Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2647/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qərardadından ərizəçinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) “iş stajının olması və həmin stajın güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi müəyyənləşdirilməsi” barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsini qərara almışdır. Həmin qərardadla Rayon Məhkəməsi ərizəçiyə izah etmişdir ki, ərizəçinin əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə qeyd edilmiş əmək fəaliyyətinin müxtəlif səbəblərdən sosial sığorta stajı (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatına hüquq verən iş stajı) kimi müəyyənləşdirilməsindən DSMF orqanlarının imtinasından inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və ərizənin icraata qəbul edilməsi məsələsinə ərizəçinin iştirakı ilə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizədən müəyyən edilir ki, ərizəçi əmək kitabçasında və işlədiyi yerlərdən müvafiq olaraq verilmiş arxiv arayışlarında qeyd edilmiş yerlərdə 30 il 4 ay işləməsi və işlədiyi həmin dövrün 22 il 7 ay 20 gününün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi müəyyənləşdirilməsini xahiş edir. Ərizəçinin belə bir tələblə müraciət etməsinə səbəb isə onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətindən iş stajının az olması və güzəştli iş stajının olmaması səbəbilə imtina olunmasıdır. Ərizədə (iş v. 2.) qeyd edilmişdir ki, ərizəçi mübahisəli məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin nəticəsi olmamışdır. İş materiallarına ərizəçinin Bakı İnzibati Məhkəməsinə müraciət etməsi və həmin müraciətə baxılmasının nəticəsi ilə bağlı sübut əlavə olunmamışdır. Lakin Rayon Məhkəməsi bu halı araşdırmamış belə qənaətə gəlmişdir ki, hazırkı ərizəyə mülki məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi qərardaddan vermiş olduğu şikayətdə (iş v. 36) qərardad qəbul edilərkən bu halın nəzərə alınmadığını qeyd etsə də, Rayon Məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən halı iddiaçının iştirakı ilə dəqiqləşdirmədən ərizənin icraata qəbulundan imtina etməkdə haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə ərizəçinin iştirakı ilə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qərardad ləğv edilsin. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə” ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə Ərizəçi iştirakı ilə yenidən baxılması üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2647/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2647/2024
05.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver