Məhkəmə qərarları › İş №2(103)-2654/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2654/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2654/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)-5628/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 1700 manat məbləğində pulun, əldən çıxmış faydanın əvəzi olaraq 500 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 08.11.2018-ci ildə tanışı Ləman vasitəsi ilə tanış olmuşdur. Cavabdeh "xxxx" MMC-nin təsisçisi olmuşdur. Cavabdeh "xxxx" MMC-yə pul qoyaraq qazanc əldə edəcəyini bildirmiş və həmin işə düzəlməyi üçün 2000 manat pul istəmişdir. O da iş axtardığı üçün cavabdehlə razılığa gəlmişdir. Beləliklə, cavabdeh tərəfindən tərtib edilmiş və möhürlənmiş 08.11.2018-ci il tarixli, L/001 saylı müqaviləyə imza edərək 2000 manat məbləğində pulu cavabdehə vermişdir. Müqaviləyə əsasən iddiaçı 2000 manat məbləğində pulu verməyi, "xxxx" MMC isə müqavilədə göstərilən xidmətlər qarşılığında əldə edilmiş xalis mənfəəti onunla bərabər bölməyi öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdehin ümumiyyətlə işi olmadığından və müqavilə üzrə öhdəlikləri icra etməkdən boyun qaçırdığından iddiaçı cavabdehə verilmiş 2000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh həmin pulun 300 manatını qaytarmış, qalan 1700 manat bu günədək qaytarılmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, o pulu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırmışdır. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bakı şəhəri Nəsimi RPİ- nin 22-ci PŞ-də araşdırma aparılmış, 04.03.2020ci il tarixdə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla Cavabdeh əməlində cinayət tərkibinin olmadığı, məsələnin mülki qaydada həll edilməli olduğu bildirilmişdir. İddiaçının müraciəti əsasında toplanmış material üzrə Cavabdeh da izahatı alınmış və o, borclu olduğunu etiraf etmiş, pulu notarial qaydada hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin indiyədək cavabdeh tərəfindən pul qaytarılmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa bildirir ki, cavabdeh tərəfindən borc 3 il ərzində qaytarılmadığından iddiaçı həmin pul vəsaitindən istifadə edə bilməmişdir. Halbuki həmin pulu başqa sahələrdə istifadə edərək gəlir əldə edə bilərdi. Odur ki, cavabdeh tərəfindən əldən çıxmış faydanın əvəzi də ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)-5628/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)-5628/2021saylı qətnaməsinin ləğv edilib, tərəflər arasında imzalanmış 08.11.2018-ci il tarixli L/001 saylı müqaviləyə əsasən çəkilən xərclərin qətnamə üzrə müəyyən edilmiş borc məbləğindən çıxılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qətnamə ləğv edilməli və tərəflər arasında imzalanmış müqaviləyə əsasən çəkilən xərclər qətnamə üzrə müəyyən edilmiş borcdan silinməlidir. İş üzrə iddiaçı X3 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 tərəfindən həqiqətən də 2000 manat məbləğində "xxxx" MMCnin təsisçisi Cavabdeh verilmişdir. Cavabdeh sonradan həmin puldan 300 manatı iddiaçı X2 qaytarmışdır. Cavabdeh istintaq zamanı onun iddiaçıya 1700 manat borcun qaldığını və həmin borcu hissə-hissə notarial qaydada ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyator tərəflər arasında imzalanmış müqaviləyə əsasən çəkilən xərclərin qətnamə üzrə müəyyən edilmiş borcdan silinməsini xahiş etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)- 5628/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar