Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2649/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1 Sadiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iddia predmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) “məcburi iş buraxma, istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzinin, maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi, işə bərpa” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2788/2020 nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı “məcburi iş buraxma, istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzinin, maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmamış əmək məzuniyyətlərinə görə 1450 manat, məcburi iş buraxmaya görə 1950 manat, işdənçıxarma müavinəti 900 manat, hüquqi yardıma görə 110 manat, cəmi 4420 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, onun işə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xalidə Rzayevanın rəhbərlik etdiyi Cavabdeh-də 7 ildir ki, əvvəlcə anbardar, sonra isə inzibatçı vəzifəsində işləmişdir. Koronavirus pandemiyası ilə bağlı şirkətin fəaliyyətində baş vermiş fasilədən sonra, ona heç bir ödəniş verilmədən, xəbərdarlıq etmədən MMC-nin baş mühasibi Aliyə Abbasova ona telefonla zəng edərək, müdir Xalidə Rzayevanın tapşırığına əsasən işə buraxılmayacağını demiş ondan işdən azad olunmağı üçün ərizə yazmağını tələb etmişdir. Bunu etməyəcəyi halda müdir onu “statya” ilə işdən qovacağınızı bildirmişdir. Aralarında bağlanmış müqavilələrin ləğv edilməsi, pozulmuş əmək hüquqlarının bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair məsələnin pretenziya qaydasında həll edilməsi ilə bağlı müdirə müraciət etmişdir. Ancaq bir aydan çox keçməsinə baxmayaraq ona cavab verilməmişdir. 6 ay yarımdır ki, iş yerindən müdiriyyət onu əsassız olaraq işə buraxmır işdən azad oldunğunu bildirir, lakin ona nə əmr, nə əmək kitabçası, nə də haqq-hesab verilmişdir. Müəssisədə işlədiyi 7 il ərzində ona əmək məzuniyyəti verilməmiş, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti, işəgötürənin son haqq-hesabı ilə birlikdə ona təqdim edilməmişdir. İşəgötürən aylıq əmək haqqını 300 manat müəyyənləşdirmiş, ondan hər ay 238 manat kartına köçürülmüş, 62 manat isə əlbəəl verilmişdir. Əmək məzuniyyətinə görə pul əvəzinin (300 manat 30.4 gün x 21 gün x 7 il = 1450 manat) verilməsi ilə bağlı, cavabdehə müraciət etmişdir. Lakin müsbət cavab almamışdır. Hazırda hüququnu bərpa etmək məqsədi ilə vəkilə müraciət etmişdir. Hüquqi yardıma görə 110 manat, məsələni məhkəmədə mübahisələndirmək üçün isə 30 manat dövlət rüsumu ödəmişdir. Bundan əlavə işəgötürən onu işdən çıxaracağı barədə əvvəlcədən xəbərdar etməklə orta əmək haqqından az olmamaqla 300 manat işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı 2x300 manat pul ödəməli idi. Məcburi işburaxmağa görə 1950 manatı nəzərə almaqla, nəticə etibarı ilə bu və digər səbəblərdən iddiaçı işəgötürən tərəfindən 4450 manat maddi zərərə məruz qalmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh-nin idarəçi direktorunun İddiaçı işdən azad edilməsi barədə 01/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə 2100 manat, hüquqi yardıma görə 99 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat, istifadə olunmamış məzuniyyətə görə 2350 manat, cəmi 4579 manat məbləğində dəymiş zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2788/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh-nin 01/K nömrəli, xx xxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilsi, Cavabdeh-dən vəkilin göstərdiyi yardıma görə 99 manat, 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2788/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin bu qətnaməsi ilə razı deyillər və qətnaməni qanunsuz hesab edirlər. Belə ki, iddia tələbinə dair məhkəməyə etiraz təqdim edilmiş və iddia tələbinin bəndi üzrə etirazın nədən ibarət olması həmin hissədə tələbin hansı əsasla qəbuledilməzliyi və işin faktiki hallarının əslində nə cür olması izah edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən qanunla bu növ iddialar üçün müəyyən olunan iddia müddəti ötürülmüş və bu barədə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmişdir. Bildirirlər ki, iddiaçı əmək intizamını pozduğu üçün, konkret olaraq isə, işə çağırıldığı zaman işə çıxmaqdan imtina etdiyi üçün işdən azad edilmişdir, iddiaçı fərdi əmək mübahisələri yarandığı zaman pozulmuş hüquqlarının qorunması üçün qanunvericiliklə müəyyən olunmuş 1(bir) təqvim ayı müddətinə əməl etməmiş, özünün də iddia ərizəsində qeyd etdiyi kimi 2020-ci ilin mart ayında mübahisə yarandığı halda, 5 ay sonra, yəni avqust ayında məhkəməyə müraciət etmişdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, əməyin ödənilməsi ilə bağlı məhkəməyə verilən iddia tələbləri rüsumdan azad olduğu halda, iddiaçı səhvən rüsum ödəmiş həmin səhvə görə isə onun ödədiyi 30.0 manat rüsumun da cavabdehdən tutulması tam qanunsuzdur. “Digər tərəfdən məhkəmə qətnaməsində məcburi iş buraxma əmək haqqının ödənilməli olması qeyd edilsə də, hansı tarixlər üçün ödənilməli olması qeyd edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 iddia tələbinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. İş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 20/17 saylı əmrlə İddiaçı xxxx MMC-də resepşn vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2017-ci il. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01/19 saylı əmrlə daxili əmək intizam qaydalarını pozduğuna, vəzifəsindən sui-istifadə etdiyinə görə xxxx MMC-nin resepşını İddiaçı xəbərdarlıq edilmişdir. Əsas: X1 xx.xx.2019-cu il tarixli təqdimatı. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2017-ci il tarixli, müddətsiz bağlanmış əmək müqaviləsi üzrə işçinin əmək haqqı 180 manat məbləğdən 250 manat məbləğə qaldırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 04/19 saylı əmrlə daxili əmək intizam qaydalarını pozduğuna görə xxxx MMC-nin resepşını İddiaçı töhmət verilmişdir. Əsas: X1 xx.xx.2019-cu il tarixli təqdimatı. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 01/20 saylı əmrlə daxili əmək intizam qaydalarını pozduğuna görə xxxx MMC-nin resepşını İddiaçı şiddətli töhmət verilmişdir. Əsas; X1 xx.xx.2020-ci il tarixli təqdimatı. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 01/K saylı əmrlə Cavabdeh tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) və 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xxxx MMC-nin Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı 01/K saylı, xx.xx.2020-ci il tarixli əmrlə (Əmək Məcəlləsinin 68.2 a) tərəflərin birinin təşəbbüsü) xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, bu məlumat xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İddiaçı məxsus Əmək Kitabçasının 2-3-cü səhifələrindən görünür ki, xx.xx.2020-ci il tarixdə, 01/K saylı əmrlə xxxx MMC-də tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 68 “a” bəndinə əsasən öz xahişi ilə azad edilmişdir. xx.xx.2020-ci il tarixli, 03/İ saylı əmrlə xxxx MMC-nin baş mühasibi X2 işçinin əmək kitabçasının düzgün doldurulmamasına görə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsin iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdeh-də resepşın vəzifəsinə işə qəbul edilmişdir. Sonuncunun 01/K nömrəli, xx.xx.2020- ci il tarixli əmri ilə işçi İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” (tərəflərdən birinin təşəbbüsü) əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasına əsasən xxxx MMC-nin direktorunun 01/K nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” (işçinin öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.) İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilən haldır. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas olan iki hal mövcuddur. Birincisi tərəflərdən birinin təşəbbüsü, ikincisi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan “xxxx” MMC-nin 01/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı işdən azad edilməsinə əsas kimi tərəflərdən birinin təşəbbüsü, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə rəsmiləşdirilmişdir. Bununla da Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 01/K nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Sadalananları nəzərə alıb məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdə qeyd olunan halların həqiqətən baş verdiyi müəyyən edilmir. Yəni “xxxx” MMC-nin direktoru İddiaçı işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməməsi ilə bağlı işçiyə müxtəlif vaxtlarda xəbərdarlıq, töhmət və şiddətli töhmət verilsə də, bu barədə işçinin məlumatlandırılması aşkar edilmir. Habelə iş materiallarından görünür ki, iddiaçı onun işdən azad edilməsinin səbəbləri ilə bağlı müraciət etsə də, ona işdən çıxarılması ilə bağlı məlumatın verilməsindən boyun qaçırılmışdır. İşçi əmək kitabçasını yalnız məhkəmə prosesi davam etdiyi müddətdə əldə edə bilmişdir və onu məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və məhz sadalanan halların baş verməsi, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlir ki, 72-ci maddədə sadalanan halların hər hansı birinə Cavabdeh 01/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrində əsaslandırılmamışdır. Əsaslandırılsa belə bu hal sübutla təsdiq olunmalıdır. Məhkəməyə təqdim edilmiş aktlara gəldikdə isə məhkəmə qeyd edir ki, həmin aktlar hər hansı hüquq pozuntusunun olmasını habelə, işçinin müvafiq qaydada həmin sənədlərlə tanış edilməsi təmin edilməmişdir. Bununla da əmək qanunvericiliyinin normaları pozulmuşdur. Belə ki, işçinin onun barəsində çıxarılmış intizam tənbehi haqqında əmrlərlə tanış edilməsi cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə kollegiyaası eyni zamanda qeyd edir ki, AR Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətləri müəyyən etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189.3-cü maddəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Bundan başqa müvafiq əmrə əsasən işçi həmçinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin yalnız bir maddəsi ilə işçinin işdən azad edilməsi barədə imperativ norma olsa da işə götürən onu Əmək Məcəlləsinin iki maddəsinə (68 “a” və 70 “ç”) istinad etməklə işdən azad etmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə belə hallar müəyyən edilmir. Bundan başqa Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə. Göründüyü kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə kollegiyası yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi və 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə xx.xx.2020-cu il tarixli əmr qanuni hesab edilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidirş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan xx.xx.2018-ci il tarixli, 07/M saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli əmrə, iyul 2018-ci il tarixli, iyul 2019-cu il tarixli və mart 2020-ci il tarixli haqq-hesab cədvəlinə əsasən müvafiq əmək məzuniyyətləri üçün məzuniyyət pulu ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının əmək məzuniyyətinə görə əmək haqqı almaması ilə bağlı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətdə aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası qeyd edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdehnin xx.xx.2020- ci il tarixli əmri İddiaçı rəsmi qaydada təqdim olunmamışdır. Həmin əmrin özündə də İddiaçı əmrə tanış olmaq barədə imzası yoxdur. Bundan başqa, işçi hansı əsasla işdən çıxarıldığını ümumiyyətlə işdən azad edilib-edilmədiyini məhkəmə prosesi gedişatında bilmişdir. Eyni zamanda qanunvericiliklə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edilir. Qeyd olunan qanunun mənasına görə də hər üç halın hamısı eyni zamanda mövcud olmalıdır. Həmin əmrdən çıxarışın və əmək kitabçasının məhkəmə araşdırması zamanı təqdim olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı hüququnun pozulduğunu bilməli olduğu tarix kimi xx.xx.2020-ci il tarixli məhkəmə iclasının tarixi qəbul edilməli və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. İddiaçı isə hazırki iddia ərizəsini məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə verdiyindən onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində göstərilən 1 təqvim aylıq iddia müddəti ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Cavabdehz” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə kollegiyası iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 99 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 99 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və ağlabatan məbləğdə, yəni hüquqi yardıma görə 99 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh-nin 01/K nömrəli, xx xxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh-dən vəkilin göstərdiyi yardıma görə 99 manat, 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2788/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2649/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2649/2021
18.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver