Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2646/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması tələbinə dair ilkin, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması, müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması tələbinə dair ilkin, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)- 1470/2022 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Kooperativ Mənzil Tikintisi haqqında” 29 noyabr 2011-ci il tarixli, 238 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, müqavilənin predmetini kooperativə ayrılmış ünvan 1 ünvanda alıcılara inşa ediləcək yaşayış binasının 301 nömrəli mənzili təşkil edir, mənzil 3 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 135 kv.m, mənzilin hesablaşma sahəsi 135 kv.m, mənzilin yaşayış sahəsi 73,47 kv.m, mənzilin dəyəri 87750 manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33,34% miqdarında ödəniş etməyi, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməyi öhdəsinə götürür.
2. 29 noyabr 2011-ci il tarixli 0026 nömrəli qəbzdən görünür ki, İddiaçı 29 noyabr 2011-ci il tarixli, 238 nömrəli müqaviləyə əsasən 30000 manat ödəmişdir.
3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2022-ci il tarixli **********00 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının istismarına icazə sənədi 14 mart 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir.
4. 15 dekabr 2021-ci il tarixli pretenziyada 29 noyabr 2011-ci ildə mənzilin dəyərinin 33,34%-ni təşkil edən 30000 manat pul ödənildikdən sonra kooperativə hər hansı pul ödənilməməsi, İddiaçı şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də, hər hansı ödəniş aprılmaıdğı qeyd olunmuşdur.
5. 06 iyun 2022-ci tarixli pretenziyada 29 noyabr 2011-ci ildə mənzilin dəyərinin 33,34%-ni təşkil edən 30000 manat pul ödənilldikdən sonra kooperativə hər hansı pul ödənilməməsi, müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatanadək ödənilməli olduğu, dəfələrlə kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də, tərəfdən hər hansı ödəniş aparılmadığı, hazırda Cavabdeh MTK-nın müqavilənin icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığının olmaması, mənzilin dəyərinin ödənilmiş 30000 manat pulu 5 iş günü ərzində Cavabdeh MTK-dan götürülməsi və müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış 29 noyabr 2021-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57750 manat məbləğdə vəsaitin MTK-ya ödənilməsi şərti ilə ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzilinin ona təqdim edilməsi, həmin mənzilinin ona verilməsinin mümkün olmayacağı təqdirdə 29 noyabr 2011-ci il tarixdə MTK-ya ödəmiş olduğu 30000 manat məbləğdə vəsaitə görə vurulmuş maddi zərərin əvəzi olaraq 100000 manat, mənəvi zərərin əvəzi üçün 150000 manat məbləğində olmaqla, ümumilikdə 250000 manat məbləğdə vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsasdırılmışdır ki, iddiaçı və MTK arasında 29 noyabr 2021ci il tarixli, 238 nömrəli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanılmış və müqavilənin şərtlərinə əsasən, MTK ünvan 4 ünvanında inşa ediləcək yaşayış binasının 6cı giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzili müqavilə üzrə “alıcı” İddiaçı təhvil verməyi, “alıcı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş qaydalarını tənzimləyən 3-cü maddəsinin şərtlərinə əsasən, “alıcı” müqavilə bağlanan gün mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin, 87750 manat məbləğin 33,34 faizi miqdarında ilkin ödənişi etməli olduğu, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməli olduğu müəyyən edilmişdir. Müqavilənin 3-cü maddəsinin tələbinə uyğun olaraq ilkin ödəniş məbləği kimi 30000 manat məbləğdə vəsait müqavilə bağlanılan gün tərəfindən MTK-nın kassasına nağd qaydada ödənilmişdir. Müqavilənin şərtlərində yaşayış binasının neçə mərtəbədən ibarət olacağı, binanın tikintisinin hansı tarixdə başa çatacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmadığından müqavilə bağlanıldığı tarixdən sonra mütəmadi olaraq tikinti işləri gedən əraziyə tərəflərindən baxış keçirilmiş, tikintinin çox zəif templə aparıldığının, bəzi illər hətta uzun müddət dayandırıldığının şahidi olduqlarını, tərəflərindən bununla bağlı MTK-nın rəhbərliyinə iradlar bildirilmiş, MTK-nın rəhbərliyi tərəfindən isə narahatçılıq üçün heç bir əsasın olmadığı, tikintinin başa çatacağı zaman onlar tərəfindən rəsmi qaydada onlara məlumat veriləcəyi və müqavilə üzrə ödənişin qalıq məbləğinin tərəflərindən həmin vaxt ödənilməli olduğu bildirilmişdir. Bütün qeyd olunanlara baxmayaraq binanın tikintisinin digər tikinti şirkətləri ilə müqayisədə həddindən artıq uzun müddət çəkdiyini müşayiət etdiklərindən MTK-nın rəhbərliyindən mütəmadi telefon vasitəsilə tikintinin cari vəziyyəti barədə məlumat əldə etdiyi zaman hər dəfə bir bəhanə ilə tikintinin vaxtında yekunlaşması üçün bir sıra əngəllər olduğu bildirilir, 2020-cı ilin mart ayından etibarən isə pandemiya bəhanəsi ilə tikintinin yekunlaşmasının gecikdiyi bildirilirdi. Yuxarıda da qeyd edildiyi kimi, dəfələrlə əyani olaraq MTK-nın özünə getməklə, MTK-nın rəhbərliyi ilə telefon vasitəsilə əlaqə saxlamaqla tikintinin yekunlaşmasının nə vaxt başa çatacağını, müqavilə üzrə qalıq ödəniş məbləğinin hansı tarixdə ödənilməli olması barədə müraciətlər etsələr də, hər dəfə bununla bağlı ona məlumat veriləcəyi bildirilsə də, nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilməmişdir. Daha sonra 15 dekabr 2021-ci il tarixdə MTK-dan ünvanına alqısatqı müqaviləsinin ləğv edilməsinə dair pretenziya məktubu göndərilməklə mənzilin qalıq dəyəri olan 57750 manat məbləğdə vəsaitin 5 iş günü ərzində MTK-ya ödəməyi xahiş edilmişdir. Qeyd olunan məktub 24 dekabr 2021-ci il tarixində ünvanlarına daxil olduqdan sonra 25 dekabr 2021-ci il tarixdə MTK-nın direktoru olan və onlarla müqaviləni bağlayan Sahib Rüstəmovun qəbuluna getmiş, MTK-nın direktoru Sahib Rüstəmov müqavilənin şərtlərinə zidd olaraq onun MTK-ya müqavilədə göstərilən məbləği deyil, hazırda mənzilin bir kvadrat metrinin qiymətinin müasir qiymətlərə görə 1600 manat təşkil etdiyini bildirərək, onun ödəməli olduğu məbləğin 2 qatını, konkret olaraq, 126000 ödəməli olduğunu və əks təqdirdə ona mənzil verilməyəcəyini bildirdikdə, o onların bu təklifinə qəti etirazını bildirmiş və 27 dekabr 2022-ci il tarixdə kooperativin nümayəndəsinə rəsmi etiraz məktubu ünvanlamışdır. MTK-ya ünvanladığı rəsmi etiraz məktubunda tələblərinin qanunsuz və əsassız olduğunu açıq-aşkar qeyd etsə də, MTK tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, onunla MTK arasında bağlanılmış müqavilənin ləğv edilməsi ilə bağlı qətnamənin çıxarılması xahiş etmişdir. MTK tərəfindən ünvanlarına göndərilən pretenziya məktubunda və iddia ərizəsində müqavilə şərtlərində qeyd olunan 301 nömrəli mənzilin deyil, 297 nömrəli mənzilin ödənişinin tərəflər tərəfindən vaxtında edilmədiyi ilə bağlı fikir irəli sürülmüşdür. Bu halın özü də MTK tərəfindən müqavilə şərtlərinə riayət edilmədiyini, onlara alqı-satqı müqaviləsi ilə satılmış 301 saylı mənzilin onlardan başqa digər şəxs və ya şəxslərə satılması ehtimalını ortaya çıxardı. Tərəflərindən binanın 301 nömrəli mənzilinə baxış keçirilən zaman həmin mənzildə yaşayış olduğu müəyyən edilmişdir. MTK tərəfindən rəsmi qaydada ərizə ilə müraciət edilərək iddia geri götürülmüş, MTK tərəfindən verilmiş iddia geri götürüldükdən 2 gün sonra o MTK-nın nümayəndəsinə zəng edərək, mənzilin aqibətiylə maraqlandıqda, nümayəndə Vəkil1 ona MTK tərəfindən heç bir mənzilin verilməyəcəyi, onun qarşılığında ona MTK-ya ödəmiş olduğu 30000 manatın qarşılığında ona 45000 manat pul ödəniləcəyini bildirmişdir. Sonra isə ünvanlarına 06 iyun 2022-ci il tarixli ikinci pretenziya məktubu göndərilərək, guya tərəflərindən müqavilə şərtlərinə əməl edilməməsi səbəbindən MTK-nın müqavilənin icrasına marağının itdiyini qeyd etməklə, ona bir il əvvəl ödəmiş olduqları 30000 manat məbləğin geri götürülməklə, müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh MTK 29 noyabr 2021-ci il tarixli, 238 nömrəli “kooperativ mənzil tikintisi haqqında” müqavilə üzrə öhdəliklərini kobud surətdə pozaraq, mənzilin onlara təhvil verilməsi üçün müqavilə şərtlərinə əsasən 57750 manat məbləğdə vəsaiti ödəməli olmaqlarına baxmayaraq, onlardan əvvəlcə onun iki qatını, daha sonra 126000 manat məbləğində pulun ödənilməsini tələb etmiş, daha sonra isə ümumiyyətlə ona mənzil verilməsindən imtina etmişdir. MTK tərəfindən ünvanlarına göndərilmiş pretenziya məktubu və iddia ərizəsində müqavilədə qeyd olunan 301 nömrəli mənzilin deyil, 297 nömrəli mənzilin ödənişini etməyinin tələb edilməsi müqavilə üzrə ona satılmış mənzilin başqa alıcıya da satılması ehtimalını yüksəldir ki, bu da həmin mənzilin ona verilməsi barədə məhkəmə qərarı olacağı təqdirdə, gələcəkdə həmin qərarın icrasının qeyri-mümkün olmasına gətirib çıxara bilər. Bu səbəbdən mövcud yaranmış zərurət onu bildirməyə əsas verir ki, MTK tərəfindən ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzilin ona verilməsini, bu tələb hər hansı əsasdan mümkün olmadığı təqdirdə isə 29 noyabr 2011-ci il tarixdə MTK-ya ödəmiş olduğu 30000 manat məbləğdə vəsaitin əvəzinə 11 il ərzində manatın dəyərinin 218 faiz azalması, hər il artan illik inflyasiya hədləri, əldən çıxmış fayda, ölkə üzrə yaşayış minimumunun 2011-ci ildə 95 manat olması cari ildə isə yaşayış minimumunun 2011-ci ilə nisbətdə 221 faiz artaraq 210 manat olması kimi amillər nəzərə alınmaldır.
8. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin İddiaçı tərəfindən icra edilmədiyindən və hazırda həmin icraya maraqlarının itdiyindən mənzilin dəyərinin ödənilmiş 30000 manat pulun İddiaçı ödənilməsi və tərəflər arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 29 noyabr 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin predmeti kooperativə ayrılmış ünvan 3 ünvanında yerləşən yaşayış binasındakı 301 nömrəli mənzil təşkil edir. Müqavilənin 2.4-cü bəndinə görə mənzilin dəyəri 87750 manat təşkil edir. Müqavilənin 3.1ci bəndinə əsasən “Alıcı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33,34%-i miqdarında ilkin ödəniş edir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, tərəflərindən müqavilə bağlanan tarixdə, yəni 29 noyabr 2011-ci ildə Kooperativə mənzilin dəyərinin 33,34%-ni təşkil edən 30000 manat pul ödənilmişdir. Lakin həmin tarixdən sonra alıcı tərəfindən kooperativə hər hansı pul ödənilməmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatanadək ödənilməli idi. Bununla bağlı ona dəfələrlə Kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də tərəfindən hər hansı ödəniş edilməmişdir. Qeyd olunmalıdır ki, hazırda Cavabdeh MTK-nın adıçəkilən müqavilənin icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığı yoxdur. İlk iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlər tamamilə cəfəngiyatdan ibarətdir. Belə ki, qarşılıqlı iddiaya əlavə edəcəkləri video görüntüdən görünür ki, mübahisə predmeti olan bina uzun müddətdir ki, vətəndaşların istifadəsinə verilmiş və tam şəkildə istismardadır. Lakin, ilk iddia üzrə iddiaçı 11 il ərzində yalnız ilkin ödənişi ödəməklə kifayətlənərək müqavilə üzrə öhdəliyini icra etməkdən yayınmışdır. Əgər İddiaçı həmin mənzili əldə etməsinə marağı olardısa o 11 il kimi uzun müddət ərzində hər hansı ödəniş həyata keçirməli idi. Yəni, ilk iddiaçı bu istəyini və marağını öz hərəkətləri ilə nümayiş etdirməli idi (mənzilin əldə edilməsi üçün ödənişlər etməli idi, əgər hər hansı bir narazılığı vardısa müvafiq orqanlara müraciətlər etməli idi).
10. Bakı şəhəri Bakı şəhər Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)-1470/2022 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57750 manat məbləğdə vəsaitin MTK-ya ödənilməsi şərti ilə ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzilin cavabdeh MTK tərəfindən İddiaçı təqdim edilməsi, ilkin iddia qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia rədd edilməsi qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, Cavabdeh MTK 29 noyabr 2011-ci il tarixli müqavilə şərtlərini vaxtında icra etməyərək binanı uzun müddət (2019-cu ilə kimi) inşa etməsinə baxmayaraq 25 dekabr 2021-ci il tarixə kimi İddiaçı qalıq qalan pulu tələb etməmiş, həmin tarixli pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul edilməyərək məhkəməyə yuxarıda qeyd edilən iddia ilə müraciət edilmişdir. MTK ilə İddiaçı arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq müqavilə predmeti olan ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzil İddiaçı təqdim edilməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdeh MTK tərəfindən mənzilin nömrəsinə dair müqavilə şərtinin dəyişdirilməsi təşəbbüsü ilə iddiaçıya müraciət edilməməsini də nəzərə almışdır. Lakin, iddiaçının iddia tələbində göstərdiyi mövqe ilə yanaşı, müqavilə şərtlərini də nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mənzil İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli qalıq məbləğ olan 57750 manat vəsaitin Cavabdeh MTK-ya ödənilməsi həyata keçirilməli və yalnız bu şərtlə ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən 301 nömrəli mənzili Cavabdeh MTK ona təqdim etməlidir. Məhkəmə ilkin iddia tələblərinin digər hissələrinə qiymət verərək hesab etmişdir ki, bu tələblər mənzilin təhvil verilməsi tələbinin təmin edilməsi hissəsindən asılı olduğu və tələbin qeyd edilən hissəsi də təmin olunduğu üçün digər tələblərə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 422.2, 422.4 423.1, 423.2, 442, 445.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək ilkin iddia tələbinin təmin edilən hissədə rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan müqavilədə ödəniş şərtləri aydın şəkildə qeyd edilmişdir. Yəni, ilkin ödəniş qeyd edildikdən sonra digər hissədə bərabər şəkildə ödənilməklə binanın sonuncu mərtəbəsinin tikntisi başa çatanadək yekunlaşmalı idi. İddiaçı tərəfindən ilkin ödənişin həyata keçirilməsi və MTK-nın binanı 2019-cu ildə tam şəkildə istismara təhvil verməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, MTK tərəfindən 2011-ci ildən 2021-ci ilə qədər müqavilə üzrə qalıq məbləğin ödənilməsi ilə bağlı İddiaçı hər hansı bir müraciət edilməmişdir. Lakin, MTK tərəfindən həmin pulun istənilməməsi MTK üçün hər hansı bir məsuliyyət yaratmır. Əksinə ödənişə münasibətdə müqavilə öhdəliyinə əməl edilməsi İddiaçı vəzifəsi olmaqla yanaşı onun məsuliyyətində olmuşdur. Lakin, göründüyü kimi İddiaçı 10 ildən çox keçməsinə baxmayaraq ümumiyyətlə ödəniş etməmiş, belə bir ödənişi etməyə təşəbbüs göstərməsinə dair hər hansı bir hərəkət yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı mübahisə predmeti olan müqavilə öhdəliklərinə riayət etməməsi öz təsdiqini tapmışdır. 