Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2647/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə,məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-2909/20 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehn qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağı X5 ilə birlikdə Bakı şəhəri, A.Mustafayev küç, ev 37, mənzil 35-ə dair olan istifadə hüququna xitam verilməsi və qeyd edilən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək Cavabdeh uşağı X5 ilə birlikdə Bakı şəhəri, A.Mustafayev küç, ev 37, mənzil 35-ə dair olan istifadə hüququnun olmaması və qeyd edilən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, ev 37, mənzil 35 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququ və cavabdehdən onun Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, ev 37, mənzil 35 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququna xitam veriləcəyi təqdirdə 16200 AZN məbləğində kompensasiya məbləğinin və mübahisəli mənzilə təmir üçün xərclədiyi 18000 AZN pulun əvəzinə amortizasiya xərci çıxılmaqla 5000 AZN məbləğində təmir xərci ilə birlikdə cəmi 31200 AZN məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, ev 37, mənzil 35 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququ barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-2909/20) ilkin iddia təmin edilmiş, Cavabdeh və X3 Bakı şəhəri, A.Mustafayev küçəsi, ev 37, mənzil 35-dən istifadə hüququnun olmadığı müəyyən edilmiş, Cavabdeh xx xxxx 2015-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, A.Mustafayev küçəsindəki 37 saylı evin 35-ci mənzili 28.07 kv.metr sahədən ibarət olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzildə İddiaçı 2003-cü ildən qeydiyyata düşərək yaşamağa başlamışdır. X13 xx xxxxx 2015-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin tarixdən etibarən cavabdeh həmin evə qeydiyyata düşərək mübahisə predmeti olan evdə qısa müddət yaşamağa başlamışdır. Ancaq 2016-cı ilin noyabr ayından faktiki olaraq cavabdeh həmin evdə yaşamamışdır. Onlar ilkin iddia üzrə iddiaçının oğlu X6 ilə birlikdə ABŞ-a köçüb orada yaşamağa başlamışlar. Oğlu ilə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq cavabdeh xarici ölkədən qayıtmış və 2019-cu ilin noyabr ayından mübahisə predmeti olan evə gəlib yenidən orada yaşamağa başlamış və iddiaçının qeyd edilən evə daxil olmağına maneələr yaratmışdır. Aralarında mübahisə yaranmasın deyə İddiaçı qeyd edilən evə daxil olmur. Ancaq cavabdeh qeyd edilən mənzildə yaşayır. Digər tərəfdən, Cavabdeh qızı X5 ilə qeyd edilən mənzildə pasport qeydiyyatında olması iddiaçının bir mülkiyyətçi kimi qeyd edilən mənzilə sərəncam vermək hüququnun həyata keçirilməsini imkansız edir. Bu da mənzilə mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin oğlu olan X4 ilə 2015-ci il aprel ayında rəsmi nikaha daxil olaraq İddiaçı və İddiaçı digər ailə üzvlərinin arzusu və icazəsi ilə sözü gedən mənzilə gəlin köçmüş və sözü gedən mübahisəli mənzil İddiaçı mülkiyyətində olmasına baxmayaraq həyat yoldaşı və onun istifadəsinə verilmişdir. Yeni ailə qurduqları zaman yoldaşının imkanı zəif olmasından şəraitlərinin yaxşılaşdırılması üçün valideynləri tərəfindən sözü gedən mənzilin əsaslı təmirinə 18.000 AZN-dən çox vəsait sərf edilmişdir və mübahisəli mənzildə bütün ev məişət, yataq, qonaq, mətbəx əşyaları nə varsa hamısı ona məxsus cehiz əşyalarıdır. Sözü gedən mənzildə xx.xx.2015-ci il təvəllüdlü qızı X7 dünyaya gəlmişdir. Ailə vəziyyətinin aşağı gəlirli olması səbəbindən 2016-cı ildə işləmək üçün ilk həyat yoldaşı Şirəliyev Elşad ABŞ-a getmiş və 2016-cı ilin axırlarında təxminən onun gedişindən 6-7 ay sonra 2016-cı ilin axırlarında onu yanına müvəqqəti kömək üçün çağırmışdır. Orada ona məlum olmuşdur ki, Şirəliyev Elşad orada siyasi sığınacaq istəmiş, özünü müxalifət qüvvələrinə qoşmuşdur. O, Şirəliyev Elşada anasının, bacısının, atasının Azərbaycan Respublikasının çörəyini yeyərək ölkəmizə etdiyinin xəyanət olmasını bildirsə də, mütəmadi olaraq döyülüb vurulmuşdur. Buna görə ABŞ-da polisə belə şikayət etmişdir. Bundan sonra əlinə imkan düşən kimi Elşaddan orada olan övladını çıxarma izni aldığı vaxtdan Azərbaycan Respublikasında daimi yaşadığı əhəmiyyətli dərəcədə valideynləri tərəfindən təmir olunmuş və bərabər təsərrüfat apardığı mənzilə maneəsiz qayıdıb yaşamağa davam etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh oğlunun arzu olunmaz müxalifətçilərə qoşulması və onunla birgə yaşamaq istəməməsini bildiyindən onu mənzildən iki azyaşlı övladı ilə çıxarmaq istəyir. Sözügedən mənzilin mülkiyyətçisinin cavabdeh olması və onun vaxtı ilə şəxsən icazəsi ilə mənzilin yalnız onlar tərəfdən idarə olunması onların olmadıqları vaxt kommunal xərclərin təqribi sıfırı göstərməsidir. Yuxarıda yazdıqları, cavabdehin ailə üzvü olaraq birgə təsərüfat aparmalarını, külli miqdarda təmirə pul qoymaları, onu və mülkiyyətçinin icazəsi ilə qeydiyyata düşmələri mənzildən istifadə və mənzildə yaşamaq hüququ yaratmışdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh ən azından azyaşlı - xx.xx.2018-ci il təvəllüdlü oğlu X1 3 yaşı bitənədək, ona sözügedən mənzildən istifadə hüququnun verilməsi və qeydiyyatdan çıxarılmamasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşı tərəfin maddi imkanı çox yüksək səviyyədədir və ata hal-hazırda ABŞ-da siyasi qaçqın olaraq çox yüksək gəlirlərlə yaşamağına baxmayaraq bir ildən çoxdur ki, aliment borcunu belə ödəmir. Himayəsində iki azyaşlı uşaqla mübahisəli evdə yaşayır və bu soyuq havada həmin evdən başqa gedib yaşamağa yeri də yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, mübahisəli iki otaqlı mənzil İddiaçı mülkiyyətindədir və onun mülkiyyət hüququ xx.xx.2000-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh xx.xx.2015-ci ildə iddiaçının oğlu Elşad Şirəliyevlə rəsmi nikaha daxil olmuş, həmin nikahdan Əsma və Yunus adlı iki uşaqları olmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Elşad Şirəliyevdən aliment tutulmuşdur. Cavabdeh ailə qurduqdan sonra bir müddət əri ilə birlikdə X2 yaşamış, lakin sonradan geri dönmüş və hazırda mübahisəli mənzildə yaşamaqda davam edir. İddiaçı dəqiqləşdirilmiş son tələbi cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması və mənzildən çıxarılması barədədir. O, tələbini mübahisəli mənzilin mülkiyyətçisi olması, lakin cavabdehin təqsiri üzündən mülkiyyətindən istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Cavabdeh isə sonradan dəqiqləşdirilmiş tələbi iki azyaşlı övladı ilə birlikdə mübahisəli mənzildən yaşama və istifadə hüququnun tanınması barədədir. O, bu tələbini mübahisəli mənzilin təmirində iştirak etməsi və başqa yaşayış yerinin olmaması ilə izah etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmiş və bu zaman mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə X4 arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmiş və beləliklə də İddiaçı ilə evdən yaşayış sahəsi kimi istifadə edən ilkin iddia üzrə Cavabdeh arasındakı ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı ilə Cavabdeh arasında sonuncunun mübahisəli evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququ da yaranmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh mübahisəli evin mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Cavabdeh istifadə hüququna malik olmadığı halda İddiaçı mülkiyyətindəki mənzildə qeydiyyatda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüququnu pozan hal kimi qiymətləndirilə bilər və buna görə də hazırkı qətnamə Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas təşkil etməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2ci maddələrinə, xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apelyatora aid hissədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarının öyrənilməsi nəticəsində bu qənaətə gəlir ki, işə baxan məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmış və qiymət verilmişdir. Göründüyü kimi, apelyator şikayətdə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2647/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2647/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver