Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2645/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma idarəsinin “idarəetmə aparatının ilkin uçot və iqtisadi məlumatların işlənməsi sahəsində” xidmət rəisi vəzifəsidə işləmişdir. 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. O, Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kollektiv sazişin 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi” qaydasında işdən azad edilmişdir. Ona işdən çıxdığına görə verilmiş müavinətdən 5684,55 manat gəlir vergisi tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 5684,55 manat pulun və mediasiya üçün ödənilmiş 50 manat rüsumun “Azneft” İstehsalat Birliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə müvinətdən vergi tutulmur. Həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassızdır və müavinət tam ödənilməlidir. Sonradan o öyrənmişdir ki, ondan əvvəl də işdən çıxmış şəxslərdən tutulmuş müavinət məhkəmə qərarı əsasında geri qaytarılmışdır və ona ödənilmiş müavinatdan vergi tutulmamalı idi. Onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Ona işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ ona verilmişdir. Həmçinin 18 oktyabr 2022-ci il tarixli müqavilənin 1.3-cü bəndində tam əsasız olaraq qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətindən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunverciliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Göründüyü kimi, cavabdeh təşkilat özü də bilir ki, müavinətdən vergi tutulması tam əsassızdır. Bunu sığortalamaq üçün onunla bağladıqları 18 oktyabr 2022-ci il tarixli sazişdə bunu qeyd etmişlər. Bununla da onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-216/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin olunaraq iddiaçıya ödənilmiş birdəfəlik müavinətdən gəlir vergisi kimi tutulmuş 4733,99 manat pulun, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh “Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 67.34 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsi, 77-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 6-cı hissəsi, 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh qismində çıxış edən ARDNŞ-nin “Azneft” İstehsalat Birliyindən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixl5i 7/06-19ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir. Nəticədə, məhkəmə xx.xx.2023-ci il tarixli qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyi nəticəsinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və ona ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir.
8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. İşçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. İddiaçı isə apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12. Maddə 69, İİİ hissə. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
13. Maddə 77, 1-ci hissə. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir.
14. Maddə 77, 2-ci hissə. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
15. Maddə 77, 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.
16. Maddə 77, 6-cı hissə. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.
17. Maddə 77,7-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
18. Maddə 175, 1-ci və 4-cü hissələr. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Azərbaycan Respublikası Vergi Məcəlləsi
19. Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir.
20. Maddə 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
25. Belə ki, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilmişdir.
26. Halbuki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06- 19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərarın verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
28. Belə olan halda, iddiaçıya ödənilən işdənçıxma müavinəti gəlir vergisindən azad olduğundan müavinətdən tutulan 4733,99 manat məbləğində gəlir vergisinin tutulması əsassız olmuşdur.
29. Apelyatorun istinad etdiyi razılaşmaya gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə həmin razılaşma qanunun tələblərinə uyğun olmadığından və işçinin iradə ifadəsini əks etdirmədiyindən öz-özlüyündə etibarsızdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh SOCAR “Azneft” İstehsalat Birliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.