15 dekabr 2021-ci il tarixli pretenziya və həmin pretenziyaya etiraz digər məhkəmənin işinin predmeti olmuş və həmin mülki işin iddia tələbi müqavilənin ləğvi olsa da ləğv etmənin hüquqi əsası fərqli olmuşdur. Qeyd olunmalıdır ki, həmin iddia tələbinin hüquqi əsası onlara görə düzgün olmadığından iddia ərizəsini geri götürmüşlər və hazırkı hüquqi əsasla bağlı yeni 06 iyun 2022-ci il tarixli pretenziya məktubu ilə İddiaçı müraciət etmişlər. İddiaçı isə həmin pretenziya məktubunu aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onlar isə öz növbələrində 06 iyun 2022-ci il tarixli pretenziyada qeyd edilən hüquqi əsasa uyğun olaraq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə iş üzrə qətnamə qəbul edərkən onların 06 iyun 2022-ci il tarixli pretenziya məktublarını əhəmiyyətsiz sənəd kimi qiymətləndirmişdir. Belə bir qiymətləndirmə apararkən məhkəmə mübahisə predmeti olan müqavilənin MTK tərəfindən tanınaraq qəbul edilməsi əsasını qeyd etmişdir. Bu yanaşmaya uyğun olaraq 06 iyun 2022-ci il tarixli pretenziya məktubunun əhəmiyyətsiz sənəd hesab edilməsi qanunsuz olmaqla yanaşı heç bir məntiqə söykənmir. Belə ki, mübahisə predmeti olan müqavilənin hazırda da qüvvədə olmasını onlar qəbul edirlər. Ona görə də qüvvədə olan müqavilənin ləğvi barədə iddia irəli sürmüşlər. Məhkəmə qeyd etmişdir ki, ilk pretenziyadan sonra İddiaçı əvvəl məhkəməyə müraciət edilməmişdir. Yuxarıda da qeyd etdikləri kimi bunun obyektiv səbəbləri olmuşdur. Belə ki, ilk qaldırdıqları iddia tələbi üzrə məhkəmə 25 aprel 2022-ci ildə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Həmin qərardadın tərtib edilməsi və tərəflərə göndərilməsi və qərardadı əldə etdikdən sonra yeni bir hüquqi əsasa görə pretenziya məktubunun yazılması vaxt aldığından hesab edirlər ki, məhkəmənin bu mövqeyi düzgün deyildir. Bundan başqa məhkəmə qarşılıqlı iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, müqavilənin ləğvi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi və ya tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması zamanı mümkündür. Lakin, onlar iddianın hüquqi əsasını Mülki Məcəllənin 445.8-ci maddə üzərində qurmuşlar. Çünki, 2011-ci ildə tərəflər arasında müqavilə münasibətləri yaransa da 11 il ərzində İddiaçı tərəfindən həmin müqavilə icra edilməmiş və yalnız hazırkı vəziyyətdə İddiaçı müqavilə öhdəliklərini icra etmək niyyətində olduğunu bildirmişdir. Bakı şəhəri Səbail rayonu ərazisində yeni inşa edilmiş tikililərdə yerləşən mənzillərin 2011-ci il və 2022-ci illərdəki qiymətlərinin kəskin şəkildə fərqləndiyi hamıya bəlli olan haldır. İddiaçı isə köhnə qiymətlərə uyğun olaraq ödəniş etməklə mənzilə sahib olmaq niyyətindədir. Halbuki, belə bir qiymətə hazırda Səbail rayonu ərazisində o şərtlərdə mənzil əldə edilməsi mümkün deyil. MTK müqaviləni ləğv edərək həmin mənzili mövcud bazar qiymətlərinə uyğun şəkildə satışını həyata keçirilməsini arzu edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
17. İddiaçı və onun nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadığını bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 423.1.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; Maddə 422. Müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında “Kooperativ Mənzil Tikintisi haqqında” 29 noyabr 2011-ci il tarixli 238 nömrəli müqavilə imzalanmış, müqavilənin predmetini Kooperativə ayrılmış ünvan 3 ünvanda alıcılara inşa ediləcək yaşayış binasının 301 nömrəli mənzili təşkil etmişdir. Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33,34% miqdarında ödəniş etməyi, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə 30000 manat ilkin ödəniş edilmiş, lakin nəinki müqavilədə nəzərdə tutulduğu kimi, binanın sonuncu mərtəbəsi inşa olunana kimi, hətta bina 2019-cu ildə istisamara qəbul edildikdən sonra da heç bir ödəniş aparılmamışdır.
23. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. Qarşılıqlı iddia tələblərindən birini müqavilənin ləğvi təşkil etdiyindən və digər tələb olan ödənilmiş 30000 manat məbləğində pul vəsaitinin qaytarılması məhz bu tələblə bağlı olduğundan iddia tələbinin qanuni əsasını həmçinin, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələri təşkil edir. Həmin maddələrin dispozisiya şərtlərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
25. Müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33,34% miqdarında ödəniş etməyi, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməyi öhdəsinə götürmüşdür. Əgər müqavilənin bu bəndində mənzilin qalan dəyərinin “bərabər hissələrlə” və “binanın son mərtəbəsinin tikintisi başa çatana qədər” ödənilməsi nəzərdə tutulurdusa, İddiaçı tərəfindən ən azı bir dəfə ödəniş aparılmalı idi ki, hal – hazırda məhkəmə bu halı qiymətləndirərək müqavilə şərtlərində binanın təhvil verilmə vaxtı göstərilməsə də digər tərəfin öhdəliklərin icrasının hansı qaydada həyata keçirdiyini qiymətləndirsin. Həmçinin, müqavilə şərtlərində öhdəliklərin icrasının bir – birindən asılı olması barədə də heç bir şərt mövcud deyildir. İddiaçı nəinki müqavilədə nəzərdə tutulduğu kimi binanın son mərtəbəsinin tikintisi başa çatana qədər, yaşayış binasının istismarına icazə sənədi 14 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməsinə baxmayaraq həmin tarixdən sonra da, heç bir ödəniş aparmamışdır ki, bu xüsusat müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması və müqavilənin ləğvi üçün, həmçinin, kreditorun borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itdiyindən icranı qəbul etməkdən imtina etməsi üçün əsasdır. Birinci instansiya məhəkəməsinin bu halı müqavilənin əhəmiyyətli pozuntusu hesab etməməsi Mülki Məcəllənin 421.2-ci maddəsinin məqsəd və mənasına uyğun deyildir. Bakı şəhəri Səbail rayonu ərazisində yeni inşa edilmiş tikililərdə yerləşən mənzillərin 2011-ci il və 2022-ci illərdəki qiymətlərinin kəskin şəkildə fərqləndiyi barədə şikayətin dəlili də əsaslıdır və kreditorun bu əsasla icraya marağının itdiyini bildirməsi haqlı yanaşma olaraq qəbul edilməlidir.
26. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən ona əsaslanmışdır ki, Cavabdeh MTK 29 noyabr 2011-ci il tarixli müqavilə şərtlərini vaxtında icra etməyərək binanı uzun müddət (2019-cu ilə kimi) inşa etməsinə baxmayaraq 25 dekabr 2021-ci il tarixə kimi İddiaçı qalıq qalan pulu tələb etməmiş, həmin tarixli pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul etməmişdir. Lakin, bu situasiyada mülki qanunvericilik müqavilə tərəfinin üzərinə öhdəliyin icrası ilə bağlı xəbərdarlıq olunması barədə hər hansı bir öhdəlik qoymur və həmin tərəf üçün məsuliyyət yarada bilməz. Əksinə ödənişin müqavilədə nəzərdə tutulmuş qaydada aparılması İddiaçı vəzifəsidir və bu vəzifənin yerinə yetirilməməsi onun üçün məsuliyyət yarada bilər. MTK tərəfindən ödənişlərin tələb edilməməsi borclunu öhdəliyin icrasından azad edən hal kimi qəbul edilə bilməz.
27. Qətnamənin əsaslandığı digər hal - pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə müqavilə tərəfinin öhdəliyini əhəmiyyətli pozmasından və bununla bağlı olaraq digər tərəfin müqavilə şərtlərinə əsasən müqavilənin icrasından birtərəfli imtina etdiyini həmin tərəfə bəyan etdikdən sonra müqavilə üzrə öhdəliklərini əhəmiyyətli pozmuş şəxsin aralarında bağlanmış müqaviləyə istinad edərək öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi və ya buna cəhd etməsi qarşı tərəfin razılığı olmadan müqavilə münasibətlərinin bərpa olunması əsası kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən belə birtərəfli imtina əsaslı olduğu halda müqavilə müvafiq surətdə ləğv edilmiş sayıldığı üçün tərəflər arasında müqavilə hüquq münasibətlərinin bərpası yalnız qarşılıqlı razılıq əsasında mümkündür.
28. Qeyd edilənlərə məcmu şəklində qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə öhdəliklərini yetirmədiyindən, mənzilin təqdim edilməsi barədə iddia tələbi, həmçinin əsas müqəddəratı bu tələbdən asılı olan maddi və mənəvi zərərin ödənilməsi barədə tələbləri əsaslı deyildir. Çünki, müqavilənin şərtlərinin yuxarıda qeyd olunduğu kimi İddiaçı tərəfindən pozulması halı aşkardır. Cavabdehin müqavilənin ləğv edilməsi barədə tələbi isə əsaslıdır və müqavilə ləğv edilməklə yanaşı tələbdə də qeyd edildiyi kimi 30000 manat ilkin ödəniş iddiaçıya geri qaytarılmalıdır.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)- 1470/2022 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)- 1470/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 29 noyabr 2011ci il tarixli müqavilə ləğv edilsin və 30000 manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev