Məhkəmə qərarları › İş №2(103)-2654/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2654/2023

06.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2654/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə tərəflərin tərəf kimi iştirak etdikləri başqa mülki işin baxılması zamanı cavabdeh MMC tərəfindən həmin mülki işə baxmış məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən MMC ilə "xxxx" Şirkəti arasında olan razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və sair sənədlərin) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iş üzrə üçüncü şəxs kimi "xxxx" Şirkəti göstərilmşdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli "xxxx" əsasən MMC-də X1 Strukturunun direktoru vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdə onların əmək münasibətlərinə xitam verilmişdir. Sonradan, bu əmək mübahisələrinə dair məhkəmə araşdırmaları olmuş və məhkəmə iclaslarının birində MMC-nin nümayəndəsi "xxxx" Şirkətinin direktoru Jessika L. tərəfindən göndərilmiş xx.xx.2015-ci il tarixli məktub məhkəməyə təqdim etmişdir. Həmin məktubda qeyd edilir: “...xx.xx.2014-cü il tarixdə cənab İddiaçı Cavabdeh MMC tərəfindən X2 rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. xx.xx.2015-ci tarixində müqavilə müddəti bitmiş və müqavilə uzadılmamışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən öncə "xxxx" Şirkəti ilə razılaşdırılmışdır.” Yuxarıda qeyd edilən məktubdan aşkar görünür ki, MMC ilə həmin Şirkət arasında iddiaçı ilə bağlı razılaşmalar olmuşdur. Belə vəziyyətdə bəlli olur ki, həmin razılaşmalar iddiaçının mənafeyinə toxunur. İddiaçı da bunu nəzərə alaraq məktubla MMC-yə müraciət edərək, xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən MMC ilə həmin Şirkət arasında olan razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və sair sənədlərin) surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin, MMC iddiaçının müraciətinə imtina ilə cavab vermişdir. Bundan sonra, iddiaçı, MMC-nin hərəkəti ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmiş və bunun üçün əvvəlcə mediasiya təşkilatına müraciət etmiş, lakin MMC mediasiya sessiyasına dəvət alsa da, sessiyada iştirak etməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən MMC ilə həmin Şirkət arasında olan razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və sair sənədlərin) surətlərinin ona təqdim edilməsi vəzifəsi məhkəmə qaydasında MMC-nin üzərinə qoyulmalıdır. b) iddiaya qarşı verilmiş etiraz barədə məlumat

3. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən MMC ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq iddiaçıya bildirilmişdir ki, iddiaçının MMC-yə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa barədə” iddia ərizəsinə dair 2(004)- 6466/2015 saylı mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi baxılarkən həqiqətən də hazırki iş üzrə üçüncü şəxs olan Şirkətin xx.xx.2015-ci il tarixli məktubunun tərcüməsi məhkəməyə təqdim edilmişdir. İddiaçının həmin məktubla və tərcümə ilə həmin mülki işin icraatı çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının həmin iddiası Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6466/2015 nömrəli qətnaməsi ilə təmin edilməmiş və sonrakı məhkəmə instansiyaları tərəfindən həmin qətnamə qüvvədə saxlanılmışdır. Bundan sonra, iddiaçı, MMC-yə qarşı “işçi olmuş iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi barədə” yeni iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia əsasında icraatı başlanmış 2(004)- 1599/2020 saylı işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamə də yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirlmədən saxlanılmışdır. Göstərilənlər ilə yanaşı nəzərə alınmalıdır ki, iddiaçı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində MMC-nin əməkdaşları S.Səmədova, L.Heybətova və H.Hüseynzadəyə qarşı “şərəf və ləyaqətə, habelə işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddia da qaldırmışdır. İddiaçı həmin iddia ərizəsində Yasamal Rayon Məhkəməsinin icraatına olmuş və yuxarıda qeyd edilən 2(004)-6466/2015 saylı iş üzrə verilmiş şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin şahid ifadələri onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl yetirmişlər. Həmin iddiaya dair 2(006)-7979/2017 saylı mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi həmin iddianın rədd edilməsini qət etmişdir. Həmin qətnamə də yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə iddiaçı tərəfindən MMC-yə qarşı daha bir iddia irəli sürülmüşdür ki, bu iddia da əsassız olmaqla, yuxarıda qeyd edilən 2(004)-6466/2015 saylı iş üzrə qəbul edilmiş qətnamə ilə artıq hüquqi qiymət verilmiş əmək mübahisəsi üzrə “yeni açılmış hal” yaratmaq məqsədini güdür. Əgər iddiaçı xx.xx.2015-ci il tarixli məktubda qeyd edilənlər mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunduğunu hesab edirdisə, o ilkin əmək mübahisəsi çərçivəsində məsələyə hüquqi qiymət verməsini tələb etməli idi. O bunu etməyib və qanunla müəyyən edilmiş prosessual imkanları da buraxıb. Buna görə də, hazırkı iddia ilə, məhkəməni artıq baxılmış mübahisəyə süni şəkildə müdaxilə etməyə sövq etmək cəhdidir. Hesab edilir ki, yekun hüquqi qiymət verilmiş iş üzrə müəyyən edilmiş və mübahisələndirilməmiş halların yenidən digər prosessual formada mübahisələndirilməsi mümkün deyil. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması, ilk növbədə, hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” xx.xx.1999cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Göründüyü kimi iddiaçının “yeni açılmış hal” yaratmaq üzrə hərəkətləri hüquqdan sui-istifadə davranış kimi qiymətləndirilməli və onun MMC-yə qarşı irəli sürdüyü iddia əsassız hesab edilərək rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadən iş üzrə gəldiyi iddianın təmin edilməməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh MMC-nin əmri ilə işdən azad edilmiş və həmin əmrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı, iş üzrə üçüncü şəxs olan Şirkətin direktoru Jessica L. tərəfindən göndərilmiş məktubunda qeyd edilən razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC müstəqil hüquqi şəxs və işəgötürən olmaqla işçi ilə əmək müqaviləsi bağlamaq və xitam vermək hüququ olmuşdur. MMC-nin nümayəndəsi isə məktubda qeyd edilən razılaşdırmanın hər hansı xususi proseduru olmadığını, sadəcə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmin vaxt MMC-nin təsisçi olmuş Şirkətə məlumat verildiyini, razılaşdırmanın isə xx.xx.2015-ci il tarixli məktub olduğunu bildirmişdir. Qeyd edilən məktub da, əvvəlki məhkəmə prosesində iddiaçıya təqdim edilmişdir. Belə olan halda, iddiaçı razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasında israrlı olduğu halda, razılaşdırmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməlidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbi təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, əvvəlki məhkəmə araşdırmaları zamanı cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubunun tərcümə edilmiş surətindən görünür ki, MMC tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi iş üzrə üçüncü şəxs olan Şirkətin rəhbərliyinin yanaşması cavabdeh MMC-nin yanaşması ilə üst-üstə düşür. İddiaçı da həmin razılaşmanın onun maraqlarına toxunduğunu nəzərə alaraq məktubla MMC-yə müraciət edərək, MMC ilə həmin Şirkət arasında olan razılaşmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və sair sənədlərin) surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin, MMC iddiaçının müraciətinə imtina ilə cavab vermişdir. Bu səbəb də iddiaçı hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, işə baxmış Rayon Məhkəməsi hazırkı iddia tələblərinə birbaşa heç bir aidiyyəti olmayan başqa işlər üzrə məhkəmə aktlarını qətnamədə sadalamaqla kifayətlənmiş və cavabdeh MMC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli məktubunda göstərilən razılaşmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə cavabdehin deyil, iddiaçının sübutlar təqdim etməli olduğu qənaətinə gəlmişdir. Başqa sözlərlə, Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh MMC-nin təqdim etmiş olduğu rəsmi məktubda göstərilən razılaşmanın hüquqi statusunu iddiaçı tərəf sübut etməlidir. Bununla da Rayon Məhkəməsi razılaşmanın hüquqi statusunu aydınlaşdırmamışdır. Bundan başqa Rayon Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9cu maddəsinin "xxxx" bəndinin hüquq normasını düzgün tətbiq etməyərək, cavabdeh MMC-nin bu məlumatları verməkdən imtina etməsinə haqq qazandırmağa çalışmış, qeyd edilən normanın tələbinə əsasən cavabdeh MMC-nin, onunla iş üzrə üçüncü şəxs olan Şirkətin razılaşması barədə iddiaçıya ətraflı məlumat vermək və bununla bağlı müvafiq sənədləri təqdim etmək vəzifəsi daşıdığına lazımi qiymət verə bilməmişdir. Həmçinin Rayon Məhkəməsi iş üzrə üçüncü şəxs olan Şirkətin nümayəndəsinin məhkəmə araşdırması zamanı iştirakını da təmin etməmişdir. e) cavabdehin apellyasiya şikayətində dair münasibəti barədə məlumat

8. Cavabdeh MMC apellyasiya şikayətinə etiraz təqdim edərək, göstərmişdir ki, Rayon Məhkəməsi işin hallarına düzgün qiymət vermiş, iddianı rədd etməklə iş üzrə qanuni nəticəyə gəlmişdir. Belə ki, iş üzrə üçüncü şəxs olan Şirkət əvvəllər cavabdeh MMC-nin təsisçisi olmuşdur. MMC əvvəl də, hazırda da müstəqil hüquqi şəxsdir. MMC Azərbaycan Qanunlarına uyğun olaraq iddiaçını işə götürmüş və işdən azad etmişdir. Həmin Şirkət əvvəllər MMC-nin təsisçisi olduğundan Şirkət bu məsələlər ilə bağlı olaraq Şirkət ilə ümumi məsləhətləşmələr aparılıb. Bundan əvvəlki məhkəmə proseslərində təqdim edilən, Şirkətin məktubunun tərcüməsindən də görünür ki, həmin Şirkət ilə MMC-nin mövqeyi üst-üstə düşmüşdür. MMC-nin "xxxx" da qeyd edildiyi kimi, iddiaçı, MMC-yə qarşı “işçi olmuş iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi barədə” iddiasına dair işə baxılarkən iddiaçı şəxsi işində olan bütün sənədlər ilə tanış olub. Həmin sənədlərdən görünür ki, MMC ilə Şirkət arasında xüsusi razılaşma olmayıb. Sadəcə iddiaçının işə götürülməsi və azad olunması ilə bağlı MMC tərəfindən həmin Şirkətə məlumatlar verilib. Göstərilənlərə əsasən MMC apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

9. İddiaçının vəkili apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.

10. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

11. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Şirkət apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qayada xəbərdar edilsə də, apellyasiya baxışı iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, cavabdeh MMC üzrə verilmiş K-51 saylı, xx.xx.2015-ci il tarixli əmrdən görünür ki, həmin əmr, MMC-nin X1 strukturunun rəhbəri olan İddiaçı ilə MMC arasında bağlanmış "xxxx" xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilməsi məqsədi ilə verilmişdir.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/2015 saylı iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh MMC-ə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsindən (İş № 2(103)-6249/2015) görünür ki, həmin qətnamə ilə iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından (İş № 2(102)-1705/2016) görünür ki, həmin qərarla iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi və Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2(004)-1599/2020) görünür ki, İddiaçı cavabdeh MMC-yə qarşı irəli sürdüyü “müraciətə cavab verilməməsindən ibarət hərəkətin qanunsuz hesab edilməsi, iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiası təmin edilməmişdir. Həmin işə baxmış Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6466/2022 nömrəli mülki iş üzrə iddiaçının nümayəndəsinin yazılı vəsatəti əsasında iddiaçıya aid sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab etmişdir ki, MMC, Əmək Məcəlləsinin 88.1-ci maddəsi ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmişdir. Odur ki, iddia tələbi təmin edilməmişdir.

18. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2(103)-7967/2020) görünür ki, həmin qətnamə ilə iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından (İş № 2(102)-3226/2021) görünür ki, həmin qərarla iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi və Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. İş materiallarında olan xx.xx.2015-ci il tarixli məktubun tərcümə edilmiş surətindən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam edilməsinə iş üzrə üçüncü şəxs olan Şirkətin rəhbərliyinin yanaşması cavabdeh MMC-nin yanaşması ilə üst-üstə düşür. İddiaçı, xx.xx.2014-cü il tarixdə cavabdeh MMC tərəfindən X1 Strukturunun rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməsi səbəbindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilmiş və eyni tarixdə iddiaçı ilə 3 ay müddətinə müqavilə bağlanmışdır. Müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən əvvəl iş üzrə üçüncü şəxs olan Şirkətə məlumat verilmiş və Şirkət ilə razılaşdırılmışdır.

21. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin məktubla iddiaçıya bildirilmişdir ki, iddiaçının müraciətində göstərilən xx.xx.2015-ci il tarixli məktubun tərcüməsi, 2(004)-6466/2015 saylı işə baxılan zaman Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmə tərəfindən mülki işə əlavə edilmişdir (işin 162- 163-cü vərəqləri), iddiaçının həmin məktubla icraat çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, o, həmin məktubla əlaqəli məsələləri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-1599/2020 saylı mülki işin baxılması zamanı da qaldıra bilərdi.

22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh MMC, Azərbaycan Respublikasında fəaliyyət göstərən müstəqil hüquqi şəxsdir. İddiaçı həmin MMC-nin əmri ilə işdən azad edilmiş və həmin əmrin etibarsız hesab edilməsi tələbinə dair onun iddiası təmin edilməmişdir.

23. Hazırda iddiaçı iş üzrə üçüncü şəxs olan Şirkətin direktoru Jessica L. tərəfindən verilmiş məktubunda qeyd edilən Şirkət ilə MMC arasında olmuş razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulmasını barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı bu tələbini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cü maddəsinin "xxxx" bəndi ilə əsaslandırır. Belə ki, həmin maddi normanın tələbinə görə, iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq əmək müqaviləsi üzrə işçinin hüquqlarındandır.

24. İddia tələbinə etiraz edən cavabdeh MMC-nin mövqeyi isə ondan ibarətdir ki, məktubda qeyd edilən razılaşdırmanın hər hansı xüsusi proseduru olmamış, sadəcə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl MMC-nin təsisçi olaraq həmin Şirkətə məlumat verilmiş, razılaşdırma isə xx.xx.2015-ci il tarixli məktub olmuşdur. Qeyd edilən məktub da, əvvəlki məhkəmə prosesində iddiaçıya təqdim edilmişdir.

25. İddiaçı razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasında israrlı olduğu halda, razılaşdırmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

26. Belə olan halda məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbinin rədd edilməli olması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "xxxx" bəndinə istinad edərək, bildirmişdir ki, Rayon Məhkəməsi cavabdeh MMC-nin həmin Şirkətin xx.xx.2015-ci il tarixli məktubunda göstərilən razılaşma barədə iddiaçıya ətraflı məlumat vermək və bununla bağlı müvafiq sənədləri təqdim etmək vəzifəsi daşıdığına lazımi qiymət verə bilməmişdir.

27. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, istinad edilən normada - iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq əmək müqaviləsi üzrə işçinin hüquqlarından olması müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında əvvəlki məhkəmə mübahisələri zamanı isə xx.xx.2015-ci il tarixli məktub iddiaçıya təqdim edilmişdir. Bundan başqa iddiaçının tələb etdiyi razılaşdırmanın xüsusi prosedura əsasən aparılması işin faktiki halları ilə müəyyən edilməmişdir.

28. Halbuki MPM-nin MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa barədə” iddia ərizəsinə dair 2(004)-6466/2015 saylı mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılarkən Şirkətin xx.xx.2015-ci il tarixli məktubunun tərcüməsi həmin məhkəməyə təqdim edilmişdir. İddiaçının həmin məktubla və tərcümə ilə həmin mülki işin icraatı çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur.

30. İddiaçının, Şirkətin xx.xx.2015-ci il tarixli məktubu ilə əlaqəli məsələləri qaldırmaq imkanı onun tərəfindən MMC-yə qarşı irəli sürülmüş “işçi olmuş iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi barədə” iddiasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-1599/2020 saylı işə baxılarkən də olmuşdur.

31. Göründüyü kimi, iddiaçı hazırki mülki işin icraatının başlanmasına səbəb olmuş iddianı bir neçə il keçəndən sonra cavabdeh MMC-yə qarşı irəli sürməklə hüquqdan suiistifadə etməklə yuxarıda qeyd edilən 2(004)-6466/2015 saylı iş üzrə qəbul edilmiş qətnamə ilə artıq hüquqi qiymət verilmiş əmək mübahisəsi üzrə “yeni açılmış hal” yaratmaq məqsədini güdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

32. Göründüyü kimi, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

33. Apellyasiya şikayətində iddiaçı həmçinin bildirir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə üçüncü şəxs olan Şirkətin nümayəndəsinin məhkəmə araşdırması zamanı iştirakını təmin etməmişdir.

34. Bu dəlil ilə bağlı Məhkəmə bildirir ki, bu hala iddiaçı deyil, qeyd edilən Şirkət qətnamədən narazı qaldığı halda istinad edə bilərdi. Odur ki, apellyasiya şikayətinin qeyd edilən bu dəlili də, iddiaçıya münasibətdə əsaslı hesab edilə bilməz. h) apellyasiya baxışının nəticəsi

35. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar