Məhkəmə qərarları › İş №2(103)-2653/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2653/2025

01.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2653/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İş üzrə iddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən verilmiş “əmək müqaviləsinin xitam verilməsi barədə” İA-225 saylı, xx.xx.2024-cü il tarixli əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, iddiaçının dizayner vəzifəsinə (işə) bərpa olunması, xx.xx.2024-cü il tarixdən etibarən işə bərpa olunan günə, yəni qətnamə icra edilən günə kimi məcburi işburaxmaya görə əmək haqqının və onun gecikdirilmiş hər günü üçün 1% ödəncin tutularaq ona ödənilməsi, istifadə edilməmiş 7.774 manat məbləğində məzuniyyət haqqının, istirahət (şənbə) günü işə cəlb edildiyi üçün ödənilməmiş 8.487 manat əmək haqqının, əmək haqqının gecikdirilməklə ödənilməsinə görə 8.190 manat ödənc haqqının, 7.700 manat mənəvi ziyanın, eləcə də mediasiya xərcləri üzrə 60 manat, dövlət rüsumu olaraq ödənilmiş 138 manat, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi ilə xx.xx.2013cü il tarixdə cavabdeh MMC-nin kəsmə sexinə çizimçi-menecer vəzifəsinə işə qəbul edilmiş, işə başlayanda vaxtamuzd olmaqla 5 günlük iş rejimi əsasında saat 09:00-dan 18:00 kimi işləmiş, müqaviləyə əsasən iş rejimi şənbə-bazar istirahət günləri olmaqla gündə 8 saat, həftədə 40 saat müəyyən edilmişdir. Lakin sonrakı illərdə əmək haqqı, vəzifə və iş rejimində dəyişiklik edilmiş və işəmuzd olmaqla digər (sərbəst) qrafiklə işləməyə başlamışdır. Rəsmi əmək haqqı az göstərilsə də, qeyri-rəsmi edilmiş ödənişlə birlikdə aylıq 1.000 manat məbləğində əmək haqqı almışdır. Daha sonra əmək haqqına satışdan əlavə bonus hesablanmaqla mükafat verilməsi razılaşdırılmışdır. Rəsmi əmək haqqı 2014-cü ilin sentyabr ayına kimi 150 manat, 2016-cı ilin may ayına kimi 300 manat, 2019-cu ilin may ayına kimi 225 manat, 2019-cu ilin sentyabr ayına kimi 190 manat, 2019cu ilin dekabr ayına kimi 400 manat, 2020-ci ilin iyul ayına kimi 700 manat, 2020-ci ilin avqust ayına kimi 260 manat, 2020-ci ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi 700 manat olmuşdur. 2020-ci ilin ortalarında iddiaçını baş ofisə dəvət edərək bildirmişlər ki, hazırda satış imkanları zəif olduğundan indi aldığı məbləğdə əmək haqqı ödəyə bilmirlər. Həmin vaxt təxmini aylıq gəliri qeyri-rəsmi ödənişlərlə birlikdə 1.800-2.000 manat civarında olurdu. Bildirmişlər ki, əgər razıdırsa, ayda 700 manat əmək haqqı ödənilsin, qarşılığında da layihələr və işlər olduqda onlarla şəxsən maraqlanıb, ölçü hesablama işlərini apararaq layihə smeta hesabatlarını hazırlayar. İş rejimi işəmuzd qaydada, gördüyü işin nəticəsinə uyğun olmaqla sərbəst qrafiklə olacaqdır. Yəni saat 09:00-dan 18:00 kimi əvvəlki iş qrafiki ilə deyil, sifariş və layihə olduqda işə gedib onların icrasını aparmalıdır, qalan vaxt öz işləri ilə məşğul ola bilər. Bu şərtlərlə razılaşmış və xx.xx.2020-ci il tarixli əlavə razılaşma bağlamışlar. Yuxarıdakı şərtlər qeyd edilməklə əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmada əmək haqqı 260 manat qeyd edilmişdir. Qalan məbləği əldən verəcəklərini demişlər. Lakin həmin ayın əmək haqqını vermədikləri üçün etiraz edərək 700 manat rəsmi qeyd edilməsini tələb etmişdir. xx.xx.2020-ci il tarixdə (sistemə xx.xx.2020-ci ildə daxil edilib) Əmək müqaviləsinə edilmiş əlavə razılaşmaya əsasən əmək haqqı rəsmi 700 manat olmuşdur. Əvvəlki razılaşmanın qalan şərtləri olduğu kimi saxlanılmış, yalnız əmək haqqı dəyişdirilmişdir. Əlavə razılaşma iki bənddən ibarət olmuşdur: a) İşçinin işəmuzd müqaviləsi üzrə əmək haqqı 700 AZN olaraq təyin edilir və aylıq əmək haqqı gördüyü işlərin hesabatına uyğun olaraq (gördüyü işlərin ümumi dəyərinin ƏDV daxil 5 %-i) hesablanır; b) Aylıq gəlir məbləği işçiyə təyin edilən işəmuzd ə/h məbləğindən artıq olarsa, əlavəsi işəmuzd qaydada əmək haqqına əlavə ediləcək. İşdən çıxdığı günə kimi iş rejimi sərbəst qrafik əsasında işəmuzd qaydada işləmişdir. 2024-cü ildən iddiaçıya qarşı haqsızlıqlar başlamış və onu işdən çıxartmağa çalışmışlar. Əmək müqaviləsi müddətsiz olduğundan işdən çıxarda bilmədiklərinə görə ərizə yazıb işdən çıxmağı təklif etmişlər. Bundan imtina etdikdə, “nə qədər pul istəyirsən işdən çıxmaq üçün” deyərək onu razı salmağa çalışmışlar. Bu da bir nəticə vermədikdə giriş-çıxış məlumatlarının qeydiyyatı üçün üz tanınma cihazı yerləşdirərək hər gün qeydiyyatdan keçməli olduğunu bildirmişlər. İşəmuzd olmaqla sərbəst qrafik əsasında işlədiyini bildirmiş və hər gün işə getdiyini onların diqqətinə çatdırmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verildiyini bildirərək əmək kitabçasını gəlib götürməsini tələb etmişlər. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini verməmişlər. Şifahi olaraq deyilmişdir ki, üzrlü səbəb olmadan bir gün işə gəlmədiyini üçün əmək müqaviləsinə xitam verilmişdir. Bu haqsızlıqla bağlı X2 bir neçə dəfə şikayət etsə də, ona heç bir köməklik göstərilməmişdir. İddiaçı hesab edir ki, xx.xx.2024-cü il tarixli, İA-225 nömrəli əmr aşağıdakılara görə qanunsuz və əsassızdır: 1.1. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə onu tanış etməmiş və əmrin surətini ona təqdim etməmişdir. Əmrin məzmunu ilə tanış ola bilməmişdir. Yalnız kadrlar şöbəsində əmək kitabçasını götürən zaman kadrlar şöbəsinin əməkdaşı Yeganə xanım bir gün ərzində işdə olmadığına görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verildiyini bildirmişdir. Əmrin surətini istədikdə, buna rəhbərliyin icazə vermədiyini, belə sənədin işçiyə verilməli olmadığını deyərək onu əmrlə tanış etməkdən imtina etmişdir. Beləcə əmrlə tanış ola bilməmişdir. Ərizə ilə müraciət edərək əmrin surətinin təqdim edilməsini xahiş etsə də, hələ ki müraciətinə cavab verilməmişdir. Əmrin surətinin ona təqdim edilməməsi və gizlədilməsi onun qanunsuz və əsassız olmasını təsdiq edir və belə bir əmrin mövcud olmasına ciddi şübhələr yaradır. 1.2. İddia ərizəsində qeyd etdiyi kimi, onunla bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən sərbəst qrafik əsasında işəmuzd olmaqla işləmişdir. Yəni onun iş rejimi hər gün 09:00-dan 18:00-a kimi olmamışdır. İşəmuzd olduğu üçün gündəlik işlərini bitirəndən sonra öz işlərini görmüşdür. Son illərdə bu qaydada işləmiş və indiyə kimi heç bir narazılıq olmamışdır. Əmək kitabçasını götürən zaman şifahi olaraq ona üzrlü səbəb olmadan işdə olmadığı üçün əmək müqaviləsinə xitam verildiyi deyilmişdir. Bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qanunsuzdur. Çünki iş rejimi sərbəst olmuşdur. Üzrlü səbəb olmadan bir gün işdə olmama tələbi ona şamil edilə bilməzdi. Başqa bir uyğunsuzluq odur ki, əmək kitabçasına cavabdehin etdiyi qeydlərdən görünür ki, bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. Lakin konkret hansı intizam pozuntusu əmək kitabçasında göstərilməmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, əmr qanunsuz və əsassız olmuşdur. Ona görə də, əmək müqaviləsinə xitam edilməsi barədə əmr ləğv edilməli, əvvəlki işə bərpa edilməli və məcburi işburaxma müddəti ərzində əmək haqqı işə çıxdığı günə kimi hesablanmaqla tam olaraq ödənilməlidir.

2. Qeyd edildiyi kimi, 2013-cü il iyul ayından işlədiyi halda bugünə kimi əmək məzuniyyətinə çıxmamışdır. Həmçinin, iş ili bitəndə həmin iş ili üzrə məzuniyyət haqqı kompensasiya kimi ona verilməmişdir, işlədiyi dizayner vəzifəsi mütəxəssis kateqoriyasına aid olduğundan ödənişli əsas məzuniyyət müddəti 30 təqvim günü müddətində olmalıdır. On bir ildən artıq işlədiyi üçün istifadə edilməmiş məzuniyyət günlərinin sayı 338 gündür. Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, məzuniyyət haqqı hansı iş ilinə görə hesablanmasından asılı olmayaraq son 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Odur ki, iddia tələbi əsaslı olduğundan istifadə edilməmiş əmək məzuniyyətinə görə ona kompensasiya ödənilməlidir.

3. Qeyri-iş günündə (şənbə) işlədiyi üçün həmin günlərə görə əmək haqqı hesablanmalıdır. Qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinə əsasən əməyin ödənilməsi forması vaxtamuzd əsasla iş rejimi 5 günlük iş həftəsi olmaqla müəyyən edilsə də, sonradan digər (sərbəst) iş rejiminə əsasən əməyin ödənilməsi işəmuzd qaydada olmasına razılaşmışlar. İşlədiyi müddətdə şənbə-bazar istirahət günləri olmasına baxmayaraq, hər həftənin şənbə günü kəsim sexinin işçiləri işləmişlər. Bunu sifarişlərin çoxluğu və istehsalat sahəsi olması ilə əlaqələndirirdilər. Təkcə vaxtamuzd işlədiyi vaxt 369 gün əlavə işə çıxmışdır. Bu isə 2.952 saat deməkdir. Həftənin şənbə günü işə tək o, deyil, bütün kəsim sexinin işçiləri çıxırdılar. Həmin şəxslər məhkəməyə şahid kimi dəvət edilsələr, bu faktı təsdiq edəcəklər. Odur ki, iş vaxtından artıq vaxt ərzində (qeyri-iş günlərində) işlədiyinə görə əmək haqqı hesablanmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

4. Gecikdirilməklə ödənilmiş əmək haqqının bir faizi həcmində ödənc haqqı verilməlidir. Ümumiyyətlə, cavabdeh demək olar ki, hər ay əmək haqqını gecikdirməklə ödəyirdi. Bu kütləvi hal almışdır və əksər içilərə qarşı baş verirdi, işlədiyi müddət ərzində illər üzrə 2017-ci ildə 116 gün, 2018-ci ildə 99 gün, 2019-cu ildə 20 gün, 2020-ci ildə 213 gün, 2021-ci ildə 213 gün, 2022-ci ildə 195 gün, 2023-ci ildə 149 gün, 2024-cü ildə 165 gün əmək haqqı ödənişləri gecikdirilmişdir. Ümumilikdə, işlədiyi müddət ərzində əmək haqqının gecikdirilmiş günlərinin sayı 1.170 gün olmuşdur. Odur ki, gecikdirilməklə ödənilmiş əmək haqqının hər gecikdirilmiş günü üçün bir faiz ödənc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli qanunsuz əmri ilə işdən çıxarılması ilə ona mənəvi zərər dəymişdir. Belə ki, iddiaçıya qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxartmaqları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməsi, işdən çıxarılması və itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirmiş, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. İş üçün başqa müəssisələrə müraciət etsə də, sonuncu iş yerindəki əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi göstərilməklə ona imtina cavabları verilmişdir. Bu isə onda gələcək iş fəaliyyəti üçün bədbinlik və mənəvi sarsıntılara səbəb olur. Yuxarıda qeyd edilənlər təsdiq edir ki, cavabdehin qanunsuz və əsassız əmrinə əsasən iddiaçı iş yerini itirmiş və bunun nəticəsində bugünə kimi iş tapa bilmir. İddiaçı hesab edir ki, mənəvi zərər kimi ona 7.700 manat məbləğində ziyan dəymişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh MMC-nin nümayəndəsi iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı əmək müqaviləsinə əsasən cavabdeh MMC-də dizayner vəzifəsində çalışıb. Çalışdığı dövrdə əmək müqaviləsində qeyd olunan iş saatlarına riayət etməyərək davamlı olaraq işə 12:00-da gəlib 2-3 saatdan sonra heç kəsə heç bir məlumat vermədən işdən getməsi, bəzi günlər isə icazəsiz və xəbərsiz olaraq ümumiyyətlə işə gəlməməsi səbəbindən ona dəfələrlə rəhbərlik tərəfindən şifahi və yazılı olaraq xəbərdarlıq edilmişdir. Daha sonra, işçinin davamiyyətinin yoxlanılması üçün “üz tanıma” (hansı ki, əvvəllərdə dəfələrlə deyilmişdir) sistemindən qeydiyyatdan keçməsi istənilmişdir, lakin o, buna da etiraz etmişdir. Rəhbərlik onunla dəfələrlə danışıqlar keçirsə də, heç bir faydası olmamış, yenə də vəziyyətə aydınlıq gətirmək üçün iddiaçının ünvanına məktub göndərilərək iş vaxtlarında işdə olmamasının səbəbləri barədə müvafiq arayış və ya hüquqverici sənədlərlə rəsmi məlumat verilməsi xahiş olunmuşdur, lakin iddiaçı bu zaman da izahat verməkdən imtina etmişdir. Beləliklə, İA-225 saylı, xx.xx.2024-cii il tarixli əmrə əsasən, MMC-də dizayner vəzifəsində işləyən iddiaçı oğlu ilə bağlanmış xxxxxxx000106 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bütün yuxarıda qeyd olunan hallarla bağlı MMC tərəfindən müvafiq aktlar tərtib edilmişdir. İddiaçıya göndərilmiş məktubların və qəbzlərin, eyni ilə aktların surətləri iş materiallarına əlavə edilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, ilkin mediasiya sessiyası ilə bağlı heç bir məlumatları olmamışdır. Bununla bağlı heç bir bildiriş almamışlar. Bu səbəbdən hesab edirlər ki, iddiaçı tərəfindən verilən iddia əssasızdır. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli qiymətləndirilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı müəssisədaxili intizam qaydalarını pozmuş, işəgötürən ilə razılaşdırmadan əmək funksiyalarının həyata keçirilməsi formasını dəyişdirmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş edir.

4. Cavabdeh MMC-nin nümayəndəsinin təqdim etdiyi digər etiraz ərizəsində göstərilmişdir ki, iddiaçı ərizəsində qeyd edir ki, xx.xx.2013-cü il tarixdə MMC-də müddətsiz müqavilə əsasında işə qəbul olunub və 2024-cü ilin oktyabr ayınadək onun əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən əlavə və dəyişikliklər edilmişdir. İddiaçı ərizəsində iş vaxtından artıq işlədiyini və qeyri-rəsmi əmək haqqı aldığını iddia edir. Hesab edirlər ki, bu iddia tələbi tamamilə əsassızdır və iddiaçı tərəfindən heç bir mötəbər sübut işə əlavə edilməyib. İddiaçı tərəflərin qarşılıqlı razılığı əsasında işəmuzd əsasla işlədiyini bildirir və hesab edir ki, bu səbəblə istədiyi vaxt gedibgəlməkdə sərbəstdir. Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, tərəflərin müxtəlif vaxtlarda qarşılıqlı razılıq əsasında tərtib etdikləri razılaşmalarda iş saatı ilə bağlı hər hansısa sərbəstlik mövcud deyil. Hər bir işəgötürən qanunla məhdudlaşdırılmayan müəssisədaxili intizam qaydaları (Əmək Məcəlləsinin 95-ci maddəsi) müəyyən edə bilər və işçilər də qaydalara əməl etməyə borcludur. İddiaçı onun əmək müqaviləsinə xitam verilərkən əmrlə tanış olmadığını, yalnız əmək kitabçasını götürdüyünü bildirir. İddiaçıya əmək kitabçası ilə yanaşı əmrin surəti təqdim edilib (Əmək Məcəlləsinin 296 maddəsinin 3-cü hissəsi). Əmrə imza etmədən iş yerini tərk edib. İddiaçı Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən onun izahatının alınmadığını və əmək kitabçasında hansı əsasla tam verildiyini bilmədiyini göstərir. Əmək kitabçasının tərtib edilmə qaydalarına görə xitamın əsası kimi Əmək Məcəlləsinin konkret maddəsi və bəndi göstərilməlidir. İddiaçı əmək intizamını mütəmadi olaraq pozub və onun barəsində müxtəlif vaxtlarda aktlar mövcuddur. Onun yaşadığı ünvana poçt vasitəsi ilə bildirişlər göndərilib. Üz tanınma üzrə proqramın tətbiq edilməsi işəgötürən tərəfindən müəssisədə əmək intizamına nəzarət etmək üçün əlverişli vasitələrdən biridir və bu tətbiq əksər iş yerlərində həyata keçirilir. İddiaçı sərbəst qrafiklə işlədiyini və iş saatının 09:00-dan 18:00-dək olmadığını bildirir. Halbuki, iddiaçının əmək müqaviləsində konkret iş saatı göstərilib. Əmək məzuniyyətinə görə son haqq hesab tam şəkildə ödənilib və bu barədə müvafiq çıxarışı elektron kabinet vasitəsi ilə göndərmişlər. İddiaçı əmək və icra intizamını pozduğu üçün ona dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, iddiaçı nəticə çıxarmamış və onunla MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Əmr tam qanuni və əsaslıdır. İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı X2 müraciət etdiyini qeyd edib. Hesab edirlər ki, həmin müraciət üzrə iddiaçının əsaslandığı hər hansısa mötəbər sayılacaq sübut olmadığından X4 iddiaçının qeyd etdiyi xüsusatlarla bağlı MMC barəsində araşdırmanı başa çatdırıb və inzibati xəta tərkibli əməlin olmadığını bildirib. Mənəvi zərərlə bağlı tələbə gəldikdə isə nəzərə alınmalıdır ki, iddiaçıya hansısa maddi və ya mənəvi zərərləri toxunmayıb və bu iddia da əsassızdır. Gecikməyə görə günlük 1% faiz əlavənin hesablanmasına gəldikdə isə, iddiaçı əmək haqqını tam şəkildə alıb və onun pul tələbi üzrə iddia müddəti 1 ildir. 2023 və 2024-cü illər üçün iddiaçıya hesablanmış və ödənilmiş əmək haqqının çıxarışını təqdim edirlər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır ya artıq iş saatına görə əmək haqqı iddiası əsassızdır və sübuta ehtiyacı vardır. Əmək müqaviləsindən sonralar tərtib edilmiş razılaşmalarda konkret əmək haqqı göstərilib və tərəflər imzalayaraq təsdiq ediblər. Ümumilikdə götürsələr iddiaçı normal iş rejiminə əməl etməyib,müəssisəyə giriş-çıxışın qeydiyyatı üçün üz tanınma proqramında qeydiyyatdan yayınıb və yeni istifadəyə verilmiş ƏMƏS proqramı üçün nəzərdə tutulan dəyişikliklər üçün SİMA-dan qeydiyyatdan keçməyib. İşin normal ahənginə yetərli qədər maneçilik törədib. İddiaçı vaxtilə MMC-də kəsim və dizayn üçün müraciət edən şəxsləri başqa sexlərə yönləndirib. Odur ki, iddianın təmin olunmamasını xahiş edir.

5. Cavabdeh MMC-nin nümayəndəsi həmçinin “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizə təqdim edərək iddianın iddia müddətinin buraxılması səbəbindən də təmin olunmamasını xahiş etmiş və həmin ərizəsində göstərmişdir ki, iddiaçı, Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasında heç bir c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə MMC-nin xx.xx.2024-cü il tarixli, İA-225 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini, xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, o cümlədən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının gecikdirilmiş hər günü üçün 1% ödəncin xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının faktiki olaraq işə bərpa olunduğu günə kimi cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissələrdə təmin olunmamasını, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 138 manat, habelə mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 manat xərcin (mediasiya və poçt xidmətləri xərci) cavabdeh MMC-dən alınaraq iddiaçıya verilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən görünür ki, əmrdə iddiaçının əmək müqaviləsinə ümumi əsaslandırma ilə – onun (iddiaçının) heç kəsə məlumat vermədən və heç bir üzürlü səbəb gətirmədən işə çıxmaması səbəblərindən xitam verildiyi göstərilsə də, bu pozuntunun hansı nəticələrə səbəb olduğu ümumiyyətlə izah olunmamış, o cümlədən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə qeydlər aparılmamışdır. Məhkəmə hesab edir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin ümumiyyətlə və ya kifayət qədər (konkret faktlar/hərəkətlər və onların hansı nəticələrə səbəb olduğu göstərilmədən) əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır Cavabdeh MMC-nin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi də pozuntunun nəticələrinin konkret olaraq nədən ibarət olmasını izah edə bilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini, başqa sözlə iddiaçı barəsində hansı səbəbdən digər intizam tənbehlərindən birinin deyil, məhz ən ağır intizam tənbehi sayılan əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinin məntiqli izahını verə bilməmiş, ümumi şəkildə iddiaçının mübahisələndirilən əmrin verilməsinə əsas olmuş əməlləri daha əvvəl də dəfələrlə törədildiyini və bunun cəmiyyətə zərər vurduğunu bildirməklə kifayətmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli İA-225 nömrəli əmri ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də dizayner-çizimçi vəzifəsinə bərpa olunmalı, o cümlədən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının gecikdirilmiş hər günü üçün 1% ödəncin xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının faktiki olaraq işə bərpa olunduğu günə kimi tutularaq iddiaçıya ödənilməlidir. Bununla belə Rayon Məhkəməsi, iddiaçının “istifadə edilməmiş 7.774 manat məbləğində məzuniyyət haqqının tutulması” tələbini əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı həmin tələbini cavabdeh cəmiyyətdə işlədiyi illər ərzində əmək məzuniyyəti hüququndan istifadə etmədiyini iddia edərək irəli sürmüşdür. Cavabdehin mövqeyinə görə isə, bu tələb əmək mübahisəsindən irəli gələn pul tələbi olduğuna görə buna 1 illik iddia müddəti tətbiq edilməlidir. Rayon Məhkəməsi hesab edir ki, iddiaçının bu tələbi əmək mübahisəsindən irəli gələn pul tələbi olduğundan və həmin tələbə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik müddət tətbiq edilməli olduğundan iddiaçı, cavabdehlə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən 1 il (xx.xx.2023- xx.xx.2024) əvvələ aid məzuniyyət haqqı ilə bağlı tələb irəli sürə bilərdi. Ondan (xx.xx.2023) daha əvvələ aid məzuniyyət haqlarına aid hissədə isə onun iddia müddətini ötürmüş olduğu qəbul edilməlidir. Çünki iddiaçının iddia etdiyi kimi o, əvvəlki illərə görə məzuniyyətdən istifadə etməmişdirsə, məcəllənin tələblərinə görə, istifadə etmədiyi əvvəlki ilin məzuniyyəti ya növbəti ilin məzuniyyətinə birləşdirilməli, yaxud da buna görə ona müvafiq kompensasiya verilməli idi. İşəgötürən tərəfindən bunlardan hər hansı birinə əməl olundığı halda, işçi hüququnun pozulduğunu bilməli və pozulmuş həmin hüququnun müdafiəsi müəyyən müddətdə məhkəməyə müraciət etməlidir. Lakin, indiki halda iddiaçı bunu etməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək olan müddətə aid məzuniyyət haqqına gəldikdə isə, məhkəmə araşdırılması zamanı təqdim olunan bank çıxarışları ilə iddiaçıya 2024-cü ilin oktyabr ayında cəmi 5.431,24 manat pul ödənildiyi müəyyən edilmiş, iddiaçının özü də həmin vəsaitləri aldığını etiraf etmişdir. Rayon Məhkəməsi həmçinin hesab edir ki, iddia “istirahət (şənbə) günü işə cəlb edildiyi üçün ödənilməmiş 8.487 manat əmək haqqının tutulması” və “əmək haqqının gecikdirilməklə ödənilməsinə görə 8.190 manat ödənc haqqının tutulması” hissəsində də əsaslı deyildir. Belə ki, bu tələb biləvasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı həmin tələbini istirahət (şənbə) günü işə cəlb edilməsi halına istinadən irəli sürsə də, bu hala dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Rayon Məhkəməsi iddianın “işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinin təmininin iddiaçının mənəvi tətmini üçün də yetərli olduğu qənaətinə gəldiyindən “7.700 manat mənəvi ziyanın cavabdehdən tutulması” hissəsində də iddianı əsassız hesab edir və bu hissədə əlavə əsaslandırma aparmağı zəruri bilmir. Məhkəmənin qənaətinə görə, bu mövqe mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddiaçının “hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçı tərəfindən həmin iddia tələbini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu tələbin də təmin edilməməli olması qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilən “X5” ASC-nin əməliyyat qəbzindən də köçürülən vəsaitin hansı məqsədlə və kimin hesabına göndərildiyini müəyyən etmək mümkün olmamışdır. d) apellyasiya şikayəti barədə məlumat

8. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarını nəzərə almamış və iddianın bir qisminin rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni qismən, yəni iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın təmin edilməsi hissəsini mübahisələndirməmişdir.

12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

14. Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili (nümayəndəsi), habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçının özü apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

15. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

17. Belə ki, işəgötürən olan cavabdeh MMC ilə işçi olan iddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış "xxxx" görünür ki, iddiaçı həmin MMC-də dizaynerçizimçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərindən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanmışdır (bənd 2.1.). İşçi xx.xx.2013-cü il tarixdən işə başlayır (bənd 2.4.). İşçiyə hər ay 150 manat məbləğində əmək haqqı ödənilir (bənd 4.1.). İş saat 9:00-da başlayır, saat 18:00-da qurtarır (bənd 4.4.). Əsas məzuniyyətin müddəti ən azı 21 təqvim günüdür (bənd 4.6.).

18. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın surətindən görünür ki, xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə “a) işçinin işəmuzd müqaviləsi üzrə əmək haqqı 700 AZN olaraq təyin edilir və aylıq əmək haqqı gördüyü işlərin hesabatına uyğun olaraq (gördüyü işlərin ümumi dəyərinin ƏDV daxil 5 %-i) hesablanır; b) Aylıq gəlir məbləği işçiyə təyin edilən işəmuzd ə/h məbləğindən artıq olarsa, əlavəsi işəmuzd qaydada əmək haqqına əlavə ediləcək” məzmununda dəyişiklik və əlavələr edilmişdir.

19. Tərəflər arasında bağlanmış “əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın surətindən görünür ki, işçinin əmək haqqı xx.xx.2019-cu ildən 190 manat, xx.xx.2019-cu ildən 400 manat və xx.xx.2019-cu ildən 700 manat müəyyən edilmişdir.

20. Elektron informasiya sisteminə xx.xx.2019-cu il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, iddiaçının vəzifə maaşı 400 manat təşkil edir və vaxtamuzd formada ödənilir.

21. Elektron informasiya sisteminə xx.xx.2019-cu il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, iddiaçının vəzifə maaşı 700 manat təşkil edir və vaxtamuzd formada ödənilir.

22. Elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişindən görünür ki, iddiaçının vəzifə maaşı 260 manat təşkil edir və işəmuzd qaydada ödənilir.

23. Elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişindən görünür ki, iddiaçının vəzifə maaşı 700 manat təşkil edir və işəmuzd qaydada ödənilir.

24. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 61-2024 saylı əmrindən görünür ki, MMC-nin kəsmə struktur bölməsində dizayner vəzifəsində çalışan iddiaçı xx.xx.2024-cü il tarixdə heç bir üzürlü səbəb bildirmədən tam iş günü ərzində işə (iş yerinə) gəlmədiyinə görə həmin iş günü üçün “iş vaxtının uçotu tabelində” işə gəlməmək kimi qeydə alınması əmr edilmiş, insan resursları şöbəsinə məsələni araşdıraraq müvafiq tədbirlər görməsi tapşırılmışdır.

25. MMC-nin xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli aktların surətlərindən görünür ki, iddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlmədiyinə görə həmin aktlar tərtib edilmişdir.

26. MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, işçi xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə tam iş saatlarında işdə olmadığından və bunun səbəbi haqqında heç bir məlumat vermədiyindən ondan bu barədə (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməsi xahiş olunmuşdur.

27. MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, işçi xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə tam iş saatlarında işdə olmamış, xx.xx.2024-cü il tarixdə isə ümumiyyətlə işə gəlməmiş və bu haqda heç bir məlumat verməmişdir. Digər tərəfdən digər işçilər “üz tanıma” sistemindən qeydiyyatdan keçdikləri halda, o, heç bir səbəb gətirmədən bundan imtina etmişdir. Ondan işdə olmamasının səbəbi barədə (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməsi xahiş olunsa da, heç bir qarşılıq verməmişdir. Bu vəziyyətdə onun əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv olunacağı barədə xəbərdar edilir.

28. MMC-nin xx.xx.2024-cü il tarixli İA-225 saylı əmrindən görünür ki, MMC-də dizayner vəzifəsində işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" (özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 7,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Əmrdə əmrin verilməsinə əsas kimi, xx.xx.2024-cü il tarixli, 2 saylı akt göstərilmişdir.

29. MMC-nin “daxili əmrin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 13-2025 saylı əmrindən görünür ki, MMC-nin xx.xx.2024-cü il tarixində verilmiş İA-225 saylı daxili əmrinin ləğv olunması əmr edilmişdir.

30. MMC-nin xx.xx.2024-cü il tarixli İA-225 saylı əmrindən görünür ki, kəsmə sexi bölməsində dizayner vəzifəsində işləyən iddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində heç kəsə məlumat vermədən və heç bir üzürlü səbəb gətirmədən işə çıxmadığından və evinə məktub göndərildiyi halda, izahat verməkdən imtina etdiyindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" (özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 7,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir.

31. Elektron informasiya sisteminə xx.xx.2024-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə İA-225 saylı, xx.xx.2024-cü il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xx.xx.2024-ci il tarixdə xitam verilmişdir.

32. İddiaçının adına açılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 116/K saylı əmrə əsasən iddiaçı MMC-nin kəsmə sexinə çizimçidizayner vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli İA-225 saylı əmrə görə isə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv olunmuşdur.

33. MMC-nin əmək kitabçalarının qeydiyyatı kitabından çıxarışdan görünür ki, iddiaçı özünə aid əmək kitabçasını xx.xx.2024-cü il tarixdə təhvil almışdır.

34. İddiaçının MMC-nin direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli məzuniyyət ərizəsinin surətindən görünür ki, o, xx.xx.2024-ci il tarixdən xx.xx.2024 tarixədək olan müddətinə 30 gün məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir.

35. İddiaçının MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı həmin MMC-dən onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir.

36. Poçt şöbəsinin 1096 saylı qəbzindən görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdə MMC-yə ünvanladığı göndəriş xx.xx.2024-cü il tarixdə MMC-yə çatdırılmışdır.

37. "xxxx" ASC-nin xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası hesabdan çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə 626,5 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 800 manat istifadə edilməmiş məzuniyyət günlərinin haqqı, xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024-cü il tarixdə 1.200 manat, xx.xx.2024-cü il tarixdə 317,88 manat, xx.xx.2024-cü il tarixdə 1.586,86 manat son haqq-hesab iddiaçının hesabına köçürülmüşdür.

38. MMC-nin xx.xx.2024-cü il tarixli, M/31-24 saylı əmrindən görünür ki, iddiaçıya xx.xx.2015 - xx.xx.2016-cı iş ili üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 təqvim günü (30 gün əsas) əmək məzuniyyəti verilməsi əmr edilmişdir.

39. İddiaçı ilə Vəkil Bürosu arasında bağlanmış “Hüquqi yardım göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli müqavilədən, “X5” ASC-nin əməliyyat qəbzindən görünür ki, iddiaçı, həmin müqaviləyə əsasən hüquqi yardıma görə Vəkil Bürosuna 500 manat məbləğində ödəniş etmişdir.

40. Beləliklə işin mübahisəsiz halları kimi müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə MMC-yə dizayner-çizimçi vəzifəsinə işə qəbul edilərkən onun əmək haqqı 150 manat, əməyin ödənilməsi forması vaxtamuzd, iş saatları 09:00-18:00 və məzuniyyət müddəti isə 21 təqvim gün müəyyən edilmiş, sonradan onun müqaviləsinə dəyişiklik edilərək əməyin ödənilməsi forması işəmuzda keçirilmiş, habelə onun əmək haqqının məbləği müxtəlif tarixlərdə tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilmiş, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsini nəzərdə tutan eyni nömrəli (İA-225) əmrlər verilmiş, digər bir əmrlə xx.xx.2024cü il tarixli əmr ləğv olunmuş, saxlanılan xx.xx.2024-cü il tarixli əmr isə elektron informasiya sisteminə xx.xx.2024-ci il tarixdə daxil edilərək iddiaçının əmək müqaviləsinin qeyd edilən əsasla xx.xx.2024-ci il tarixdə xitam olunduğu göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə iddiaçının xx.xx.2024-cü il tarixli İA-225 saylı əmrə əsasən işdən çıxarılması qeydi aparılmış və xx.xx.2024-cü il tarixdə ona təhvil verilmişdir.

41. Göstərilənləri və apellyasiya baxışının predmetini nəzərə alan Məhkəmə iddiaçının “istifadə edilməmiş 7.774 manat məbləğində məzuniyyət haqqının tutulması” tələbi ilə bağlı bildirir ki, iddiaçı həmin tələbini cavabdeh MMC-də işlədiyi illər ərzində əmək məzuniyyəti hüququndan istifadə etmədiyini iddia edərək irəli sürmüşdür.

42. Cavabdeh MMC-nin mövqeyinə görə isə, bu tələb əmək mübahisəsindən irəli gələn pul tələbi olduğuna görə buna 1 illik iddia müddəti tətbiq edilməlidir.

44. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddə 296., hissə 4.). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (maddə 296., hissə 3.). Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər (maddə 134., hissə 1.). Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər (maddə 134., hissə 5.). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (maddə 135., hissə 2.).

46. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əmək mübahisəsindən irəli gələn pul tələbi olduğundan və həmin tələbə Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik müddət tətbiq edilməli olduğundan iddiaçı, cavabdehlə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən 1 il (xx.xx.2023- xx.xx.2024) əvvələ aid məzuniyyət haqqı ilə bağlı tələb irəli sürə bilərdi. Ondan (xx.xx.2023) daha əvvələ aid məzuniyyət haqlarına aid hissədə isə onun iddia müddətini ötürmüş olduğu qəbul edilməlidir. Çünki iddiaçının iddia etdiyi kimi o, əvvəlki illərə görə məzuniyyətdən istifadə etməmişdirsə, məcəllənin tələblərinə görə, istifadə etmədiyi əvvəlki ilin məzuniyyəti ya növbəti ilin məzuniyyətinə birləşdirilməli, yaxud da buna görə ona müvafiq kompensasiya verilməli idi. İşəgötürən tərəfindən bunlardan hər hansı birinə əməl olunmadığı halda, işçi hüququnun pozulduğunu bilməli və pozulmuş həmin hüququnun müdafiəsi müəyyən müddətdə məhkəməyə müraciət etməlidir. Lakin, indiki halda iddiaçı bunu etməmişdir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

47. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

48. İddianın xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək olan müddətə aid məzuniyyət haqqına gəldikdə isə, məhkəmə araşdırılması zamanı təqdim olunan bank çıxarışları ilə iddiaçıya 2024-cü ilin oktyabr ayında cəmi 5.431,24 manat pul ödənildiyi müəyyən edilmiş, iddiaçının özü də həmin vəsaitləri aldığını etiraf etmişdir.

49. Məhkəmə həmçinin hesab edir ki, iddia “istirahət (şənbə) günü işə cəlb edildiyi üçün ödənilməmiş 8.487 manat əmək haqqının tutulması” və “əmək haqqının gecikdirilməklə ödənilməsinə görə 8.190 manat ödənc haqqının tutulması” hissəsində də əsaslı deyildir. Belə ki, bu tələb biləvasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı həmin tələbini istirahət (şənbə) günü işə cəlb edilməsi halına istinadən irəli sürsə də, bu hala dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

50. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Məhkəmə iddianın “işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinin təmininin iddiaçının mənəvi tətmini üçün də yetərli olduğu qənaətinə gəldiyindən “7.700 manat mənəvi ziyanın cavabdehdən tutulması” hissəsində də iddianı əsassız hesab edir və bu hissədə əlavə əsaslandırma aparmağı zəruri bilmir. Məhkəmənin qənaətinə görə, bu mövqe mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. MPM-in 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

52. Lakin Məhkəmə hesab edir ki, iddiaçının “hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulması” tələbi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə düzgün deyil.

53. Belə ki, MPM-in 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulmuş və bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir.

54. İddiaçının vəkili ilə bağladığı hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024cü il tarixli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunmuşdur.

55. İddiaçının təqdim etdiyi “X5” ASC-nin əməliyyat qəbzindən görünür ki, İddiaçı tərəfindən **** **** **** 4957 kart vasitəsilə 500 manat pul köçürülmüşdür.

56. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin iddia tələbini təsdiq edəcək hər hansı sübutun məhkəməyə təqdim edilməməsi ilə bağlı Rayon Məhkəməsinin qənaəti düzgün deyil. Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə görə razılaşdırılmış xidmət haqqının 500 manat olması, vəkil tərəfindən hüquqi yardımın ödənişli həyata keçirildiyi, 500 manat məbləğin hüquqi yardım göstərilməsi üçün ağlabatan olması və həmin vəsaitin iddiaçı tərəfindən ödənildiyi iş materialları ilə təsdiq olunduğundan iddia tələbi və apellyasiya şikayətinin dəlilləri müzakirə edilən tələbə münsibətdə əsaslıdır. h) apelyasiyanın nəticəsi

57. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçının “hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulması” tələbinin rədd edilməsi hissəsində əsassızdır. İşə baxmış Rayon Məhkəməsi həmin hissədə iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə iddianın həmin hissədə rədd edilməsi hissəsində ləğv edilməli və həmin tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır.

59. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi hissəsində apellyasiya şikayəti vermədiyindən və qətnamənin ləğv edilməsi hissəsində iddianın tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

60. İddiaçının apellyasiya şikayəti qalan hissədə rədd edildiyindən həmin hissədə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

61. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçının “hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş pul vəsaitinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hazırki iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Nəzərə alınsın ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qətnamənin iddianın bir qisminin təmin edilməsi barədə hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar