Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2651/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülk iş üzrə (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-164/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 14KD/20 saylı əsas kredit müqaviləsi müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı ona 100000 manat məbləğində, illik maksimum 28%, minimum 1 ay, maksimum 120 ay müddətinə, əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi çərçivəsində göstərilən tərəflər arasında xx.xx.2020-ci il tarixdə 14KD/20-1 saylı əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh1 6 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 63 900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödəniş 11 121 manat (sonuncu ay 11 120 manat) müəyyən edilmişdir.
2. Eyni zamanda, iddiaçı ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya məxsus ünvan 1, 5 saylı mənzil (bundan sonra – Mənzil) iddiaçıda kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir..
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC (iddia tələbinin həcminin azaldılması barədə təqdim etdiyi ərizə ilə) Cavabdeh1 onun xeyrinə xx.xx.2020-ci il tarixli, 14KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli, 14K.D/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 12885,37 manat əsas, 96,66 manat faiz borcu, 161,10 manat cərimə olmaqla, cəmi 13143,13 manat, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 40 manat xidmət haqqı məbləğində pulun, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1, 5 saylı mənzilə (bundan sonra – Mənzil) yönəldilməsi, mənzilin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 12885,37 manat əsas, 96,66 manat faiz borcu, 161,10 manat cərimə olmaqla, cəmi 13143,13 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi, mənzilə tutma yönəldilərək satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmaqla, mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırımışdır ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14KDİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzil "xxxx" Kommersiya Bankı ASC-yə sonrakı ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “Unibank" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2020-ci il tarixli 14KD/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 17.364,27 manat, faiz borcu üzrə 151,99 manat, cərimə borcu üzrə 253,31 manat, cəmi 17.769,57 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzil "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 164/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli, 14 KD/20- 1 saylı kredit müqaviləsi üzrə 10384,22 manat əsas, 33,17 manat faiz borcu, 161,10 manat cərimə olmaqla, cəmi 10578,49 manat pul, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat pulun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus ünvan 1, 5 saylı mənzilə yönəldilməsi, ünvan 1, 5 saylı mənzilin likvid dəyəri 130.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına iddiaçıya olan cəmi 10578,49 manat pul, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat pul iddiaçıya ödənilməsi, ünvan 1, 5 saylı mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması qət edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(011)- 164/2022 saylı qərardadı ilə qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-164/2022 saylı qətnaməsinin “qət etdi” hissəsində Cavabdeh1 iddiaçının xeyrinə əsas borca görə tutulmalı olan “10384,22 manat” yazılmış yanlışlığın “5384,22 manat” kimi oxunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-164/2022 saylı qətnaməsinin 42-ci bəndində ünvan 1, 5 saylı mənzilin likvid dəyəri “30000 manat” yazılmış yanlışlığın “130000 manat” kimi oxunması qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 317.1, 319.1, 385.1, 386.1, 442, 460.1, 739.1, 739.2-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1, 36, 39.3.3, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı "xxxx" KB ASC apellyasiya şikayəti verərək qətnamənin borcun məbləğinin tutulmasına aid hissəsində əlavə məhkəmə-muhasibatlıq ekspertizası təyin olunmaqla dəyişdirilməsi və həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə xx.xx.2022-ci il tarixli əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardadında xx.xx.2020-ci il tarixə Cavabdeh1 "xxxx" KB ASC-yə olan əsas, faiz və cərimə borcunun hansı məbləğdə olması sualını qeyd etməsinə baxmayaraq, ekspert isə məhkəmənin qərardadına zidd olaraq, gecikmələrə görə cərimə borcunu deyil, yalnız əsas və faiz borcu hesablamışdır. xx.xx.2022-ci il tarixli 9/4118 saylı əlavə mühasibatlıq ekspertizasının rəyindən aydın olur ki, ekspert, ilkin ekspertiza rəyinin yalnız tarixini, nömrəsini və bəzi cümlələri dəyişərək guya yeni hesablamalar aparmışdır. Bankın təqdim etdiyi arayışda borclunun ödənişləri müqavilənin şərtlərinə əsasən əsas borc, faiz və cərimələrə silinməklə hesablanmış olsa da, ekspertin eyniyyət təşkil edən və məhkəmənin suallarına uyğun tərtib edilməyən rəyində isə əsassız olaraq borclunun ödənişləri əsas borc və faizlərə silinməklə hesablanmışdır. Göründüyü kimi, müqavilənin şərtlərinə görə cəriməyə silinməli olan ekspert tərfindən əsassız olaraq əsas və faiz borcundan silinmişdır. Qeyd olunanları ümumiləşdirsək, əlavə mühasibatlıq ekspertizasının təyin olunmasına əsas verən suallar, yəni cərimə borcunun məbləği və cərimə borcuna silinmələr əlavə mühasibatlıq ekspertizası zamanı da cavablandırılmamış və nəticədə borclu tərəfindən edilən ödənişlərin borc məbləğindən silinməsi düzgün şəkildə həyata keçirilməmişdir. Odur ki, yenidən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı və cərimə borcunun məbləği və cərimə borcundan silinmələr hesablanmalı idi. Qeyd olunan məqamları təkrarən əlavə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətimizdə qeyd edərək məhkəmənin diqqətinə çatdırsaq da, məhkəmə bu halları nəzərə almamış və aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
1. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
2. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
3. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
4. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
5. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
7. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
8. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
9. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
10. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi xahiş etdiyindən qətnamə yalnız iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-164/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının həm xx.xx.2022-ci il tarixli, 9/7468 saylı, həm də xx.xx.2022-ci il tarixli 9/4118 saylı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya 10384,22 manat məbləğində əsas borcu, 33,17 manat faiz borcu vardır. Habelə xx.xx.2022-ci il tarixli sonuncu ekspert rəyində göstərilmişdir ki, Namiq Hsənovun xx.xx.2021-ci il tarixdən sonra ödədiyi 5000 manat ödəniş nəzərə alındıqda sonuncunun iddiaçıya olan borcu 5417,40 manat müəyyən edilir.
16. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə yoxlanılan hissədə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-164/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.