Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2652/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı filialının Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(011)-5642/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Tərəflər arasında X5 və X3 hər biri üçün xx.xx.2018-ci il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” ayrılıqda 2 müqavilə bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehin övladlarına azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bir müqavilə üzrə bir tədris ili (sentyabr ayının 1-dən may ayının sonunadək) üçün xidmət haqqı 8000 manat (iki müqavilə üzrə 16000 manat) müəyyən edilmişdir. Həmçinin, müqaviləyə görə tədrisin həftənin İ-V günləri daxil olmaqla saat 08:30-dan saat 17:30-dək keçirilməsi, təhsil prosesində şagirdin qida, istirahət, idman və təhlükəsizliyinin iddiaçı tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən tədris 2020-ci ilin mart ayının əvvəllərinədək əyani, həmin vaxtdan sonra isə, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən qadağalara görə distant keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə 3400 manat məbləğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0,5% olmaqla, 12460 manat dəbbə pulunun və 137,58 manat dövlət rüsumunun, cəmi 15997,58 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilələr üzrə cavabdehin övladları X5 və X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilələr üzrə üzərinə düşən bütün öhdəliklər tam yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə hər bir uşaq üçün 1700 manat, ümumilikdə isə 3400 manat məbləğində təhsil ödənişini həyata keçirməmişdir. Cavabdehə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunu ödənilməsini xahiş etmişlər. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 01 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanmışdır. Nəticədə, cavabdehin ümumilikdə 3400 manat təhsil haqqı borcu və hər müqavilə üzrə 6230 manat cəmi 12.460 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək, göstərmişdir ki, o, müqavilələrə uyğun olaraq tədris ili üçün ödənilməli olan ödənişləri müvafıq qrafıkə əsasən ödəmişdir. İddiaçının öhdəlikləri müqavilənin 3.1-ci maddəsində göstərilmişdir. Lakin 2020-ci ildə bütün dünyanı öz ağuşuna almış Covid-19 pandemiyası ilə əlaqəli olaraq digər ölkələrdə olduğu kimi Covid-19 əleyhinə bəzi qadağalar oldu. Belə ki, təhsil müəssisələrində məcburi olmayan distant təhsilə keçirildi və övladları video proqramlar vasitəsilə onlayn şəkildə təhsilə keçdilər. O, bir neçə dəfə iddiaçının Aynur adlı səlahiyyətli şəxsi ilə telefon vasitəsilə əlaqə saxlamış və belə davam edəcəyi təqdirdə övladlarının liseydən çıxaracağını bildirmişdir. Çünki ödədiyi vəsaitin qarşlığında heç bir vəzifə yerinə yetirilmirdi, təhsil çox keyfiyyətsiz idi və internet ilə bağlı problemlər yaşanırdı. Liseyin rəhbərliyinə dəfələrlə zəng ilə məlumat verməyinə baxmayaraq, “sizə geri dönüş edəcəyik” deyə onu aldadırdılar. Dəfələrlə telefon vasitəsilə zəng etmişdir ki, online dərslərin əleyhinədir və müqaviləyə xitam verilməsini istəyir. Daha sonra o, övladlarının onlayn dərsə qoşulmalarına qarşı oldu, çünki uşaqlar özləri də həmin təhsildən narazı idilər. Dəfələrlə liseyə poçt vasitəsilə yazılı müraciətlər göndərmiş, həm də özü müraciəti mühafizəçisi Abbasov Nicat adlı şəxsə “təhvil aldım” yazdıraraq təqdim etmişdir. Lakin liseydə müraciətlərinə baxılmayıb. Bir müddət sonra o, online tədris proqramına qarşı olduğundan müqaviləyə xitam vermək üçün liseyə getdiyində bildirmişlər ki, 4200 (hər uşaq üçün 2100 manat) manat borcu qalıb və lisey karantin müddətini nəzərə alaraq ona ümumilikdə 800 manat endirim edir. Lakin o bununla razılaşmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(011)- 5642/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflər arasında təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yazılı podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Bağlanılmış hər iki müqavilədə tərəflər öhdəliklərinin həcmini də dəqiq müəyyən etməklə (müqavilələrin 3 və 4-cü bəndləri) bunları müqavilədə göstərmişlər. Müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladlarına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onların gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Hər kəsə məlum olan haldır ki, 2020-ci ilin mart ayının əvvəllərindən COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin qaydalarına müvafiq olaraq ölkədə əyani təhsil müəyyən müddətlərdə dayandırılmaqla, dərslər online formada aparılmışdır. Bu tədbir iddiaçı liseydə də həyata keçirilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, tədrisin əyani formadan distant formasına keçməsi ilə əlaqədar olaraq iddiaçı müqavilədə göstərilən bəzi öhdəliklərini məsələn, cavabdehin övladlarının gün ərzində gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin edilməsi, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirməmişdir. Bu öhdəliklərinin icra edilməsi iddiaçının iradəsindən asılı olmasa da, məhkəmə qeyd etmişdir ki, podrat müqaviləsinin mahiyyətindən aydın olur ki, şərtləşdirilmiş muzd sifarişin (göstərilən xidmətin) həcminə uyğun olaraq müəyyənləşdirilir və bu əlamət podrat müqaviləsinin bağlanmasını təmin edən əsas şərtdir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilələrdə də razılaşdırılmış muzd iddiaçının öhdəliyinin həcminə müvafiq olaraq müəyyən edilmişdir. İddiaçının öhdəliyinin həcmi isə yuxarıda 33-cü paraqrafda göstərilmişdir. Tərəflər arasındakı mülki hüquq münasibətinin xarakterindən də bəllidir ki, cavabdeh tərəfindən ödənilən muzd təkcə tədrislə deyil, həm də müqavilədə göstərilən digər xidmətlərin göstərilməsinə görə təyin edilmişdir. Bu halı cavabdeh yazılı etirazında da bildirmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı da həmin xidmətləri (gün ərzində gigiyenik tələblərə uyğun və keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq) göstərməmiş, hətta müqavilədə həmin xidmətlərə görə muzd (xidmət haqqı) ayrılıqda müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı göstərilən digər xidmət növlərinin ayrı-ayrılıqda smetasının təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, iddiaçı həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, bu halın mövcudluğu iddiaçı tərəfindən müqavilədə göstərilən xidmətin tam şəkildə yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı təhsil haqqının qalıq hissəsinin (mart, aprel və may ayları üzrə) cavabdehin iki uşağına görə 4200 manat olmasına baxmayaraq, hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat azaldılmasını digər xidmətlərin göstərilməməsi ilə bağlı olduğunu bildirsə də, iş materiallarında olan iddiaçının xx.xx.2020ci il tarixli 01/107 saylı əmrində bununla bağlı hər hansı əsaslar göstərilməmişdir. Digər bir tərəfdən, cavabdehin həm iddia ərizəsinə etirazda, həm də iddiaçıya ünvanlandığı (xx.xx.2020-ci il tarixdə iddiaçının Abbasov Nicat adlı əməkdaşı tərəfindən qəbul edilmişdir) müraciətində online (distant) formada keçirilən dərslərin keyfiyyətindən narazı olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçının ən əsas öhdəliyi müasir təhsil metodikasından istifadə etməklə milliyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq şagirdə azərbaycan, rus və ingilis dilini öyrətməyi və bu dillərdə ona keyfiyyətli təhsil verməklə bağlı olmuşdur. Müqavilədə verilən tədrisin keyfiyyət meyarlarının nədən ibarət olması konkret göstərilməsə də, məhkəmə hesab etmişdir ki, iddiaçı öhdəliyini Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun yerinə yetirməli idi. Həmin maddədə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Belə şərtin tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmaması əvvəldə də qeyd edilmişdir. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq edilməlidir. Belə ki, göstərilən tədris xidmətinin keyfiyyətli yerinə yetirilməsi ümumi mənada müqavilədə əks olunmuşdur. Bu halda, iddiaçının tədris etdiyi dərslərin keyfiyyəti, müqavilənin mahiyyətindən asılı olaraq, ümumi tədris məktəblərindən daha üstün səviyyədə cavabdehin arzuladığı keyfiyyətdə olmalı idi. Çünki, cavabdeh övladlarının digər ümumi təhsil məktəblərində deyil, daha keyfiyyətli tədrisin aparılması arzusu ilə əlavə xidmət haqqı müqabilində lisey tipli orta təhsil müəssiəsində təhsil almasını istəmişdir. Məhkəmə hesab etmişdir ki, ümumiyyətlə tədrisin keyfiyyət ölçüsü yalnız fənlər üzrə mövzuların izahı olunması və sonradan tələb edilməsi proseduru kimi müəyyən edilə bilməz. Tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaət bəxş hesab edilməlidir. Cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, iddiaçı tədris etdiyi dərslərin müqavilədə göstərilən keyfiyyətdə (yuxarıda şərh edilmişdir) keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tədrisin distant formada aparılsa da, müqavilədə göstərilən keyfiyyətə uyğun keçirilməsini cavabdehin övladlarının biliklərini test yoxlamalarının nəticələrinə uyğun olaraq təsdiq edə bilərdi. Bundan başqa, qanun iddiaçıya imkan verirdi ki, o cavabdehlə müqaviləni Mülki Məcəllənin 422-ci maddəsinə müvafiq olaraq dəyişdirilmiş şərtlərlə bağlasın (Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar...). Hətta, qanun müqavilənin elektron vasitələrdən istifadə edərək bağlanmasına da imkan verir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tədrisi cavabdehlə bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilələrə uyğun şəkildə yerinə yetirmədiyinə görə xidmət haqqını tələb etməkdə haqlı deyil. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin, hesab etmişdir ki, iddia xidmət haqqının tutulması hissəsində əsassız olduğundan, buna görə tələb edilən dəbbə pulu da cavabdehdən tutula bilməz. Çünki, dəbbə pulu əsas öhdəliyin vaxtında icra edilməsinin təminatı üsullarından biridir, əsas öhdəliyin icra edilməməsi mövcud olmadıqda, buna görə dəbbə pulu da tutula bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 422, 425.1, 442, 445.1, 445.2.1, 752.1, 762.1, 762.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İdrak liseyi müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsinə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yeirməyərək təhsil haqqını ödəməkdən imtina etmişdir. Birinci instaniya Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 752 və 762-ci maddələrinə istinad edərək tərəflər arasında podrat müqaviləsinin bağlandığını və podtrat münasibətləri olduğunu qeyd etmişdir. Lakin, mülki məcəllənin qeyd olunan maddələrini nəzərdən keçirdikdə aydın olur ki, qeyd olunan maddələr tikinti sahəsində bağlanan müqavilələr üçün nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad etmişdir. Lakin Məhkəmə bu maddəni tamamilə əsassız tətbiq etmişdir. Belə ki, hazır ki iş üzrə, Lisey 2019-2020-ci təhsil ili üzrə şagirdə və dolayısı ilə cavabdehə xidmət göstərmiş, şagirdin pandemiya dövründə belə keyfiyətli təhsil almasını təmin etmişdir. Belə olan halda Lisey üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Lakin cavabdeh qeyd olunan öhdəliklərin əvəzi olan ödənişləri etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi bu maddəni düzgün tətbiq etməmişdir. Birinci İnstansiya Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 425.1-ci maddəsinə istinad etmiş, İddiaçı öz üzərinə düşən öhdəlikləri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə uyğun yerinə yetirmədiyini qeyd etmişdir. Lakin, Lisey müqavilə üzrə üzərinə düşən öhdəlikləri yəni şagirdi kefiyyətli təhsil ilə təmin etmə öhdəliyini tam yerinə yetirmişdir. Bununla bağlı lisey tərəfindən online dərslərin keçirilməsi üçün kifayət qədər yüksək məbləğdə vəsait sərf olunaraq online platforma yaradılmışdır. Dərslər online rejime keçdikdən sonra axsadılmadan, tam şəkildə keçirilmişdir. Birinci instansiya Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, Lisey tərəfindən şagirdə kefiyyətli təhsil xidmətləri göstərilməmişdir. Keyfiyyətsiz təhsil ximətlərinin göstərilməsini cavabdehin etirazı əsasında əsaslandırmış və bunun əksinin sübut olunmasının Liseyin öhdəliyi olduğunu qeyd etmişdir. Lakin Mülki Proessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda Lisey də kefiyyətsiz təhsil xidmətlərinin göstərilməsini cavabdeh sübut etməli olduğu halda birinci instansiya məhkəməsi öz qətnaməsində bunu Liseyin sübut etməli olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyət kəsb edən Lisey tərəfindən şagirdə kefiyyətli təhsil xidmətinin göstərilməsi faktını dərindən araşdırmamış, cavabdehin şagirdə lisey tərəfindən guya kefiyyətsiz təhsil göstərilməsi sözlərini əsas tutaraq Liseyin şagirdə kefiyyətsiz təhsil göstərdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında hər bir uşaq üçün xx.xx.2018-ci il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” ayrılıqda 2 müqavilə bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehin övladlarına azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bir müqavilə üzrə bir tədris ili (sentyabr ayının 1-dən may ayının sonunadək) üçün xidmət haqqı 8000 manat (iki müqavilə üzrə 16000 manat) müəyyən edilmişdir. Həmçinin, müqaviləyə görə tədrisin həftənin İ-V günləri daxil olmaqla saat 08:30-dan saat 17:30-dək keçirilməsi, təhsil prosesində şagirdin qida, istirahət, idman və təhlükəsizliyinin iddiaçı tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən tədris 2020-ci ilin mart ayının əvvəllərinədək əyani, həmin vaxtdan sonra isə, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən qadağalara görə distant keçirilmişdir. Müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı aralarında bağlanmış müqavilələr üzrə 3400 manat məbəğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0,5% olmaqla, 12460 manat dəbbə pulunun və 137,58 manat dövlət rüsumunun, cəmi 15997,58 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını iddia etmiş, cavabdeh isə ödədiyi vəsaitin qarşılığında heç bir vəzifə yerinə yetirilməməsi, təhsilin çox keyfiyyətsiz olmaqla, internet ilə bağlı problemlər yaşandığını, online dərslərin əleyhinə olmaqla müqaviləyə xitam verilməsinə dair müraciətlərinə baxılmamasını əsas göstərərək iddiaya etiraz etmişdir. Başqa sözlə, iddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir, cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətin podrat müqaviləsi əsasında yaranması qənaətinə gələrək göstərmişdir ki, Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə konsensual müqavilədir, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Bağlanmış hər iki müqavilədə tərəflər öhdəliklərinin həcmini də dəqiq müəyyən etməklə (müqavilələrin 3 və 4-cü bəndləri) bunları müqavilədə göstərmişlər Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilələrdə də razılaşdırılmış muzd iddiaçının öhdəliyinin həcminə müvafiq olaraq müəyyən edilmişdir. İddiaçının öhdəliyinin həcmi mübahisələndirilməyən öhdəliklər hissəsi istisna olmaqla müasir təhsil metodikasından istifadə etməklə milliyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq şagirdə azərbaycan, rus və ingilis dilini öyrətməyi və bu dillərdə ona keyfiyyətli təhsil vermək; ev tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı şagirdə müəllimlər tərəfindən məktəbdə istiqamət, məsləhət və tövsiyələr vermək; təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gigiyenik tələblərə uyğun və keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq; liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaqdır. Müqavilələrin 4.1-ci bəndində isə cavabdehin öhdəliklərinin həddi müəyyən edilmişdir ki, bunlara müqavilədə nəzərədə tutulmuş qaydada xidmət haqqının tam və vaxtında ödənilməsi də daxil olmaqla, müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirmək və s. daxildir Məhkəmə həmçinin bu qənaətə gəlmişdir ki, tərəflər arasındakı mülki hüquq münasibətinin xarakterindən də bəllidir ki, cavabdeh tərəfindən ödənilən muzd təkcə tədrislə deyil, həm də müqavilədə göstərilən digər xidmətlərin göstərilməsinə görə təyin edilmişdir. İddiaçı da həmin xidmətləri (gün ərzində gigiyenik tələblərə uyğun və keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq) göstərməmiş, hətta müqavilədə həmin xidmətlərə görə muzd (xidmət haqqı) ayrılıqda müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı göstərilən digər xidmət növlərinin ayrı-ayrılıqda smetasının təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, iddiaçı həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu halın mövcudluğu iddiaçı tərəfindən müqavilədə göstərilən xidmətin tam şəkildə yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Belə ki tədrisin əyani formadan distant formasına keçməsi ilə əlaqədar olaraq iddiaçı müqavilədə göstərilən bəzi öhdəliklərini məsələn, cavabdehin övladlarının gün ərzində gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin edilməsi, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirməmişdir. Bu öhdəliklərinin icra edilməsi iddiaçının iradəsindən asılı olmasa da, məhkəmə qeyd etmişdir ki, podrat müqaviləsinin mahiyyətindən aydın olur ki, şərtləşdirilmiş muzd sifarişin (göstərilən xidmətin) həcminə uyğun olaraq müəyyənləşdirilir və bu əlamət podrat müqaviləsinin bağlanmasını təmin edən əsas şərtdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətlərin podrat müqaviləsi üzrə yaranmış münasibətlər kimi qiymət verilməli olmasına dair mövqeyi səhvdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladlarına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onların gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Başqa sözlə, tərəflər arasında müvafiq xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və bu bağlanmış müqavilələrdə podrat deyil, tapşırıq müqaviləsinin elementləri mövcuddur. Belə ki, işin materiallarından görünür ki, hər bir uşaq üçün xx.xx.2018-ci il tarixində İddiaçı Bakı filialı və Cavabdeh arasında “ müqavilələrin adından da göründüyü kimi, (Təhsil xidmətlərinin göstərilməsinə dair”) təhsil xidmətləri göstərilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməyərək hüquqi qiymət verməmişdir ki, iddiaçı tərəfindən cavabdehin övladlarına 2019-2020 tədris ili ərzində təhsil verilməsi faktı mart, aprel və may ayları üzrə distan formada) işin mübahisəsiz halıdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin həm iddia ərizəsinə etirazda, həm də iddiaçıya ünvanlandığı müraciətində online (distant) formada keçirilən dərslərin keyfiyyətindən narazı olduğunu bildirməsinə istinad etməsi özü-özlüyündə tədris faktının baş verməsinin göstəricisidir. Həmçinin də iş materiallarından görünür ki, iddiaçı online (distant) formada keçirilən dərslərin keyfiyyətindən narazı qalmasını xx.xx.2020-ci il tarixdə iddiaçının Abbasov Nicat adlı əməkdaşı tərəfindən qəbul edilmiş müraciəti və iddiaçının səlahiyyətli şəxs hesab etdiyi Aynur adlı cavabedhin əməkdaşı telefon- danışığı ilə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həqiqətən də online (distant) formada dərslərin keçirilməsinə etiraz etdiyi halda, övladlarının bu formada təhsil almasına şəpait yaratmayaraq iddiaçıya rəsmi olaraq ( poçt, internet saytı) vasitəsilə muraciət edərək bu cür tədris formasından imtina etmək hüququndan istifadə edərdi. Lakin iş materiallarından görünür ki, cavabdehin övladları 2020-ci ilin mart, aprel və may ayları üzrə online (distant) formada dərsələri keçəndən sonra o bu dərsələrin keyfiyyətindən narazı qalmasına dair iddiaçıya 2020-ci ilin may ayında müraciət etməsini göstərərək etirazını əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, online (distant) formada təhsilin keyfiyyyətsiz olduğu halda bu tədrisin ilk ayında cavabdeh bununla bağlı iddiaçıya iradını və şikayətini bildirərək digər aylar üzrə övladlarının bu formada təhsilini davam etdirməyə də bilərdi. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin övladları 2020-ci ilin mart, aprel və may ayları üzrə online (distant) formada dərslərdə iştirak etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf mart, aprel və may ayları üzrə online (distant) formada dərslərin keyfiyyətinin aşağı olmasına dair məhkəməyə heç bir sübut da təqdim etmədiyi halda birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, ümumiyyətlə tədrisin keyfiyyət üsulu yalnız fənlər üzrə mövzuların izah olunması və sonradan tələb edilməsi proseduru kimi müəyyən edilə bilməz. Tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaət bəxş hesab edilməlidir. Həmçinin məhkəmə belə hesab etmişdir ki, cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, iddiaçı tədris etdiyi dərslərin müqavilədə göstərilən keyfiyyətdə (yuxarıda şərh edilmişdir) keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tədrisin distant formada aparılsa da, müqavilədə göstərilən keyfiyyətə uyğun keçirilməsini cavabdehin övladlarının biliklərini test yoxlamalarının nəticələrinə uyğun olaraq təsdiq edə bilərdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın əsassız olmasına dair nəticəsini həm də iddiaçı tədrisin distant formada aparılsa da, müqavilədə göstərilən keyfiyyətə uyğun keçirilməsini, başqa sözlə tədris etdiyi dərslərin müqavilədə göstərilən keyfiyyətdə olmasına dair sübut təqdim etməməsi ilə əsaslandırmış, hətta distant tədrisin göstərilən keyfiyyətə uyğun keçirilməsini cavabdehin övladlarının biliklərini test yoxlamalarının nəticələrinə uyğun olaraq təsdiq edə bilməsini də qeyd etmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin iddiaya etirazın əsası kimi istinad etdiyi hallar və bununla bağlı verdiyi izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Başqa sözlə, işin yuxarıda göstərilən hallarına əsasən cavabdeh təhsil haqqının qalıq hissəsinin (mart, aprel və may ayları üzrə) tələb edilən ödəniş tələbinin əsassız olmasını sübutetmə yükü iddiaçının deyil, cavabdehin üzərinə dühürdü. Lakin onun bununla bağlı dəlilləri subyektiv mülahizələrdən ibarət olmasını qeyd edərək kollegiya həmçinin hesab edir ki, bu dəlillər cavabdehin müqavilə üzrə götürülmüş öhdəlikləri üzrə təhsil haqqının ödənilməsi (güzəşt edilmiş formada) tələbindən yayınmaqdan başqa bir şey deyildir. Həmçinin işin materiallarından görünür ki, tərəflər arasında ödəniş təkcə tədrislə deyil, həm də müqavilədə göstərilən digər xidmətlərin göstərilməsinə görə təyin edilmişdir. Cavabdehin iddiaya olan etirazı ödədiyi vəsaitin qarşılığında təhsilin çox keyfiyyətsiz olması ilə yanaşı müqavilə üzrə iddiaçının digər şərtlərlə bağlı heç bir vəzifənin yerinə yetirilməməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdeh 2020-ci ilin mart, aprel və may ayları üzrə online (distant) formada dərslərə görə ödənişi həyata keçirməmişdir. İkincisi də işin materiallarından görünür ki, iddiaçı tərəfin təhsil haqqının qalıq hissəsinin (mart, aprel və may ayları üzrə) cavabdehin iki uşağına görə 4200 manat olmasına baxmayaraq, hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat azaldılmasını digər xidmətlərin göstərilməməsi ilə bağlı olmaması ilə əsaslandırmışdır. Kollegiya bununla bağlı hər hansı əsasların iddiaçının xx.xx.2020-ci il tarixli 01/107 saylı əmrində göstərilməməsi ilə bağlı birinci instansiya məhkəməsi mövqeyi ilə razılaşmır. Belə ki, sözügedən əmrində iddiaçı mart ayından başlayaraq karantin dövründəki tədris müddətinin təhsil haqqının ödənişini ilə bağlı (müqavilədə göstərilən təhsil haqqı məbləğinə uyğun olaraq) güzəştlər etməyi qərara almışdır. Yəni, 8000 manat müqavilə məbləğinə 400 manat güzəşt məbləği müəyyən edilmişdir. Əmrin verilməsinə əsas mövcud şəraitlə əlaqədar X6 06 saylı xx.xx.2020-ci il tarixli qərarı göstərilmişdir. Beləliklə də, araşdırılmış sübutlar əsasında 2020-ci ilin mart ayından may ayı da daxil olmaqla İddiaçı tərəfindən cavabdehin övladlarına onlayn qaydada təhsil verilməsi faktı öz təsdiqini tapdığı üçün məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirməməsinə dair iddia dəlillərinə Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından aralarında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələblərinin də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 390.1, 386.1. 405.1-ci maddələrinin mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehin övladlarına 2020-ci il mart ayından təhsil verilməsinin davam etdirilməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqlarını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürlüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Litsey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqının tam və vaxtında göstərilməsini tələb edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməklə iddiaçıdan cavabdehin xeyrinə 2019/2020 tədris ili ğzrə hər bir uşaq üçün 1700 manat, ümumilikdə 3400 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasını aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsinin tələbləri baxımından əsaslandırmış və bunu cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verildiyindən heç bir dəbbə pulu hesablanmamasını, lakin ödəniş olmadığtı üçün bu pulun 17 iyun 2020-ci ildən hesablanmalı olmasını iddia etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ilə xx.xx.2022-ci ildə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərin uyğun qaldırılması qeyd etsə də, ədalətlilik baxımından bu tələbin özünün xx.xx.2020-ci il tarixli 01/107 saylı əmrinin mahiyyətinə uyğun tələb kimi qiymətləndirmir və hesab edir ki, xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət edilən vaxta kimi olan dövr üçün də dəbbə pulunun tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(011)- 5642/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı filialının (İddiaçı) Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh 3400 manat məblərində təhsil ödənişi tutularaq İddiaçı Bakı filialına (İddiaçı) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə iddiaçı tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh tərəf kassasiya şikayəti verə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə