 manatdan artıq olmuşdur. Ona görə də ona vurulan zərər cavabdeh tərəfindən kompensasiya edilməlidir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin “Ödənilməli pul məbləğinin indeksasiyası” adlı 232-ci maddəsinə görə, iş üzrə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər (maddə 232.1.). Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur (maddə 232.2.). Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər (maddə 232.3.). Qeyd edilən hüquq normalarının müddəalarından çıxış edən Məhkəmə qeyd edir ki, qanunvericilik ödənilməli pul məbləğlərinin indeksasiyası məsələsinə iddia icraatı qaydasında deyil, mülki işin davamı kimi, yəni qətnaməni çıxarmış məhkəmə tərəfindən icra icraatı qaydasında baxılmalı olmasını nəzərdə tutmuşdur. Lakin, Rayon Məhkəməsi iddiaçının iddia ərizəsini icraata qəbul edərək bu iddiaya iddia icraatı qaydasında baxmış, bununla da, prosessual hüquq normalarını pozmuşdur. Bu tələbə, iddia icraatı qaydasında, məhkəmədə baxıla bilməz. MPM-nin 20-ci fəsilənə aid olan 261.0.1-ci maddəsinin mənasına görə işə bu halda iş üzrə icraata xitam verilməlidir. MPM-nin 391-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi həmin Məcəllənin 20-ci fəsilində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya isə izah edilməlidir ki, o, MPM-nin 232-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 391, 384.0.4cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, o, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə uyğun olaraq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar