Məhkəmə qərarları › İş №2(103)-2648/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2648/2020

11.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2648/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı qızının, Cavabdehnun, Cavabdehin nümayəndəsi (anası) və 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-5338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və 3-cü şəxs X3 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2016-ci il tarixində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Cavabdehin evinə gəlin kimi gəlmiş, ona məxsus olan cehiz əşyalarını da bu evə yerləşdirmişdir. Rəsmi nikahlarından xx xxxxxx 2016-ci il tarixdə Nüşabə adlı, xx xxxxx 2018-ci il tarixdə Hafizə adlı 2 (iki) uşaqları anadan olmuşdur. Sonradan ailədə müəyyən münaqişələr olduğu üçün cavabdehlə rəsmi ayrılmaq məqsədilə Sabunçu rayon Məhkəməsində nikaha xitam verilməsinə dair iddia qaldırmışdır. Məcburiyyət qarşısında qalaraq qızları ilə birlikdə valideyninin kirayə yaşadığı evdə yaşayır. O, azyaşlı qızları X5 və X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı övladları xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxx 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi olan özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və 3-cü şəxs X3 tərəfindən birlikdə apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan evdə yaşamasını, hansı müddətdə yaşamasının, həmin evdə ona məxsus əşyaların qalıbqalmamasını, iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacının olub-olmamasını heç bir şəkildə araşdırmamışdır. Yəni, iddiaçının sadəcə cavabdeh ilə nikahda olması faktı nədənsə məhkəməyə kifayət etmişdir. İş materiallarında iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq istinad olunan hallar heç bir şəkildə sübuta yetirilməmiş, eyni zamanda iddiaçının mübahisəli evdə yaşamasına dair hər hansı sübut, sənəd mövcud deyildir. İddia tələbi iddiaçının keçmiş əri Cavabdeh qarşı irəli sürülmüşdür və işə baxan məhkəmə mübahisəli evə dair Cavabdeh məxsus hər hansı əlaqələndirici dəlil, sübut olmadan hesab etmişdir ki, iddiaya məhz o cavab verməlidir. Yəni, iş üzrə əsl cavabdehlərin kim olması araşdırılmamışdır. Məhkəmə iddia tələbini təmin edən zaman iddiaçının köçürülməli olduğu evi, yəni, mübahisə predmetinin konkret hansı ev olmasını da dəqiqləşdirməmişdir. Məhkəmə işə diqqətsiz və qeyri-obyektiv, qanunsuz baxmış, eyni zamanda düzgün olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə 2015-ci ildə nikaha daxil olanda 2-3 ay kirayədə qalmışlar, 2-3 aydan sonra anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Əslində həmin ev anasına deyil, dayısına məxsusdur, sadəcə dayısı həmin evi onun anası atası ilə boşanandan sonra anası rayondan uşaqları ilə şəhərə gəlib yaşayış yerləri olmadığı üçün onlara müvəqqəti olaraq yaşamaq məqsədilə vermişdi. Həmin ev 2 otaqdan ibarətdir, həmin evdə hal-hazırda ondan başqa anası, digər qardaşı, onun iki övladı yaşayır, bu yaxınlarda müalicədə olan və psixikası yerində olmayan qardaşı da müalicədən qayıtdıqdan sonra həmin evə yaşamağa qayıdacaqdır. Bu qədər insanın iki otaqlı evdə yaşaması mümkün deyil. İddiaçı ilə nikahda olarkən anası tərəfindən onlara ev almaq üçün 23000 manat pul verilmişdi, lakin həmin pula onlar ev almamışlar, həmin pulu ailənin saxlanmasına, aldıqları minik maşınına xərcləmişlər. İşlətmək üçün icarəyə götürdüyü kafenin təmirinə lazım olan 400-450 manat pulu isə anası ona bu puldan ayrıca vermişdi. Beləliklə, anasının verdiyi 23000 manatın təxminən 5000-6000 manatını xərcləmişdilər. Qalan pulu isə iddiaçı qızıllıarı ilə birlikdə götürüb getmişdi. Cavabdehin nümayəndəsi (anası) və 3-cü şəxs Nüşabə Eynişova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi özbaşına tikili ona deyil, qardaşına məxsusdur, o, həyat yoldaşı ilə boşanıb rayondan uşaqları ilə şəhərə gələndə yaşamağa yerləri olmadığı üçün qardaşı anasının xahişi ilə bu evi tikib onların yaşaması üçün müvəqqəti olaraq onlara vermişdi. Oğlu ilə iddiaçı nikaha daxil olandan sonra 2-3 ay kirayədə qalmışlar, sonra isə onun yaşadığı bu evə gəlmişlər. Ev iki otaqlı olub, yaşamaları üçün çox darısqaldır. Bir yerdə yaşamaqları çətinlik törətdiyi üçün başqa yerdə olan özbaşına tikilini satıb onun pulunu- 23000 manatı gəlininə vermişdi ki, özlərinə ev alsınlar, amma həmin pula ev alınmamış, gəlini ilə oğlu arasında münasibətlər pisləşmiş, nəticədə gəlini iki uşağını, onun ev almaq üçün verdiyi pulu və ona hədiyyə etdiyi 10000 manatlıq qızıl-zinət əşyalarını götürüb evdən getmişdir. Hazırda mübahisəli ev özbaşına tikili olub, iki otaqdan ibarətdir ki, həmin otaqlarda da o, iddiaçının əri olan oğlu, digər boşanmış oğlu və onun iki uşağı yaşayır, bu yaxınlarda isə psixi xəstəliyi ilə bağlı müalicədə olan oğlu da müalicədən qayıdıb yaşamaq üçün bu evə gələcəkdir. Odur ki, iddiaçının iki uşağı ilə birlikdə bu evə köçürülməsi qeyri-mümkündür. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, o, keçmiş həyat yoldaşı ilə nikaha daxil olandan sonra 2-3 ay kirayələrdə qalmışlar, sonradan bu mübahisəli evə- qaynanasının yanına gəlmişlər. Bu ev özbaşına tikilidir, orada qayınları, keçmiş əri, qaynının iki uşağı və qaynanası yaşasa da, o da uşaqları ilə həmin evə köçürülməsini istəyir, çünki qalmağa başqa yaşayış yerləri yoxdur, anasının əvvəllər evi olsa da, sonradan həmin ev satılmışdır. Birgə nikah dövrundə bir yerdə yaşasalar da, sonradan keçmiş həyat yoldaşı ilə aralarında münasibətlər pisləşmiş və o, iki uşağı ilə evi tərk etmək məcburiyyətində qalmışdır. Hələ həmin evdə yaşayarkən qaynanası başqa yerdə olan evi satmış və satışdan əldə olunan pulu- 23000 manatı ona vermişdi ki, özlərinə ev alsınlar, lakin həmin pulu nikah dövründə xərcləmişlər. Belə ki, həmin pulun bir hissəsi ailənin saxlanmasına xərclənmiş, bir hissəsinə isə keçmiş əri özünə minik maşını almış, icarəyə götürdüyü kafenin təmirinə, mobil telefonun alınmasına və digər özbaşına tikilinin dam örtüyünün vurulmasına sərf olunmuşdu. Buna görə də iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin faktiki hallarına görə İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar və onların bu nikahından iki övladları dünyaya gəlmişdir. Sonradan tərəflər arasında nikah münasibətləri pozulmuş və iddiaçı uşaqları ilə birlikdə yaşadıqları mübahisəli evi tərk etmişdir. Hazırda iddiaçı övladları ilə birlikdə cavabdehlə birgə nikah dövründə yaşadıqları mənzilə köçürülmələri barədə iddia ilə məhkəməyə müraciət etmişdir ki, onun da bu iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, əvvəla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində deyil və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı sənəd iş materiallarında mövcud deyil. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və Cavabdeh birgə nikah dövründə həqiqətən də Nüşabə Eynişova (iddiaçının qaynanası) tərəfindən onlara ev almaq üçün 23000 manat məbləğində pul vəsaitinin verilməsini, həmin pulun bir hissəsinin ailənin saxlanmasına, bir hissəsinin isə minik maşınının alınmasına, icarəyə götürülmüş kafenin təmirinə və digər özbaşına tikilinin dam örtüyünün vurulmasına sərf olunmasını etiraf emişlər. Beləliklə, İddiaçı və Cavabdeh birgə nikah dövründə onların ev alması məqsədilə X3 tərəfindən onlara 23000 manat məbləğində pul vəsaitinin verilməsi, hazırda həmin evdə cavabdehin (iddiaçının keçmiş ərinin), iddiaçının iki qaynının, qaynının 2 uşağının və qaynanasının, ümumilikdə 6 nəfərin yaşaması faktı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin evinə gəlin kimi gəlib, ona məxsus olan cehiz əşyalarını da bu evə yerləşdirib iki uşağı ilə həmin evdə yaşadığı üçün və hazırda uşaqları ilə qalması üçün başqa yaşayış yeri olmadığı üçün mübahisəli özbaşına tikiliyə köçürülməlidir. Qeyd olunmalıdır ki, iddiaçının uşaqları ilə köçürülməsini tələb etdiyi özbaşına tikilinin cavabdehin dayısı tərəfindən deyil, məhz iddiaçının iştirakı və vəsaiti hesabına inşa olunması, ümumiyyətlə həmin tikilinin tərəflərin birgə nikah dövründə inşa edilməsi, iddiaçının həmin tikilidə davamlı olaraq yaşaması və cavabdehlə birgə təsərrüfat aparması halları iş materialları ilə öz təsdiqini tapmır. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Digər tərəfdən iddiaçı köçürülməsini tələb etdiyi özbaşına tikilinin məhz onun iştirakı və vəsaiti hesabına inşa olunmasını, ümumiyyətlə həmin tikilinin tərəflərin birgə nikah dövründə inşa edilməsini, onun ailəsi ilə birlikdə həmin tikilidə davamlı olaraq yaşamasını və cavabdehlə birgə təsərrüfat aparmasını sübuta yetirə bilməməsi onun uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun (maddə 180). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının təmin edilməsinin qanuni əsası mövcud deyildir. Bu baxımdan birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almadan iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.2-ci maddələr). Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasını təmin edərkən onun uşaqları ilə köçürüldüyü özbaşına tikilidə həmin vaxt kimlərin, yəni ümumilikdə neçə nəfərin yaşaması, bunun üçün mənzil şəraitinin nəzərə alınaraq iddiaçının uşaqları ilə həmin mənzilə köçürülməsinin mümkünlüyünü, iddiaçının uşaqları ilə həmin tikiliyə köçürülməsi nəticəsində qəbul edilmiş qətnamənin hansı şəxslərin hüquq və maraqlarına toxunduğunu, həmin şəxslərin işə cəlb olunmasının zəruriliyini araşdırmamışdır. Belə ki, hazırki işə apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli evdə onun özünün də etiraf etdiyi kimi, keçmiş əri, qaynanası, qaynı və onun iki övladı, həmçinin psixi xəstəliyi ilə bağlı müalicədə olan və bu yaxınlarla həmin evə yaşamaq üçün qayıtması gözlənilən qaynı yaşayır. Belə olan halda iddiaçının iddiasının təmin edilməsi barədə qəbul edilmiş qətnamənin gələcəkdə həmin şəxslərin hüquq və maraqlarına toxunacağı məsələsi birinci instansiya məhkəməsi trəəfindən aydınlaşdırılmamışdır. Apellyasiya baxışı zamanı apelyant olan X3 (iddiaçının qaynanası) 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Bununla bağlı Cavabdeh və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və 3-cü şəxs X3 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı qızının Cavabdeh qarşı “evə köçürülmə” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar